Balaca adamın böyüklüyü

Loğman

Loğman

22 sentyabr 2022
# 15:40

Kulis.az Loğmanın “Balaca adamın böyüklüyü“ adlı yazısını təqdim edir.

Balaca adam pərsəngə bənzəyir hardasa.

Balacadır, amma tarazlığı – ədaləti qorumaq baxımından əvəzi yoxdur.

Balaca adam ədalət əsgəridir.

Ədalət uğrunda döyüşmək balaca adamın alın yazısıdır.

Çünki o, ədalətsiz yaşaya bilmir.

Onu balaca görən də elə ədalətsizliyin özüdür.

Ədalət olmayan yerdə balaca adam seçilmir.

Ədalət olan yerdə balaca adamın balacalığı yoxdur.

Çünki ədalət olan yerdə balaca-böyük adam yoxdur – ədalətli-ədalətsiz adam var.

Balaca adamın əli hər yerə çatmır.

Balaca adamın imkanları gödəkdir.

Arzusu böyükdür, istəyi – utancaq.

Qəribə inadkarlığı var amma.

Budaqları kəsilir – pöhrələməkdən qalmır.

Qanadları doğranır – cücərməkdən usanmır.

Kəsib odun-ocaq, yandırıb kül eləsələr də, yenidən boy verir.

Ağzı insandan yanıq olsa da, insanlıqdan üz döndərmir.

Ağrılarından çiçək kimi çırtlayıb çıxır – çəyirdəkdən toxum kimi.

Olduğu kimi görmək istəmirlər deyə balaca sayırlar.

Əyrilik bilmir deyə əymək istəyirlər.

Əyə bilmirlər deyə qırırlar, sındırırlar.

Hər addımda çiliklənib tökülür, pul-pul olur.

Sındırdıqca balacalaşır balaca adam, amma yenə özü qalır.

Balaca adam böyüklüyünü bütün ölçülərdə özü kimi qalmaqla qoruyur.

Balaca adamın vətəni olmur, çünki vətəni balaca adama qıymırlar – onu anasının yolunu gözləyən körpə kimi sevsə də…

Balaca adamın yaşadığı coğrafiya olur, ünvan olur, uçuq daxma olur.

Hündür-hündür daş hasarların arxasında gizlənənlərdən, oğurladıqlarını hündür-hündür daş hasarların arxasında gizlədənlərdən fərqli olaraq balaca adamın heç çəpəri də olmur.

Çünki gizlətməli heç nəyi olmur.

Hardan baxsan, görünür balaca adam.

Hündür-hündür daş hasarlar alçaq-alçaq adamların oğurladıqlarını gizlətsə də, oğurluqlarını gizlədə bilmir…

Dar gündə vətəni balaca adamın çiyninə qoyurlar – bütün ağırlığı, dərdi, ağrı-acılarıyla...

Balaca adam, vətən kimi onu yalnız itirmək təhlükəsilə üzləşəndə yaşamaq imkanı əldə edir.

Əsl vətəndaş olsa da, vətəndən ona daş da düşmür.

Vətən uğrunda şəhid olmaq, oğul itirmək isə balaca adama verilmiş ən böyük imtiyazdır.

Vətənin dar günü balaca adamındır.

Vətənin dar günü balaca adamın azadlıq günüdür.

Vətənin dar günündə balaca adamın qəhrəman kimi özünü təsdiq etməsinə heç kim mane olmur.

Vətənin dar günündə balaca adam çox hündür görünür.

Çünki bütün "böyüklər" onun kölgəsində gizlənir .

Balaca adamın faciəsi ondadır ki, vətəni yaddan alıb yağıya verir.

Hər dəfə inanır və hər dəfə də aldanır.

Dünya balaca adamsız çoxdan məhv olardı.

Dünya balaca adamın fədakarlığı hesabına dünyalığını qoruyub saxlaya bilir.

Balaca adam dünyadan heç nə ummasa da, dünya balaca adamsız yaşaya bilmir.

Bütün dünya balaca adamla qazanır – balaca adamdan başqa.

Xalq – vətənini təmənnasız sevən balaca – yetkin adamlar birliyidir.

Adamı balacalaşdırmaq, kiçik görmək xalqa yağı münasibətindən doğur.

Vətəni idarə etmək haqqını yağıya, yağmalayıcıya umud olmaq balaca adamı balacalaşdırır.

Balaca adam „balacalığı“ ilə barışanda balacalaşır və yox olur.

Amma balaca adamın balaca vətəni böyük görmək böyüklüyü var.

Vətəni böyük görmək hər adamın işi deyil.

İmkansızlıqdan imkan yaratmaq da hər adamın işi deyil.

Balaca adam böyüklüyünü balaca işlərlə təsdiq edə bilməz.

Onun böyük iş görməkdən başqa xilası yoxdur...

# 2326 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #