Qorqudşünaslığın əsasını qoyan alman  

Qorqudşünaslığın əsasını qoyan alman  
17 dekabr 2015
# 15:50

H.F. fon Ditsin anadan olmasının 200 illiyinə həsr olunur

Kulis filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Qərbdə “Şərq ab-hava”sı yaradan: “qorqudşünaslığ”ın əsasını qoyan H.F. fon Dits (H.F. fon Ditsin anadan olmasının 200 illiyinə həsr olunur)” məqaləsini təqdim edir.

«Kitabi-Dədə Qorqud» eposunun Azərbaycan ədəbi-estetik düşüncəsinin inkişafında mühüm və əlahiddə yeri vardır. Bu, onunla bağlıdır ki, «Qorqud» eposu bir tərəfdən milli ədəbi-bədii yaradıcılığın konkret bir mərhələsi, digər tərəfdən isə həm də milli düşüncənin bütün ilkin arxetiplərini özündə qoruyan mənbə-qaynaqdır. Bu, elə bir qaynaqdır ki, Azərbaycan ədəbi-estetik düşüncəsi, bütövlükdə milli varlığı bütün hallarda bu qaynağa bağlanır. Bu məsələ «kitab»ı «milli varlığımızın mötəbər qaynağı»na çevir­miş­dir. Oğuzların şah əsəri, ana kitabı olan «Kitabi-Dədə Qorqud» bütün türk dünyasının yaradıcı dühasının hələlik əldə olan ilk ən böyük və ən mü­kəm­məl bədii ifadəsidir. Zəngin biliklər ensiklopediyası olan dastanda xalqımızın əxlaq və mənəviyyatı, davranış mədəniyyəti, gözəllik anlayışı, humanizm, vətən­pərvərlik, şəfqət, ehtiram duyğuları əks olunmuşdur.

Azərbaycan mədəniyyəti və ədəbi düşüncəsinin ulu qaynağı olan «Kitabi-Dədə Qorqud» təkcə öz yarandığı və yaşadığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də mili mə­də­niyyətimizin, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azər­bay­can tarixinin bütün mili-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş mili mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəv­vür etmək mümkün deyildir. Özündə Azərbaycan – oğuz xalqının birliyi və vəhdəti ide­yalarını daşıyan «Kitabi-Dədə Qorqud» XX əsr tarixinin ən dəhşətli çağlarında ziyalılarımızı sın­mağa qoy­mamış, abidədə daşınan mili birlik, vəhdət və bütövlük ideyaları ədəbiyyat və incə­sənətimizə nüfuz edərək xalqın mənəviyyatını dağılıb məhv olmaqdan qoru­muş­dur.

«Kitabi-Dədə Qorqud» dastanının əlyazması ilk dəfə Almaniyanın Drezden kitabxana­sın­dan tapılmışdır. Məşhur alman şərqşünası Y.Reyski XVIII əsrdə dastanın əlyazmasına rast gəlmiş, lakin onun dilini lazımınca bilmədiyinə görə üzərində elmi iş apar­mamışdır. Sonralar əlyazması həmin kitabxananın kataloqunu tərtib edən Fleyşerin diqqətini cəlb etmişdir. Nüsxənin üzərində Osman paşanın ölüm tarixi (1585) olduğuna görə Fleyşer onu XVI əsr əlyazmaları kataloquna daxil etmişdir.

1815-ci ildə şərqşünas F.Dits əlyazmasının üzünü çıxararaq Berlin kitabxanasına gətirmiş və «Təpəgöz» boyunu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. F.Dits həmin nəşrə yazdığı müqəddimədə «Təpəgöz» boyunu Homerin «Odissiya»sı ilə müqayisə etmişdir.

Haynrix Fridrix fon Dits 1751-ci il 2 sentyabrda Bemburqda tacir ailəsində doğulmuşdur. Halle universitetinin hüquq fakültəsini bitirdikdən sonra Maqdeburqda Prussiya ədliyyə işləri üzrə məsləhətçi, sonra isə dəftərxana direktoru, 1784-cü ildən İstanbulda səfir işləyir, sonra isə zadəganlıq rütbəsinə yüksəldilir. 1791-ci ildə geri çağırılaraq səfirliyin məxfi məsləhətçisi kimi fəaliyyət göstərir. Elə həmin il Kolberq kilsəsinin prelatı (katolik kilsəsində yüksək ruhani vəzifə­lə­rin­dən biri) təyin olunur.

H.F. fon Ditsin ictimaiyyətə təqdim etdiyi 1811-15-ci illərdə Berlin və Hal­le­də nəşr edilmiş ikicildlik iri həcmli əsəri «Asiyadan incəsənətə, elmə, adət-ənə­nə­lə­rə, qədimliyə, dinə, hökumət quruluşuna aid xatirələr» adlanır. İlk dəfə «KDQ» dastanlarını elmi cəhətdən tədqiq edən H.F. fon Ditsin 1815-ci ildə nəşr etdirdiyi «Denkwürdigkeiten von Asien» kitabının II hissəsində onu tari­xi, coğrafi, mətnşünaslıq baxımından yüksək qiymətləndirərək dünya elminə dəyərli məlu­matlar vermişdir. Bununla da H.F. fon Dits qorqudşünaslıq elminin əsa­sını qoy­muşdur. Dədə Qorqudun şəxsiyyəti, dövrü haqqında məlumat verən alim Oğuz xal­qı­nın həyat tərzini, inanclarını, adət-ənənələrini, qəhrəmanlıqlarını 1811-1815-ci il­lər­də yazdığı iki cilddən ibarət olan «Asiyadan xatirələr» əsərində ətraf­lı şəkildə təhlil et­miş­dir. Dastanlar haqqında geniş məlumat verən alim tədqiqat kita­bının adını «Yeni aş­kar edilmiş Oğuz Təpəgözü Homerinki ilə müqayisədə» adlandırmışdır. Sonra isə «Tə­pəgöz, yoxsa Oğuz Siklopu. Türk-tatar dilindən» adlı başlıq gəlir. Əlbəttə ki, «türk-tatar» dili dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Üz səhifəsində «Kitabi-Dədə Qorqud» Oğuz xalqının dilində yazılmışdır cümləsi, sonra Təpəgöz və Homer Siklopunun mü­qayisəsi verilir. Təpəgöz mifinin oğuzlarda daha qədim, daha bitkin olduğunu söy­ləyərək yunanların bunu oğuzlardan götürdükləri fikrini 51 dəlillə sübut edir və buna nail olur.

Ona maraq təkcə yazıçı və şairləri yox, tarixçiləri, dilçiləri, etnoqrafları, psixoloqları, bir sözlə, bütün elm sahələrini əhatə etdi. Lakin burada «marağı özünə cəlb etmək» ifadəsi «Kitabi-Dədə Qorqud» eposu ilə bağlı XX əsr Azərbaycan cəmiyyətində baş verən milli düşüncə proseslərini tam şəkildə səciyyələndirmək gücündə deyil. Burada söhbət sözün həqiqi mənasında milli düşüncəmizin düşdüyü «Kitabi-Dədə Qorqud» cazibəsindən gedə bilər. Epos Azərbaycan cəmiyyətini hey­rətə saldı: onu öz tarix və mədəniyyətinin parlaq faktı ilə üzbəüz qoydu. Bu «an»dan milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşğun «Dədə Qorqud» dövrü başlandı. Sanki milli ədəbi düşüncədə bir «Dədə Qorqud» yanğısı var imiş və «Kitabi-Dədə Qorqud» eposu əlyazmalarının tapılması və Azərbaycanda çap olun­ması ilə bu yanğı daha da alovlandı. Məsələnin burada bir qədər obrazlı qoyu­luşunun kökləri əslində bununla – Azərbaycan ədəbiyyatının əsrlər boyu varlığında mövcud olan «Dədə Qorqud» ruhu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» dastanının XX əsrdə Azərbaycanda çap olunub yayılması ilə bu ruh oyandı və XX əsrin birinci yarısından bu günə qədər «Dədə Qorqud» mövzusunu yazıçı və şairlərimizin düşüncəsində aktual və diri saxlayan da elə həmin ruhdur. «Kitabi-Dədə Qorqud» eposu XX əsr Azərbaycan mili düşüncə mühitində gö­rün­düyü «an»dan ədəbi düşüncənin bütün sferalarının diqqətini özünə cəlb etdi.

Böyük şərqşünas alim olan H.F. fon Dits Şərq dillərini, Şərq adət-ənənələrini yük­səklərə qaldıraraq «Şərq ab-hava»sı yaratmışdır və buna görə onun adı Şərqdə daim min­nətdarlıqla yad ediləcəkdir.

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

# # #