Leyla Bədirbəylinin atasıyla əsir düşdü, partizanlara qoşuldu, vəzifəyə gətirildi

Yunus Muradov, kinomexannik

Yunus Muradov, kinomexannik

3 noyabr 2021
# 12:30

Kulis.az bu gün anım günü olan, uzun illər kino sahəsində fəaliyyət göstərən kinomexannik Yunus Muradov haqqında maraqlı faktları təqdim edir.

Muradov Yunus Ələkbər oğlu 19 iyun 1913-cü ildə Bakının Əmircan kəndində neft ustası Ələkbər Xanmurad oğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Əmircan kəndindəki 84 saylı orta məktəbdə alır. O, hələ uşaqlıqdan foto, radiotexnika, saat təmirinə maraq göstərir. Bakının bir neçə kəndində foto dərnəklərə rəhbərlik edir. Hamı tərəfindən kinomexanik Yunus kimi tanınır. İlk dəfə səsli kinonu Əmircan klubunda göstərən Yunus Muradov olub.

***

Yunus Muradov o vaxtlar Əmircan klubunda fəaliyyət göstərən teatr dərnəyinin üzvü olur, göstərilən tamaşalarda fəal iştirak edir. Təhsilini isə Pedoqoji İnstitutun kimya və biologiya fakültəsində davam etdirir.

***

O, hələ 30-cu illərdə fotoqrafiya ilə maraqlananda ona elə gəlirdi ki, bu ötəri bir həvəsdir. Lakin sonralar peşəkar fotoqraf kimi fəaliyyət göstərəndə ona məsləhət görürlər ki, Bakı kinostudiyasına getsin, bu peşə ilə bağlı ona orada iş tapılar. O, deyilənlərə əməl edib kinostudiyaya gedir. Onu işə qəbul elədilər, amma fotoqraf yox, plyonka emalı laboratoriyasına mexanik vəzifəsinə.

Yunus Muradov, laboratoriyada işlərin ahəngdar getməsi üçün nəinki köhnə avadanlıqları saz saxlayır, həm də onları təkmilləşdirmək üçün müxtəlif səmərələşdirici təkliflər irəli sürür. Lakin müharibənin başlanması onun planlarını alt-üst edir.

Pedoqoji İnstitutun IV kursunda təhsil alarkən 1941-ci ilin isti yay günlərinin birində onu ordu sıralarına çağırırlar. Bu vaxt gəncin 28 yaşı yenicə tamam olmuşdu. O, cəbhədə belə doğma kinostudiyanı yaddan çıxarmır, evə yazdığı məktublarda iş yoldaşlarını soruşur, studiyada nə işlər görüldüyü ilə maraqlanır. Müharibə qurtardıqdan sonra Yunus kinostudiyanın ürəyi olan laboratoriyada yenidənqurma işləri aparacağını planlaşdırır. Lakin o, bu arzusuna çatana kimi bir neçə ağlasığmaz əzablara qatılaşacağını təsəvvürünə belə gətirə bilməzdi.

***

Yunus Muradov, Kerç boğazında gedən qanlı döyüşlər zamanı yaralanıb huşunu itirir. Ayılıb gözünü açanda döyüş yoldaşları ilə birgə alman əsgərləri əhatəsində olduğunu görür. Sən demə, həmin vaxt satqınlıq nəticəsində faşistlər minlərlə sovet əsgərini çox asanlıqla əsir götürür. Bundan sonra azərbaycanlı döyüşçü Yunus Muradovun məşəqqətli, əzab-əziyyətli günləri başlayır.

Əsirlərin əksər hissəsini Polşaya, buradakı həbs düşərgələrinin birinə göndərirlər. Həbs düşərgəsində o, teatr və kino aktrisası Leyla Bədirbəylinin atası Ağalar bəy Bədirbəyovla tanış olur. Onlar tez-tez Bakını, ailələrini yada salır, bir-birinə təsəlli verirlər.

***

Həbs düşərgəsindəki vəhşi qanunlara tabe olmaq istəməyən bir qrup əsgər, o cümlədən Yunus əsirlikdən qaçıb qurtarmağa cəhd göstərirlər. Lakin uğursuzluqla qurtaran bu cəhd onlara baha başa gəlir. Yenidən əzablı günlər başlanır, həm də ipə-sapa yatmayanlara ikiqat işgəncə verir, onları incidirdilər.

***

Bundan sonra əsirləri Almaniyaya köçürürlər. 1944-cü ildə minlərlə əsiri vaqonlara doldurub bu dəfə Çexoslovakiyaya göndərilir. Burada əsirləri yerbəyer edərkən Yunus bir qrup əsgərlə qaçıb meşədə gizlənməyə müvəffəq olur. Və meşədə qərar tutmuş çexlərdən ibarət partizan dəstəsinə qoşulur, müqavimət hərəkatında iştirak edirlər.

***

Yunus Muradov Çexoslovakiyada müharibəni başa vurub, 1945-ci ilin noyabrında doğma Bakıya, Əmircan qəsəbəsinə qayıdır. Vətəndə ailə üzvləri, qohum-əqrəba, dost-tanış Yunusu cəbhədən qayıtmasına nə qədər sevinirdilərsə, rəsmi orqanlar onu bir o qədər soyuqqanlıqla qarşılayırlar. O vaxt hərbi qanunlara görə əsir düşənləri satqınlarla bir cərgəyə qoyurdular. Onları yenidən həbs edib Sibirə göndərir, ən yaxşı halda iş vermir, hər cür imtiyazlardan məhrum edirdilər. Yunus Muradov, xüsusi xidmət orqanlarının yoxlamasından keçəndən, bilərəkdən əsir düşmədiyi ayırd ediləndən sonra belə onu uzun müddət incidir, iş vermək istəmirlər.

***

Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, Yunus Bakıdakı Nizami adına kinoteatrda kinomexaniklər kursu təşkil edir. Bundan sonra onu yenidən Bakı kinostudiyasına işə qəbul edirlər. Kinolentlərin emalı laboratoriyasında böyük texniki rəhbər vəzifəsində çalışır. Eləcə də, Neft və Kimya İnstitutunda qiyabi təhsil alır. Bir müddət sonra elə həmin institutda “Avtomatika və telemexanika” kafedrasında işləməyə başlayır.

1958-ci ildə 10 nəfərdən ibarət bir qrup təşkil edib, Odessaya ümumittifaq kinematoqrafiya məktəbinə göndərir. Həmzə Əhmədoğlu, Ramiz Babayev, Rafiq Kərimov, Tofiq Atakişiyev, Ziyad Babayev, Zabit Bünyadov, Rafiq Əliyev, Abdin Quliyev və başqaları bu məktəbdə dəqiq aparat mexaniki ixtisasına yiyələnirlər. 1969-cu ildə Azərbaycan Televiziyasına baş mütəxəssis işinə dəvət olunur.

***

Azərbaycan Dövlət Teleradio Komitəsində "Ekran" Yaradıcılıq Birliyi təşkil olunanda Yunus Muradov, səs və operator sexlərinin, laboratoriyanın baş mütəxəssisi vəzifəsinə təyin olunur, 1984-cü ildə təqaüdə çıxana kimi burada işləyir. 1988-ci ildə dünyasını dəyişir.

***

Kino və müharibə veteranının oğlu, kinorejissor və kinooperator Ələkbər Muradov, atasının yolunu davam etdirir. O, təqribən 70 sənədli və bədii filmin müəllifi olur. "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "O dünyadan salam", "Qorxma, mən səninləyəm", "Mənim ağ şəhərim" və digər filmlərdə kinooperator kimi çalışır. Əməkdar İncəsənət xadimi Ələkbər Muradov 1 avqust 2013-cü ildə, 65 illik yubiley günündə vəfat edir.

***

Yunus Muradovun nəvəsi Murad Muradov, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirib.

# 10836 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #