"O, Marsda insan koloniyası yaratmaq istəyir" – İbrahim Nəbioğlu İlon Maskdan danışır

"O, Marsda insan koloniyası yaratmaq istəyir" – <span style="color:red;">İbrahim Nəbioğlu İlon Maskdan danışır
14 mart 2018
# 15:30

Kulis.az İbrahim Nəbioğlu ilə onun təcümə etdiyi “İlon Mask: Tesla, Space X və möhtəşəm gələcəyin izi ilə” kitabı haqda müsahibəni təqdim edir.

- Yəqin ki, kitabı tərcümə etmədən əvvəl, İlon Mask haqqında araşdırma apardınız...

- İlon Maskı 2006-cı ildən izləyirəm, onun haqqında əlimə nə keçsə oxuyur, dəftərimdə qeydlər aparır, bir çox materialları arxivləyib, mühafizə edirdim. Maskın PayPal şirkətini astronomik qiymətə satandan sonra əldə etdiyi 200 milyon dollara yaxın pulu 3 yeni şirkət qurub onlara yatırması məni heyrətə gətirmişdi. Zamanla anladım ki, bu şirkətlər - elektromobil istehsal edən Tesla Motors, kosmik raketlər istehsal edib, onları kainatın ənginliklərinə buraxan SpaceX və Günəş batareyaları ilə elektromobillər üçün akummulyatorlar quraşdıran SolarSity 21-ci yüz ilin çöhrəsini dəyişən nəhəng qurumlar olacaqlar.

Son illər əsasən SpaceX şirkətinin raket istehsalı və kosmik uçuşları ilə maraqlanıram. Bu ilin fevral ayının 6-da SpaceX-in kosmosa dünyanın ən böyük raketi olan Falcon Heavy-ni göndərməsi bəşəriyyət qarşısında yeni üfüqlər açdı. O gün ən az İlon Mask qədər həyəcanlı idim, özümü o raketin içində, sanki Marsa uçar kimi hiss edirdim.

- Sizcə, İlon Mask dahidir, yoxsa müasir zəmanənin dəlisidir?

- Bu sualı ilk verən siz deyilsiniz. Onu birinci dəfə soruşan elə Maskın özüdür. Zatən kitab da onun bu sualı ilə başlayır: “Sizcə mən dəliyəmmi?”. Heç şübhəsiz ki, Mask bir dahidir, onu “seçilmiş insan”, “başqa planetdən gəlmiş bir elçi” də adlandırırlar. Lakin Mask hər şeydən əvvəl mükəmməl təhsil almış bir mühəndis və proqramçıdır. O, həm də istedadlı kommersantdır, hədəflərini yüksək tutan bir iş adamıdır. Bu komponentləri birləşdirib üstünə qeyri-adi işləmək qabiliyyəti ilə “fotoqrafik” yaddaşını gəlincə qarşımıza bənzərinə az rast gəlinən bir dahi çıxır.

Image result for Uİbrahim nəbioğlu

Maska “dəli” deyənlər də var. Qazandığı pullar ona və 5 oğluna illər boyu şad-xürrəm həyat verə biləcək qədər çox idi. Amma o, qazandıqlarını son qəpiyinə qədər yeni elmi-ticari təşəbbüslərinə xərclədi. Və bu gün 27 milyard dollarlıq sərvəti ilə dünyanın ən tanınmış iş adamı, mühəndisi və macərapərəstdir. Bəlkə də “dəli” olmasaydı sərvətini, gücünü və enerjisini insanı “planetlərarası növ”ə çevirmək kimi ilk baxışda fantasmaqorik səslənən bir ideyaya sərf etməzdi.

- İlon Maskdan “Siz raketləri yaratmağı necə öyrəndiniz?” soruşduqda, o, sadə bir cavab vermişdi: “Mən kitab oxuyuram”. Marsı müstəmləkəyə çevirmək istəyən xəyalpərəstin bu cavabını, “məqsədlərinizə çatmaq istəyirsinizsə kitab oxuyun” mesajı kimi qiymətləndirmək olar və ya yaşıdları ilə dostluq əlaqələri qurmaqda çətinlik çəkən “iri ön dişlərinə görə sinif yoldaşları kinayə ilə ona siçan ləqəbi verdikləri” yeniyetmənin özünə qapanıb kitablarla təsəlli tapmasıdırmı?

- Bəli, Mask həqiqətən də ensiklopedik biliyə və nəhəng bir mütaliəyə sahibdir. Maskın kitab və oxuma sevgisini düşünəndə Mark Tvenin “Kitablar başqa yerlərdə olmaq istəyən insanlar üçündür” sözlərini xatırlayıram. Zənnimcə, o kitabı təsəlli tapmaq üçün deyil, xəyallarını arxasınca gedə bilmək üçün oxuyur. Əks təqdirdə gündə 10 saat kitab oxumaq da nə deməkdir? - Təsəvvür etmək belə çətindir. Kitabın “Tərcüməçidən” bölümündə gətirdiyim sitatdakı kimi “Xəyal gücü bizi var olmayan dünyalara aparır, amma o da olmasa heç bir yerə gedə bilmərik”. Maskın bütün gücü də onun xəyal gücünün genişliyindədir yəqin ki.

Ona “Marsı müstəmləkəyə çevirmək istəyən xəyalpərəst” deyirsiniz, amma məncə, bu, belə deyil. Doğrudur, yaxın illərdə Ayda, bir az irəli perspektivdə isə Marsda hərbi bazalar (ilk etapda ancaq texnika və silah) yerləşdirmək uğrunda mübarizə güclənəcək. Ancaq bu militarist siyasət özəl şirkətlər tərəfindən deyil, dövlətlər tərəfindən həyata keçirilə bilər. Maskın hədəfi Marsda insan koloniyası quraraq, oranı məskunlaşdırmaq və bununla da Yer kürəsinin başına gələcək fəlakətlər sonrası insanın kökünün kəsilməsinin qarşısını almaqdır.

- İlon Mask qazandığı uğurlarla keçmişdəki uğursuzluqlarını qisasını alır?

- Mask Cənubi Afrika Respublikasında doğulub, uşaqlığı Aparteid illərinə təsadüf edib. Lakin ehtiyac içində yaşamayıb, ailədaxili bəzi təzyiqlərlə üzləşib, içinə qapanmış uşaq olub. O, 14-15 yaşlarından Amerikaya köçmək həvəsinə düşüb. Yaxşı təhsil alıb, çox gənc yaşda milyoner və yenə də çox gənc yaşda milyarder olub. Onun kimdənsə, nədənsə qisas almaq kimi uğursuzluqları olmayıb. Sadəcə olaraq iş həyatına atılanda böyük maneələrlə qarşılaşıb və əzmi, hədəfləri doğru seçməsi, risk etməkdən qorxmaması sayəsində fantastik bir sıçrayışla Silikon Vadisinin elitasına daxil olub və kimsənin gözləmədiyi bir şəkildə böyük uğurlar qazanıb.

SpaseX-in ilk illərində ilk raketlərinin sınaqlarında, habelə Tesla elektromobillərinin bazara çıxmasında ciddi problemlərlə üzləşsə də onlar bu sahələr üçün xarakterikdirlər. İfrat dərəcədə iddialı olması, sərt xarakteri, spesifik iş əxlaqı Maskı başqalarından fərqləndirir. Lakin bunlar olmasaydı nə adlarını çəkdiyimiz nəhəng layihələr olardı, nə də 21-ci əsrin ən fantastik Kosmik İnternet layihəsi.

- Eşli Vensin “İlon Mask : Tesla, Space X və möhtəşəm gələcəyin izi ilə” kitabını tərcümə etmək fikri nə zaman yarandı?

- Bu kitabı mənə kiçik qızım keçən il doğum günümdə hədiyyə etdi. Ertəsi gün İstanbuldan Bakıya uçurdum və təyyarədə kitabı oxumağa başladım. Təəssüratlarımı dostum, tanınmış dilçi-alim, “Altun Kitab” nəşriyyatının sahibi Rafiq İsmayılovla bölüşdüm. Rafiq müəllim mənim Maska olan marağımı bilir və “Ayna”dakı yazılarımı da oxumuşdu. Düşündük ki, nə üçün dünyada bir çox dillərə tərcümə olunan və bestsellərə çevrilən bu son dərəcə maraqlı kitab bizim dilimizdə olmasın, nə üçün bizim gənclər də Mask kimi inanılmaz xəyallar qurub, onların arxasınca getməsinlər. Söhbət etdiyimiz günün axşamı mən tərcüməyə başladım. Bu kitabın ərsəyə gəlməsindəki başqa bir vacib xüsus dilimizdə bu qəbildən olan kitabların yox dərəcədə az olmasıdır. Elmi, irfanı, oxumağı ancaq belə təbliğ etmək olar.

- Kitabın tərcüməsi nə qədər vaxt aldı?

- Dostlarım “may ayına qədər bitirsən böyük işdir” deyirdilər. Ancaq mən tərcüməni yanvar ayının sonunda bitirdim. Gündə 12-14 saat çalışdım, özümü hər şeydən məhrum etmişdim, gecəm-gündüzüm həyatımda ilk dəfə girdiyim tərcümə işinin məsuliyyəti idi. Bundan sonra yenə kitab tərcümə edərəmmi, bilmirəm. Ancaq açığını deyim ki, bu böyük zəhmətin qarşılığında verilən pullar gülüncdür. Doğrusu, həyatını tərcümə ilə qazanan professionallara fədakar əməklərinə görə “halal olsun” deyirəm.

Bizim kitabda orijinal nəşrdən bəzi fərqliliklər var, məsələn, Maskın ən son uğurları və Kosmik İnternet haqda məlumatlar var. İndi, bu gün, bu dəqiqə çox mutluyam, inanıram ki, gənclərimiz üçün faydalı bir iş görmüşük. “Bəşəriyyətə format atmış” bu eksentrik adamın kitabı oxucunu maraqlı bir futurustik səyahətə çıxaracaq.

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

# # #