Bu səssizlik içində... Kimsəsizlik içində... – Hədiyyədən yeni şeirlər

Bu səssizlik içində... Kimsəsizlik içində... – Hədiyyədən yeni şeirlər
9 oktyabr 2019
# 16:01

Kulis.az Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.

İndi mənim halımın hal olmayan yeridir
Gözümün göz,
Əlimin əl olmayan yeridir
Şəhərin sükutunu pozur qanad səsləri
Hardasa işıq yanır,
Hardasa işıq sönür
Daha neçə yarpağın son nəğməsi səslənir
Neçə adam gecədən keçib evinə dönür...

Uzaq çöllərdən gələn bir xışıltı, əsinti
Deyir hardasa Tanrı dizini yerə qoyub
Mənim qəlbim həm orda, həm burda gizli-gizli
Sevişməyə soyunub - sözünü yerə qoyub...

Sönüb məbədlərdəki son şamlar,
Son dualar
Səhər hər şey yenidən səslənəcək, Sevgili
Hardasa göy sularda qağayı iddialar
Gün işığından qaçıb gizlənəcək, Sevgili...

Sən bax pəncərənizdən
Bax, göz dolusu bax, bax...
Gözünün şüşəsindən asılan təsviri sil
Görsən də,
Görməsən də günəş yenə doğacaq
Günəş yenə batacaq... Bu, sənə məlum deyil...

Bizə hələ çatmayıb son diləyin həniri
Yastığının içinə dolan qoru yerə at
Bir udum nəfəs deyil bu günahın sehiri
Səni bir qara daşa döndərəcək nəhayət...

Kimsə əlini qoyub ürəyinin üstünə
Gizlətsin göz yaşını payızlanan yağışda
Unutsun bu dünyanın əməli nə, qəsdi nə
Pıçıldasın:
- İlahi, onu mənə bağışla...

Gülümsə...
Heç kim heç vaxt kimsəni bağışlamır
Tanrı belə
Sən kimi bəndəni bağışlamır...

***

Bu səssizlik içində,
Kimsəsizlik içində
Ünvanına çatmayan hay kimiyəm, İlahi
Yatağına sığmayan çay kimiyəm, İlahi...

Qollarımı qaldırıb uçaram,
Nə edim bəs?
Qollarımı sındırıb köçərəm,
Nə edim bəs?
Özgə-özgə kəslərin yarasına ağlaram
Yaralayan kəslərin qarasına ağlaram...

Ovuclarımda yuva qurmaz daha buludlar
Bu eybi də üzümə vurmaz daha buludlar
Başımı qaldıranda göyü görə bilmərəm
Ha bətnə düş, ha doğul,
Böyü... görə bilmərəm...

İndi mənim hardasa saralır yarpaqlarım
İndi hardasa susub
Uçub gedən quşların yuvasına baxıram
İndi öz yaxasından üzülən barmaqlarım
Üşüyür...
Qoy üşüsün, sonrasına baxaram...

Məni torpaq bilib öl, məni səma bilib uç
Əlini ürəyinin üstündən ayrı saxla
Heç nəyə də inanma, özün-özündən soruş:
- Mən nə edə bilərdim bu get-gəlli qonaqla...

Bacarırsan bağışla,
bacarmırsansa qalsın
Yolunun gözü yolda,
Yolçunun başı qalda
Kimin yarası varsa bas bağrına, sağalsın
Mən qalmaram, ölərəm,
Qayıdıb adam olsam...

Hazırki əsas şəkil

# 4503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #