Eşşək uçmağı öyrənib, amma... - MOLLA NƏSRƏDDİNİN TƏZƏ LƏTİFƏLƏRİ

Eşşək uçmağı öyrənib, amma... - <span style="color:red;">MOLLA NƏSRƏDDİNİN TƏZƏ LƏTİFƏLƏRİ
6 iyul 2016
# 10:00

Kulis.Az Xoca Nəsrəddinin Anadoluda məşhur olan ancaq bizdə o qədər də yayılmayan bir neçə lətifəsini təqdim edir.

Bir nəfər bazarın qabağında axşam gəzintisinə çıxan Xoca Nəsrəddinə yanaşıb qızıl pul uzadaraq onu xırdalamasını xahiş edir. Xoca cibində bir qəpik olmadığını deyə bilmir, bəhanə axtararaq “Vaxtım yoxdu, tələsirəm” – söyləyib getmək istəyirsə də adam əl çəkmir. Axır ki, Xoca: “Ver görüm, nə edə bilirəm” – deyib qızıl pulu ondan alır, o üz-bu üzə çevirib deyir:

- Qardaşım, bu altun nəsə əskikdi eee...

Adam da yaman inadkar çıxır və əl çəkmir:

- Eybi yox, nə qədər əskikdirsə, o qədər xırdala!

Xoca özündən çıxır:

- Bura bax, a kişi, bu qızıl pul o qədər əskikdir ki, özündən bir dənə də olsa güclə tamamlanar.

***

Teymurləng boş vaxtlarında əsgərlərinə nizə atdırırmış. Bir gün oyuna Xoca Nəsrəddini də dəvət edir və münasib bir heyvana minib gəlməsini tövsiyə edir. Xoca nizə atmağın nə olduğunu, necə oynandığını bilmədiyi üçün kotan sürdüyü öküzünün boynuna minərək meydançaya gəlir. Hamı ruzigar qanadlı atların belində ikən Xocanın belə ağır bir heyvanın belində gəlməsi Teymurləngi çaşdırır:

- Xoca – deyir – nizə oynatmaq üçün sürətlə qaçan, çevik heyvanlara minmək lazım olduğu halda sən niyə bu tənbəl öküzlə gəlmisən?

Xoca Nəsrəddin boynunu bükərək deyir:

- Qibleyi-aləm, son illər necədir bilmirəm, amma bu öküz buzov vaxtı elə qaçardı ki, ona at deyil, quş da çatmazdı.

***

Bir gün Xoca Nəsrəddin eşşəyini çaparkən belindən yıxılır. Bunu görən uşaqlar qışqırıb onu lağa qoyurlar:

- Aaa!!! Xoca Nəsrəddin eşşəkdən yıxıldı! Xoca Nəsrəddin eşşəkdən yıxıldı!

Xoca Nəsrəddin heç nə olmamış kimi ayağa qalxıb üstünü çırpır:

- Bir şey olmaz, uşaqlar, onsuz da düşəcəkdim.

***

Xoca Nəsrəddin bir gün eşşəyinə minəndə eşşək qəfil qaçmağa başlayır. Xoca, dur, deyir, toqquş, deyir amma eşşək dayanmır. Xocanın bu halını görən qonşusu deyir:

- Xocam, bu nə təlaşdı belə, hara gedirsən?

Əlacsız Xoca cavab verir:

- Qonşu, eşşəyin çox vacib işi çıxıb, ora tələsirik.

***

Xoca Nəsrəddinin eşşəyi dəlilik elədiyinə görə onu satmağa qərar verir və bazara aparır, heyvan dəllalına verib evə gəlir. Eşşək yoxlamaq üçün ona yaxınlaşanların birinin qolunu dişləyir, birinə qoşa təpik atır. Dəllal eşşəyi geri qaytarıb Xoca Nəsrəddinə təhvil verir:

- Bu heyvanı heç kim almaz, dəlidir.

Xoca Nəsrəddin gülür:

- Onsuz da mənim məqsədim bu eşşəyi satmaq deyildi, məqsədim o idi ki, Məhəmməd hümməti onun əlindən nələr çəkdiyimi görsün.

***

Bir gün Xoca Nəsrəddinin tarlasına bir öküz girir və xeyli zərərə verir. Xoca əlinə çomaq alıb vurmaq istəyəndə öküz qaçıb aradan çıxır. Başqa bir gün şəhərə gedəndə Xoca həmin öküzü arabaya qoşulan görür, əlinə bir zopa alıb düşür öküzün üstünə. Öküzün yiyəsi gəlib qışqırır:

- A kişi, neynirsən, heyvancığazın nə günahı var?

Xoca Nəsrəddin:

- Sən qarışma, günahının nə olduğunu öküz özü çox yaxşı bilir.

***

Xoca Nəsərddinin evinə oğru girir. Xoca oğrunu görüb bir küncdə gizlənir. Oğru evdəki bütün əşyaları yekə bir çuvala doldurub çıxanda, Xoca onun dalınca düşür. Xeyli gedəndən sonra arxasınca adam gəldiyini fərq edən oğru çevrilib soruşur:

- Gecənin bu vaxtı məni niyə təqib edirsən?

Xoca:

- Təqib eləmirəm. Evimizdəki hər şeyi çuvala yığıb apardığına görə, elə bildim sizə köçürük.

***

Xoca bir gün eşşəklə dağa oduna gedir. Gələndə yüklü eşşək hündür xəndəkdən yıxılır. Uçurumdan aşağı eşşəyin dalınca üzgün-üzgün baxan Xoca deyir:

- Eşşək ki, eşşək! Uçmağı öyrəndi, qonmağı yox!

# 5789 dəfə oxunub

Müəllifin son yazıları

# # #