Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümü başa vurdu

Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümü başa vurdu
22 iyul 2024
# 09:58

XIX əsrin sonlarında Lənkəranda yaranmağa başlayan teatr XXI əsrə qədər gəlib çıxa bildi. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə N. V. Qoqolun "Evlənmə" komediyası tamaşaya qoyulub.

Kulis.az xəbər verir ki, Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N. B. Vəzirovun "Oddan alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası ilə başlayıb. 1949-cu ildən bu teatrın dövlət statusu dəyişdirilib. 1973-cü ilin dekabr ayının 6-da Lənkəran teatrı Mirzə İbrahimovun "Yaxşı adam" komediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlayıb.

Teatr son 51 ildə 300-ə yaxın əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə qastrol səfərlərində olub və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak edib.

133-cu mövsümünü başa vuran bu qədim sənət ocağı yeni mövsümdə teatrsevərlərin qarşısına uğurlu tamaşalarla, beynəlxalq festivallardakı çıxışları və digər layihələrlə çıxmağı qarşısına məqsəd qoyub.

18 iyulda Kamal Abdullanın "Casus" pyesi əsasında teatrın baş rejissoru Anar Babalının hazırladığı eyniadlı tamaşa ilə, 19-u isə mövsümün son tamaşası olan Çingiz Aytmatovun "Cəmilə" əsərinin eyniadlı tamaşası ilə (səhnələşdirən və rejissor İmran Ali Qurban) 133 yaşlı Lənkəran Dövlət Dram Teatrı öz tamaşaçılarına hələlik dedilər.

# 1270 dəfə oxunub

Müəllifin son yazıları

# # #