Aktrisalarımıza intim təklif edən rejissorlar olubmu? - SORĞU

Aktrisalarımıza intim təklif edən rejissorlar olubmu? - <span style="color:red;">SORĞU
24 oktyabr 2017
# 09:00

Bu günlərdə dünya mətbuatının gündəmini aktrisaların yaşadıqları təcavüz əhvalatları məşğul edir. Oskar mükafatlı prodüser Harvi Vaynşteynin işbirliyində olduğu aktrisalara qarşı intim təklif, seksual təcavüz ittihamlarından, prodüserin kino şirkətindən qovulmasından sonra dünya ulduzları bir-birinin ardınca ittihamlar söyləyir. Məsələn, “Qaranlıqda rəqs edən” filminə çəkilmiş müğənni-aktrisa Bjorkun rejissor Trieri ittiham etməsi kimi...

Kulis.az aktrisalarımıza “Bu problem bizim kino və teatr cameəsi üçün aktualdırmı? Belə halla rastaşmısınızmı? Bu kimi narahatedici halların qarşısını necə almaq olar?” - sualları ilə müraciət edib. Aktrisaların cavablarını təqdim edirik.

Həmidə Ömərova

Aktrisa, Peşəkar Kinoaktyorlar Gildiyasının rəhbəri

- Bilirsiniz, mənim xəbərim var o qalmaqaldan. Görünür, Qərbdə kinonun bütün problemlərini həll ediblər, indi bu məsələ çıxıb üzə. Amma bizim kinonun buna qədər onlarla problemi var. Məsələn, prokatın təşkil olunması kimi problem. Siz deyən bizim kinoda problem deyil.

Naibə Allahverdiyeva

Aktrisa

- Bizdə də belə hallar olub kim deyir ki, olmayıb? Bu sənətdə qabağa getmək üçün ya gərək adamın olardı, belə maneələri keçərdin, ya da fövqəl istedadın olardı. İstedadla da gedəndə əsəblərin pozulur, min-bir əzab çəkirsən.

Mənim də başıma gəlib. Teatr sahəsində... Rəhbər idi, məni xeyli incitdi, iş o yerə çatdı ki, bu təkliflərə görə, onun üzünə tüpürdüm. Və karyeramda onlarla maneə yaratdı. Rollardan oldum. Mənimlə sonadək prinsip apardı. İndi dünyasını dəyişib. Adını çəkmək istəmirəm. Kinoda da olub. İndi yaşlı adamdı. Nə deyim...

Tək kinoda deyil, bütün sahələrdə belədir. Cəmiyyət kişi cəmiyyətidir, kişilərin əllərində vəzifə var, səlahiyyət var və onlar da bundan istifadə edir. Qadınları incidirlər. Qadınlar hər sahədə zorakılıqdan əziyyət çəkir.

Buna qarşı nə etmək olar ki? Belə olub həmişə, yəqin ki belə də olacaq. Çox təəssüf edirəm...

Zemfira Sadıqova

Kinoaktrisa

- Əvvəllər belə hallar lap çox olurdu. Gözəl aktrisanı filmə çağıranda ondan nəsə umurdular. Qadından nə uma bilərlər ki? Demirəm hamısı. Amma bir çoxları… Çəkilə bilənlər çəkilirdilər, çəkilə bilməyənlər də bir yol tapırdı. Mən heç kimin adını çəkməyəcəyəm. Xalq hamısını çox yaxşı bilir. Hər aktrisa da buna getmirdi. Amma nəticəsi də pis olurdu. Elə mənimlə də belə bir şey baş verdi. Məsələn, Hüseyn Seyidzadə “Dəli Kür” filmində acığından mənim oynadığım yerlərin çoxunu kəsdi. Mənim yerlərim yalnız ümumi planda göstərilir. Mələyi götürüb qaçmazdan əvvəl Cahandarla onun baxışmağı var, söhbəti var. Amma filmdə biz Mələyi Cahandarın götürüb qaçdığını görürük. Axı bu hadisəyə bir zəmin olmalıdır. Mələyin ona münasibəti görünməlidir. Hamısı Hüseyn Seyidzadənin hikkəsinin badına getdi… (Qeyd: Bu fikirləri aktrisa Zemfira Sadıqova 2013-cü ildə verdiyi müsahibəsində deyib.)

Gülzar Qurbanova

Aktrisa

- O vaxt sovet dövründə olub belə şeylər. Eşitmişəm. Amma mən nə qədər kastinqlərə getmişəm, əcnəbi rejissorların filminə çəkilmişəm, belə hallarla rastlaşmamışam. Bunu həyat yoldaşımın da bu sənətdə olması ilə bağlamıram, qətiyyən. Dedim axı, əcnəbi rejissorların filminə çəkilmişəm, “Tacikfilm”də çəkilmişəm. Moskva Kinematoqrafiya İnstitutunda oxuyanda da çəkilmişəm. Olmayıb belə hal. Eşitməmişəm də. Məncə, indi də sənət filmi çəkənləri peşəkarlıq maraqlandırır. Həm də nə baş verdiyini bilə bilmərik. Hər rejissorun bir metodu var. Trierin “Qaranlıqda rəqs edən” filminə çəkilən, indi rejissoru ittiham edən aktrisanın çəkiliş zamanı sarsıntı keçirdiyi, problemlər, konfliktlər yaşadığı yadımdadır. Dəqiqini bilə bilmərik, amma biz o filmdə onun sarsıntı yaşayan qəhrəmanını görürük.

Mələk Abbaszadə

Aktrisa

- Mən belə bir hal olduğunu bilirəm, amma şəxsən özüm rastlaşmamışam. Ətrafımda belə adamlar tanıyıram ki, uğur qazanmaq, karyera qurmaq üçün kimlərləsə əlaqələrinə güvəniblər. Bilirsiniz, aktyor peşəsi asılı peşədir, uğur qazanmaq, karyera əldə etmək, bir yerə gəlmək üçün aktrisalar bu yoldan istifadə edirlər.

Doğrusu, mən həmin aktrisaların öz əhvalatlarını danışmaqla bu halların qarşısını alacağına inanmıram. Çünki, həmişə belə bir yola qərar verən tərəflər bunu gizli saxlayacaq.

Fikir verdinizsə, Hollivuddakı o hadisədə belə, aktrisalar bunu çox sonra, prodüserə qarşı boykot başladıqdan sonra açıqlamağa cəsarət etdilər. Yəni, hətta dünya çapında belə, bu istisna bir durumdur.

Bundan başqa bu, bir şəxsiyyət problemidir. Mən özümə qarşı həmişə hörmət və sayğı görmüşəm. Belə bir şeylə rastlaşsam belə bununla razılaşmaram. Hər şeydən əlavə, insana bu gerçəklə yaşamaq ağır olacaq. Daim düşünəcəksən ki, bütün uğurlarımı özüm əldə etməmişəm, kiməsə görə alınıb, kimsə məndən istifadə etdiyi üçün alınıb.

Amma bu yolla karyera quranları da başa düşürəm. Onlar nəyin bahasına olursa olsun, uğur qazanmaq istəyirlər.

Model sənətində daha çoxdur bu hallar. Türkiyədə işləyəndə adı belə qalmaqallarda hallanan şirkətlə əlaqələrimi kəsdim. Amma ümumən orada bu sahəyə ciddi yanaşırlar, peşəkarlıq tələbi qoyurlar. Ən azından arxanda dayanan olsa belə, peşəkar olmalısan.

Xalidə Quliyeva

Aktrisa

- Mən belə bir halla rastlaşmamışam. Amma bununla belə deyə bilmərəm ki, bizdə belə hallar olmayıb. Bütün sənətlərdə bu hallar baş verir. Ümumiyyətlə, dünya çapında az tanınmış tapmaq olar ki, belə sazişə getməsin.

Bir də, heç kim heç kimi məcbur etmir. Yəqin bu münasibətlərə girmək istəməsələr məşhur olmazdılar. Belə hallar həmişə olub və olacaq. Sadəcə indi nəyə görəsə bunu problem kimi qabardıblar. XX əsr kimi iri-iri prodakşnları birləşdirib böyük kinoşirkətlər yaratdılar və indi orada belə halların yaşanmasını birmənalı yozmaq olmur.

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

# # #