Atam olsaydı, səndən adam olmaz deyərdi - ŞEİRLƏR

Atam olsaydı, səndən adam olmaz deyərdi  - ŞEİRLƏR
11 yanvar 2016
# 15:00

Kulis Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

atam olsaydı, deyərdi, səndən adam olmaz,
anam ağlayardı, əllərini dizinə çırpardı, ölmüş atasını xatırlayardı.
qardaşıma soruşsanız, deyər ki, o artistdi,
bacım olsa get özünə iş tap deyərdi,

mən hələ də qarın yağmasını gözləyirəm,
yolları yorğan tək örtmüş ağappaq qar.
adamların ayaq izlərini təmizləyərəm qar yağsa.
dostum Nicata qalsa belə havalarda içmək daha yaxşı,
boşalan içki şüşələrinə, qışqıra-qışqıra danışan dostlara
və silkələnən, tərpənən hər şeyə baxmaq.

sən olsan çox içmə deyərdin,
sərxoş olanda səsin anama bənzəyirdi həmişə
evə tələsərdim onda
ağaclar asılan adamlara bənzəyərdi həmişə.

sevdiklərimə soruşsanız
mənim haqqımda heç nə deməzlər əslində,
mənə soruşsanız, böyük bir evin içinə atılmış
lazımsız bir əşyayam.

sən olsan deyərdin ki, yalançısan,
mən isə bütün qadınları anam kimi sevdim
amma anamı da aldatmadım desəm, yalan olar.

deyim, biləsiniz ki...
hələ də top oynayan uşaqlara baxan biriyəm.
hələ də itləri pişiklərlə dost eləməyə çalışan
və bütün qadınları unudan biriyəm,
mən böyük bir şəhərin yaddan çıxmış küçəsiyəm..

***

mən gedəndə yarpaqlar tökülmüşdü o parka,
bir az içmişdim, şəhərə sənin adını pıçıldayırdım
sərxoşdum, bir az qışqırdım,
qabağıma çıxan qızlara sataşdım, bağışla,

paltarım bədənimə yapışmışdı elə bil,
adamlar işıqdan çıxıb arta-arta
bir qatar kimi üstümə gəlirdilər,
bu da sizin yol, tez-tez görüşdüyümüz yerlər
sənin keçdiyin küçələrə tüpürdüm, bağışla.

daha gözəl qızlarla baxışdım bu gün
sonra başladım arxanca deyinməyə,
ağzıma gələni deməyə, söyməyə,
Tanrını, səni, yoxluğunu...
sənə aldığım gülün başını üzdüm, bağışla.

küçəmiz sizin küçəyə bənzədi
bircə zibil maşınıdı fərq
qaranlıqda ağaca dırmaşan pişiyə daş atdım
pişikləri çox sevirdin, bağışla.

***

anamı, bacımı, bir də səni çox sevdim,
anam getdi,
bacımla tez-tez dalaşırıq,
səni heç tanımıram.
anamı görməmişdin, mən sənə oxşadırdım;
uzun saçı,
balaca burnu,
çox danışması,
gedəndə xəbər verməməsi eyni səniydi.
zəng edəndə bilirdik qayıdacağını...
səninlə aramızda
xatirə olacaq heç nə yaşanmayıb.
yaddaşıma gəlib-gedən üzün var -
rentgen işıqları kimi.
bircə dəfə danışdıq,
sən bir cümlə dedin, mən iki cümlə
səninki yadımdadır: səni sevmirəm.
oysa anam da sevərdi,
bacım da,
mən də,
hələ bəlkə başqaları da...
anamı tanıyıram - getdi,
bacımı tanıyıram - evdədir,
səni tanımıram, sevirəm.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #