Nifrətdən bir pillə yuxarı

Nifrətdən bir pillə yuxarı
11 may 2016
# 17:11

Yaşar Süleymanlı Moskva şəhərində yaşayır. Şəhriyar adına ədəbiyyat-mədəniyyət Cəmiyyətinin fəallarındandır.

Kulis.az onun yeni hekayəsini təqdim edir.

O, əynindəki ağ gəlinliyə baxıb yenə də hönkürüb ağladı. Rəfiqəsi onu sakitləşdirərək "Bəsdir, ay qız, dəli olma, heç bilirsən, indi sənin yerində olmaq istəyən nə qədər qız var" deyərək onun göz yaşlarını silməyə başladı.

- Bilirsən, Ləman, mən ona nifrət edirəm, onu sevmirəm, sevmədiyim biri ilə necə bir ömür yaşaya bilərəm axı?

- Yaxşı, sən Allah, bir az özünü ələ al, bir azdan səni aparmağa gələcəklər, gör bir özünü nə hala salmısan? Üzün bütün boya içində qalıb, lap pandaya dönmüsən, - deyərək, onun könlünü açmaq üçün Ləman zarafat da elədi.

- Cərə gəlsinlər, cəhənnəm gəlsinlər, mən istəmirəm onu. Ləman, xahiş edirəm səndən, məni bir az tək burax, bir az özümlə baş -başa qalmaq istəyirəm.

- Ay qız, Cəmilə, bax bir dəlilik etməyəsən ha... Sonra adına min söz çıxardarlar, atanın, qardaşlarının başını el içində aşağı edərsən.

- Heç nə edən deyiləm, ancaq məni burax, xahiş edirəm.

- Yaxşı...

Rəfiqəsi otaqdan çıxan kimi o, qapını arxadan bağlayaraq özünü üzü üstə çarpayının üzərinə atıb bir müddət hönkürərək ağladı.

Hər bir gənc qız kimi o da illər boyu bu günü - gəlin köçəcəyi günü hey xəyalında canlandırmış, bu günün xəyallarını qurmuşdu. Ağ gəlinlikdə «Vağzalı» sədaları altında sevdiyi oğlan ilə qoşa addımlamaqlarını hey xəyal etmişdi. Bəs bu gün niyə belə kədərli, niyə belə hüzünlü idi?

Bir ay əvvələ kimi onun həyatında hər şey gözəl, öz yolunda idi. Ta ki, atasının yaxın dostunun oğlu olan Hikmət onun həyatında peyda olana qədər. Hikmət həyatına gözlənilmədən düşən meteorit parçası kimi düşmüş, bütün həyatını, qurduğu xəyallarını bir anın içində alt-üst eləmişdi. Kim idi bu Hikmət, hansı cəhənnəmdən peyda olmuşdu axı?! Evdəki hər kəs onun haqqında ağız dolusu danışırdı. “Göyçək, xoş xasiyyətli, xeyirxah, alicənab”, nə bilim, daha nələr... Hə, bir də ali təhsilini Amerikada almış, biliyinə və bacarığına görə təhsilini bitirən kimi Birləşmiş Ştatlarda yüksək əməkhaqqı ilə hansısa böyük bir vəzifəyə təyin olunmuşdu. Evdəkilər də ən çox bunu Cəmilənin gözünə “soxurdular" . Bir tərəfdən anası "Ay ağlına kül, ondan yaxşı qisməti hardan tapacaqsan axı. Bilmirəm o avara Kamandarda nə görmüsən. O sənə nə gün ağlayacaq axı" deyə başının ətini yemişdi yazıq qızın. Bir tərəfdən də atası "Bax, qızım, sən bilirsən ki, Hikmətin atası ilə biz uşaqlıq dostuyuq, həm, özü də yaxşı oğlandır, vəzifəsi, imkanı, hər yanda da hörməti var, mən də sənin hərini ona vermişəm artıq" deyərək açıq -aşkar onun xəyallarının üstündən yekə bir qara xətt çəkmişdi. Hələ qardaşları - səhərdən axşamacan qeyrətdən dəm vurub, ona gözucu baxanın gözünü çıxardan qardaşları indi Hikmətin başına and içirdilər az qala.

Heç kim onu düşnmürdü, düşnmək belə istəmirdilər. Onun başqasını sevməsi heç kimə maraqlı belə deyildi. Uşaq vaxtından qonşuları olan Kamandara könül vermişdi. Düzdür, Kamandar bir az kobud, bir az da bivec biri idi. Amma Cəmilə üçün bu, heç nəyi dəyişdirmirdi, çünki onun könlü, gözü yalnız Kamandarda idi.

Nədənsə Hikmət peyda olandan bir müddət sonra Kamandar da yoxa çıxmışdı. Bircə dəfə görə bilmişdi onu, onda da o, özünü elə aparmışdı ki, heç elə bil Cəmiləni tanımır. Heç elə bil saatlarla yol kənarında durub onun pəncərəsinə baxan, hara getsə kölgə kimi arxasınca düşən o Kamandar deyildi. Ən çox da Cəmilənin ürəyini göynədən, inadını qıran Kamandarın ona qarşı bu soyuqluğu, bu laqeyidliyi olmuşdu. Evdəkilərin basqısı altında Hikmətlə ailə qurmağa axır ki, razılıq vermişdi.

Uzandığı yataqdan birdən dəli kimi atılıb durdu. Stolun üstündə olan güzgünü götürüb bir müddət sakitcə özünə baxdı. Baxdıqca həyata, hər şeyə, hər kəsə, güzgüdən boylanan surətinə belə nifrət elədiyini duydu. Sonra əlindəki güzgünü yerə çırparaq qırıb ən böyük parçasını əlinə götürüb mökəmcə sıxdı. Əli əsə-əsə güzgü parçasını biləyinə dayayıb bir müddət heykəl kimi donub qaldı. Ləmanın səsi qulaqlarında uğuldadı: "Ay qız, bir dəlilik etmə ha, sonra haqqında min söz danışarlar, atanın, qardaşlarının başını el içində aşağı edərsən"

Güzgü parçasını biləyindən ayırmalı oldu:

- İlahi, bu necə taledir axı, ölməyədəmi haqqım yoxdur mənim?! Bu nə adətdir, bu nə ənənədir, bu nə ədalətsizlikdir, niyə bu ölkədə qadının insan kimi yaşamaq, istədiyində seçim eləmək haqqı yoxdur axı, niyə bizim əvəzimizdən hər şeyə kimsə qərar verməlidir axı?!

Qapı döyülürdü. Qapının o üzündən Ləmanın həyəcanlı səsi eşidildi: «Ay dəli, qapını niyə bağlamısan, tez ol aç, oğlan evi gəlib!»

Cəmilə halsız şəkildə qapıya yaxınlaşıb açdı və rəfiqəsini qucaqladı.

"Ölməyə də haqqım yoxdur, Ləman, heç nəyə haqqım yoxdur, mənim əvəzimdən hər şeyə başqaları qərar verib" deyərək dəli kimi hönkürdü. Ləman onu bir az sakitləşdirib, saçını, üzünü-gözünü qaydasına salıb, "yaxşı bəsdir dəlilik etdin, uşaq deyilsən ki" deyərək bir az da danladı onu.

Budur, «Vağzalı» sədası yüksəlməyə başladı. Hikmət otağa daxil olanda anası Cəmiləyə yaxınlaşıb o üzündən-bu üzündən öpərək xeyir-dua verdi, sakit bir səslə qulağına pıçıldadı: «Bax, özünü düz-əməlli apar ha, bizi qonum-qonşu arasında rüsvay eləmə».

Cəmilə buz kimi baxışlarla anasının gözlərinin içinə baxaraq sanki yalvarırdı: “Ana, niyə məni bədbəxt edirsiniz, niyə məni sevmədiyim biri ilə ailə qurmağa məcbur edirsiniz, axı mən də insanam, niyə mənə seçim haqqı tanımırsınız?!”

Anası bu baxışlardan yağan soyuqluqdan, hüzündən gözlərini gizlətmək üçün Hikmətə tərəf dönərək onu da öpüb xeyir-dua verməyə başladı.

Cəmilə gəlin və bəy üçün bəzədilmiş avtomobilə əyləşəndə belə gözü yenə Kamandarı axtardı. Amma o, yenə də gözə dəymirdi. Bəlkə də bu an onu görsəydi Hikmətin qolundan çıxıb qaçar, Kamandarın boynuna sarılıb ona heç vaxt etiraf etmədiyi sevgisini etiraf edər, bütün hər kəsin qarşısında Hikmətə nifrət etdiyini söyləyərdi. Təəssüf ki, Kamandar yox idi. Beləcə, onun son ümüdü də ölmüşdü.

Toyun necə keçdiyini heç hiss etmədi də. Hamı deyir, gülürdü, oynayır, sağlıqlar deyir, onlara xoşbəxtlik, yeddi oğul bir qız arzulayır, gəlinin gözəlliyini, bəyin igidliyin tərif edirdi. Bu gün bu məclisə toplaşanların üzündən bir sevinc, bir xoşbəxtlik yağırdı. Bir tək onun ürəyi qan ağlayırdı. Bir tək o idi bəlkə də, özünü bu gün dünyanın ən bədbəxti hesab edən. Bir belə dogma adamların içində özünü tənha, kimsəsiz, çarəsiz hiss edirdi. Bu gün onun üçün toy məclisi yox, əslində yas məclisi qurulmuşdu. Yaxşı, bəs bu adamlar nəyə belə sevinib, niyə belə şadlanırdılar?! Onun ölən ümüdlərinəmi, onun solan arzularınamı, onun bədbəxtliyinəmi?!

Məclis artıq sona çatmışdı. O Ləmana sarılıb pıçıldadı: «Məni tək buraxma Ləman, heç olmasa, gəl, səninlə bir az dərdləşək. Axı sabah bu zəhləm getmiş məni özü ilə Amerikaya aparacaq, bir də Allah bilir səni nə zaman görəcəm".

Ləman onun saçlarını sığallayaraq «yaxşı» deyə dilləndi. Cəmilə üzünü Hikmətə tutub «İcazə versəydin rəfiqəmlə vidalaşardım», - söylədi. Hikmət başını tərpədib razılığını bildirdi. Cəmilə Ləmanın əlindən tutaraq şadlıq sarayının vestibülündəki kreslolara tərəf çəkməyə başladı. Bir neçə dəqiqədən sonra Hikmət də o istiqamətə getdi.

- Ləman, xilas elə məni, xahiş edirəm. Mən onu sevmirəm, ona nifrət edirəm. Axı sevmədiyim biri ilə necə bir yastığa baş qoyub, bir ömür yaşaya biləcəm?

- Ay qız, sən deyəsən yenə başladın sayıqlamağa. Yavaş-yavaş öyrəşərsiniz bir-birinizə, bir də baxarsan ki, sevirsən onu. Yeri gəlmişkən, yaraşıqlı da dostu var, Nicat. Mənim də quşum ona qonub.…

-Sən nə danışırsan, nə sevmək? Mən Hikmətə bütün qəlbimlə nifrət edirəm. Mən onu yox, Kamandarı sevirəm.

- Sən Allah, bəsdir. O avara sənə heç layiq deyil. İndi qanını daha da qaraltmaq istəmirəm, sonra sənə Kamandar haqda bir söz deyəcəm, bax ona nifrət edəcəksən. Amma üz vurma, indi deyən deyiləm.

- Nə, nə söz, nə bilirsən onun haqqında?! Hara yoxa çıxıb o?!

-Dedim axı, üz vurma, vaxtı çatanda hər şeyi danışacam sənə. Yaxşı, daha vidalaşaq, Hikmət səni gözləyir, yəqin indi onun toy axşamına daha səbri qalmayıb- deyərək Cəmiləyə göz vurub güldü.

- Cəhənnəmə gözləsin. Onun olacağıma dağın ayısının olaram. Nifrət edirəm ona. Zarafatı belə xoş deyil…

- Bax Cəmilə, bir gün gələr, bu sözlərə peşman olarsan. Axır sözünü əvvəldə deməyə tələsmə. Hardasa oxumuşam ki, "nifrətdən bir pillə yuxarı sevgi başlayır"

- Ona qarşı sevgi mənim ürəyimə heç vaxt gəlməyəcək. Sən də bilirsən ki, mənim ürəyimin bir tək sahibi var, o da Kamandardır.

- Cəmilə, belə danışma, eşidən olar.

- Cəhənnəmə eşitsinlər. Qoy hamı eşitsin və bilsin ki, Hikmət deyilən o ayıya nifrət edirəm mən.

-Yaxşı canım, əsəbiləşmə. Bir az sakitləş. Zaman ən gözəl çarədir, ümüd edirəm ki, hər şey bir gün öz yoluna düşəcək. Gec oldu, daha səni gözləyirlər. Xudahafiz, görüşmək ümüdiylə, canım.

- Hələlik canım.

Onlar bir-birinə sarılıb sonra olduqları yerdən ayrılaraq zala tərəf getməyə başladılar. Bir müddət sonra arxalarınca gələn Hikmətin qızarmış üzü görsəndi. Sən demə o, Cəmilənin halından şübhələndiyindən gizlincə dalınca düşərək onun Ləmanla nə danışdığını dinləmək qərarına gəlibmiş. Dinləmiş, işin nə yerdə olduğunu anlayıbmış.

Əslində, Cəmilə ilə ailə qurmağa o da atasının təkidi ilə razılıq vermişdi. Ona demişdilər ki, qız da razıdır, səni çox bəyənib, amma utancaq biri olduğu üçün səninlə söhbətdən qaçır. Deməli, valideyinləri onu aldadıblarmış.

O, Cəmiləni görən kimi çox xoşlanmışdı. Qızın uzun qara saçları, qonur gözləri, ağ bənizi, bir az dolu dodaqları, şux qaməti elə ilk baxışdan valeh eləmişdi onu. Bəlkə də elə bu uzdən atasının təkidinə boyun əymişdi Hikmət.

Amma indi Cəmilənin dilindən eşitdikləri onunu qəlbini şüşə kimi çilikləmişdi. Sən demə, əslində ona nifrət edir, başqa birini sevirmiş Cəmilə. Kimdir bu Kamandar axı?!

***

Cəmilə gərdək otağında özünə həyacandan yer tapa bilmirdi. Bax budur, indicə qapı açılacaq, Hikmət otağa daxil olacaq, ona sahib olmaq istəyəcəkdi. Cəmilənin həyacandan əlləri əsirdi. Ona nə deyəcəyini öz-özünə götür-qoy edirdi: «İlk öncə üstünə bağıracam, o pis əllərini mənə vurma, sənə nifrət edirəm, çıx otaqdan deyəcəm...»

Beləcə sübhə qədər min dəfə bu sözləri təkrar etsə də nə qapı açıldı, nə də Hikmət otağa daxil oldu.

Nə zaman yuxuya getdiyini belə bilmədi. Bir də gözünü açdı ki, Hikmət başının üstündə dayanıb ona baxır.

- Sabahın xeyir, qalx yeməyini ye, iki saat sonra aeroportda olmalıyıq- deyib otaqdan çıxdı.

Cəmiləyə əvvəlcə elə gəldi ki, yuxu görüb, sonra anladı ki, yox bu yuxu deyil. «Bəs nə baş verirdi? Niyə o gecə gərdək otağına gəlmədi? Gecəni harda olub görəsən?» - deyə düşünməyə başladı.

***

Cəmilə heyrət dolu baxışlarla Nyu-Yorkun başı buludlara dəyən binalarına baxırdı. Flimlərdə gördüyü bu möhtəşəm gözəllik, yatsa yuxusuna belə girməyən Amerika torpağı indi onun ayaqlarının altında idi. İlahi, necə də gözəldir bura, - deyə düşündü.

Hikmətin mənzili də çox dəbdəbəli idi. Pəncərədən bütün şəhər ovcundaymış kimi görünürdü.

Bir-iki qısa söhbəti çıxmaq şərti ilə demək olar ki, Hikmət onunla heç nə danışmamışdı. Uzun sükutdan sonra onu evlə tanış eləməyə başladı:

- Bura mətbəxdir, orada vanna otağıdır, bu otaq da bundan belə sənindir -deyərək qarşıdakı otağı Cəmiləyə göstərdi.

“Necə yəni, sənin otağındır? Niyə məhz bizim yox, sənin dedi görəsən?” deyə düşündü Cəmilə.

- Acsan?

Cəmilə dinmədi.

- Acanda deyərsən, yemək sifariş verərəm - deyib Hikmət Cəmiləyə göstərdiyi otaqla üzbəüz olan otağa girib qapını örtdü.

Həmin gecə də Cəmilə həyəcanla gözlədi ki, Hikmət indi qapını açıb onun otağına daxil olacaq, ona sahib olmaq istəyəcək. Cəmilə yenə də fikrində onu asıb-kəsib, bağıraraq otağından qovurdu. Amma bu gecə də nə qapı açıldı, nə də Hikmət otağa daxil oldu.

Toylarından bir həftə keçməsinə baxmayaraq Hikmət ona heç barmağının ucu ilə belə toxunmamışdı. Yalnız bir dəyişiklik var idi. Onlar az-az söhbətləşməyə başlamışdılar. Cəmilə çox darıxırdı. Səhərdən axşamacan pəncərədən şəhərə baxmaq bezdirmişdi onu. İlk günlər ona möhtəşəm görünən bu hündür binalar indi onun gözünə darıxdırıcı, soyuq məzar daşları kimi görünürdü.

Demək olar ki, Hikmət günün çox hissəsini evdə olmurdu. Səhər duran kimi yuyunub, əynini geyinib işə gedər, bir də axşam dönərdi evə. Hər gün də gələndə Cəmiləyə bir buket ağ orxideya, yaxud qızılgül, bir də nə isə bir hədiyyə alardı. İlk günlər Cəmilə o gedən kimi gülləri və hədiyyəni zibil qutusuna atsa da sonradan çox sevdiyi bu ağ gülləri atmağa əli gəlmədi.

***

Bir ay hər gecə Hikmətin indi onun otağına girəcəyini həyəcanla gözlədi Cəmilə. Bir ay onu hər dəfə otağından xəyalən qovdu. Amma bu bir ayda bir dəfə də olsa Hikmət onun otağının qapısını açmadı.

Cəmilə çox darıxırdı. Özünü bu evdə həbs olunmuş kimi hiss edirdi.

Bu gün iş günü olmasa da Hikmət harasa getməyə hazırlaşır, geyinib-kecinirdi. Cəmilə ona yaxınlaşıb titrək səslə " çox darıxıram, şəhəri gəzmək istəyirəm, icazə verirsən" deyə soruşdu.

- Tək?

- Bəli tək.

- Cəmilə, axı sən şəhəri tanımırsan, dili də düz-əməlli bilmirsən, Allah eləməmiş başına bir iş gələr. Yox, hələ ki, tək əsla olmaz. Mənim bir təklifim var, bu gün bizim şirkətin dənizdə gəmi ilə kruiz gəzintisi var. Gəl mənimlə gedək, sənə çox maraqlı olacaq. Sonra isə şəhəri gəzərik, bir istədiyin varsa da alırıq.

Cəmilə qəti şəkildə etiraz elədi: «yox istəmirəm».

- Özün bilərsən. Mən gedirəm. Bir istəyin varmı?

Hikmətin bu sözlərindən sonra elə bil Cəmilənin bütün inadı qırıldı, «Yaxşı, mən də gedirəm səninlə» deyərək dolmuş gözləri ilə ona baxdı.

***

Gəmi dalğaları yararaq irəlilədikcə başı buludlara dəyən binalar kiçilib kibrit çöpü boyda görünməyə başladı. Nəhayət gəmi lövbər salıb dayandı. Cəmilə ətrafa heyrət dolu nəzərlərlə baxırdı. Gəminin gözəlliyi onu heyran eləmişdi. O, həyatında ilk dəfə idi ki, gəmi ilə, özü də, belə gözəl gəmi ilə səyahətə çıxmışdı. Ətrafındakı adamlar deyib-gülür, şənlənirdilər. Model görkəmli qızlar gəmidəki hovuzun ətrafında cəmlənib gah əllərindəki içkiləri qurtumlayır, gah da suya girib bir-birləri ilə şən zarafat edirdilər. Bir tək Cəmilə yetim cücə kimi bir kənardan boynunu büküb şənlənən adamlara və ətrafa baxırdı. Qızların Hikmətlə zarafatlaşmaları ona əvvəllər tanış olmayan bir duyğunu, qısqanclıq adında bir mərəti körükləyirdi elə bil. O özü də şaşırmışdı. Necə bəyəm, o Hikməti bu qızlara qısqanırdı?!

Hikmət qızlardan ayrılıb Cəmiləyə yaxınlaşdı.

- Niyə burada tək dayanmısan, xoşuna gəlmir səyahət?

Cəmilə bir müddət susub, sonra «Niyə ki, xoşuma gəlir» deyə astaca dilləndi.

- Gəl o zaman, sən də qızlara qoşul, istəyirsənsə hovuzda da çimə bilərsən. Bizim kollektiv çox mehribandır.

- Hə görürəm, çox mehribansınız- deyə kinayə ilə Cəmilə dilləndi.

Hikmət bu cavabdan bir az pərt olub " özün bilərsən" deyib ondan uzaqlaşdı.

Cəmilə gəminin kənarına yaxınlaşıb aşağı əyilərək dənizə tamaşa eləməyə başladı. Qəfildən tam gözlənilməz bir hadisə baş verdi: Başının üzərində uçuşan qağayılardan biri düz burnunun ucundan necə sürətlə keçdisə Cəmilə qorxudan müaviznətini itirərək dənizə yıxıldı. Bədbəxtlikdən o üzməyi də bacarmırdı. Bir anda özünü dalğaların qoynunda görəndə özünü tamamən itirdi və boğulmağa başladı. O, suda batıb-çıxdıqca nəfəsinin kəsildiyini, gözlərinin qaraldığını, artıq dənizlə, dalğalarla mübarizəyə gücünün qalmadığını hiss edirdi. Son dəfə güc ilə özünü topalayıb sudan başını çıxara bildi və son dəfə göylərdən ona boylanan günəşə baxa bildi. Nədənsə ona elə gəldi ki, günəş ona gülümsəyir və o da özündən asılı olmayaraq son dəfə gülümsədi, özünü dənizə təslim edərək sulara qərq oldu.

Birdən Cəmilənin gözünə Kamandar göründü və o, əlləri ilə onun biləyindən möhkəmcə yapışaraq onu geriyə – suyun üzərinə tərəf çəkməyə başladı. Bu o idi, Kamandar idi, var gücü ilə Cəmiləni boğulmaqdan xilas eləməyə çalışırdı. Bir anın içində Cəmilə düşündü ki, Kamandarın burada - Amerikada nə işi var görəsən, o haradan mənim burada - dənizin ortasında olduğumu bilib axı?! Kamandar onu çəkib suyun üzərinə çıxardandan sonra elə bil, birdən-birə üzü dəyişməyə, əriyib yox olaraq Hikmətin üzünə dönməyə başladı. Bu nə idi görəsən, bir möcüzəydimi, yoxsa sadəcə olaraq Cəmilənin gözlərinə xəyal görünmüşdü?!

Gəmidəkilər Cəmilə ilə Hikməti çəkib gəminin göyərtəsinə qaldırdılar. Cəmilə büzüşərək titrəyirdi. O hələ də analaya bilmirdi ki, onu belə şoka salan az qala həyatını itirməyiydimi, gözünə görünən Kamandarın xəyalıydımı, yoxsa bütün qəlbi ilə nifrət elədiyi Hikmətin onun həyatını xilas etməyiydimi?!

Hikmət bütün bədəni ilə Cəmiləyə sarılıb onun əllərini, ayaqlarını ovuşduraraq isitməyə çalışırdı.

- Çox qorxutdun məni, Cəmilə. Sənin belə bir dəlilik edəcəyini, özünü dənizə ataraq həyatına qəsd edəcəyini heç gözləmirdim. Bağışla məni, əgər qarşında bir günahım varsa bağışla.

Cəmilə dişləri bir-birinə dəyə-dəyə zorla dilləndi: «Sən nə danışırsan, nə qəsd eləmək, məni qağayı qorxutdu deyə dənizə yıxıldım».

Əllərini Hikmətin əlindən sərt şəkildə çəkib çıxardı.

Bu hərəkətdən Hikmət pərt olub qızarsa da bir söz demədi.

***

Bu hadisənin üstündən bir neçə gün keçsə də Cəmilə hələ də özünə gələ bilmirdi. Hikmət də demək olar ki, onunla heç danışmırdı. Haqqı da var idi. Cəmilənin həyatını xilas etməsinə baxmayaraq təşəkkür əvəzinə Cəmilə onun ürəyini qırmışdı.

«Yox mən heç düz eləmədim. O mənim həyatımı xilas elədi, mən isə ona qarşı belə ədalətsizlik, belə hörmətsizlik elədim» deyə Cəmilə öz-özünə düşündü. «Əslinə qalsa, heç pis insan da deyil, mənə qarşı da çox xoş rəftarlıdır. O öz həyatını təhlükəyə ataraq mənim həyatımı xilas elədi, mən isə ona Allahın bir sağ olunu belə demədim. İlahi mən necə də axmaq bir hərəkət eləmişəm», - deyərək Cəmilə dodaqaltı pıçıldadı. Elə bil, indi yuxudan ayılmışdı. Hikmətə qarşı çox haqsızlıq etdiyini indi dərk edirdi elə bil.

Axşam Hikmət işdən evə dönəndə yenə də adəti üzrə bir buket ağ gül və kiçik bağlama almışdı. Bu gün Cəmilədə nə isə bir qəribəlik var idi. İlk dəfə Hikmətin əlindən gülləri və bağlamanı alaraq ona təşəkkür etdi. Hətta dodaqucu gülümsədi də:

- Yemək yeyirsən? Bu gün bir neçə dadlı xörək hazırlamışam, süfrə də hazırdır, keç mətbəxə, mən də acam, səni gözlədim deyə yemədim.

Eşitdiyi bu sözlərə inana bilmirdi Hikmət. Nə baş verib görəsən?! «Yoxsa bu qız tək qalmaqdan ağlını itirib», - deyə o öz-özünə düşündü.

Masada hər şey səliqə ilə düzülmüşdü. Hikmət elə hey Cəmiləyə baxır, nə olub-bitdiyini anlamağa çalışırdı.

- Yeməyini ye, soyutma. Çay da süzümmü sənə?

Hikmət daha səbrini basa bilmədi.

- Bu gün səndə bir dəyişiklik var. Gün hardan doğub belə?

Cəmilə bir az qızararaq «Həyatımı xilas etdiyin üçün sənə təşəkkür etmək istəyirəm. Bir də, o hərəkətimə görə üzr istəyirəm, bağışla məni», - söylədi.

- Yaxşı, oldu, bitdi. Unut getsin.

***

Bu gün Cəmilə ilə Hikmətin ailə qurmaqlarından altı ay keçirdi. Bu altı ayda çox şey dəyişmişdi. Cəmilə daha əvvəlki kimi darıxmırdı da. Hikmət hər gün onu şəhərin maraqlı, görməli yerlərinə gəzməyə aparır, hər axşam şam yeməklərini fərqli restoranlarda edirdilər. Cəmilənin ürəyi nəyi istəsə qiymətindən asılı olmayaraq Hikmət onun üçün alırdı. Cəmilənin Hikmətə qarşı münasibəti də müsbətə doğru xeyli dəyişmişdi. Tikanlı və kinayəli sözlərin əvəzinə xoş, ürəkaçan sözlər deyirdi ona. Hikmət işdən bir az gec qayıdanda Cəmilə özünə yer tapa bilmir, gözü divardan asılmış antikvar kəfkirli saatda qalırdı. Cəmilə özü-özünə etiraf etməyə cürət etməyə qorxsa da Hikməti sevdiyini dərk edirdi. Ötüb keçən bu altı ay onları bir-birinə yaxınlaşdırmış, doğmalaşdırmışdı. Dəyişməyən bir tək şey var idi. O da hələ də Hikmətin ona toxunmaması və ayrı otaqlarda yatmaları idi.

Bu gün üçün Cəmilə xüsusi ilə hazırlaşmışdı. Bəzənib-düzənib, ətirlənib, ən gözəl geyimini geyinmiş, süfrəni bəzəyərək Hikmətin işdən evə qayıtmağını gözləyirdi.

Nəhayət qapının zəngi çalındı. Cəmilə sevindiyindən az qala quş kimi qanadlanaraq qapıya tərəf qaçdı. Hikmət yenə də əlində bir buket ağ gül və yekə bir oyuncaq ayı ilə içəri daxil oldu. Cəmilə gülü və ayını alaraq "sağ ol canım" deyə dilləndi və özü də dilindən çıxan "canım" sözünə şaşırıb qaldı. Hikmət ona baxaraq «Dəyməz, canım» deyib gülümsədi. Onlar bir müddət bir-birinə gülümsədilər. Nədənsə Cəmilənin ürəyindən onu qucaqlamaq, öpüşlərə qərq eləmək keçdi. Amma tez özünü ələ alıb "süfrə hazırdır, buyur süfrəyə" dedi.

Hikmət qabağına qoyulmuş xörəkləri iştaha ilə yedikcə Cəmilə ona baxır, nə isə fikirləşirdi. Birdən «Bilirsən, Hikmət, bu gün bizim evlənməyimizin altı ayı tamam olur, nə tez keçdi altı ay, elə deyilmi», - deyə sual etdi. Hikmət əlini süfrədən çəkib ayağa qalxdı və Cəmiləyə yaxınlaşaraq «Əlbəttə, bilirəm, heç vaxt o günü unuda bilmərəm yəqin" deyə cavab verdi. Hikmətin sözlərində bir kinayə, bir küskünlük var idi elə bil.

- Necə bəyəm, o günü unuda bilmərəm?

- Kimsə öz toy gününü unuda bilər ki? - deyə Hikmət təbəssümlə cavab verdi.

Cəmilə də özündən asılı olmayaraq gülümsədi.

"Gözlərini yum, mən deyənə qədər də açma" deyə Hikmət dilləndi.

- Niyə ki?

- Sənə bir sürpirizim var.

Cəmilə gözlərini yumaraq həyəcanla gözləməyə başladı. Nə isə soyuq bir şey Cəmilənin boynundan dolanıb sinəsinə toxundu.

"Bax indi gözlərini aça bilərsən, bu da sənə evlənməyimizin altı ayı münasibəti ilə hədiyyəm olsun" deyə Hikmət onun qulaqlarına pıçıldadı.

Cəmilə Hikmətin isti nəfəsini öz üzündə ilk dəfə idi ki, hiss edirdi. Həyəcandan əlləri əsir, gözlərini açmadan nəyi isə – daha doğrusu Hikmətin onu öpəcəyini gözləyirdi.

"Hə nə oldu, niyə gözlərini açmırsan? Bir bax, gör, hədiyyəm xoşuna gələcəkmi" deyə Hikmət yenə dilləndi.

Cəmilə gözlərini açaraq divardakı güzgüyə yaxınlaşdı. Boynundakı bərq vuran bahalı daş-qaşla bəzədilmiş gərdanlığa baxdıqca Cəmilənin gözləri qamaşırdı.

" Çox sağ ol Hikmət, gözəl hədiyyədir, çox bəyəndim" deyərək onun üzündən öpdü. Bir anlıq hər ikisi donub qaldılar və sonra bir-birlərinə baxıb gülümsədilər.

***

Cəmilə otağında oturub həyacanla Hikmətin içəri daxil olacağını gözləyirdi. Daha xəyalən onu asıb-kəsmir, otağından qovmurdu. İndi sadəcə gözlərini yumub Hikmətlə ilk gecələrinin necə olacağını həyəcanla xəyalında canlandırırdı. Bütün bu olanlardan, bugünkü xoş təəsüratlardan sonra Cəmilə əmin idi ki, Hikmət onun otağına mütləq gələcək.

Saatlar keçsə də Hikmətdən bir səs-səmir yox idi. Cəmilə əsəbi halda gah saçlarını barmaqlarına dolayır, gah da uşaq kimi dırnaqlarını dişləyirdi. Heç cür özünə yer tapa bilmirdi o. Bəlkə də indi onun həyatda ən çox istədiyi şey qapının açılması, Hikmətin otağa daxil olması idi. Amma nə qapı açılır, nə də Hikmət otağa daxil olurdu. Gözləməkdən səbri tükənən Cəmilə ayağa durub qapını açdı və Hikmətin otağına yaxınlaşdı. Əlləri titrəyə-titrəyə qapının dəstəyindən tutdu. Heç özü də bilmədi ki, belə vəziyyətdə nə qədər donub qaldı. Amma neylədisə də qapını açmağa cəsarəti çatmadı. Yenidən otağına qayıdaraq üzü üstə çarpayısına uzanıb uşaq kimi içini çəkə-çəkə ağlamağa başladı. Onun ən çox da özünə acığı tuturdu. Necə o bu qədər dəyişə bilmişdi axı?! Necə altı ay əvvəl nifrət etdiyi bir insanı indi belə dəlicəsinə sevə bilmişdi o?!

Yadına rəfiqəsi Ləmanın sözləri düşdü: «Gün gələr, bu dediyin sözlərdən peşiman olarsan. Heç vaxt son deyəcəyin sözünü əvvəldə demə". «İlhahi, necə də haqlı imiş Ləman», - deyə o öz-özünə düşündü. «Sabah gərək ona zəng vuram, bura gələndən onu da tamam unutmuşam», - deyərək pıçıldadı.

***

- Alo Ləman salam. Necəsən? Mənəm, Cəmilədir.

- Ooo, itgin gəlin, salam. Nə əcəb məni yadına salmısan?

- Ləman, canım, bağışla, inan başıma o qədər işlər gəlib ki, heç öz adım da yadıma düşmürdü.

O uzun -uzadı başına gələnləri Ləmana danışdıqdan sonra «Sən hər şeydə haqlı çıxdın Ləman, mən son sözümü əvvəldə demişəmmiş sən demə. Mən indi onu dəlilər kimi sevirəm" deyərək hönkürərək ağlamaga başladı.

- Yaxşı dəli qız, bir az sakitləş. Burada pis nə var ki, öz ərini sevirsən də?

- Ləman, vəziyyət sən bildiyin kimi deyil.

- Səninlə pis rəftar edir Hikmət?

- Yox, yox nə danışırsan, əksinə çox mülayim, çox gözəl rəftar edir, hər nazımla oynayır mənim.

- Vallah qandımsa qanqal olum. Mən yenə də heç bir şey başa düşmədim. Yaxşı ay dəli, bəs nə istəyirsən daha?

- Bilirsən, Ləman, aramızda heç şey yoxdur.…

- Nə heç şey yoxdur? Bir açıq danış görüm nə deyirsən axı.

- O bu günə qədər mənə toxunmayıb, ayrı otaqlarda yatırıq. İnanırsan Ləman, az qalıram dəli olam. Deyirəm, bəlkə o nəsə xəstə filandır? Bəzi kişilərdə belə olur bildiyimə görə. Deyirəm, bəlkə buna görə mənə toxunmur?

- Həəə, belə de. Deməli aranızda yaxınlıq yoxdur, sən də buna görə uşaq kimi ağlayırsan indi. Bəs deyirdin, onun olacağıma dağın ayısının olaram? Fikrini nə tez dəyişdin belə?

- Yaxşı, Ləman, sən Allah bəsdir, zarafatın heç yeri deyil indi. Hə, nə deyirsən bəlkə xəstədir o?

- Ay dəli, o heç də xəstə deyil. Sadəcə ağıllı və səbirli biridir. Gör bir özünü sənə necə sevdirib?

- Nə deyirsən, indi sənin sözündən belə çıxır ki, mən onun ayaqlarına düşüm yalvarım ki, sən Allah gəl... Əstafurullah, ağzımı açdırma, Ləman.

- Cəmilə, mən elə bilirdim ki, sən bilirsən. Sən demə heç nədən xəbərin yox imiş.

- Nəyi bilirəm? Dəli eləmə məni. Tez ol de görüm, nədir belə mənim bilmədiyim?

- Toy günü bizim aramızda olan bütün söhbətləri Hikmət eşidib. Sənin onun haqqında, Kamandarın haqqında dediyin hər şeyi eşidib. İndi də yəqin ona görə belə edir, sənə toxunmur ki, bunu sən özün istəyəsən.

- Vayyy, doğrudan eşidib? Sən haradan bilirsən bunu?

- Hə, sənin dünyadan xəbərin yoxdur də, altı ayda bir dəfə demədin ki, görüm rəfiqəm neyləyir, ölübmü, qalıbmı? Yadına gəlir, toyunuzda onun dostu iştirak edirdi Nicat? Bax o Nicatla biz indi bir-birimizi sevirik. Bütün bunları Hikmət Nicata danışıb, o da öz növbəsində mənə. Hə, bir də Kamandarın kimliyi barədə, aranızda bir şey olubmu, olmayıbmı, öyrənməsini istəyib ondan.

- Vay, vay Ləman, dilim quruyardı, kaş o sözləri deməzdim heç. Bir də indi yadıma düşdü, sən mənə demişdin ki, Kamandar haqqında mənə nə isə deyəcəksən, nə məsəli idi o elə?

- Sən Allah rədd olsun o avara. Başqa şeydən danış.

- Yox, Ləman, xahiş edirəm de, bilmək mənim haqqımdır.

- Yadına gəlir, Kamandar birdən-birə ortadan yox oldu, səni görəndə də özünü görməzliyə vururdu?

- Hə, yadımdadır.

- Deməli, anan onunla danışıb, razılaşıb ki, bir müddət ortada görünmə, Cəmilədən uzaq dur, toydan sonra sənə min dollar pul verəcəm. Bax, Cəmilə, o sevirəm dediyin şərəfsiz səni beləcə min dollara “satıb”.

Cəmilə eşitdiklərinə inana bilmirdi. «İlahi mən necə də axmaq olmuşam, gör kimi sevirəmmiş» deyib sakitcə pıçıldadı.

- Alo, Cəmilə, nə deyirsən? Eşidə bilmirəm səsini.

- Heç, Ləman, heç. Mən daha Hikmətin üzünə baxa bilmərəm. Elə indicə aeroporta gedib evə qayıtmaq üçün bilet alacam. Görüşənədək...

- Alo, alo, Cəmilə, alo...

Cəmilə dəstəyi asıb hönkürə-hönkürə ağlamağa başladı. "Mən axmağa bu da azdır, hələ Hikmət yaxşı adamdır ki, bütün bu eşitdiklərindən sonra məni qəbul edib. Başqası olsaydı elə restorandaca qolumdan tutub məni bayıra atardı" deyərək yenə də içini çəkə-çəkə ağlamağa başladı. Telefonu götürüb zəng etdi. İngilis dilində qırıq-sökük danışaraq ünvanı deyib taksi çağırdı. Tələm-tələsik çantasını yığıb stolun üstündə kiçik bir məktub buraxdı.

"Əgər məni bağışlaya bilərsənsə bağışla. Mən sənə layiq biri deyiləm. Səni dəlilər kimi sevən Cəmilə"

Bəxtindən bu günkü reysə bilet də ala bilmişdi. İki saat sonra təyyarəsi Bakıya uçacaqdı. Cəmilə üçün elə bil zaman dayanmışdı. Bu iki saat vaxt heç keçmək bilmirdi. O elə hey ağlayır, ürəyində özü-özünü lənətləyirdi. Hikmətlə keçirdiyi gözəl günləri bir-bir gözünün önündə canlandırırdı.

Onun reysinə olan təyyarəyə minik başlandığını eşidəndə isə özündən asılı olmayaraq hönkürməyə başladı. Ayaqları sözünə baxmır, hər addımı atdıqca dizləri əsirdi. Az sonra o, təyyarəyə minəcək və beləliklə də hər şey bitəcəkdi.

Arxadan onu qucaqlayan əllərdən diksinərək Cəmilə çırpınmağa başladı. Geriyə döndükdə Hikmətin tər basmış, qızarmış üzünü görüb donub qaldı. Hikmət bir az aşağı əyilib tövşüməyə başladı. Yəqin ki, qaçaraq hər yerdə Cəmiləni axtarmış və son məqamda özünü ona yetirmişdi.

Hikmət bir az nəfəsini dərib " ay dəli, məni atıb hara gedirsən belə" deyərək zorla gülümsədi.

Cəmilə Hikmətin boynuna sarılaraq uşaq kimi ağlamağa başladı.

«Yaxşı, daha sakitləş, hamı bizə baxır. Gəl gedək evimizə, mənim dəlim» deyib Hikmət onu sakitləşdirməyə başladı.

- Bağışla məni, mən bu dünyadakı ən axmaq qızam, səni tanımadan, bilmədən sənə qarşı bu qədər haqsızlıq etdiyim üçün bağışla məni, Hikmət

- Oldu, bitdi. Mən sənə qarşı heç vaxt kin saxlamamışam. Səni mən çoxdan bağışlamışam. Sən də haradasa haqlı idin. Bizim bir-birimizi tanımağa vaxtımız olsaydı, o zaman indi bunların heç biri olmazdı.

- Yalançı...

- Mənəm yalançı - deyərək Hikmət gülməyə başladı.

- Bəli sənsən yalançı. Özü də ən yekəsindən.

- Niyə ay dəli qız, nə yalan demişəm sənə axı?

- Elə indi dedin də, dedin ki, mənə heç vaxt kin saxlamamısan.

- Düz deyirəm də, saxlamamışam. Mən səni ilk gördüyüm andan dəli kimi sevmişəm.

- Yalançı. Əgər kin saxlamamısansa, dediyin kimi sevmisənsə bəs o zaman niyə bu günə qədər mənə toxunmamısan? Mən o qədər çirkinəm bəyəm, məni istəməyəsən?

Hikmət birdən qəhqəhə çəkərək gülməyə başladı.

- Nəyə gülürsən? Düz demirəm məgər?

- Yox Cəmilə, düz demirsən. Səninlə bir evdə yaşayıb, hər an səni görüb amma toxuna bilməmək mənim üçün Cəhənnəm əzabından da betər olub.

- Bəs yaxşı, nə idi səni saxlayan o zaman?

- Sənin mənim haqqımda dediyin sözlər. Ona görə də bunun yalnız sənin öz istəyinlə olacağına özümə söz vermişdim həmin gün.

Cəmilə yenə ona sarılıb " bağışla bu dəli qızı, əzizim" deyib hönkürdü.

- Yaxşı, bəsdir daha uşaq kimi ağladın, gedək evimizə.

Taksidə hər ikisi arxa oturacaqda oturmuşdular. Cəmilə başını Hikmətin çiyninə qoyub əli ilə onun əllərini sığallayırdı.

Hikmət səbri, ləyaqəti, cəsarəti ilə bu ipə- sapa yatmayan, “dəli qızı” ram eləmiş, özünü ona sevdirə bilmişdi. Bir zamanlar ona nifrət etdiyini deyən, onu görmək belə istəməyən Cəmilə indi başını onun çiyininə qoyaraq xoşbəxtliyindən körpə kimi gülümsəyirdi.

- Yaxşı, bəs sən haradan bildin ki, mən aeroportdayam?

- Ləman bu barədə Nicata danışıb, Nicat da zəng vurub mənə deyib. Əvvəl inanmadım, evə gəlib sənin məktubunu tapan kimi tez özümü aeroporta yetirdim. Elə qorxurdum ki, birdən sənə çata bilmərəm.

Cəmilə ürəyində Ləmana təşəkkür elədi. Birdən onun sözlərini xatırlayıb dodaqaltı pıçıldadı: «Nifrətdən bir pillə yuxarı sevgi başlayır».

"Nə deyirsən, canım", - deyə Hikmət soruşdu.

"Səni çox sevidiyim deyirəm, canım", - deyərək Cəmilə dilləndi.

- Mən də səni çox sevirəm, canım - deyərək ilk dəfə Hikmət Cəmilənin dodaqlarından öpdü.

Taksi sürət yığıb onları xoşbəxtlik ünvanlarına aparırdı. Və o ünvanda ağappaq çiçəklər onların xoşbəxtliyinə şahid olmaqçün səbirsizlənmişdilər.

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #