Televiziyaların göstərmədikləri 10 Azərbaycan filmi

Televiziyaların göstərmədikləri <span style="color:red;">10 Azərbaycan filmi
19 aprel 2017
# 12:10

Kulis.az televiziyaların heç vaxt göstərmədiyi 10 Azərbaycan filmini təqdim edir.

1. “Bismillah”

Rejissor: Abbas Mirzə Şərifzadə. Ssenari: Pavel Blyaxin. İl: 1925. Süjet: Yoxsulluq içində yaşayan Qulunun uşağı olmur. O, dərdinə əlac tapmaq üçün sadəlövh insanların inandığı avantürist molla Əbdürrəhimin (Mirzəağa Əliyev) yanına gedir. Molla ona arvadını yanına tək göndərməyi tapşırır. Və o, Qulunun arvadı Hökuməyə (T.Vişnevskaya) təcavüz edir. Hökumə hamilə qalır, üstəlik, molla Qulunun bacısı Zeynəbi (K.Vyaznova) da zorlayır. Və hadisələr getdikcə daha mürəkkəb xarakter alır...

2. “Məhəbbət oyunu”

Rejissor: Abbas Mirzə Şərifzadə. Ssenari: Aleksandr Popov. İl: 1935. Süjet: Kərim qoçaqdır, işgüzardır, Leyla isə tənbəl, özünü işə verməyən Səttarı sevir. Əhvalatın gedişatına uyğun olaraq Leylanın sevgisi Səttarı yaxşılığa doğru dəyişir, o zəhmətkeş birinə çevrilir, hətta finalda avtomobil yarışmasında qalib olur.

3. “Yaşamaq gözəldir, qardaşım”

Rejissor: Ramiz Əsgərov. Ssenari: Leonid Aqranoviç. İl: 1966. Süjet: Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” romanı əsasında ekranlaşdırılan “Yaşamaq gözəldir, qardaşım” filmi 1920-ci illərdə Yaxın Şərq ölkələrindən birində kommunistlərin fəaliyyətindən bəhs edir.

4. “Anın quruluşu”

Rejissor: Rasim İsmayılov. Ssenari: Rüstəm İbrahimbəyov. İl: 1980. Süjet: Ədhəm (Məmməd Məmmədov) Mingəçevirdən Moskvaya köçüb, uzun illərdir orda yaşayır. Günlərin bir günü dostunun toyuna görə Mingəçevirə qayıdır. Amma Ədhəmin vətənə gəlməkdə əsas məqsədi başqadır. O, uzun illərdir hamını inandırdığı yalanlarına son qoymaq üçün gəlib...

5. “Aşkarsızlıq şəraitində”

Rejissor: Fərhad Yusifov. Ssenari: Ramiz Fətəliyev. İl: 1986. Süjet: Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Salahov mənzilində qətlə yetirilir. İzi itirmək məqsədilə onun guya intihar etməsi təəssüratı yaradılır. Cinayət axtarış idarəsinin inspektoru Ələkbərov və prokurorluğun müstəntiqi Məmmədov cinayətin izinə düşürlər...

6. “Bir ailə”

Rejissor: Qriqori Aleksandrov. Ssenari: Mir Cəlal Paşayev, Lev Vaysenberq və İosif Prut. İl: 1943. Süjet: Hadisələr İkinci Dünya müharibəsi illərində cərəyan edir. Tankçı Nəcəf rəhbərlikdən bir günlük məzuniyyət alır. Amma yaxınlıqdakı şəhərdə tanış-bilişi olmadığı üçün əsgər yoldaşı ona öz ev ünvanını verir. Nəcəf isə ünvanı səhv salır, başqa ailənin qapısını döyür. Ailə onun səhv gəldiyini bilsə də üzünü vurmur, mehribanlıqla qarşılayır. Bir gündə Nəcəflə ailənin qızı Katya arasında sevgi bağı yaranır.

7. “Bir ailəlik bağ evi”

Rejissor: Yuli Qusman. Ssenari: Rüstəm İbrahimbəyov. İl: 1978. Süjet: Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dəniz sahilində bağ evi tikməyi qərara alırlar. Bunun üçün onlara övladlarının köməyi lazımdır. Amma iş-güc yiyəsi olan, şəhərdə yaşayan övladların valideynlərinə baş çəkməyə, evi tikməkdə yardım eləməyə vaxtları yoxdur. Böyük oğul Eldar (İqor Kvaşa) elmi işçidir. Onun qayğısı başından aşır, gah rəhbərlik elədiyi laboratoriyada problem çıxır, gah sevdiyi qadınla münasibətləri gərginləşir. Buna baxmayaraq, o, vaxt tapıb valideynlərinin yanına gedə bilir. Yalnız 10-15 dəqiqəlik. Anasının tənəsi, nigarançılığı onu bağda qalmağa vadar edir.

8. “Od içində”

Rejissor: Şamil Mahmudbəyov. Ssenari: Əhmədağa Muğanlı. İl: 1978. Süjet: Hadisələr 1919-cu ildə Azərbaycanın cənub bölgəsində Muğan və Lənkəranda cərəyan edir. Film kadrarxasında diktor mətni ilə başlayır: “Sovet Rusiyasının Antanta ilə gərgin çarpışmada olduğu bir vaxtda menşeviklər, daşnak və müsavatçılar Zaqafqaziyada hakimiyyəti ələ aldılar. Azərbaycanın neftini, taxılını ələ keçirməyə çalışan denikinçilər Muğanı tutdu. Belə şəraitdə bir tərəfdən müsavatçıların, o biri tərəfdən denikinçilərin əhatəsində qalan Muğan torpağı Azərbaycan bolşeviklərinin mübarizə meydanı oldu”.

9. “Əlavə iz”

Rejissor: Nicat Bəkirzadə. Ssenari: Arif Heydərov və Dmitri Hüseynov. İl: 1981. Süjet: Gənc qız Nərgiz atalığı (Hamlet Xanızadə) ilə tez-tez mübahisə edir, onun sərt nəzarətdə saxlamaq istəyinə qarşı çıxır, sərbəst həyat tərzi yaşayır: evə gecəyarı gəlir, barlarda dostları ilə gün keçirir. Axtarışda olan, üzvləri ələ keçən cinayətkar dəstə Nərgizdən məqsədləri üçün istifadə edir.

10. “Dəcəl dəstə”

Rejissor: Qəmər Salamzadə və Aleksandr Popov. Ssenari: Yuri Fidler. İl: 1937. Süjet: Komediya janrında çəkilən filmdə hadisələr Bakının beynəlmiləl orta məktəblərindən birində baş verir. Film sovet ideologiyasını, sovet gənclərinin ideal modelini təbliğ edir.

# 1956 dəfə oxunub

Müəllifin son yazıları

# # #