“Selfinaz”ın yazarı: “Biz o qədər axmağıq ki, Cem Yılmazdan oğurlayaq?”

“Selfinaz”ın yazarı: “Biz o qədər axmağıq ki, Cem Yılmazdan oğurlayaq?”
10 yanvar 2017
# 17:23

Kulis.Az “Selfinaz” layihəsinin ssenari müəllifi Təvəkkül Mehrəliyevlə müsahibəni təqdim edir.

- Selfinaz layihəsi necə başladı?

- Biz Fərdayla 2009-cu ilin yayında təsadüfən tanış olmuşuq. Qısa bir zamanda çox yaxın dostlara çevrildik. Hər bir insanın iki-üç dostu olursa, Fərda mənim üçün o iki-üç insandan biridir. Son səkkiz ildə Fərda ilə öz aramızda deyib gülürdük. Və bizim bu deyib-gülməyimizə şahid olan insanların da həddindən artıq çox əyləndiyini müşahidə edirdim. Odur ki keçən ilin fevral ayında, qərar verdik ki, birlikdə bir layihə edək. Mənim bu sahədə şöhrət qazanmaq kimi bir niyyətim yoxdur. Fərda isə onsuz da kifayət qədər tanınıb sevilən bir insandır. Odur ki, niyyətimiz ölkədə bu formatın inkişafına start vermək, maraqsız davam edən həyata bir az da olsa maraq qatmaq idi. Çox şükür, buna nail olduğumuzu düşünürəm. Bu gün artıq insanların bir də “Selfinaz” mövzusu var. Mən öz adıma istəyərdim ki, məsələn, Adriana Lima ilə gəzdiyim haqqqında söz çıxsın və mən çıxıb ciddi-ciddi açıqlama verəm: “Biz sadəcə dostuq.” Nə bilim, yəqin həyat daha maraqlı, daha rəngli olardı.

- Adətən stəndaplar ssenari ilə hazırlanmır, aktyor öz mətnini özü hazırlayır. Amma “Səlfinaz”da bir az fərqli bir yol seçmisiz.

“Selfinaz”ın ssenarisini Fərda ilə mən birlikdə hazırlamışıq. Fevral ayında qərar verib çalışmağa başladıqdan sonra, mart ayının sonunda İstanbulda üç günlük görüşüb müzakirə etdik. Sonra bu üç günlük görüşlərdən yenə baş tutdu. Aprel ayının ortalarında Kiyevdə, may ayının ilk günləri isə Şamaxıda. Həm əylənirdik, həm də sübh vaxtına qədər çalışırdıq. O günlər indi də yadıma düşəndə çox gülürəm. Ssenari məsələsinə gəldikdə isə, bu, Cem Yılmazda da belədir. Cem Yılmazın youtube-da hazırlıqsız qatıldığı proqramlar var ki, bu, açıq-aydın hiss olunur. Hətta youtube-dakı bir videoda Fatih Altaylı “sıxıldım” deyib onu yarıda kəsir. Bir nəfərlik tamaşa məqsədiylə çıxdığın səhnə isə daha ciddi bir platformadır. Ardıcıl qurduğun üç cümlənin heç biri zalda gülüş doğurmayıbsa, bu səhnədəki insan üçün böyük stress qaynağı, hətta nöqsandır. Biz “Selfinaz”da çalışırdıq ki, hər bir cümləmiz gülməli olsun. Bunun üçün ciddi mənada çalışırdıq.

- Dekorasiyanın Cem Yılmazdan götürüldüyü vurğulanır. Bu haqda nə deyə bilərsiz?

- Bununla bağlı Facebookdakı dostlarım üçün bir status yazmışdım. Demişdim ki, “Selfinaz”ın dekoru Cem Yılmazın dekoruna bənzəyib deyənlərə etiraz edirəm: bənzətməmişik! Birə-bir götürmüşük. Amma Fərdanın danışdıqları da Cem Yılmazdan götürülüb deyənləri, “Selfinaz”daki xalanın o heykəltəraş oğluna həvalə edirəm. O bilsin, siz bilin. Bu təbii ki, öz dostlarımla mənim aramda olan bir zarafat idi. Amma eyni zamanda sualınıza cavab verir deyə düşünürəm. Fevral ayından may ayının 5-nə qədər, bütün hazırlıqları tamamlamaq üçün üç ay zamanımız vardı. Bu müddət ərzində tamaşanın mətni hazırlanmalı, məkan danışılmalı, biletlər satılsın deyə xalq bu hadisədən xəbərdar edilməli, maraqlı bir afişa düşünülməli, kinoteatra veriləcək səviyyədə çəkim, musiqi, dekor və s. İki insan və bu qədər iş... Odur ki, dekor işi ilə bağlı, Azərbaycanda bu sahədə çalışan bir neçə insandan fikir almağa qərar verdik. Onlar bizə aprel ayının ortalarına qədər təxminən 30 versiya təqdim etdilər. Və o versiyalar hələ də məndə mövcuddur. Biz o versiyalara baxdıqdan sonra qərar verdik ki, dekorumuz Cem Yılmazın dekoruna bənzəsin. Və ya yuxarıda dediyim kimi eynisi olsun. Bu səfərlik.

- Mətndə Cem Yılmazı xatırladan çoxlu sayda məqam tamaşaçılar tərəfindən tənqid edilib. Siz buna necə baxırsınız?

- Fərdanı çox şükür hər kəs tanıyır. Mənsə on beş ildir İstanbulda yaşayıram. Üç universitet bitirib, rəflər dolusu bədii kitab oxumuşam. Türkiyənin Kitap-lık kimi prestijli ədəbiyyat jurnallarında dərc olunan, ümumilikdə 400-dən çox hekayə qələmə almışam. Və eyni zamanda riyaziyyat doktoruyam. Sizcə biz o qədər axmaq insanıq ki, Cem Yılmazın danışdıqlarını kopyalayaq? Məsələn, deyirlər, Fərda tamaşa ərzində eyni Cem Yılmaz kimi su içir. Halbuki, Fərdanın bütün yaxın çevrəsi bilir ki, o ərəfələrdə Fərdanın boğazında və səs tellərində problem var idi. Bu mediada da yazılmışdı. Boğazı tez-tez quruyurdu. Səhnəyə çıxmağına 10 dəqiqə qalmış mənə dedi ki, inşallah danışanda boğazım qurumaz. Mən də çox ağıllı bir adam olduğum üçün heç kəsin ağlına gələ bilməyəcək mükəmməl bir şey düşündüm və o, səhnəyə çıxana qədər səhnəyə su qoydurdum ki, boğazı quruyanda su içsin. Hadisə bundan ibarətdir. Cem Yılmaz bir aktyor kimi, bir neçə fərqli obraz bacarır. Bunlardan biri “GORA”dakı Arif Işık, digəri “Hoqqabaz”dakı İsgəndər, digəri bizim stəndap səhnəsində gördüyümüz Cem Yılmazdır. Amma nəhayətində bunların tamamı obrazdır. Fərda da “Selfinaz”da özü üçün yeni bir obraz ortaya qoydu. Mənim gördüyüm qədəriylə, bir çox izləyici o obrazı çox sevdi, bəziləri Cem Yılmazın obrazına bənzətdi, bəziləri isə Fərdanı heç vaxt o obrazda düşünmədiyinə görə qəribə qarşıladı. Amma Fərdanı çox yaxından tanıyan biri olaraq deyirəm ki, normal həyatda da həddindən artıq hazırcavab biridir. Yumor hissi çox üst səviyyədədir və haqqında deyilən bütün xoş sözlərə layiqdir. İnsanları qəddarcasına tənqidlərlə ruhdan salmaq olmaz.

- Ümumilikdə “Selfinaz “Youtube-a yerləşdirildikdən sonra tənqidlərin fəallaşmasına münasibətiniz necədir? Tənqidlər münasibətiniz necədir?

- Ölkəmizdə bu sahənin inkişafı adına, bütün tənqid edən insanlara bir təklifim və onlardan ciddi bir xahişim var. Biz “Selfinaz”da 70 dəqiqəlik bir tamaşa nümayiş etdirdik. Siz hamınız, uyğun bir zamanınızda bir araya gəlin və bizə sonrakı işlərimizdə nümunə ala biləcəyimiz 20 dəqiqəlik bir iş təqdim edin. Biz və bizdən sonrakı gənclər sizin o işinizə baxaq və nümunə götürək. Bunu bütün səmimiyyətimlə deyirəm. Hətta “Artlemma” şirkəti olaraq bunu dəstəkləməyə hazırıq. “Selfinaz”ın ikincisində yenə sizi əsəbiləşdirməyək deyə, şəxsən mənimlə əlaqəyə keçib, yumorunuzu təqdim edə bilərsiniz. Biz onsuz da yeni beyinlərlə tanış olmağı çoxdan arzulayırıq. Gəlin və bizi yumorunuzla utandırın, sevindirin. Biz adətən utananda sevinirik.

- Layihə öz xərclərini ödəyə bildimi?

- Canlı tamaşaya olan maraq çox yaxşı idi və biletlərin baha olmağına baxmayaraq bütün yerlər dolmuşdu. Odur ki, “Selfinaz” kinoteatrlarda nümayiş olunmasaydı belə, zərər gətirməzdi. 5 May 2016-cı il mənim üçün xoş bir xatirə olaraq qaldı. Tamaşanın ardından insanların gözlərinin içində gülüş görmək olduqca xoş idi. Biz bu gün sadəcə tənqidlərdən danışsaq da, tamaşanı canlı, kinoteatrlarda, və ya youtube-da izləyib bəyənən yüz minlərlə insan var. Layihənin səsləndirmə işini öz öhdəsinə götürən Mete, tamaşanın ardından mənə dedi ki, illərdir tamaşa salonlarında səs yazıram amma canlı bu qədər gur gülüşə ilk dəfə şahid oluram. Bunları eşitmək insanı ruhlandırır. Biz o videoya süni gülüş əlavə etməmişik.

- Bu səpkili layihələr davam edəcəkmi?

- Hal-hazırda üzərində çalışdığımız bir neçə layihə var. Bunların arasında “Selfinaz”ın davamını tamaşaya qoymaq da var. Biz “Artlemma” şirkətini bu məqsədlə qurmuşuq və hələ ki, işlər planladığımız kimi davam edir.

# 1581 dəfə oxunub

Müəllifin son yazıları

# # #