Kazımovskiyə xatirə borcu - Zülfüqar Rüfətoğlu yazır...

Kazımovskiyə xatirə borcu - <span style="color:red;">Zülfüqar Rüfətoğlu yazır...
21 sentyabr 2016
# 11:51

Kulis.Az Zülfüqar Rüfətoğlunun rejissor Ələkbər Kazımovskinin ölümünə həsr etdiyi “Ömrün son səhnəsi” yazısını təqdim edir.

Görkəmli rejissor Ələkbər Kazımovskiyə kiçik xatirə borcum

Onun ölüm xəbərini Facebook-da oxuyanda sarsıldım. Sanki gülər üzünü gördüm, özünəməxsus səsini eşitdim. Xəbərin yanındakı şəkil tamam başqa idi. Hansısa tədbirdə çəkilmiş fotoya təsadüfən düşdüyü görünürdü. Ayırıb ayrıca şəkil düzəltmişdilər. Başqa şəkil tapa bilməmişdilər, görünür. Çünki internetə “Ələkbər Kazımovski” axtarışını verib ələk-vələk eləsəm də, 30 ildən artıq peşəsinin öncülü olmuş məşhur rejissorun başqa bir şəkli çıxmadı.

Əslində bu, Ələkbər Kazımovskini tam xarakterizə edən bir vəziyyət idi. Yalnız fantastik təvazökarlığa malik insanın internet zəmanəsində internetdən bircə dənə də olsun fotosu çıxmaya bilərdi.

Dünya dəyişib. İndi yazdığı kitab hələ çapdan çıxmamış, tamaşası səhnəyə qoyulmamış, oxuduğu mahnının xoruzu uçub getməmiş yüzlərlə müasir “sənətçinin” şəkilləri virtual dünyanı dolaşır, sosial şəbəkə məşhurluğu, “like” yağışı başlanır...

Ələkbər Kazımovski bütün bunlardan real dünyanın özü qədər uzaq idi.

Tamamilə başqa-başqa peşələrin sahibi idik. Ona görə də ortaq xatirələrimiz demək olar ki, yoxdur. Amma hər halda qərara gəldim ki, o çox az xatirələrin epizod qırıntılarını bir yerə toplayım.

Russayağı soyad

Kazımovskilərlə tanışlığım Ələkbər müəllimin atası, məşhur rejissor Rauf Kazımovski ilə başlanmışdı.

İndi bəstəkar Emin Sabitoğlunun, Rauf Kazımovskinin, atam Rüfət Əhmədzadənin Yasamaldakı evimizdə süfrə arxasında növbəti Yeni il “Mavi işığının” ssenarisi üzərində qızğın müzakirəsi köhnə ağ-qara filmlərin sürtülmüş kadrları kimi gözümün önündən keçir.

O uzaq 1970-ci illərdə uşaq idim, lakin russayağı soyadı olan bu sənətkarla bağlı epizod yaddaşıma birdəfəlik həkk olub.

Yadımdadır ki, Rauf müəllim “Mavi işıq” verilişində həm də kino aktyorlarının iştirakını arzulayırdı. Bunu etməyin mümkün olmadığından yana-yana danışırdı. Söhbətin məğzini bilmirəm, amma görünür kino aktyorlarının televiziyadakı təntənəli tədbirlərə dəvət olunmaması kimi yazılmamış bir qayda olub.

O illərdə kino və televiziya ilə bağlı belə yazılmamış, həm də axmaq qaydalar çox idi. Rusiyadan fərqli olaraq o vaxtlar Azərbaycanın kino və teatr dünyaları bir-birindən tam ayrı idi, hər dünyanın öz “əhalisi” vardı.

Üstündən yenə də illər keçdi və Ələkbər müəllimlə yollarımız iki dəfə kəsişdi. Bu dəfə artıq məşhur Kazımovskilər sülaləsi haqqında məlumatlı idim.

Ələkbər Kazımovskinin Azərbaycan milli teatrının banilərindən biri olmuş Mirmahmud Mirələkbər oğlu Kazımovskinin nəvəsi olduğunu bilirdim.

Ömrün dublları

Artıq kifayət qədər tanınmış rejissor Ələkbər Kazımovski atasının dostları və yaşıdları ilə işləməli olurdu.

1985-ci ildə atamın “Sonuncu məhəbbət” filminin çəkilişi idi. Sonradan görkəmli aktyor Hacıbaba Bağırovla birlikdə bu tamaşanın bədii film variantının ssenari müəllifi olduq.

Filmin Dənizkənarı parkda çəkilən epizodunda baş qəhrəmanın ayağı burxulub yıxılmalı idi.

Rejissor Ələkbər Kazımovskinın “tapşırığı” ilə görkəmli aktyor Hacıbaba Bağırov artıq 7-8 dəfə “yıxılmışdı”.

Və nəhayət rejissorun növbəti “bir dubl da çəkirik” elanı Hacıbaba müəllimi özündən çıxartmışdı.

- Ələkbər, aton yaşında adamam. Məni bayaqdan yüz dəfə uzatmısan bulvarın ortasında. Bəsdi də...

Mən Ələkbər Kazımovski kimi utancaq, amma yüksək tərbiyə və mədəniyyətə malik bir adamın bu vəziyyətdən necə çıxacağından narahat olmuşdum.

Amma Ələkbər müəllim üzündə utancaq bir təbəssümlə, nəvaziş, amma inadkarlıq dolu bir qətiyyətlə sakitcə dedi:

- Hacıbaba müəllim, bir dənə də dubl çəkək...

Hacıbaba Bağırov isə əsl peşəkar kimi heç nə danışmadı və növbəti dəfə tir-tap olmağa getdi.

Ələkbər Kazımovskidə məşhur rejissorları xarakterizə edən sərtlik, qəddarlıq, ötkəmlik yoxdu, amma o, bütün bunları sənətinə hədsiz sevgisi və bu sevgidən doğan inadkarlıq və ustalıqla kompensasiya edirdi.

Daha bir görüş, 1989-cu ildə Rüfət Əhmədzadənin “Gülüş sanatoriyası” televiziya filminin montajında olmuşdu.

Onda atam artıq bir il idi ki, dünyada yox idi və onun yaxın dostu, hörmətli bəstəkarımız Emin Sabitoğlu mənim də montajda iştirakımı istəmişdi. Bu tamaşadakı mahnı mətnlərinin yazılmasında iştirak etmişdim.

Montaj səhərə yaxın başa çatdı. Biz Az TV-dən çıxanda günəş Xəzərdən yenicə boylanırdı.

Xudahafizləşib ayrıldıq. Bu, mənim Ələkbər Kazımovski ilə son görüşüm oldu.

Məclis davam edir...

İndi, Facebook-dan o müdhiş xəbəri oxuyanda bütün bunlar kino lenti kimi gözümün önündən keçdi.

Balaca xəbərin özü də kinematoqrafik bir dəqiqliklə yazılmışdı. Ziyafətə gəlib, səbəbkarı təbrik edib, məclis başlamazdan az əvvəl gözlərini yumub.

Nədənsə mənə belə gəldi ki, Ələkbər Kazımovski öz həyatının son epizoduna da qeyri-ixtiyari quruluş verib.

Həyat yoldaşı İradə xanım mediaya Ələkbər müəllimin heç bir ciddi xəstəliyinin olmadığını deyib.

Onun Az TV-dən sonra ANS-də işlədiyini də ölüm xəbərində oxudum. ANS-lə bağlı son hadisələr Ələkbər müəllimi təsirləndirə bilərdimi? Buna şübhə etmirəm. Ömrünü həsr etdiyi sənətinin ən kamil və müdrik yaşında yaranan qeyri-müəyyənlik ona necə təsir etməyə bilərdi?

...Ölümünün aniliyi ilə nə dəvət olunduğu məclisi, nə də iştirakçıları narahat etmək istəməməsi onun bir insan kimi mənəvi ampluasına tam uyğun olub. Kiminsə şad gününün pozulmasını özü də istəməzdi...

Dünyanın ən qəddar deyimlərindən biri olan “Həyat davam edir” kəlamını, bu epizodda “məclis davam edir” şəklində də demək olar...

P.S. Bu yazı üçün fotoların əldə olunmasında köməyinə görə əziz dostum Qulu Məhərrəmliyə və əlbəttə, şəkillərin müəllifi fotooperator Bəxtiyar Babayevə təşəkkürümü bildirirəm.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

# # #