“Səfillər” romanının analizi

“Səfillər” romanının analizi
11 mart 2014
# 11:42

Kulis.az görkəmli filosof Asif Atanın fransız yazıçısı Viktor Hüqonun “Səfillər” romanı haqqında “Mərhəmət səlahiyyəti” ssenarisini təqdim edir.

İztirablı və pak ömrü ifadə edən rəmzi şəkillər. Bethovenin 5-ci simfoniyasının I hissəsindən parça. Sonra Çaykovskinin 6-cı simfoniyasının baş motivi. Kadr arxasında aktyor əzəmət və hüznlə oxuyur:

... Dənizə insan düşmüşdür.

Nə olsun ki, gəmi dayanmır...

Son sözlər: bu uçuruma düşən insan meyiti ola bilər. Onu kim dirildəcəkdir? (səh 104-105. Birinci kitab).

Aparıcı:

Səfalət və mənəvi ölüm uçurumuna düşən insanları mərhəmətlilər, ürəklərində günəş gəzdirənlər, insana həyanlar, yananlar, vicdanlılar, məhəbətlilər, xeyirxahlar dirildirlər.

Dünyada mərhəmət ülviyyəti deyilən bir qüdrəti var. O harda peyda oldusa, orada xeyir işığı yanar, ümid və sevinc şöləsi parlar, yıxılan qalxar, ağlayan gülər, yaralanan sağalar.

Mərhəmət çırağı sönəndə aləm zülmətə qərq olur. İnsan vəhşiləşir, kin-küdurət seli aşıb-daşır, didib –parçalamaq, əzab vermək, məhv etmək ehtirası yerə-göyə sığmır, yalqızlıq , yadlıq, qəddarlıq, quduzluq meydan oxuyur, ürək mahnısını canavar ulaması əvəz edir.

“Səfillər” romanının qəhrəmanı Jan-Valjan insanların arasındadır, ancaq insansızdır. Çünki insanlarda ona qarşı mərhəmət duyğusu yoxdur. Çünki katorqalıda insanı görən yoxdur. Çünki insanlar üçün Jan-Valjan canlı şəxsiyyət yox, katorqalı anlayışının ifadəsidir. Soruşan yoxdur ki, nə üçün Jan-Valjan katorqaya düşüb, nə səbəbə cəzalanıb?

Ona görə də heç kəs bilmir ki, əslində o, xilaskar niyyətin qurbanıdır, bacılarının balalarını aclıqdan qurtarmaq naminə oğurluq edib katorqa cəzasına məhkum olunmuşdur.

İnsanlar üçün bunun əhəmiyyəti yoxdur. Jan-Valjanın pasportu sarıdır, o katorqalı nəqşiylə damğalanıb.

Deməli o, evə qoyulası adam deyil.

Ona qapı açmaq günahdır.

İnsanlarda insanı qəlibə, nişana sığmayan bir varlıq kimi anlamaq qabiliyyəti sönmüşdür. İnsanlarda insana mərhəmət duyğusu öldüyündən – insanı dərindən anlamaq meyli də ölmüşdür. İnsanlarda katorqalıya qarşı nifrət ona görə sonsuzdur ki, insana qarşı məhəbbət zəifdir. Ona görə də Jan-Valjan insanlar arasında yalqızdır.

Ona görə də onun qəlbi hiddətlə doludur. O insanlardan cüzi də olsa nəvaziş görməmişdir. İnsanlar ona yalnız əzab bəxş etmişlər.

Bu səbəbdən də Jan-Valjanın ürəyində vəhşilik, yırtıcılıq ocağı qalanıb.

19 illik katorqa həyatı onun qəlbini daşa döndərib.

19 ildə o bir dəfə də ağlamamışdı. Daşdan su çıxmaz.

İnsanların nifrəti ilə daima ardıcıl şəkildə, günbəgün, saatbasaat qarşılaşmaq – nifrəti hava kimi udmaq mənəvi dünyanı nifrətlə zəhərləmək deməkdir.

Nifrətlə zəhərlənmək isə əslində ölməkdir.

Jan-Valjan ölmüşdü.

Canavar üzlü, vəhşi pəncəli, sifətlərdə oxunan “rədd ol” sözündən təngə gəlmiş bu hiddət təcəssümü oda çevrilib ətrafı yandırmağa hazır idi.

Bu vaxt tale onu Abbat Mariyellə qarşılaşdırdı.

Jan-Valjan ömründə Mariyel kimi adama rast gəlməmişdi.

Bu insandımı, yoxsa mələkdimi?

O, Jan-Valjanı – səfil, bədnam bir cinayətkarı müqəddəs bir qonaq kimi qəbul edir, ona ən bahalı qablarda xörək verir, ipək çarpayıda yatızdırır.

Bunlar möcüzə idilər. (Səhnə 1)

Ancaq Jan-Valjanı heyrətləndirən, onun daxili dünyasında tufan yaradan, onun nifrətini məhv edən – bunlar deyildi. Mariyel öz həyatına qəsd edən, çəngəl-bıçaq oğrusu Jan-Valjanı sevdi, əzizlədi. Əslində Jan-Valjanı Mariyelin simasında – mərhəmətlə qarşılaşdı. Mərhəmət – başqasında özünü görməkdir. Mariyel oğru Jan-Valjanda özünü gördü. Mərhəmət yalnız mütləq olduqda ülvüdür. Muriyel mərhəmətinin həddi yoxdur. Mərhəmətli ömür – başqasına həsr olunmuş ömürdür. Muriyel insanlar üçün yaşadığından işıqlı ömür sürür.

Onun sifətindəki nur – mərhəmətini ifadəsidir.

Mərhəmət – ali inamdır. İnsan hörmətə, məhəbbətə layiqdir kəlamına inam.

Mərhəmətin gördüyü işi heç nə görə bilməz. Hansı duyğu dünənki cani, qəddar və pozğun daxili aləmdə Muriyelin yaratdığı zəlzələni yarada bilərdi?

Hansı ehtiras seli çirkin, bulanıq ürəyi bir məqamda müqəddəs ayinə çevirə bilərdi? Hansı gur işıq, ziya Jan-Valjanın zülmətli mənəviyyatını aydın və uca səmaya döndərə bilərdi?

Muriyellər olmasaydı – Jan-Valjanlar insanlardan bezərdilər. Muriyellər olmasaydı – Jan-Valjanlar öz daxili aləmlərində gizlənmiş, ülvi niyyət və həyəcanlarını dərk etməzdilər.

Müqəddəs Muriyellər olmasaydı – yeni mərhəmətli, müqəddəs Jan –Valjanlar yaranmazdı. Muriyel Jan-Valjanı diriltdi. Ona mütləq mərhəmət dərsi verdi və mütləq mərhəmət yoluna dəvət etdi.

“Başqasıyçün yaşa”.

“Əvvəl başqasını, sonra özünü düşün” – kəlamları Jan- Valjanın ürəyində səsləndi.

Nifrət adlanan iblis Jan-Valjanı vəhşi yırtıcıya çevirmişdi. Mərhəmət adlanan mələk Jan-Valjanı ideal insana çevirdi. Əvvəllər Jan-Valjan insanların ən pisi idi. İndi o, insanların ən yaxşısı oldu.

Mərhəmətin öz imtahan məqamları var. Həmin məqamların miqyası – kamilliyin miqyasını təyin edir. Həmin imtahandan çıxmaq müqəddəs ürəklərin ali qələbəsidir.

Hardasa Jan-Valjana oxşar bir səfil var. Onu tutublar. O, Jan-Valjan olduğunu boynuna götürüb. Onu edam gözləyir. Qoy olsun. Bununla da Jan-Valjan öz mənfur keçmişiylə vidalaşır, rahat, firavan həyat sürər. Bunun ona haqqı vardır. O indi katorqalı, oğru, çinayətkar, Jan-Valjan deyil, məşhur, ehtişamlı, sevilən, pərəstiş edilən Madlendir. Ona bənzəyən şəxs Jan-Valjandan çox aşağıdır, əslində bir heçdir.

Onun edamıyla cəmiyyət heç nə itirmir. Fəqət o, insandır. Deməli, hər şeydir. O, çətin, çıxılmaz, fənalı vəziyyətdədir. Onu xilas etmək gərəkdir. Nəyin bahasına olursa olsun.

Deməli, yenə sürgün, insanı vəhşiləşdirən, azğınlaşdıran, miskinləşdirən həyat, sinəyə çəkilən çarpaz dağı, illər boyu ucaldılan səadət binasının uçurulub yerlə yeksən edilməsi.

Nəyin naminə? Vicdanın. Əsil insan olmağın. Mariyelə bənzəməyən. Hədd tanıyan mərhəmət – mərhəmət deyil. Başqasını diriltmək üçün ölmək – yaşamaqdır. Mariyelin yandırdığı çıraq sönəcəksə, qoy həyat sönsün.

Jan-Valjanın həm zahiri, həm də daxili dünyası var. Jan-Valjan öz hərəkətlərində daxili dünyanın məntiqinə əsaslanır.

Jan-Valjanın sirrini bilən azdır. Günahsız şəxsin məhvi heç kəsi həyəcanlandırmaz, sirr açılmaz, Jan-Valjan yaşayar, yaradar, xeyir verər, insanlara sevinc gətirər. Bu zahiri məntiqdir. Jan –Valjan günahsızın taleyindən xəbərdardır, onu edamı Jan-Valjanı mənən öldürər. Bu daxili məntiqdir. Mənəvi aləmin, ruhun məntiqi. Jan-Valjan bədbəxtə kömək əlini uzatmasa, ədaləti bərpa etməsə, özünü amansız qanunun hökmünə tabe etməsə daxili dünya ondan intiqam alar, onu dözülməz işgəncələrə düçar edər.

Həqiqət deyilməlidir. Jan-Valjan insanlara öz keçmişini bildirməlidir, özünü katorqalı olduğunu sübut etməlidir.

Həmin məqamda Jan-Valjan öz şəxsiyyətini, insani ləyaqətini təsdiq edir. Ölür. Dirilməkçün.

II Səhnə (səh 220-228, 236, 258, 282, 294. I kitab)

Aparıcı

Dünyaya məsum bir körpə gəlib. Jan-Valjandan uzaq, Jan-Valjana yad. Yazıq, döyülən, əzilən, təhqir olunan bir cocuq. Həmin körpə əzazillərin, qansızların, məhəbbətsizlərin əlinə keçib.

Onun həyatı təhlükə qarşısındadır. Körpə - xilas olunmalıdır. Kim olursa olsun o Jal –Valjana doğmadır, çünki insandır. Körpə ilə Jan-Valjan arasında zahiri məsafə böyükdür.

Daxili məsafə yox kimidir.

İnsanlar daxilən, ruhən bir-birilərinə həmişə yaxındılar.

Əsil insan olmaq – insanları öz qəlbində görməkdir. Jan-Valjan Kozettanı zahirən görməyəndə belə, daxilən görüb. Çünki fəlakətlilərin dərdi Jan-Valjanlıların ürəklərində səslənir. Bədbəxt Fantinanın balası yaşayacaq, böyüyəcək, çiçək kimi açacaq, çünki dünyada Jal-Valjanlar var.

Jal-Valjanın qazandığı nədir?

Xeyirin özü. Öz işığıyla iğıqlanan, təltifə, nişana ehtiyac duymayan xeyir gözəlliyi.

Kozetta xilas edilir, sevir, sevilir, həyat isə Jan-Valjandan yeni qurbanlar tələb edir. Qeyri-adi Jan-Valjana adi insani duyğular da yad deyil. Onun şəxsi həyatı Kozettayla başlayır və Kozettayla da qurtarır.

Kozettanın sevgilisi var. Kozetta Jan-Valjanı tərk edəcək. Bu fəlakətdir. Jan-Valjan onu qəbul etməlidir. Lakin onun özü üçün yaşamağa haqqı yoxdurmu? Bəlkə bütün gücünü, iradəsini Kozettanın sevgilisi Mariusdan ayırmağa həsr etsin. Kozettanı özü üçün hifz etsin? Buna kim nə deyər? Kozettanı Tenardyelərin pəncəsindən, aclıqdan, eybəcərlikdən qurtarıb xanım səviyyəsinə qaldıran Jan-Valjanı kim tənbeh edər?

Jan-Valjanın özü.

Onun ruhunda yaşayan mərhəmət duyğusu! Jan- Valjanın şəxsi səadəti –başqasinın səadətinə mane olursa –qurban verilməlidir. Bəlkə də Jan-Valjan elə dünyaya qurban vermək üçün gəlib?

Kozettalar sevilməli və sevməlidirlər, çünki onların arxasında sən, əbədi cəfakeş Jan-Valjan durmusan. Sənin qurbanın – sənin şöhrətindir. Sən öz səadət barını başqasına bəxş edirsən və bununla da xoşbəxtliyə çatirsan. Ona görə də Kozettanın Mariusunu güllələrdən qoru, özünü ölümcül təhlükələrə sal, Mariusun yaralı bədənini Parisin çirkli kanallarından çıxart.

Sən çiynində öz böyüklüyünü daşıyırsan. Mətanətin mükafatı mərhəmətdir, Kozettanı sevindir, iki gənci xoşbəxt et və mərhəmət sevinciylə sevin.

III Səhnə (səh 90-92, 113-143, 149-152, 3-cü kitab).

Aparıcı

Jan-Valjanın həyatda quduz və əzəmətli bir düşməni var.

Javer - adi polis işçisi deyil, qanun mücəssəməsidir. O sənətinin fanatiki, vurğunu, dəlisidir. Javer üçün yaşamaq - qanunu pozanları cəzalandırmaqdan başqa bir şey deyil.

Cəza Javerin təsəvvüründə - ilahi bir əməliyyatdır.

Günahkarı yaxalamaq Javerin təsəvvüründə dünyada insana verilən ən böyük xoşbəxtlikdir. Bütün insanlar Javerin gözündə iki hissəyə bölünürlər: qanunu pozanlar, günahkarlar və qanuna riayət edənlər.

Birincilər-eybəcərdir, rəzildir, alçaqdır, pozğundur, onları məhv etmək – cəmiyyəti yaşatmaq deməkdir. Javerin ürəyində mərhəmətə yer yoxdur, çünki qəlb “günah sahiblərinə” qarşı nifrətlə doludur. Javerin əlindən yaxa qurtarmaq çətindir. Çünki onun həyatda adam yaxalamaqdan başqa sevinci yoxdur.

Javer – adi şəxs deyil, möhtəşəm, titanik şəxsdir.

Ancaq o mərhəmət titani yox, nifrət titanıdır. Qanun yaxşıdırmı, pisdirmi, həqiqətəmi xidmət edir, yalanamı – bu kimi suallara Javerin qəlbində yer yoxdur.

Javer inamı – şübhə mərhələsi keçməmiş donuq və müstəbid inamdır. Javer əzəmətlidir, çünki əqidə adamıdır. Ancaq onun əqidəsi yanlışdır, humanizm duyğusundan məhrumdur.

Ona görə də Javer qorxuncdur. O, insandan çox silaha bənzəyir. Javer qılıncdır. Qılınc isə mərhəmət tanımır. (Səhnə II)

Jan-Valjanın ən gözəl dəqiqələrini zəhərləyən cəhənnəmə döndərən azğın Javer indi Jan-Valjanın əlindədir.

Jan-Valjan ondan öz intiqamını almalıdır, həm də bu Jan-Valjanın gələcək həyatı, rahatlığı üçün lazımdır. Düşmənə qarşı mərhəmət hissi yaranmaz. Ancaq Jan-Valjan düşmənini Javeri ölümün ağzından çıxarır.

Nə üçün?

Çünki Javer insandır. Çünki mərhəmət hədd tanımır. Çünki bununla Jan-Valjan Javerdən daha böyük intiqam alır. Javerin inamı sarsılır, küt bütövlüyü parçalanır.

Jan-Valjan Javerə çox şeylər qandırır. Anladır ki, dünya Javerin düşündüyü bəsit aləm deyil, burada yalnız ağ və qara rənglər yox, müxtəlif rənglər var, bütün qanunlar müqəddəs deyil, mahiyyətsiz, məhəbbətsiz qanunlar da var. Cəza məntiqindən başqa həyatda mərhəmət məntiqi də mövcuddur, Javerin ömrü puç bir niyyətə həsr olunub, duymamaq, sevməmək, mərhəmətsiz yaşamaq – heç olmaqdır, dünyada düşmənini xilas edən kişilər də tapılır. Javer ruhən və cismən məğlub olur. Mərhəmət nifrətə qalib gəlir.

(IV səhnə) (səh 29-30, 68-70, 141-148, 155-166, 3-cü kitab)

Aparıcı

Hər kəsin həyatda ulduzlu çağı olur. Ən böyük qələbə məqamı. Jan-Valjanın ulduzlu çağı – qəti və mütləq özündənkeçmə, öz şəxsi səadətindən tam imtina etmə anında yaranır. Buna qədərki cəfakeşlik, qurbanlılar Böyük İmtina üçün hazırlıq, başlanğıc idi. Kozettayla, onun əri Mariusla birgə yaşamaq əvəzsiz fərəhdir.

Ancaq Jan-Valjanla cavanlar arasında yalan adlanan bir sədd var. Kozettalar, Mariuslar bu səddi görmürlər, Jan-Valjan isə görür. Kozetta və Marius üçün Jan-Valjan səmimi, nəcib, gözəl insandır. Jan-Valjan üçün isə o, həm də köhnə oğru, cinayətkar katorqalıdır. Jan-Valjan sevimli Kozettasıyla bir yerdə olanda həmin o katorqalı da otağa daxil olur, gözəlliyin üzərinə kölgə salır. Onun mövcudluğunu heç kəs duymur, ancaq Jan-Valjan duyur. Duyduqca yanıb-yaxılır, öz gözündə alçalır. Çünki yalanla yaşamaq olmaz, yalanı qəlbdə daim gizlətmək olmaz. Yalan ağır yükdür, onu mənəvi aləmdə əbədi gəzdirmək olmaz. Fuh yalanla barışmaz. Yalanla vicdan bir qazanda qaynamaz. Kozettanın sevinci üzərində Jan-Valjanın keçmiş adlanan gizli sirr dayanır. O, bu sevinci söndürə bilər. Deməli, həqiqəti açıb demək, öz səadətindən imtina etmək, öz şəxsi xoşbəxtliyini heç səviyyəsinə endirib onu ləğv etmək gərəkdir.

Səhnə

Qəti, mütləq özündən imtina labüddür. Onsuz müqəddəs həyat dastanı yarımçıq qalardı. Onsuz Jan-Valjan ilahi varlıq səviyyəsinə qalxmazdı. Səadətini şəxsi səadətdən imtinada tap. Səadətini əbədi qurbanlarda axtar. Həmişə qəlbini, ruhunu eşit, onların tələblərinə uyğun yaşa. Özün özünün ən sərt və amansız hakimin ol. Mənəvi kamilliyin vüqarıyla qanadlan. Xoşbəxtlikdən imtina etməyin gözəlliyini dərk et. Görünən kimi yox, olan kimi görün. Jan-Valjan öz həyatıyla bu kəlamları təsdiq etdi. Ömrün son dəqiqəsinə qədər o, mənəvi qəhrəmanlıq yollarında addımladı, yorulmadı, usanmadı, geri çəkilmədi. Ölüm ayağında kamillik zirvəsinə çatdı.

# 7807 dəfə oxunub

Müəllifin son yazıları

# # #