Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi
21 avqust 2019
# 17:55

Avqustun 19-da beyin insultu keçirən və təcili Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən, Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

Bu barədə kulis.az-a aktyorun həmkarı Cümşüd Zeynalov məlumat verib. Mərhum yarım saat əvvəl reanimasiyadan evə aparılıb və evə çatar-çatmaz dünyasını dəyişib.

Mərhumla vida mərasimi sabah 6-cı mikrorayonda yerləşən mənzilində keçiriləcək.

Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunub. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E.Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E.Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O.Rəcəbov "Əlin cibində olsun"da oğlan, R.Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E.Sabitoğlu "Bankir adaxlı"da cangüdən, S.Fərəcov "Bir günlük siğə"də Parnok, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim kimi obrazları özünəməxsuz ustalıqla oynayıb.

Xatırladaq ki, geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor həmçinin “Qız Qalası”, “Ərazi” filmlərinə də çəkilib.

Allah rəhmət eləsin!

# 4280 dəfə oxunub

Müəllifin son yazıları

# # #