İspaniyanın nüfuzlu portalı Qara Qarayevdən yazdı - Foto

İspaniyanın nüfuzlu portalı Qara Qarayevdən yazdı - Foto
24 avqust 2020
# 12:21

İspaniyanın nüfuzlu “Patrimonio Actual” internet portalında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, akademik Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən geniş məqalə dərc olunub.

Kulis.az xəbər verir ki, məqalədə dünya musiqisinə bir sıra yeniliklər gətirmiş bəstəkar Qara Qarayevin yalnız Azərbaycan klassik musiqisinin deyil, ümumilikdə dünya klassik musiqi sənətinin görkəmli nümayəndəsi olduğu, tanınmış bəstəkarın uzun əsrlik tarixə malik Azərbaycan milli musiqi irsinin ənənəvi klassik musiqi ilə son dərəcə ahəngdar vəhdətini özündə əks etdirən əsərlərin müəllifi olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, Qara Qarayevin bəstəkar kimi formalaşmasında Dmitri Şostakoviç, Georgi Şareyev, Leonid Rudolf, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli əhəmiyyətli rol oynayıb.

Q.Qarayevin ilk əsəri olan “Könül mahnısı” kantatası 1938-ci ildə Moskva Böyük Teatrında ifa edilib.

Ensiklopedik biliyə, geniş dünyagörüşünə, fəlsəfi sintezə, geniş erudisiyaya malik bəstəkar Q.Qarayev musiqi elminin inkişafına əhəmiyyətli töhfə verib.

Öz yaradıcılığında musiqiyə yeniliklər gətirmək prinsipini, “molto accelerando e crescendo" musiqi terminini əsas götürən görkəmli bəstəkar dünya şöhrətli “Üçüncü simfoniya”, “Çılğın qaskoniyalı”, “Don Kixot” simfonik əsərlərinin, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının müəllifidir. Q.Qarayevin əsərlərinin ədəbi mövzusu çox geniş və çoxşaxəlidir. Belə ki, Nizami, Səməd Vurğun, Rəsul Rza ilə yanaşı, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyamın əsərlərinin qəhrəmanları tanınmış bəstəkarın yaradıcılığının nümunələrində özünəməxsus yer tutur.

Görkəmli rus şairi Puşkin Şekspir haqqında “Şekspirin şahzadə Hamlet, Venesiyalı general Otello və ya Veronalı gənc Romeo və Cülyetta barədə yazmasından asılı olmayaraq, o bütün əsərlərində öz xalqına məxsus motivləri qoruyub saxlamışdır” ifadəsini Qara Qarayevə də şamil etmək olar. Qara Qarayevin müxtəlif xalqların həyatı barədə əsərlərini dinlədikdə, tanınmış bəstəkarın Azərbaycan milli musiqi folkloruna bağlılığı aydın şəkildə özünü büruzə verir.

Məşhur sovet musiqi nəzəriyyəçisi L.Mazel müasir musiqinin inkişafında əhəmiyyətli xidmətləri olmuş musiqiçilərdən bəhs edərkən, Corc Gerşvin, İsaak Manuel Fransisko Albenis, Manuel de Faya, Bela Bartok, Heitor Villa-Lobos, Ralf Von Vilyams kimi bəstəkarların sırasında Qara Qarayevin də adını qeyd etmişdir.

Məqalənin sonunda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” və “Ehtiraslı qızın rəqsi” simfonik əsərlərinin ifasının videoyazıları yerləşdirilib./azertag.az/

Gallery

# 1562 dəfə oxunub

Müəllifin son yazıları

# # #