Səni elə sevirəm, od kimi, atəş kimi - Rus şairin şeirləri Xanım İsmayılqızının tərcüməsində

Səni elə sevirəm, od kimi, atəş kimi - Rus şairin şeirləri Xanım İsmayılqızının tərcüməsində
26 oktyabr 2023
# 17:00

Mariya Aleksandrovna Loxvitskaya - Mirra Aleksandrovna Loxvitskaya təxəllüsü ilə çap olunan rus şairsi 1869-cu ildə, noyabrın 19-da Sankt-Peterburqda, hakim A.V. Loxvitskinin ailəsndə dünyaya gəlib.

1874-cü ildə Loxvitski ailəsi Moskvaya köçür. 1882-ci ildə Mariya - Moskvanın Aleksandrovcki peşə məktəbinə ( sonralar Aleksandrovski institutu adlandırılmış) daxil olur. 15 yaşından Loxvitskaya şeir yazmağa başlayır və ədəbi mühitdə diqqəti cəlb edir.

Mariyanın anası Varvara Aleksandrovna ərinin vəfatından sonra 1888-ci ildə kiçik qızlarıyla birgə Peterburqa dönür.

Mirra Aleksandrovna Loxvitskayanın ilk şeirləri 1888-ci ildə "Sever" jurnalında dərc olunur. Həmin il "Sila verı" və "Den i noç" kitabçaları çap olunur.

1890-cı ilin sonlarında öz dövrünün şairləri arasında ən seçilən fiqur statusu qazanır.

1891-ci ildə Loxvitskaya, tikinti mühəndisi Yevgeniy Ernestoviç Jiberlə ailə həyatı qurur. Beş oğlu dünyaya gəlir - Mixail, Yevgeniy, Vladimir, İzmail, Valeriy. Loxvitskaya öz ailəsinə və övladlarına çox bağlı olub.

1896-cı ildə ilk şeir toplusu çapdan çıxır və bir ildən sonra bu kitab Puşkin mükafatına layiq görülür.

1898-ci ildə ikinci şeir toplusu işıq üzü görür.

1900-cu ildə Loxvitskayanın üçüncü şeir toplusu çapdan çıxır. Dördüncü və beşinci şeir topluları 1904-cü ildə çap olunur. 1905-ci ildə, ölümündən sonra, beşinci kitabı Puşkin mükafatına layiq görülür.

1890-cı illərdə Loxvitskayanın səhhəti sürətlə pisləşməyə başlayır. Ürək ağrıları, xroniki depressiya və gecə dəhşətləri... 1904-cü ilin dekabrında xəstəlik güclənir. Loxvitskaya 1905-ci il, avqustun 27-də, xəstəxanada, yuxunun içində dünyasını dəyişir.

Ölümündən sonra, Loxvitskaya, demək olar ki unudulur. 1980-1990-cı illərdə şairənin yaradıcılığına yenidən maraq yaranır. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, Mirra Aleksandrovna Loxvitskaya XX əsr rus "qadın poeziyası"nın əsasını qoyub və A.A.Axmatova, M.İ.Svetayevaya yaradıcılıq yolu açıb.


Kulis.az Xanım İsmayılqızının tərcüməsində Mirra Aleksandra Loxvitskayanın şeirlərini təqdim edir.

Sevgi nəğməsi.

İstərdim ki, arzularımı,
Sirrlərimi, ağrılarımı
Canlı gülə çevirəm...Amma,
Qızıl güllər göz qamaşdırar.

İstərdim ki, sinəmin üstə
Liram ola, gənc duyğularım
Nəğməyə dönə onda...Amma,
Simlərin ürəyi qırılar.

İstərdim ki, bir an içində
Həzzin qoynunda yatım...Amma,
Bu yuxudan ayılmamaqçün,
Gərək ömrü ölümə satım.


1889.


Dərdi çəkməyi bacar.


Həm qadın, həm analıq adına yazılanda,
Bəxtəvər günlərindən qopardığın bir anda,
Sükutla qoruya bil ölü bədəni canda,
Susa bilməyi bacar.


Və əgər sevincinin ipi qısa olarsa,
Səcdə etdiyin adam səni də qınayarsa,
Kədərin, darıxmanın, utancın ağrısında,
Sevə bilməyi bacar.


Seçilmiş bəndə kimi işarələnsən belə,
Qul ömrünü yaşamaq düşməyib taleyinə,
İlahə kimi daşı əzab payını yenə,
Dərdi çəkməyi bacar.

1985.


***

Dodaqların bir cüt nar yarpağıdır,
Arı qonub bal çəkər, doya bilməz.
Bir zamanlar dadını və ətrini
İçimə çəkmişəm... Bu ki böyük həzz.


Kipriklərin gecələrin qanadı,
Səhərədək yuxulara açılmaz.
Mən axı boylanmışam o gözlərə,
Mənim əksim gözlərindən pozulmaz.


Sənin qəlbin - bir şərq tapmacasıdır,
Nağılı, möcüzəsi var, yox yalan.
Təpədən dırnağa təkcə mənimsən,
Kimsənin ola bilməz mənim olan.


1899.

Elegiya


Yazda ölmək istəyirəm,
May qayıdıb gələndə.
Dünya gözümün önündə
Cənnətə çevriləndə.


Həyatımın sevgisini
Üzümə geyəcəyəm.
Ölümü bağrıma basıb,
Gözəlsən - deyəcəyəm.

Mən səni sevirəm.


Səni elə sevirəm, günəşin doğmasına vurulan dəniz kimi,
Yuxulayan suların soyuğu, parıltısı - ləpələrə baş əyən ətirli nərgiz kimi.


Səni elə sevirəm, necə ki, gecələrdə ulduzlar ayı sevir,
Necə ki, şair özü - arzularından doğan gözəl dünyayı sevir.


Səni elə sevirəm, od kimi, atəş kimi, özünü oda atıb yanan pərvanə kimi,
Darıxmaqdan usanıb, sevməkdən yorularaq halsız düşənə kimi.


Səni elə sevirəm, küləyin nəğməsinə aşiq qarğılar kimi,
Mən bütün varlığımla səni elə sevirəm, qəlbimin hər telinə
sevgi toxunar kimi.


Səni elə sevirəm, yozulmayan yuxunun sehri sevilən kimi,
Hər şeydən çox sevirəm - xoşbəxtlikdən, günəşdən,
yazdan və ömrümdən çox qədri bilinən kimi.


1899.

Tərk edilmiş


Yenə təkəm, təkəm öz həsrətimlə,
Tənha otaqları tənha gəzirəm.
Soyuq mərmər üstə sürünüb gedir
Qara arxalıqlı məxmər əlbisəm.
Yəni, doğrudanmı dönməyəcəksən?


Bomboş zal içində addım səslərim...
Hündür divarlardan qədim portretlər
ciddi baxışlarla mənə göz qoyub
istehza içində gülümsünürlər.
Yəni, doğrudanmı dönməyəcəksən?


Ayağım altında, xalça üstündə
oynayan körpəmiz soruşdu məndən:
"Bəs atam hardadır, nə vaxt gələcək?"
Mən ona nə deyim? Vallah bilmirəm.
Yəni, doğrudanmı dönməyəcəksən?


Bu uzaq səfərə getməzdən əvvəl
ata mindiyini görə də bildim.
Hamıyla vaxt tapıb vidalaşarkən,
Mənə bir "bağışla" deyə bilmədin.
Yəni, doğrudanmı dönməyəcəksən?


Yadıma düşür ki, pəncərəmizin
pərdəsi titrəyib əsdiyi zaman -
Məni əzabımla gizlətsə belə -
Baxışın toxundu gözümə o an.
Yəni, doğrudanmı dönməyəcəksən?


Nişan üzüyümü o ki var o gün
o qədər öpdüm ki, dəliliyimlə.
Peşmanlıq havası lal-dinməz ikən,
Dodağım qanadı öpüşlərimlə.
Yəni, doğrudanmı dönməyəcəksən?


Qızıl zəncirimə etibarlıyam,
Boynumdan asılıb hələ də mənim.
Bilmək itərdinmi medalyonumda
kimin şəkli, saçı qorunur? - Sənin.
Yəni, doğrudanmı dönməyəcəksən?


Elə bil ruhuma hakim olmusan?
Gecə-gündüzümdə, yuxularımda,
Küləyin, kaminin pıçıltısında,
Xəyalımda belə sənsən yanımda.
Yəni, doğrudanmı dönməyəcəksən?


Yanaqlarım solub, rəngi bozarıb,
Baxışlarım sönüb... Ölürəm!... Dur gəl!..
Sənə lənətimi göndərmirəmsə,
Sevgim müqəddəsdir - bunu biləsən.
Yəni, doğrudanmı dönməyəcəksən?

# 2511 dəfə oxunub

Müəllifin son yazıları

# # #