Azərbaycan Milli İncəsənət Muzeyində “Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda kontemporari art panoraması” mövzusunda mühazirə keçirilib.
Görüş iştirakçıların mövqelərinin müzakirəsi formatında baş tutub.
Müzakirənin əsasını Azərbaycanda müasir incəsənətin indiki vəziyyətinin təhlili, azərbaycanlı müəllif və layihələrin xaricdə imkanları, həmçinin onun gələcək perspektivləri təşkil edib.
Kulis.az məşhur rəssam Çingiz Babayevin mühazirə ilə bağlı düşüncələrini təqdim edir.
Panorama Dağüstü parkdan və hündürmərtəbəli binalardan açılır, bu da Bakı şəhərinin panoramasıdır. Həmin Bakı şəhərində mən başqa heç bir panorama görmürəm. Üzdəniraq "müasir incəsənətin panoraması" deyəndə hansı panoramanı və hansı incəsənəti nəzərdə tuturuq?
İki-üç dəyərli rəssam hələ nə müasur incəsənət, nə də ki onun panoraması sayla bilməz. Bu doğurdan da paradoksal vəziyyətdir. Rəssam var ancaq incəsənət yoxdur!
Mənim bir neçə sualım var!
Bəlkə, bu müasir, konseptual və sairə sənət növləri burada heç lazım da deyil? Axı biz nəyə görə bu şoğərib "müasir" adlandırılan incəsənəti zorla bu ölkəyə yürütmək istəyirik? Məgər bizim başqa işimiz yoxdur? Bəlkə, bizdən əvvəl bu ölkədə heç bir sənət növü olmayıb, ya sənətkar yaşamayıb? Onlar olubsa, hansı təsviri dildə danışıblar və onların təsvirləri kimə ünvanlanıb?
Bu gün problem nə incəsənətdə nə də onun müasirliyindədir! Problem onun ünvansızlığındadır!
Ümumiyyətlə, sərgilərə gəldikdə düşünürəm ki, bu ənənəvi format artıq çoxdan köhnəlib və bu gün özünü doğrultmur. Sərgilər, onların “bağlı açılışları”, “açıq açılışları” - bunlar hamısı dost-tanışın görüşlərinə, tədbirlərinə və selfi məkana çevrilib.
Müzakirəsinə yığıldığımız sərgidən aldığım ilk təəssüratım müəllifin konseptual istiqaməti mücərrəd və dekorativ sənət növləri ilə qarışdırması idi. Burada sual yaranır: Müəllif hansı vizual dildə danışmağa çalışıb?
Sərgidə nümayiş olunanlar vahid fikir (konsepsiya) üzərində qurulması müəllif tərəfindən iddia olunsa da, reallıqda bu hiss olunmadı.
Müəllif çox çalışıb ki, oxuduğu və xüsusən də yazdığı kitablardakı düşüncələrini vizuallaşdırsın. Ancaq düşünürəm, bu elə də asan iş deyil.
Təsviri sənət hətta konseptual olsa belə ancaq ağıl ilə təsdiqlənmir. Burada daha dərin və duyğu dolu yanaşma zəruridir.
Eyni zamanda, konseptual fəlsəfəni təsvir etmək estetikasının xüsusiyyətlərindən biri də ənənəvi gözəllik estetikasının olmamasıdır və belə estikanın istifadəsi şübhə doğurur!
Ya sırf dərin fəlsəfə, ya da ki, emosiya və hisslər oyadan səthi yalan gözəl estetik görünüş!
Konseptual-vizual fəlsəfənin ifadəsi üçün hər şey ancaq sırf dərin fikrin ifadəsi üçün işləyir.
Misal gətirdiyim konseptual əsərləri hiss və emosiya ilə yox, ancaq analıtik təhlil ilə qavramaq olar.
Obraz dili ilə fikrimi ifadə etsəm, sadaladığım fikirlər konseptual sənətin əlifbasının bəzi hərfləridir. Belə hərflərdən söz, cümlə və mətn yazmaq olar.
Artıq dünya təsviri sənətində dəyərli fəlsəfi-təsviri mətnlər bir neçə dünya miqyaslı tanınmış sənətkarlar tərəfindən tarixdə əbədiləşdirilib.
Bu əlifbanı öyrənmək üçün zaman lazımdır. Ancaq əlifbanı öyrənmək də kifayət deyil. Bundan sonra daha məsuliyyətlisi gəlir. Bu da mənalı, dərin fəlsəfəni ifadə edən duyğu dolu təsviri mətn yaratmaqdır! Bax, burada da bəziləri büdrəyir və çoxusu isə əyilib sınır.