Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi
24 fevral 2024
# 12:00

Bu gün filosof, ədib, tərcüməçi Əli bəy Hüseynzadənin doğum günüdür.

Kulis.az azərbaycanlı ideoloq haqqında maraqlı faktları təqdim edir.

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan) – 1864-cü il 24 fevralda Salyanda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə. Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir.

***

Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir.

Gallery

Əli bəy Hüseynzadə inqilabçı gənc türklər hərəkatına qoşulduğundan, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. "Kaspi", "Həyat", qəzetlərində çalışır. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir.

***

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Gallery

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər. Amma nəsil bu üç övladla sonlanır. Çünki Əli bəyin nəvəsi olmur.


***

O, 50 yaşında ata olub. Övladları balaca olan zaman onların hər biri üçün albom tutub. Həmin albomlara karandaşla şəkillər çəkib, uşaqlara verərmiş. Uşaqlar da həmin rəsimləri rəngləyirlərmiş. Əli bəy övladlarını çox sevib. Hər bazar günü uşaqlarını gəzməyə, muzeylərə aparırmış. Novruz bayramını çox gözəl qeyd edirlərmiş.

Gallery

Keçmiş sovet tarixşünaslığında Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinə, onun yaradıcılığına birtərəfli yanaşılaraq sinfi, siyasi və ideoloji mübarizə mövqeyindən qiymət verilmiş, üzərinə qatı “panislamist” və “pantürkist” damğası vurularaq əsərlərinin və elm irsinin öyrənilməsinə qadağa qoyulmuşdu.


***

Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı 95 yaşlı Feyzavər Alpsarlan bir neçə il öncə atasının sənət əsərləri, foto-sənədləri və şəxsi əşyalardan ibarət arxivini Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edib.


Gallery

Əli bəy həmçinin Sank-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb. O, bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Onun çəkdiyi "Bibi Heybət məscidi", "Şeyxülislamın portreti" əsərləri hazırda Bakıda R.Mustafayev adında Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.


***


Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ə. Hüseynzadə tərəfindən çəkilən şəkilləri də muzeyə bağışlanıb. Feyzavər xanımın sözlərinə görə, M. K. Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə. Hüseynzadə çəkdiyi həmin rəsm əsərin qarşısında göz yaşlarını saxlaya bilməyib.

Gallery

Əli bəy İstanbulda fəaliyyət göstərən zaman Sultan Həmidin əleyhinə gənclərdən ibarət qrup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kimi o evin divarlarından asılıb.


***

Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər. Bu zaman Əli bəy yalnız doğmalarının potretini sinəsinə basaraq özü ilə götürüb. Əli bəy şəkillərlə xeyli müddət gəmidə gizlənməli olub.

Gallery

Əli bəy axırıncı dəfə Azərbaycana 1926-cı ildə keçirilən Türkoloji Qurultaya qatılmaq üçün gəlib. Həmin vaxt qardaşı İsmayıla deyib ki, mən görürəm, burada vəziyyət gərgindir. Mən artıq Azərbaycana gəlməyəcəyəm və sənə də məktub yazmayacağam. Çünki bu, sənin üçün təhlükəlidir. Bundan sonra İsmayılı həbs edib, 2 illiyə Kurqan şəhərinə sürgünə göndəriblər. Oradan qayıtdıqdan sonra yenidən 1941-ci ildə bütün Hüseynzadələr ailəsini sürgünə göndəriblər.

***

Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə müsahibələrinin birində deyir: Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecə yarısına qədər yazırmış.

Gallery

Əli bəy həyat yoldaşı Əthiyə xanımdan 26 yaş böyük idi. Əthiyə xanım insult keçirib, yataq xəstəsi olmuşdu. Övladlarının dediklərinə görə, Əli bəylə həyat yoldaşı bir-birinə qarşı çox mehriban olublar. Əli bəy övladlarına Azərbaycan, buradakı qohumları ilə bağlı heç nə danışmayıb. Onun övladları bizim haqqımızda heç nə bilməyiblər. Ancaq Əli bəyin qardaşının onların evlərində olub.

***

O, hər səhər - yayda da, qışda da durub, soyuq su ilə başını yuyurmuş. Bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Və Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb.

Gallery

Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur.

***

Yeganə oğlu Səlim bəy Parisdə yaşayıb. Elə orada da dünyasını dəyişib. Cənazəsini İstanbula gətirib, atasının məzarına dəfn etdilər. Ata-oğul eyni məzarda dəfn edilib. Onun məzarının Azərbaycana gətirilməsi məsələsi ortaya çıxanda da qızı Feyzavər xanım deyib ki, “istəmirəm, atamı narahat etsinlər, qardaşımız Səlim də onun yanındadır”.

# 3403 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #