Anlaşma Memorandumu imzalandı

Anlaşma Memorandumu imzalandı
10 may 2023
# 12:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxstanın L.N. Qumilyov adına Avrasiya Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, Sənədi Fondun prezidenti Günay Əfəndiyeva və Universitetin rektoru Yerlan Sıdıkov imzalayıblar.

Memorandumun məqsədi Fond ilə Universitet arasında tərəfdaşlıq əlaqələrinin və mədəni mübadilələrin yaradılmasıdır.

Sənəddə türk dövlətlərinin mədəni irsinin təbliği və inkişafı yönündə konfransların, seminarların, sərgilərin və s. təşkili, Fondun beynəlxalq tədbirlərinə Universitetin akademik heyətinin cəlb olunması, ümumtürk yazılı mənbələrinin tədqiqinə dair layihələrin keçirilməsi, Universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Mərasimdə Fondun təşkilata üzv və müşahidəçi dövlətlərin, eləcə də müxtəlif xarici ölkələrin elm və təhsil müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulmasına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Günay Əfəndiyeva Universitetdə yaradılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan auditoriya ilə tanış olub. Fondun prezidenti Ulu Öndərin genişmiqyaslı fəaliyyətinə, çoxşaxəli irsinə həsr olunmuş müxtəlif nəşrlərə baxış keçirib.

Mərasimdə həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Talgat Muxanov, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Daha sonra Universitetin tələbələrinin ifasında türk xalqlarının dillərində kompozisiyalar səsləndirilib.

# 762 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #