"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?
22 oktyabr 2024
# 09:00

Kulis.az Gülyaz Əliyevanın "Sarı payız - Cavidlər fəsli" yazısını təqdim edir.

Xəzan fəsli olan sarı payızın oktyabr ayında dünyaya gəlmişdi böyük və unudulmaz şairimiz Hüseyn Cavid. Sonralar ailə üzvlərinin hamısının fəlakətlərinə bais olan 1917-ci ilin Oktyabr inqilabının baş verdiyi ayda...

Adətən, oktyabra "Cavidlər ayı" deyirlər. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda doğulub. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün doğum günüdür.

Oktyabrın 2-də anadan olmuş Turan xanım ailənin kiçik övladı olsa da, ömrü boyu ürəyində dağ boyda böyük bir dərd gəzdirdi, amma onun ağırlığından əyilmədi, yerə qoymadı bu dərdi, sonadək mətanətlə daşıdı. Nədənsə, "ən qəmli çöhrə, kədərli göz" deyiləndə xəyalım önünə məhz Turan xanımın çöhrəsi, onun gözləri gəlir... Daim düşüncəli görünən simasındakı iri, məhzun gözləri...

Həzin bir çöhrə, bayğın bir nəzər, suzişli bir mənzər.

Geniş bir cəbhə, ülvi bir zəka, düşgüncə bir sima.

Əvət, düşgüncə bir sima; fəqət pək nazlı, pək dilbər...

(H.Cavid)

O, həm də mənim üçün bir fədakarlıq və mətanət mücəssiməsi idi.

Ailəsinin başına gələn faciələr Turan xanımın şəxsi həyatını alt-üst etdi... Bu üzdən daim kədərli və düşüncəli idi.

Düşünüb durma böylə incə, dərin;

İncəlik, ya dərinlik afətdir.

Nerdə əvvəlki tatlı cilvələrin?

Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarın

Sana həmşireyi-səfa deyələr!

Niçin ağlar nigahi-bimarın,

Səni qoynunda bəsləmişmi kədər?!

(H. Cavid)

Onu sanki, Cavidin dediyi kimi, qoynunda bəsləmişdi kədər! Deyilənə görə, Turan xanımla Ənvər Məmmədxanlı bir-birini seviblər. Ənvər Məmmədxanlı Hüseyn Cavid repressiya olunandan sonra “xalq düşməninin qızı” ilə evlənə bilməzdi. Buna görə Turan xanımla evlənmir.

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,

Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,

Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,

Həp visali daima təqib edər bir ayrılıq,

Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!

Seyr edib boş iddiadən başqa bir şey görmədim.

(H.Cavid)

"Hər vüsalı daima təqib edər bir ayrılıq..." Turan xanımla Ənvər bəyin qismətinə əbədi və amansız ayrılıq düşür... O, qisməti ilə barışır...

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?

Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!

Duydum artıq sənin eşqindəki məna nə imiş!..

...Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!

Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

(H.Cavid)

Doğrudur, Ə.Məmmədxanlı Turan xanımla evlənmir, amma özünü də bağışlamır və həyatı boyu ailə qurmur. Bunu bilən Turan xanım da həmçinin.

...Hər səadət rühü oxşar pək sönük bir şölədir.

Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...

Görmədim, əsla bəladən başqa bir şey görmədim.

(H.Cavid)

Daim cəfalara tuş gəlib, "tikansız gül, eşqə dil versə də, bəladan başqa bir şey görməyən, zevqi-səadətin boş iddia olduğunun" şahidi olan Turan xanımla Ənvər Məmmədxanlının qismətinə ayrılıq düşürsə də, o, yenə eşqinə sonadək vafalı qalır. Ömrü boyu heç kəsə könül verməyən Turan xanım Ə.Məmmədxanlının bacısı ilə sonadək yaxın rəfiqə olub. Deyirlər, onlar dünyasını dəyişdikdən sonra tez-tez özünə əziz olan iki adamın – Həbibənin və Ənvər Məmmədxanlının məzarını ziyarət edib...

Şəxsi səadətindən vaz keçən bu dəyanətli qadın həyatını Hüseyn Cavid irsinin qorunub-saxlanılmasına sərf edib, ömrünün mənasını onda tapıb. Məhz onun gərgin əməyi nəticəsində bu gün Hüseyn Cavidin ev muzeyinin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanmışdır. Təkcə Hüseyn Cavidin yox, anası Müşkinaz xanımın, qardaşı Ərtoğrulun ağrı-acılı ömür yolunun bugünkü nəsillərə bələdçiliyində Turan xanım bir neçə alimin, ədəbiyyatşünasın görəcəyi işi təkbaşına yerinə yetirib...

Oktyabrın 22-də dünyaya göz açmışdı Hüseyn Cavidin yeganə oğlu Ərtoğrul. Çox sevirəm Ərtoğrul adını.

Mənası igid şahin, igid qartal; qəhrəman, alp, bahadurdur. Amma nədənsə, bu adı eşidəndə qəlbimə qəhrəmanlıqdan, igidlikdən doğan bir fəhər hissi dolmur, əksinə, ürəyimdə bir nisgil və qubar baş qaldırır... Ərtoğrul adını yazarkən bu gənc istedadın ömrünü necə kədərli və faciəli bir sonluqla başa vurduğunu xatırlamamaq, zəngin fəaliyyətini bu qısa ömrünə böyük bir ustalıqla sığdırdığına heyrətlənməmək, 24 yaşında bu dünyadan köçüb getməsinə təəssüflənməmək olmur. Elə bilirəm ki, Ərtoğrul adının mənası nisgilli, günahsız qurban deməkdir. Çünki ilk dəfə bu ismə Hüseyn Cavidin nakam oğlunun adı kimi rast gəlmişəm və yaddaşıma o məsum, istedadlı, institutu fərqlənmə diplomu ilə bitirsə də, xüsusi musiqi istedadına malik olsa da, "xalq düşməninin oğlu" kimi çox ağır və iyrənc bir damğa ilə damğalanmış talesiz bir gəncin siması həkk olunub.

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,

Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;

Aşina zənn etdiyim hər yüzdə heyhat!.. Aqibət

Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

(H.Cavid)

Cəmiyyətdən zorla təcrid olunmuş, heç yerdə işə götürülməyərək, hətta cəbhəyə çağrılsa da "xalq düşməninin oğlu" olduğu üçün fəhlə batalyonunda, ağır işdə işləməyə məhkum olunmuş, ciyəri vərəm bağlamış bu gənc istedadın dünyadan ürəyində ağır dərdlərlə köçməsinə həmişə təəssüflənmişəm. Ən yaxın bir adamımmış kimi onun ağrı-acısının dözülməzliyini öz ürəyimdə hiss etmişəm!

Gecə-gündüz həyati-müztəribim,

Sənin alami-həsrətinlə sönər.

Fikrə gəldikcə həp keçən günlər,

Daima çırpınıb durur qəlbim.

(H.Cavid)

Heç yerdə iş verilmədiyi, bütün qapıların üzünə çırpıldığı bir vaxtda böyük insan və bəstəkar Üzeyir Hacıbəyli onu radioda işə götürmüş (başqa adla, qeyri-qanunu olsa da) və bu gənc istedadın yazdığı əsərlər başqa adamın adı ilə təqdim olunmuşdur!

Qələmi hələ tam püxtələşməsə də, yazdığı əsərlər onun irsən keçmə bir istedadından xəbər verirdi. İlk dəfə 1927-ci ildə, hələ 8 yaşında ikən əlinə qələm götürən Ərtoğrul 1939-cu ildə, 20 yaşlı gənc ikən "İspan qadının dilindən" laylanı yazıb. Hələ ilk qələm təcrübəsi onun da atası H.Cavid kimi özünəməxsusluğunun, bənzərsizliyinin və ədəbiyyata sevgisinin təzahürü kimi özünü büruzə verirdi.

Nə qədər istedadlı olsa da, cəmiyyətdən gördüyü haqsızlıq, ağır mənəvi və maddi sıxıntılar içində yaşayan Ərtoğrulun zəifləməsinə, gücdən düşməsinə səbəb olur. "Arizi qəmlər əlindən ürəyi şişir”, ciyəri vərəm bağlayır.

Məndən fələk ayırdı vəfapişə yarımı,

Tar etdi zülfi-yar kimi ruzigarımı.

Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,

Hicri-nigar əlimdən alıb ixtiyarımı.

Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,

Tainki şərh edəm ona mən qəlbi-zarımı.

(H.Cavid)

Ərtoğrul Cavid hərtərəfli istedada malik bir gənc idi. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışarkən burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdi.

Hələ neçə yazılmamış şeirləri, pyesi və rəsmləri qaldı...

Onu itirməklə Azərbaycan ədəbiyyatı, musiqisi çox şey itirdi! Ürəyində qaldı neçə arzusu, neçə nəğməsi. Səsi duyulmaz, özü görülməz oldu...

Yürəkdə qaldı məramım, duyulmaz oldu səsim,

Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!..

Məzalim atəşi yaqdıqca qavrulur bədənim,

Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim!?

Solub bahari-şəbabım, dəyişdi hər halım;

Bu surətim, bu vücudum, bu dönmüş iqbalım.

Bənimlə doğmuş imiş sanki iztirabü kədər!...

(H.Cavid)

Ömrün gənclik çağında — baharı görmədən, çiskinli-buludlu, qasırğalı payıza düşdü. 24 yaşında şaxtaya düşmüş gül kimi birdən soldu...

Yaşasaydı, necə gözəl əsərlərin müəllifi olardı! Atası kimi o da bu dünyadan köçərkən özü ilə yazılmamış neçə əsərləri: mahnı və romansları, şeir və pyesləri, rəsmləri, musiqi və tərcümə əsərlərini apardı!

Həyatı kimi "Şeyx Sənan", "Məshəti" operaları, bir sıra kamera və instrumental əsərləri də yarımçıq qaldı.

Ondan bizə Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə bəstələdiyi romans və mahnılar, Böyük Vətən müharibəsi başlarkən yazdığı "Sərhəddən məktub" simfonik balladası və marşlar qaldı...

14 noyabr 1943-cü ildə, atasının ölümündən 2 il sonra, 24 yaşında bu haqsızlıqla dolu, ona qəm-kədər gətirən iztirablı dünyadan ayrıldı Ərtoğrul. Müharibə qoxulu, sarı payız fəsinin noyabr ayında tutqun buludlarla örtülmüş kədərli boz bir gündə vərəm xəstəliyindən əziyyət çəkən Ərtoğrul bu dünyaya əbədilik göz yumdu...

Sarı gül! Ey şikəstə, solğun nur!

Niçin aludeyi-xəyal oldun?!

Çeşmi-nazində başqa rəmz oqunur,

Söylə, bir söylə, sən niçin soldun?!

(H.Cavid)

Ərtoğrulun məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

24 oktyabrda dünyata gəlmiş Hüseyn Cavid 1938-ci ildə şərlənərək həbs olunduqdan sonra 9 iyun 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ilin soyuq dekabr ayında uzaq İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib.

Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.

1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması və Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib.

Cavidin cənazəsini Bakıya gətirənlərdən biri bizim uzaq qohumlarımızdan olan Həmid Cəfərov idi. O, Hüseyn Cavidin 140 illlik yubileyi ərəfəsində, 1976-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1982-ci ildə qohumumuzgildə onun Cavidin qəbrini necə çətinliklə axtarıb tapdıqlarından danışmasını maraqla dinlədiyimiz yadımdadır. Dediyinə görə, Hüseyn Cavidi 1941-ci ildə şairin "həbs evində" keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola vasitəsilə tapıblar. Bu haqda yazıçı, publisist Hikmət Xudiyevin "Sibir meşəsindəki 59 saylı qəbir" adlı yazısında da bəhs olunub. Müsahibədə Həmid Cəfərov qeyd edir ki: "O, (Darafiy Tradyakola) qətiyyətlə bildirirdi ki, "Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Oktyabrın 21-də Şevçenko kəndinə getdik".

Əslində, ora kənd yox, 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi imiş. Çox çətinliklə olsa da, məzarlıq tapılır. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru 59 saylı qəbiri tapıb və qəbrin açılması üçün sanksiya imzalanıb. Nəhayət, Cavidin qəbri qazılıb.

1982-ci ildə qohumumuzgildə danışarkən Həmid bəydən eşitmişdim ki, Darafiy Tradyakola deyirmiş ki, Cavid basdırılarkən ayağında bir tay corab varmış...

Əgər Hüseyn Cavid ona təklif edilən rəzillikləri qəbul etsə, əqidəsinə zidd getsə idi, bəlkə də, canını bu amansız ölümün caynağından qurtara bilərdi. Lakin o müvəqqəti həyatı deyil, əbədiyyəti seçdi. Ailəsinin çətinliyini, övladlarının qurban gedəcəyini təxmin etsə də, məsləki və vicdanına xilaf çıxmadı, onu əyə, sarsılda bilmədilər.

Bu keşakeşdə möhtəşəm, məğrur,

Qoca, səksən yaşında bir sima;

Uca bir dağ möhnətilə vüqur,

Qoca bir türk edib namazı əda.

Vird oxur, Həqqa eylər ərzi-niyaz,

Bəlkə dağ sarsılar, o sarsılmaz.

(H.Cavid)

Hüseyn Cavidə yeni quruluşu tərif etmək, rəhbərə şeirlər həsr etmək, bunun müqabilində canını qurtarmaq təklif olunub. Cavid isə:

— Hansı rəhbərə, ölüsünə ya dirisinə?— deyə cavab verib və təklifi rədd edib.

Get, namərd qonaq, get! Alçaq mültəci!

Get, miskin hərif, get! Cəllad, yırtıcı!

Get, vicdansız kəndini qurtar, yaşa!

Ancaq vicdansızları bəslər dünya!

Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!

Nə haqsızlıq etdinsə Allahdan bul!

Get, çəkil get! Dinsiz, Allahsız xain!

Murdar izin bu torpaqdan silinsin!

(H.Cavid)

Bilmirəm, kimdənsə eşitmişdim ki, sarı - xəstəlik, sarı ‐ ayrılıq, sarı – ölüm, qürub rəmzidir...

Sarı payızda dünyaya gəlmişdi Cavidlər ailəsinin üç üzvü: Turan, Ərtoğrul və Hüseyn Cavid...

Birinin taleyinə ayrılıq, birininkinə xəstəlik, birininkinə də ölüm düşdü... Düşdüsə də, hər üçü əbədiyyətə qovuşdu, əbədiyaşar oldu... Sarı payızın oktyabr ayında dünyaya gəlmiş Turan, Ərtoğrul və Hüseyn Cavid...



Gülyaz Əliyeva

# 4811 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #