Əlifba və estetika - Aydın Talıbzadə yazır...

Əlifba və estetika - Aydın Talıbzadə yazır...
20 noyabr 2021
# 16:45

Kulis.az sənətşünas alim Aydın Talıbzadənin “Əlifba və estetika” adlı essesini təqdim edir.

(təsviri sənəti sözlə anlatmaq məharəti)

Mən bunu tərcümə elədim sənətşünas və rəssam tanışlarıma kiçik bir hədiyyə kimi, balaca bir sürpriz kimi bağışlamaqdan ötrü. Bəlkə də kimlərsə artıq çoxdan oxuyub, öyrənib və hətta öyrədib də öz davamçılarına bu miniatür risaləni, harada ki boyakarlıq peşəsinin sirləri yüksək poetik üslub və intonasiya ilə, bədii obrazlarla ifadə olunur. Bu risalə rəssamın təfəkkürünə açar, xəyalına işıq salır, sənətkara baxıb çəkməyi yox, nəzərlərilə fikirləşməyi, düşünüb çəkməyi, hər hansı bir mənzərəni rəsmin strukturu ilə şeirə, poetik mətnə, sevgiyə, meditasiya obyektinə çevirməyi təlqin eləyir.

Ona görə çalışdım ki, təsviri sənət haqqında bu misilsiz qədim risalə Azərbaycan dilində də olsun, sadəliyin, adiliyin rəsmdə necə poeziyaya döndüyünü azərbaycanca görükdürsün; çalışdım ki, orijinalın sözünü yox, ruhunu köçürüm vərəqlərə. İş prosesində rus-sovet akademiki V.M.Alekseyevin (1881-1951) tərcüməsindən yararlandım, ondan örnək götürdüm: gördüm ki, Şərq dünyasına bu məftun insan fenomenal heç nə eləməyib, sadəcə, orijinalın ruhunu rusca danışdırıb. Mən də dedim ki, bu ruh azərbaycanca da, qoy, nəsə desin: elə desin ki, sənətşünaslar, rəssamlar onun dediklərinə bayılsınlar.

İndi də keçirəm “Təsviri sənətin sirləri” adlı heyranedici bir əsərin heyranedici müəllifinin təqdiminə; unikal bir şəxsiyyətə: o adama ki, yüksək rütbəli dövlət məmuru ola-ola zahidsayağı həyat tərzinə üstünlük verib, şeir yaza-yaza sözlərlə şəkil çəkib, şəkil çəkə-çəkə sakitliyin nəğmələrini bəstələyib: həm şair olub, həm rəssam olub, həm xəttat olub, həm də musiqiçi.

Van Vey VIII əsrin Çin poeziyasında bir Çan nəsimidir: dzen-buddizm fəlsəfəsinin mahiyyət gözəlliyini şeirlərinə yansıdıb; Lao-dzı və Çjuan-dzının təlimlərindən təsirlənib. Əgər Li Bo Çin poesiyasına romantik vüsət verdisə, Du Fu ona klassik ciddiyyət və vətəndaşlıq pafosu aşıladısa (Сухоруков В. О Ван Вэе и его поэзии // В кн. Ван Вэй. Стихотворения. – М., Худ. лит.-ра, 1979. – С.6.), Van Vey (699-759) Tan imperiyasının təbiət şairi oldu. Onun hər şeiri bir tabloda təsvirlənən peyzaj timsalıdır. Van Veyin şeirləri ucadan səsləndirilmək üçün deyildir, ürəyində oxuyub susmaq üçündür, susub təxəyyülündə gördüyünü yaşamaq üçündür, anlamaqdan qurtulub nurun sükutuna qərq olmaq üçündür. Çan-buddaçı rahib xislətinə uyğun mediativ şeirlərdir, təbiət mənzərəsinin ruhsal təcəssümüdür, qəlb müşahidələridir Van Veyin yazdıqları... “Heç nə” haqqında poeziyadır onun şeirləri məzmun etibarı ilə.

Lakin mən Van Veyi bir şeir ustadı kimi yox, təsviri sənətin bilicisi, təsviri sənətin şairi kimi tanıtmaq istəyirəm. Hətta o özü elə hesab eləyirdi ki, daha çox rəssamdır, xəttatdır, nəinki ədib. Van Vey bunu etiraf etməkdən çəkinməyib də bir şeirində haradasa utana-utana boynuna alır ki, özünü bu dünyada yalnız rəssam kimi qavrayır:

Çətin ki şair doğulaydım

keçmiş həyatımda mən.

Daim yaxın olmuşam

rəssamlığa fitrətən.

Van Veyin “Təsviri sənətin sirləri” risaləsi mənzərə janrının əlifbasını rəssam olmaq arzusunda bulunanlar üçün sərgiləyir. Bu mükəmməl “əlifba” həm janrın texnikasını, həm estetikasını, həm də fəlsəfəsini özündə qapsayır: boyakarlığa da açılır, qrafikaya da, xəttatlığa da. Nədən ki, Orta çağların Çin təsviri sənəti onların qırılmaz rabitəsində, birgəliyində mövcuddur. Hər bir əlifba isə özündə apriori böyük estetik potensial qapsayır. Van Vey təsviri sənətin “əlifba”sını danışa-danışa nəzəri mətnin özünü estetikləşdirir, onu şeirsəl prozaya çevirir.

Risalə rəssam ruhuna ipək və ya kağız üzərinə ləpir sala-sala möhtəşəm mənzərələr yaratmağın sirlərini pıçıldayır. Burada söhbət gördüyünü şəklə yansıtmaqdan getmir: məsələ peyzajı insan duyğularının dilində danışdırmaqdır, fırça ilə rəngləri yox, emosiyaları mənzərə rəsminə qondurmaqdır. Təsadüfi deyildir ki, mənzərə həmişə hisslərin, yaşantıların, ruhsal durumun mənzərəsidir, əhvaldır, insan ruhunun güzgüsüdür.

Əlavə daha nə söyləyim? Yaxşısı budur, rəssamlıqla maraqlanan kimsələri Van Veyin zövqlə, aram-aram nəql etdiyi nəzəri risaləsilə, şeir ovqatlı təhkiyəsilə baş-başa buraxım. Ümidvaram bəyənərlər Van Veyin Orta əsrlərdən göndərdiyi bu poetik dərsliyi də, mənim tərcüməmi də.

VAN VEY

TƏSVİRİ SƏNƏTİN SİRLƏRİ

Rəngkarın təsvir üsulları sırasında sadə tuş (Sadə tuş – monoxrom: tuş rəsm, cizgi, yazı üçün qara və başqa rəngli akvarel mürəkkəbə deyilir) hamısından üstündür: çünki təbiətin təbiətini faş edər, Yaradanın işlərini tamamlar.

Bəzən rəssam ölçüsü cəmi çərək (Çərək – qarış, haradasa 20-22 sm.lik uzunluq ölçüsü: fut anlayışının qarşılığı) yarım olan şəklə yüz min kilometrlərlə uzanan bir məsafənin mənzərəsini sığışdırar. Elə sığışdırar ki, Şərq də, Qərb də, şimal da, cənub da öz gözəlliyilə gözlər önünə gələr. Bahar yaxud yay, payız, qış fırçanın ipəklə ya da kağızla öpüşündən doğular.

O zaman ki sən ucsuz-bucaqsız, geniş su hövzələrinin təsvirinə girişirsən, ora üzən dağları çəkməkdən qorx. Nə vaxt ki şaxələnən yolları rəsm eləyirsən, düz, birbaşa, şümşad olanları bürmələmə.

Yuxarıda sahib kimi dayanmış zirvənin şiş ucu, yaxşı olar ki, asimana diklənsin, göylərə dirənsin: digər dağlarsa zirvənin qonaqları qismində ona tərəf dartınsınlar.

Orada ki dağ əyilir, qurşaq taxır, biz oraya çox güman ki, bir rahib xanəgahı yerləşdirərik; yol üstünə, çay kənarına isə sadə bir daxma qoyarıq.

Kəndi və ya tövləni ağaclar sırası ilə pərdələ: orada bir meşəlik düzəlt; mütləqdir ki, budaqlar şəklin bədənini qucaqlasın. Dağa və yarğana çayı lent kimi sarı: qoy, köpüklənə-köpüklənə şığısın irəli... Hərçənd gərək necə gəldi axmasın çay.

Bərənin durduğu yer bomboş olmalıdır: sakitlik olmalıdır orada; gəlib-gedən tənha adamların da sayı tək-tük.

Aman ver, yastı qayıqlar üstündə düzəldilmiş körpü üzsün; yaxşı olar onu yuxarı başda təsvir eləyəsən. Balıqçı təknəsini aşağıda çəkməyinsə, deyim ki, heç bir ziyanı yoxdur.

Havadan asılı sərt, təhlükəli qayalar arasında tərcih edilir ki, qəribə bir ağac sığınacaq tapsın. O yerlərdə ki alçaq sıra dağlar divar kimi bütövlənib yüksəlirlər, oralardan mümkünsüzdür yol aparmaq.

Çox-çox aralıda qərarlaşmış təpənin yanağı dumana toxunub ona qovuşar, göylərin üfüqü öz işığını sularla birləşdirər.

Dağlar iç-içə keçib qıfıllananda, ya da qarmaq kimi qatlananda, oradan bir şırnaq götürüb gəl üzü aşağı. Haçan ki yol sıldırıma yaxınlaşdı, bura bir asma körpü də at: ziyan eləməz.

Nə vaxt ki düz, hamar bir müstəvidə imarətlər və eyvanlar ucalır, lazımdır ki, insanların yaşadıqları evlərin qarşı tərəfində hündür söyüdlər bitsin salxım-salxım; məşhur dağ məbəd və tapınaqlarında çox ləyaqətli görünər ki, əcayib bir küknarın qol-budaqları yatsın günbəzlərin üstünə.

Göz işlədikcə uzanan uzaqlar şəkildə tüstü ilə örtülər, uca sıldırımlar isə qəsrə girən kimi girərlər dumana. Çaxır dükanının bayrağı, qoy, yüksəkdən dalğalansın yolun ortasında, zəvvar qayığının yelkəni, pis olmaz, sahil sularında aşağı endirilsə.

Gendən görükən dağları kiçildib sıralamaq gərəkdir, onlara yaxın meşəliklər isə, lazımdır ki, qəfildən boy verib görünsünlər.

O zaman ki əl fırçaların, tuşun yanına gəlir, olur ki, azır və tənbəlləşib unutqanlığa qapılır... İllər, aylarsa uçub-uçub qeyb olur üfüqdə; əbədiyyət olur və bax, onda fırçanın özü düşüb gedəcək gizlin sirləri axtarmağa. Məxfi gözəlliyi dərk etməkdi şərt: bunun sirri heç də sözçülükdə deyil; amma o adam, onsuz da öyrənməyi bacaran öyrənir, qoy, hər halda qayda-qanunları mənimsəsin hər şeydən öncə.

Elə elə ki məbəd qalaçasının başı göylərə dirənsin: quruluşunu göstərməyə nə ehtiyac. Sanki var, sanki də yox; gah yuxarı dırmanır, gah da aşağı qaçır...

Kol basmış təpəciklər, torpağın şiş papaqları yalnız bir damcı görükdürər komanın yuxarısını: otlarla örtülü daxma; qamış eyvandan isə şüvüllər sallanır sakit-sakit...

Dağ səkkiz üzə bölünüb, daş isə üç tərəfdən görünür yalnız.

Dumanların əhlikef, qayğısız görkəmini rəsm edəndə, aman vermə, onlar cji (Çji – naxış növü: hərçənd bu söz əfsanəvi ölümsüzlük göbələyini bildirir, Çin qumaşlarının üzərində onun şəklini görmək olar) naxışı kimi burum-burum qalxıb topalansınlar.

Fiqurlar baş barmaqdan (Baş barmaq – 2,54 sm.-lik ölçü, düym anlayının qarşılığı) azacıq böyük olsalar, kifayətdir: sun və tui bo adlandırılan şam ağacları isə, qoy, iki qarış yuxarıya ulaşsınlar.

Haçan ki dağları, suları mənzərəyə gətirirsən, onda sənin fikrin fırçanın arxasına keçib önə çıxır... Dağların boyu üç arşın, ağaclar çərək yarım, atlar baş barmaqdan bir az böyük, adamlar daha xırda...

Uzaq fiqurların ağzı sezilməz.

Uzaq ağaclar budaqsız çəkilər.

Uzaq zirvələr daşlarsız görünər: tük kimi nazik qaşlar kimi olar zirvələr...

Uzaq axınlar dalğasız verilər: onlar yüksəklərdə buludlarla bərabərləşər.

Belədir müjdələr!

Dağ beli dumanla örtülüb: qaya divarları şəlalə ilə duvaqlanıb; qalaça-eyvan yelpik tutub ağacları üzünə: piyada yolu isə adamlarla doludur.

Daşa üç tərəfdən, yola iki başdan baxarlar: ağaclara onların tacından nəzər sal, küləyin ayaq izlərinə sularda tamaşa elə.

Belədir qanunlar!

Dağları su içində görükdürəndə, təpələri dümdüz çək, amma zirvələrini şişuclu elə; zirvələri dimdik rəsm edəndə onları zəncir kimi bir-birinə bağla; qayanı mağara yarığı ilə təsvir elə, böyrünə sərt qaya divarı pərçimlə; qaymaları boşluqlardan asılmış çək və təpələri top kimi yumrulat.

Çay hər yerdən axıb keçən bir yoldur uzaqlara; nə vaxt ki dağlar iki yandan sıxsalar yolu, onda oranı dərə adlandır; yox, əgər dağlar iki tərəfdən çayı sıxsalar, buna biz sel deyərik.

Yuxarıda bir-birinə qısılıb cərgələnən nə görürsənsə, onun adı beldir; o nəsnə ki göz işlədikcə düppədüz uzanıb gedir, bunlar təpələrdir.

Əgər buna bir təhər diqqət yetirilsə, ümumi bir oxşarlıq tapılar mənzərə ilə!

Kim ki şəklə baxır, çalışır ki, hər şeydən öncə ruhu görsün. Yalnız sonradan fərqləndirir ki, haranı fırça yaxıb-yaxmalayıb, harasa təmiz qalıb.

Özün qənaətə gəl, kim qonaqdır, kim – ev yiyəsi; kim qəbul edir, kim təzimdə bulunub gəlir. Möhtəşəm bir cərgəyə yerləşdir zirvələri; əgər lap çox olsalar, sahmansızlıqdı bu; yox, gərçi az olsalar, darıxdırıcı, solğun təəssüratdı bu.

Nə çox, nə az olsun zirvələr... Ancaq ayırd elə, onlardan hansı yaxındadır, hansı uzaqda.

Gendən görünən dağlar yaxın dağlara birləşməz; gendən axan sular yaxın sulara qovuşmaz.

Harada ki dağ qurşaq bağlayır, ora məbəd tikililərini yerləşdir; harada ki çayın sahilləridir, oradan bir yarğan açılsın, sonra yaş daşlar, çınqıllar, qum təpələri və sal olsun, ora bir dənə balaca körpücük də, mümkündür, qoymaq.

Orada ki yol yoxdur, həmin yerdə meşəliklər üstün olsun; harada sahil dağılıb, orada olsun köhnə bir keçid; harada sular qurtarır, orada ağacların tacı duman içində; harada çaylar daşar, orada yelkənlər oynar; meşənin gizlinlərində isə – insanların yaşayış məskənləri.

Uçurumdan öncə – qədimi ağaclar; onların kökləri ilan kimi bir-birinə dolanıb düyünlənib; sel qarşısında – daş qaymalar; onların üzərində heyrətamiz naxışlar suyun barmaq izləridir.

Haçan ki meşələrin ağacları rəsm edilir, uzaqdakılar nadir və hamar olur, yaxındakılar – sıx-sıx və hündür. Əgər şəkli varsa onların, budaqlar zərif, yumşaqdır; gərçi yarpaqlar yoxdursa, budaqlar görünüşcə qüvvətlidir, möhkəmdir. Küknarın qabığı balığın pulu kimidir: ağ küknarın gövdəsinə zireh qismində sarınır. Əgər torpaqda bitirsə, kökləri uzundur, oduncağı dümdüz; yox, əgər daşlıqda bitirsə, tənhadır, kökləri də düyünlənib yumruğa dönür.

Köhnə ağaclar çoxsaylı hissələrdən ibarətdilər: yarı ölüdür onlar, yarı – diri; bumbuz meşəlikdə quşcuğaz gizlənib; soyuqdur ona, qəmgindir, büzüşüb əsim-əsim əsir...

Nə vaxt ki yağış yağır, nə göy bilinir, nə yer: müəyyənləşdirmək olmur Şərq haradadır, Qərb harada. Gərçi yağış yoxdursa, hava küləklidirsə, ağacların budaqlarını seyr elə. Əgər külək yoxdursa, yağış ələnirsə göydən sakit-sakit, ağacların tacı ağırlaşır, aşağı yatır. Yoldan ötən isə çətirini açıb, balıqçı isə həsir bürüncəyini başına çəkib...

Yağış qurtarır, iməkləyə-iməkləyə buludlar dağılır göy üzünə: səma lacivərddir...

O zaman ki duman yüngülcə çəkilər, tutqunluq pərən-pərən düşər, dağların yəşəm daşları kimi şuxluğu artar, günəşin çəpəki şəfəqləri dağın döşünü döyər...

Təbiətdə min zirvə birdən açmaq istəyir səhəri hamıdan erkən; zərif duman, ələkeçməz tüstü; qayıdan ayın üzü bulaşıqdır, görkəmi – qanıqara...

Amma bir axşama fikir ver: dağ qırmızı məşəli udur, çayın dayaz yerində isə yelkən yığışdırılıb. Öz yolu ilə gedənlər tələsirlər, kasıb daxmasının qapısı artıq yarıya qədər örtülüdür.

Yazda duman qəsrdir, tüstü duvaq kimi. Tüstü uzağa qaçdıqca ağarır... Bənövşəyi rəngə boyanıb çay, dağlar isə aralıdan gömgöy görünür.

Yay şəkli: səmanı örtüb qədimi ağaclar; yaşıl gölməçə iradəsizdir, su ləpələnmir; dumanı dəlmiş şəlalə qənarədən asılmış kimidir; və burada, lap yaxın suların yanında bir ev var xudmani, sakit...

Payızın görkəmi: göylər suların rənginə çalır; meşə tənha, kimsəsiz, qalın, ağır... Payız gölündə sonalar, qazlar; qamışlıqda, qumlu sahillərdə quşların nadir səsi...

Qışa diqqət elə: torpağı qar əsir götürüb. Bu da odunçu şələni belinə atıb yolunu gedir. Balıqçı təknəsi çoxdandı sahilə yapışıb qalıb... Çay dayazlaşıb, qum hamardır, dənəvərdir.

Əgər sən dağlarla suları birgə təsvir eləyirsənsə, bu dəyişikliklərə uyğun çəkməlisən şəkli.

İndisə belə yekunlaşdıraq dediklərimizi:

“Mərtəbəli sıldırımlar duman qəsrindədir”; və ya:

“Buludlar uçur Çus dağlarına sarı”; ya da ki:

“Payız səması səhərə tərtəmiz oldu”; və yaxud:

“Köhnə məzarın yanında aşmış abidə”; ya da belə:

“Duntin” (göl) gözəl yaz köynəyindədir”; yaxud da ki:

“Kol-kos tutub yolu: mən azmışam” – bax, bunların hamısına və ya buna bənzər digər ifadələrə biz şəklin altına atılmış imza deyərik.

Dağların zirvəsini qəlibə salmaq olmaz; ağacların tacını eyni bir üslubda çəkmək olmaz. Ağacları geyim kimi götürür özünə dağlar; dağları sümük sanır özünə ağaclar.

Saysız ağac rəsm etmək qutsal sayılmaz: dağları qamətli, mehriban göstərmək daha vacibdir. Onları başdansovdu təsvir etmək yaramaz: gərəkdir ki, dağları çəkəndə ağacların sağlam inkişafı da sezilsin rəsmdən.

O şəkildə ki bütün bunlar gerçəkləşər, mümkün olar, məhz onu mən məşhur peyzaj adlandıraram (Əsər dilimizə ruscadan bu mətn əsasında çevrilmişdir: Ван Вэй. Тайны живописи: пер. академика В.М.Алексеева // В кн. Ван Вэй. Стихотворения. – М., Худ. лит.-ра, 1979. – С.22-27).

# 3512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #