Mövlud 17-ci mərtəbədən baxsaydı... – Kamal Abdullanın yeni hekayəsinin müzakirəsi

Mövlud 17-ci mərtəbədən baxsaydı... – Kamal Abdullanın yeni hekayəsinin müzakirəsi
22 may 2020
# 16:40

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Epiloq" hekayəsi haqqında tənqidçi və yazıçıların fikirlərini təqdim edir.

Cavanşir Yusifli

Elcin Efendiyev ozunu tenqid edir, amma xeberi yoxdur, Kamal ...

Qəribə deyil, bəlkə də olası bir işdi, bu iki hekayə (Əkərm Əylisli və Kamal Abdullanın) müəyyən dərəcədə eyni paraleldə yazılmış nümunələrdir. Biri İkinci Mahmuda, digəri Mövluda həsr edilmiş bu iki hekayə. Amma oxşarlıq ithaf məsələsində, yaxud birincidə cin, o birində şeytan sözünün keçməsində deyil. Mahmudun ölümünü desəm, hiss etmişdim, inanmazsız, bir gün öncə, fb-də paylaşmasından. Amma bunu kimə deyə bilərsən ki? Mövludsa qonşumuz idi və özünü bizim binadan atmışdı. Son günlər də məni görcək hürküb qaçırdı. Amma bütün fərqlər oxşarlıqda, bənzərlikdə gizlənir. “Epiloq” bu mətləbin dərinliyində gəzir.

Kamal Abdulla (xüsusən hekayələrində) təhkiyəsi ilə sirlər yaratmağa çalışan yazıçıdır. Bu müstəvidə (təhkiyə massivində) hər şey müəyyən düzümə tabe olur və buna inandığın məqamda başqa bir yön alır, oyun elementi yaranır, nəqlin dinamikası dəyişir, sanki müəllifin “güzgüyə” baxıb oxuduqları ilə təhkiyə məkanındakı “sürüşmələr” sənin mütaliənə əlavə çalarlar gətirir. Hekayədəki oppozisiyaları görməmək mümkün deyil, buna müəllif də açıq işarələr edir: düzən/düzənsizlik, əvvəl/son, yaxud tərsinə. Tərs məntiq: əvvəl öləcək insan, sonra yaşanacaq həyat… Yəni, əsas bu deyil. Əsas olan, zənnimizcə, qəhrəmanın xəyalında getdikcə dərinləşən boşluqlardır: ağ buludlar biçimini dəyişir, çünki sürət var, həyat var, dinamika var, amma bir daha bunu hiss etməmək düşüncəsi (qəlbə dammalar) hər şeyi dağıdır, xatirələr (keçmiş…) çəkilib gedən kimi heç epiloqun da bir mənası qalmır. Təhkiyəni fikrən bir neçə pasaja bölmək olar, amma hər şey sondan təkan alır və bu məqamda cümlələrin içinə aldığı enerji “bölünür”, intonasiya bir axara düşür… Hələlik bu qədər. Hekayəni daha detallı təhlil eləmək olar.

Səhər Əhməd

Gallery

Hər bir bədii əsərin həm də öz oxucusuna aid olduğunu nəzərə alsaq, mən bu hekayəni bircə cümlə ilə “Ömrün on yeddinci mərtəbəsi” adlandırardım.

Hekayənin Mövlud Mövluda həsr olunması mətni ən yaxşı izah edən açar sözdür, deyərdim. Çünki bütün düyünlər baş qəhrəman on yeddinci mərtəbədən aşağı baxanda açılır. Bu həyatdan ölümə, fanilikdən əbədiliyə baxmaq kimidi və deməli, hər bir yazıçı, hər düşünən insan ömründə bircə dəfə də olsa, bu pəncərədən aşağı baxır. Kimisi həyatını da götürüb özünü atır bu pəncərədən, kimisi bu prosesi sadəcə təsəvvür edir, qorxub geri çəkilir. Biri yaşanacaq ömründən imtina edib, təkcə proloq qoyub gedir bu dünyada, o biri yaşanmış ömrünü roman kimi cırıb atıb, təkcə epiloqu saxlamaq istəyir. Fərqi yoxdur, məsələ ondadır ki, əsl insanın həyatında bu on yeddinci mərtəbənin pəncərəsi bəsirət gözü kimi həmişə açıqdır. Kədərlisi isə odu ki, bu mərhələdə ömrünü yaşamadan cırıb atmış adamla yaşayandan sonra cırıb atan adam arasında təqribi bərabərlik işarəsi qoymaq mümkündü, nəticədə isə bizim Mövludu qınadığımız bütün arqumentlər yoxa çıxır. Bu hekayə ahıl bir yazıçının gənc yaşında intihar etmiş bir yazıçıya “sən haqlıydın” deməsidir, bəlkə də.

...Kamal Abdullanın qəhrəmanının alınmamış roman kimi cırıb atmaq istədiyi ömrünün içində iyirmi illik sevgi də var. Amma varmı?! Ümumən, bu sevgi var olubmu?! Var olan bir nəsnə sonradan yox ola bilərmi?! Bəs “sevgi ya olmur, ya ölmür” ifadəsi?! Demək ki, iyirmi illik bir sevgi əslində, bir heçmiş və dolayısı ilə iyirmi il bir heçə həsr olunub. Təkcə bu, kifayətdi ki, Əhməd ömrünü alınmamış roman kimi cırıb atmaq qərarına gəlsin.

Suat Derviş bir qəhrəmanının uğrunda azadlıqdan məhrum olduğu, uzun illər həbsxanada vüsalını düşünüb yaşadığı sevgilisiylə görüşünü təsvir edir. Azadlığa çıxanda qəhrəman öz sevgilisini bir mağazada satıcı cildində görür, qadın o qədər şişmanlamışdı ki, ayağına kişi ayaqqabısı geyinmişdi. Həyatının mənası olan qadının ayağındakı kişi ayaqqabısı qəhrəmanın uzun illər çəkən fədakar sevgisini öldürür və o mağazadan sevgilisiylə - amalı pul qazanmaq olan şişman satıcı qadınla görüşmədən çıxıb gedir. Təsvir elə həyatidir ki, oxucu da qəhrəmana haqq qazandırır. Onu vəfasızlıqda suçlaya bilmir. Bir cüt kişi ayaqqabısı bircə anın içində böyük bir sevgini (?) məhv edir, sən demə, fəda olunan illər əslində bir heçə həsr olunub.

Eynən bu hekayədə də belədi. “Zalxa irişdi” ifadəsi oxucunu bu sevginin ölümünə inandırır. İyirmi illik sevgi və uzun ayrılıqdan sonrakı görüşdən Əhmədin yadında qalan yeganə ştrix Zalxanın olmayan dişləridi. Sevgi, xüsusən, uzun ayrılıqla müşayiət olunan platonik sevgi daha çox fantaziya məhsulu olduğu üçün adi bir həqiqətdən, bir qırıq diş görüntüsündən asanlıqla ölümə məhkum oluna bilir. Burda Zalxanın heç bir günahı yoxdu, sadəcə zaman sevgini də öldürmək gücündədir, fani dünyanın sevgisi də fanidi, çünki. Burda Əhmədin də günahı yoxdu, çünki o ömrünün finişinin çox yaxında olduğunu görür və ora çatana qədər həyatında nələrisə dəyişməlidi.

Ona görə də bu hekayədə Kamal Abdulla Bulqakov kimi “Ardımca, oxucu, mən sənə əsl sevgini göstərəcəyəm”, - demir. Əksinə, oxucunun əlindən tutub onu sevgi məzarlığına aparır. “Ardımca, oxucu, indi məhz sənə sevginin necə öldüyünü göstərəcəm”, - təxminən belə. Bəs Zəhra?-deyə irad bildirmək tam haqqınızdır.

Əslində, Əhmədin həyatına Zalxanın ölüsü üzərindən gələn Zəhra da tam çıxış yolu deyil. Sadəcə, qəhrəmanının bu sevgini də öldürməyə, yeni sevginin yeni aldanış olduğunu dərk etməyə zamanı qalmayıb və zəhradan xilas kəməri kimi yapışmaqdan başqa əlacı yoxdu. Axı o , həyatının epiloqunu yazmaq istəyir, vaxt isə lap azdır, epiloq üçün əvvəllər düşündüyü sözlər yoxa çıxıb, arxaya baxanda yalnız ilğım görünür. Əvvəllər düşündüyü kimi son səhnədə Zalxa ilə əl-ələ tutub özünü uçurumdan atmaq variantı alınmır. Deməli, ssenari təcili dəyişməlidir, epiloq üçün yeni sözlər seçmək lazımdı, həkimin məsləhətlərinə əməl etmək, qarşıdakı üç ayda bütün ömründən aldığın zövqdən daha çox zövq almaq, daha gerçəkçi yaşamaq lazımdır. Həyatı ciyərlərinə çəkərək. Finişi görsə də hələ ora çatmağa var, sürəti artırıb qalib gəlmək də mümkündür. Həkimin ona dediklərinin də məğzi budu, hələ vaxta var, səhvləri düzəltmək zamanıdır.

Buna görə də Kamal müəllimin qəhrəmanı Zalxanın ölüsü ilə Zəhranın dirisi arasında düzgün seçim edir. Qoşqar müəllimin dediyi kimi; düşünmədən, sorğulamadan, həqiqət axtarmadan. Amma qəhrəmanda yenə tərəddüdlər var, yenə durmadan düşünür, hər şeyin alt tərəfini, ali həqiqəti axtarır. Məhz buna görə də onun həyatının epiloqu olmaq heç Zəhralıq da deyil, bu baxımdan Əhmədin xilası mümkünsüzdür, onun düşündüyü epiloq o qədər möhtəşəm bir çərçivədir ki, Zəhra orda uğursuz rəsm əsəri kimi görünür. Əhməd bunu bilir, ona görə də on yeddinci mərtəbənin açıq pəncərəsi onu keçmiş sevgilisindən də, gələcək sevgilisndən də daha cazibəli görünür. Düzdü, o, otağa Zəhranın daxil olduğu yeni həyatına qayıdır ki, ömrünün epiloqunu yazsın. Axı epiloq ömrün daha redaktə olunmuş variantıdır, nisbətən daha dəqiq, düzgün cavaba daha yaxın, ideyanı daha dərindən açan məntiqi sonluğu. Və həm də onu cırıb atmağa heç kimin vaxtı qalmır. Qaçış zolağında son sözü finiş dediyi kimi, həyat da qalın bir kitabın son səhifəsindəki epiloqdan ibarətdir. Bu baxımdan bütün epiloqlar ömrün əsas hissəsinə nisbətən daha maraqlı, mənalı və daha haqlıdır. Lakin yenə də ölüm qədər həqiqi deyil.

Şərif Ağayar

Gallery

- Mən ilk olaraq, Kamal Abdullanın hekayəsini tendensiya kimi yüksək qiymətləndirirəm. O, həmişə öz mətni vasitəsi ilə azad və yeni düşüncəli gəncliklə dialoq qurmağa çalışıb. Yadınızdadırsa, “Düma ilə Coys arasında” adlı esselər kitabında da xitab etdiyi qələm adamlarının əksəri yeni nəsildən idi. Həm də o imzalar ki, bir az xor görülmüş, bir az dışlanmışdı. Bu hekayə də bütün ağrısı-acısı ilə bir yerdə yeni nəslin istedadlı bir nümayəndəsinə, təəssüf ki, indi aramızda olmayan Mövlud Mövluda həsr olunub. İthaf yox, həsr. Bunlar, təbii ki, fərqli şeylərdir. Məsələn, bir neçə gün öncə tendensiya kimi alqışladığım daha bir hekayə aramızdan vaxtsız gedən başqa bir dostumuza – İkinci Mahmuda ithaf olunmuşdu. Əkrəm Əylislinin hekayəsi həsrət və hicranla, ağrı və xatirə ilə dolu olsa da mövzusu başqa idi. Kamal müəllimin hekayəsində isə Mövludun özü var. Onun tənhalığı, həssaslığı və çıxılmazlığı yazıçının özünə xas üslubda – mətləbi alt qatda gizləyərək və sətiraltı mesajlar ötürərək qələmə alınıb. Mövlud doğrudan da 17-ci mərtəbədən şəhərə baxsa, ilk növbədə onun gözəlliyini duyardı, aşağı baxsa, başı gicəllənərdi, hətta qorxub geri çəkilərdi. Mövlud doğrudan da dostluğun, sevginin, səmimiyyətin qoxusunu hiss edirdi. Mövlud doğrudan da evdə onu kiminsə gözləməsini istəyirdi. Amma münasibətlərin qoxusunu hiss etmək, 17-ci mərtəbədən aşağı baxanda qorxmaq və insanları sevməklə deyil ki! Bəzən tale duyduqlarından və istədiklərindən fərqli sürprizlər bəxş edir sənə. Hekayə də daha çox bu haqdadır. Ümidvaram ki, Mövludu ədəbiyyat tarixinə özünün bir neçə yığcam hekayəsi və ona həsr edilən şeirlərlə yanaşı həm də bu hekayə bağlayacaq. Varaqlardasa, kitablardasa yaşamaq da bir təskinlikdir bizə. Ən önəmlisi, bizim – Mövluda yaş baxımında daha yaxın olan dostların yaza bilmədiyini Kamal Abdulla yazdı.

Mübariz Örən

Gallery

- Hər mətnin öz qoxusu var, söhbət xalis mətndən gedir. Xəstəxananın, şəhər bağının, alabəzək skamyaların, qapının... qoxusu olduğu kimi. Olmadısa, o mətni at getsin. Həm də, hər mətnin öz oxusu var; şəhər bağındakı quşların oxusu kimi və... hər mətni eyni ahənglə, templə, yüngüllüklə oxumaq da olmur, biri var, hazır çeynənmiş mətnlər, rahat-lukum kimi, “lumb” eləyib ötürürsən gedir, biri də var... "Epiloq" kimi hekayələri asan, sahil bağında ayağını ayağının üstünə aşırıb birnəfəsə oxumağı beynindən at; belə mətnlərin öz qoxusu, oxusu və qorxusu (hissi-həyəcanı) – hələ oxucusunu demirəm! – var. Bu sənə "iki vur iki bərabərdi dörd" deyil. Baş vermiş hadisələrin, yaxud verəcəklərin, aysberq kimi, əsas hissəsi "alt tərəf"də – yaddaşda (bəlkə də yaddaşsızlıqda), xatirələrdə, yaddaqalanlarda və unudulanlardadı. Hadisələrin bəlli yeri, vaxtı, əvvəli, axırı dumanlı-tanış kodlar, sirli-aşkar işarələr – koordinatlarla verilir. Yaşananları "şəhər bağında bir-birinin dalınca dövrələmə qaçan sahibsiz itlər" kimi ipə-sapa düzmək üçün hazır təfərrüatlarla deyil, yadasalmalar, toxunmalar, “boş qalmış yerləri doldurmalar” vasitəsi ilə müəyyən etməlisən. Bunun üçün mətndə ümumi konturlar və hadisələri kino lenti kimi əvvələ-axıra yığma mexanizmi verilir. Hər oxucuya bu konturlar – yol xəritəsi vasitəsi ilə öz istədiyi hekayəni oxumaq, “yazmaq”, bərpa etmək lüksü verilir, – oxu, kef elə!

Cavid Zeynallı

Gallery

- Xalq yazıçısı Kamal Abdullanın “Epiloq” hekayəsi təkcə iki insanın hisslərini, həyatını, yaşantılarını oxucuya göstərmir, bu hekayə həm də strukturu, təhkiyəsi, incə yumoru ilə uğurludur. Əvvəlcə ondan başlayaq ki, oxuyan adamlar bilir - hekayədə maraqlı bənzətmələr var. Məsələn, “Əhməd Zalxaya danışdı, susmadı, heç nəyi yadından çıxarmadı, sözlər özləri bir-birinin dalınca bağda dövrələmə qaçışan itlər kimi düşdü”. Yaxud incə yumora nəyi misal göstərə bilərik? Qadınla kişinin kədərli, nostalji dolu görüşündə birinin o birinə sanki zahiri nəzakətlə kökəlmisən yerinə “çoxalmısan” deməsi bəlkə də, müəllifin bütün ciddi mətləblərə həm də haqlı olaraq gizli ironik münasibətinin göstəricidir.

Mövludun xatirəsinə həsr olunan bu hekayənin nüvəsində fanilik hissi dayanır. Peşmanlıq, dərin yaşantıların reallaşmayan kədəri oxucuda qəribə hüznlü əhval yaradır. Bir maraqlı müşahidə də var: hekayənin əvvəlindəki təsvirlər, insan və təbiət münasibətləri, sevgi xatırlamaları ilk baxışdan sentimental əhval yaradır, amma daha dərinə getdikcə, bunun ilğım kimi aldadıcı olduğu görünür. Dediyim o fanilik hissi insanı qəribə əhvala, hala salır. Hekayədə xüsusən “Epiloq” – olmayan romanın sonluğu təyinatı əladır. Bu, hadisənin xarakterlərlə, xarakterlərin strukturla maraqlı vəhdətidir.

Hazırlıqlı oxucu bilir ki, hekayənin qəhrəmanlarının adı – Əhməd və Zalxa Kamal Abdullanın “Dilçiliyə səyahət” adlı kitabından gəlir. Ümumiyyətlə, Kamal Abdullanın öz əsərlərinə işarələri, istinadları və göndərmələrinə bir neçə əsərdə rast gələ bilərik. Məsələn, sonuncu “Sirlərin sərgüzəşti” romanında əvvəlki “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanlarına gizli lağımlar var.

Bir məqamı da deyim. Hekayədə bəzi yerlərdə bilərəkdən reallıqla qeyri-reallığın sərhədləri itirilir. Biz harda həyatı, harda epiloqu axtarmalıyıq, bəzən onun incə sərhədlərini itiririk. Hər şey bir-birinin içində əriyir, itir. Final çox təsirlidir. Özünü atmaq istəyən Əhmədin burnuna adam iyi gəlir. Məhz bu iy, bu doğmalıq, bu məhrəmlik onu həyatın çıxılmazlığından xilas edir. Həyatı yaşamaq bütün şərtlər daxilində gözəldir.

Kamal müəllimi təbrik edirəm, oxumayanlara da bu gözəl hekayəni oxumağı tövsiyə edirəm.

Alpay Azər

Gallery

Kamal Abdullanın yazdığı hekayələrin çoxunda ekzistensial çaşqınlıq, həyatın faniliyi xətləri o dəqiqə gözə çarpır. Maraqlı burasıdır ki, müəllif mətnlərində eyni ideyanı müxtəlif çalarlarda (süjet xətti, təsvirlər, dialoqlar və s.) verə bilir, yəni, təkrarlardan qaça bilir. Dünyanı zaman kontekstində dərk etməyə çalışan adamların çaşqınlığı, onların həyatı real və irreal paradiqmalarda dərk etməyə cəhd etməsi və bu cəhdlərdə fikir dolanbaclarında gəzişməsi sonucda mətnlərdə öz bədii həllini tapır.

Bu baxımdan, “Epiloq” hekayəsi də həmin ruhda yazılmış yaxşı mətnlərdən biridir. “Niyə hər şeyin dadı-duzu bu belə olduqca qaçıb gedir?! Budurmu son nəticə və son rahatlıq?! Əvvəl yoxmudur?! Olubmu, olmayıbmı?!... Biz əvvəldəyik, yoxsa axırdayıq?!” Hekayənin əsas obrazı Əhməd müəllimin müxtəlif nəsnələrin və vaxtilə tanıdığı Zalxa adlı qadının vasitəsilə iyirmi il əvvəli və indini hiss etməsi, öz xatirələrinin dalınca qaçması (məşhur itirilmiş və əldə edilməyə çalışılan zaman məsələsi), Zalxa ilə romantik münasibətlərin bu kontekstdə verilməsi, keçmişlə indini bir anda birləşdirməsi məqamları məncə, mətndə öz uğurlu həllini tapıb. Bu, təbii ki, mənim hekayədən aldığım ümumi təəssüratlardır.

Sevinc Elsevər

Gallery

- Kamal Abdullanın dostumuz Mövlud Mövluda həsr olunmuş “Epiloq” adlı hekayəsi qəribə ovqat yaratdı. Sonda öz-özümə dedim ki, kaş bizim Mövlud da o damdan düşüb qayıdaydı. Bəlkə min dəfə Mövludun o dama necə qalxdığını gözümün qabağına gətirmişəm. Keçirdiyi hissləri anlamağa çalışmışam.

Yazıçının qəhrəmanı sağalmaz xəstə olduğu halda, sona qədər, son nəfəsə qədər vuruşmağı seçir.

Hekayənin Mövlud Mövluda həsr olunmasında, qəhrəmanın da 17 mərtəbəli binanın damına çıxıb intihar haqqında düşünməsində, ancaq intihardan vaz keçməsində vacib bir mesaj var. Nə olur, olsun yaşamağa davam eləmək lazımdır, bir işıq ucunu isə hər zaman tapmaq olar.

Əhmədin sağalmaz dərdi kimi Mövludun da dərdi sağalmaz idi. Biri fiziki ağrılardan zülm çəkirdi, o biri mənəvi ağrılardan. Bu təzad özü də maraqlıdır. Bəlkə yazıçının mesajını belə də qəbul eləmək olar: fiziki ağrılara dözmək, dözüb yaşamaq, həyat eşqi tapmaq mənəvi ağrılara dözməkdən daha asandır?!

# 3151 dəfə oxunub

Müəllifin son yazıları

# # #