"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
6 dekabr 2024
# 12:00

Kulis.az Zakir Sadatlının "Yaddaşımın Əfqanıstan yazıları" silsiləsindən bir hissəni təqdim edir.

Ölənlərin xatirəsinə
Qalanların xətrinə
Və bir də…
Həqiqət naminə!

Müəllif

"Əfqan" döyüşçüsü

… Gecə yarısı Heratdan Şindanda gələn əsas yoldan hərbi texnika üzü bizim tabora tərəf döndü. Çökək və dalğavari torpaq yol boyu tank və PDM-lərin işığı enib-qalxdıqca, nigarançılığım və həyəcanım da artırdı.

İkinci bölüyün uşaqları bu gecə yarısı «reyd»dən qayıdırdılar. "Xüsusi təyinatlı kəşfiyyat qrupu"nun üzvü – (biz öz aramızda onlara "saqqallı kəşfiyyatçılar" deyirdik) dostum Bakir Qəmbərov da həmin dəstədə olmalı idi. Təqribən bir həftə əvvəl Herat istiqamətində aparılan əməliyyata qoşulmuşdu.

… Adətən kəşfiyyatçıların əməliyyatı barədə tabordakı döyüşçülərin ətraflı məlumatı olmurdu. Çünki ölənlər və yaralananlar haqqında şəxsi heyətə heç vaxt heç nə deyilmirdi. Sadəcə, hərbi sirrin, müharibənin dəmir qanunlarının tələbi belə idi – vəssalam…

Əməliyyatçılarla birbaşa rabitə əlaqəsi olan, ərkim çatan "qərargah"çılardan nə isə soruşanda həmişə hazır və şablon cavabları olurdu: "Tələsmə!.. Hər şeyi özün öz gözlərinlə görüb biləcəksən…"

Bakirdən nigarandım.

Düzdür, ikimizin aramızda şərtimiz vardı. Hansımız birinci ölsəydik, meyiti vətənə sağ qalanımız aparmalı idi. Axı, ölüləri evlərinə qədər müşayiət edən hərbçilərə on gün məzuniyyət verirdilər. Ha olmasa, bu da bir qənimət idi.

Biz tanış olduğumuz ilk gündən ürək çırpıntılarımızı bir-birimizə etibar eləmişdik. Boş-bekar vaxtlarımızda laqqırtı vurub dərdləşirdik.

Yeri gəldikcə bütün bunlar haqqında danışacağam. Xatirə kimi yox… Heç ömrün keçmişdə qalan zavallı bir parçasına ironiya kimi də yox. Sadəcə, bütün zamanların əbləh çoxluğunun bumbuz soyuqluğundan bezar olanda, isinmək üçün öz nəfəsindən başqa heç nəyə gümanı gəlməyən bir Allah bəndəsi kimi… danışacağam.

Susacağam – özümün başa düşəcəyim bir dildə;

Danışacağam – Bakirin torpağın altında eşidə biləcəyi bir səslə…

Bütün bunlar haqqında danışacağam.

Çox danışacağam.

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər? Mən axı darıxıram, evimizə getmək istəyirəm. Özüm ölüm, qorxub eləmə. Kişi kimi söz vermişəm, düz kəndinizə qədər meyitini sağ-salamat aparacağam…"

Özü öz zarafatından vəcdə gələrdi. Gülməkdən uğunub gedərdik. Sonra havalanıbmış kimi siqaret yandırıb, durub çadırdan çıxardı.

- Mən getdim! Soruşub eləyən olsa, deyərsən məni xüsusi tapşırıq dalınca göndərmisən…

Beləcə, bir-birimizə «ilişə-ilişə» gün keçirirdik. Ta o vaxta qədər ki, ikimizdən birimizi əməliyyata göndərirdilər. Və bu anlarda hər şey dəyişirdi. Ciddi olurduq, kövrəlirdik, amma sezdirmək istəmirdik bir-birimizə. Elə təkcə onu deyirdik ki, başına dönüm, özündən muğayat ol ha…

…Döyüşçülərin, nərildəyə-nərildəyə çadır düşərgəsinə dönən hərbi texnikanın tabora qayıdışı həmişə xəyalımda bir kənd assosiasiyası yaradırdı. Uşaqlıq illərində tez-tez gördüyüm belə mənzərələrin şəklini çoxdan, lap çoxdan yaddaşımın ən hündür yerindən asmışdım.

Günü başa vurub çöllərdən kəndə dönən naxır mənzərələri…

Beynimə pərçimlənən bu təsvirlər arasındakı uyarlığın kökündə, sözsüz ki, düşüncələrimdəki təşbeh axtarmaq azarının simptomları əzəldən öz işini görmüşdü…

…Budur, "saqqallılar" döyüşdən qayıdırlar. Taborun əsgər və zabitləri çadırlardan çölə tökülüşüb. Səsi özündən qabaqda yüyürən bələdçi PDM təngnəfəs tabora birinci çatır. Dalınca "dartıb" gətirdiyi hərbi karvan çadır düşərgəmizin ətrafı boyu qazılmış xəndəklərin qırağında sıralanıb dayanır. Texnikanın ləngər vurub dayandığı yerdən qopan toz-duman ətrafa yayılır. İşığın yan-yörəsindən qovub, kənara sıxışdırdığı gecənin qaranlığına qarışır. Döyüş maşınlarının lükləri tabut qapağı kimi açılır. Əməliyyatdan qayıdanlar yerə tökülüşürlər. Səs-küydən qulaq tutulur. Söyüş, qışqırıq, çığır-bağırtı, yorğun döyüşçülərin əsəb gərginliyi… hamısı bir-birinə qarışıb. Bu ovqatın tamına, bu mənzərənin yeknəsəqliyinə öyrəşmişik. Onun səbəbini, onun işarələrini, şifrələnmiş məlumatlarını ancaq özümüz anlaya bilirik. Bunun sivil dünyaya, boşboğaz insan cəmiyyətinə dəxli yoxdur.

Nəhayət, hər kəs silahını və yük torbasını götürüb ağır-ağır öz çadır evinə tərəf addımlayır. Taqətdən düşmüş, beli əyilmiş, üst-başı toz-torpağa bulaşmış döyüşçülərimiz qarşısına çıxanlarla əl-ələ toxunub ötüb keçir. Belə salamlaşmaqdan sanki «Mən sağam!» nidasının səsini eşidirsən. Bu məqamda heç kəsdən heç nə soruşmaq olmaz.

Bir az aralıdan bir əsgər beş-altı silahın qayışından tutub, yerlə sürüyə-sürüyə bizə tərəf gəlir.

Deməli, bu silahların sahibləri daha yoxdu.

Daha bir nəfərin pulemyot daraqlarını dalınca dartdığını görürəm…

Və nəhayət, "Ural"dan meyitləri boşaldan uşaqların yanına yüyürürəm. Səsindən tanıdığım bir zabit yarıqaranlıqda dayanıb "yük boşaldanlara" göstəriş verir: "Sürü bu tərəfə… belindən qayışını aç… üstünü ört… Pravdinin başı hanı? Götür onu meyitinin üstünə qoy…"

Mən indi o müdhiş vaxtı unutdurduğun kimi yazıram, xatırlatdığın kimi yox, ilahi!

Maşın təkərləri, tank tırtılları altında ovulub külə dönən toz-torpağın üstünə qalaqlanmış cəsədlərə baxıram. Düşünməyə heyim qalmayıb. Amma qeyri-adi bir duyğu bu günü – daha doğrusu, gecəni xatırlamağı diqtə eləyir mənə. "Diqqətlə bax! Bu anı unutma! Bu təqvim yadından çıxmayacaq ki? 6 may gecəsi 1980-ci il… Şindand çöllüyü…"

Gicgahlarımı ovuşdururam: "Əlində imkanın ola, Yer üzünün bu şəkildə şəklini çəkib Allaha göndərəsən. Arxasında da yazasan ki, İlahi, kilsələr və məscidlər günahların öhdəsindən gələ bilmədiyi kimi, müharibələr də haqsızlıq və ədalətsizliyin öhdəsindən gələ bilməyəcək. Məgər bunlar sənin özünə agah deyil?"

Silahla güllələnənlər sağ qalanları silahsız güllələyir. Bu ağrını bizim çiynimizdən götürə bilən varmı? Yox. Bu, bizimlə qəbir evinə gedəcək. Nə qədər diriyiksə, heç birimiz yaddaşımızın o dərinliyindən çıxa bilməyəcəyik. Olub-keçənlər, bədənimizdə soyuyan güllə kimi ürəyimizi, ruhumuzu ağrıdaraq: "Mən burdayam!" - deyə daim özünü xatırladacaq. Gec-tez dünyadan köçəcəyik. Həyatımızın mənzərələri ilə dolu kitablar, şəkillər…və daha nələr, nələr qalacaq… Zaman isə "Xırda şeylərdi!" - deyib, belə olaylardan yaxa qurtarmaq üçün onu vecsiz cümlə kimi tarixin səhifələrindən kəsib atacaq. Bəlkə elə həmin o "atılmış" tarixlərdir ki, zaman-zaman baş qaldırır. Öz haqqını istəyir. Sivil dünyanın unutmaq istədiyi nəsnələri zor-xoş onun gözünə dürtür.

Qaydalar qayıdır. Kiçiklərlə Böyüklərin davasında hər şey Kiçiklərin xeyrinə qurtarır.

Kağızdan oxuduqlarınızı, ağızdan eşitdiklərinizi bizlərə sırımayın, siz allah. Bizim söz güləşdirmək şövqümüz, bəlağətli mübahisə iştahımız cəbhə xətti olmayan cəbhələrdə güllələnib… Nə isə…

… Ölənləri maşından yerə boşaldan zabitin tanış səsini eşidəndə elə bil gözümə işıq, ayaqlarıma taqət gəldi. (Leytenant Nikitin – bala Nikitin, polkovnik Nikitinin kiçik oğlu…)

- Ey, Aslanov, siqaret ver! Heç olmasa yaxın gəl, salamlaşaq.

Qaranlıqdan çıxıb, "Ural"ın arxaya düşən balaca qırmızı işıqlarının sərhədinə yaxınlaşdım. Nikitinin sol əli dirsəyə qədər tənziflə sarınıb boynundan asılmışdı. Görüşdük. Siqaret yandırıb verdim. Səbrimi cilovlaya bilməyib, dərhal Qəmbərovu soruşdum. Bildim ki, səhv elədim, ayrı-seçkilik salan səhv. Döyüş yoldaşları arasında fərq qoyan suala görə hamının inciməyə haqqı var. Baxma ki, ölənlərin cəsədlərini lazımsız əşya kimi qupquru torpağın üstünə tullayırıq. Onların miras xatirələri isə çox qiymətlidir. Sağ qalanların əbədi minnətdarlıq ünvanıdır. Ona görə ki, onlar yoldaşına dəyəcək gülləyə ilan kimi birinci şığıyıb, ölümü öz üzərinə götürüblər.

Deyəsən, Nikitin də sorğumdan peşman olduğumu hiss elədi.

- On jiv! - dedi.

Daha heç nə soruşmadım. Onsuz da səfeh bir sorğumla araya pərtlik salmışdım. Burdan aralanıb getmək istəsəm də, ciddi səbəb olmalıydı. Yoxsa işləri korlaya bilərdim.

Qacıyıb yerimdə durmuşdum. Meyitlərə və meyitboşaldanlara baxırdım. "Ural"ın kuzovundan "yükboşaldanlar" bir nəfərin də cəsədini sürüyüb, arxa - açıq borta tərəf sürüyüb gətirdilər. Yerdəkilər meyiti itqusdu götürüb o biri cəsədlərə tərəf sürüdülər.

Maşındakılar yerə tullandılar. Arxa bortu qaldırıb bağladılar. Elə bil "Ural"ın arxa işıqlarının üstündən örtük götürüldü. Ətraf xeyli işıqlandı. O işıqdan meyitlərin üstünə qıpqırmızı bir qan zolağı uzandı. Və qəribə idi ki, bu anda maşın da söndü, arxa işıqları da… Ətrafa qaranlıq çökdü. O qaranlığın qamarladığı yeri ani olaraq nəhəng bir sükut qucaqladı. Bu çox gözlənilməz oldu. Sükutun gəlişinin və gedişinin vaxt məsafəsi əsnəyən adamın gözlərini yumub açmasına oxşadı… Birdən bayaqkı işıq zolağında gördüyüm meyitin kimliyinə yüzə-yüz əmin oldum.

Arxası üstə düşüb əlləri göyə açılı qalan meyit elə bil öz-özünə çiyni üstünə çevrilib üzünü bizdən gizlədi. Bu, həqiqətən qarabasma idi, göz aldanışı idi, ya nə idi, anlaya bilmədim. Amma hiss elədim ki, yaddaşımda nəsə cücərir, xəyalımda nəsə dirilir.

…Güclü külək əsir… sulu qar yağır… üzü naməlum boşluğa güllələr səpələnir…Bu, Poroxovun dipdiri xatirəsi idi. Heç bir vəchlə unudulmayan, rəngləri solmayan, vərəqləri əzilməyən, yazısına pozu olmayan xatirəsi…

Bu əhvalat haradasa iki ay yarım əvvəl baş verdi…

Deməli, bizim taborun ətrafında çadır "evlər"i üzük qaşı kimi dövrələyən səngər boyunca bir-birinə yaxın çoxlu keşikçi postları qurulmuşdu. Gecə-gündüz hamının döyüş hazırlığı vəziyyətində olmasına baxmayaraq, o postlarda növbə ilə keşik çəkirdik.

Deməli, qayda beləydi. Gündüzlər posta bir nəfər keşikçi növbə çəkirdi. Gecələr isə taborun mühafizəsi daha da etibarlı olsun deyə, hər postda ən azı iki nəfər, təbii ki, iki saatdan bir əvəzlənmək şərti ilə qarovulda dayanırdı.

O qarlı-küləkli fevral gecəsində Poroxovla mən səngərdə – daha doğrusu, səngərin içindəki qazmada növbə çəkirdik. Hərəmiz altımıza bir daş qoyub oturmuşduq. Baş-başa, çiyin-çiyinə verib, isinmək üçün bir-birimizə sığınmışdıq. Üstü örtülü qazmanın açıq böyür-başına səpələnən sulu qarı külək sanki bilə-bilə havada hərləyib-fırlayıb üz-gözümüzə çırpırdı.

Külək də üşüyürdü…

Qar da daldalanmağa yer gəzirdi.

O gecə Şindandın vəhşi çöllərində qarın, küləyin ümidi, pənahı bizim büzüşüb oturduğumuz nəmli qazma idi. Hər tərəfdən səngərə cumurdular. Nədənsə mənə elə gəlirdi ki, sulu qardan daha çox külək quduzlaşmışdı.

Mən keyləşmişdim. Dinib-danışmağa həvəsim qalmamışdı. Ancaq siqaret çəkib nəsə fikirləşirdim. Dilli-dilavər, təbiətən nikbin adama oxşayan gənc əsgər Poroxov tez-tez əcaib-qəraib sualar verirdi. Hər halda Əfqanıstanda onunkundan haradasa bir neçə ay çox olan təcrübəm onun nəzərində mənə məlumatlı adam statusu verirdi.

- Düzmü deyirlər ki, basmaçılar gecə yarısı xəlvətcə bizim sovet hərbi hissələrinin birinə soxulub, bütün hərbçilərin başını kəsiblər?

- Hə… elə deyirlər…

- Deyirlər, heç bizimkilər tərpənməyə macal tapmayıblar, hə?..

- Yəqin ki…

- Maraqlıdır, necə ola bilər ki, keşikçilər bundan xəbər tuta bilməyiblər?

"Lənət sənə kor şeytan. Bu "uşaq" nə gic-gic çərənləyir. Yoxsa məni danışdırmaq istəyir. Qorxur bəlkə… Hər eşitdiyi hadisəni görəsən niyə xırdalamaq, qaranlıq quyunun dibinə daş atıb, onun enini-uzununu bilmək istəyən cadugər kimi özü üçün vasvası bir məntiq qurur".

Hər halda vaxtı öldürməkdən daha çox, soyuq havadan diqqətimizi yayındırmaq üçün könülsüz də olsa, onun suallarını cavablandırmalıyam.

- Görünür, onların da keşikçiləri postda bizim kimi "ayıq-sayıq" dayanıblarmış, - deyirəm.

Deyəsən, eyhamımı və ikibaşlı cavabımı başa düşüb, susur. Mən ürəyimdə Poroxovu qınamıram. Doğrudan da ilk günlər bizim taborda bu cür və buna bənzər hadisələr barədə tez-tez danışırdılar. Və lap pisi o idi ki, belə olayları ən çox dilə gətirən zabit və praporşiklər idi.

"…Düşmənlər sovetin on əsgər və üç serjantını bir göz qırpımında əsir götürüblər…" Guya onlar hərbi hissəsi özbaşına tərk edib, yaxınlıqda çör-çöp yığırlarmış ki, yandırıb isinsinlər.

"…Basmaçılar gecə hərbi hissəyə soxulub, yatdığı yerdəcə əsgər və zabitlərin başını kəsiblər…"

"…Düşmən snayperi silahı yerə qoyub peşov eləyən əsgəri düz alnından vurub…."

"…Bir nəfər qoca kişi belinə qumbara bağlayıb özünü atıb bizim əsgərlərlə dolu maşının altına – hamısı tikə-tikə olub…"

Bu minvalla günbəgün böyüyüb sıxlaşırdı vahiməli hadisələrin sırası… Şələ-şələ bəd xəbərlər qalaqlanırdı dövrəmizə…Ətrafda hər nə vardısa ölüm kabusunu xatırladırdı. Ucsuz-bucaqsız çöllərdən, uzaqdan görünən çopur dağlardan, üstündə gəzdiyin daşlı-çınqıllı torpaqdan, yan-yörəndəki adamlardan, arabir hətta, çörək yediyin qaşıqdan belə şübhələnirdin. Qəzavü-qədərin hökmüylə gələcək məğlubiyyət anını səksəkə içində gözləyirdik.

Deməli, asta-asta müharibənin içinə girirdik. Daha əmin-amanlıq axtarmaq beca bir iş idi. Yoxsa hər şeyi itirə bilərdik. Sivil dünyanın çoxdan, lap çoxdan unutduğu yaşam tərzinə uyğunlaşmalı idik. Bax, qarlı-çovğunlu bu gecəni çəkdiyimiz və çəkəcəyimiz əzabların davamı kimi yaşayırdıq…

Qonşu qazmalardakı keşikçilərdən də səs-səmir çıxmırdı.

Hamımız vaxtın tez gəlib keçməsini, bizi əvəzləyəcək "növbə"nin gəlişini səbirsizliklə gözləyirdik.

Mən ayaqlarımı yerə döyəcləyə-döyəcləyə siqaret çəkirdim. Poroxov fit çalırdı. Mızıldaya-mızıldaya xırıltılı səslə mahnı oxuyurdu.

…İzuçayut v şkole deti qde-to

Kontinentı sveta, klimat stran

İ ne znayut, çto na belom svete

Est strana pustın – Afqanistan.

Bu səs də, mahnı da mənə qış gecəsinin sis-dumanında göydə azmış əlacsız çöl qazının boğuq qığıltısını xatırladır. Soyuqdan keyləşdikcə bədənim isinir, əynimdəki qalın sırıqlının boyunluğunu dartıb başımı bürüyürəm. Nəm qazmanın soyuq divarına söykənib, nəfəsimlə özümü isindirə-isindirə mürgüləmək istəyirəm. Amma yenə də soyuq macal vermir. Kirpi büzüşüb bədənini tikanlı dərisinin altına yığdığı kimi, var gücümlə toparlanıb qalın sırıqlının altına sığınmağa çalışıram.

Əslində, bizim gecə keşikçisi kimi nəinki səngərdə oturub mürgüləməyə, heç bir yerdə dayanıb durmağa da ixtiyarımız yoxdur. Amma nə etmək olar ki, qanun və qadağalar insan hikkəsinin əli ilə yazıldığına görə, çox vaxt insani xislət və insani nifrətin əli ilə də pozula-pozula gedir. Çünki həmişə nifrət sevgidən güclü olur. İnsan hansı şəraitdə olursa olsun, heç vaxt nifrətinin arxasından qaçmır.

Arabir qazmadan açıq səngərə çıxıb, ətrafı dinşəyib yerinə qayıdırdı Poroxov… Mən ağır bir daş kimi yarıyuxulu oturduğum yerdən tərpənmirdim. Bu itaətkar və sözəbaxan gənc əsgərin hərəkətləri qəribə bir arxayınlıq yaratmışdı məndə. O, bizim ikimizin birgə görəcəyimiz işi təkbaşına görürdü.

Soyuq şiddətlənir. Vaxt ayağını dirəyib getmir. Poroxov çıxıb, bir də ətrafı fırlanıb gəldi.

- Nə var? – soruşdum.

- Sakitlikdir… - dedi.

- Mən yaman üşüyürəm.

- Mən də…

- «Növbə»nin gəlməyinə hələ çox qalıb?

- Bilmirəm… saatım yoxdu axı…

Poroxov "saatım yoxdu"nu elə dedi ki, səsindəki inciklik və təəssüf açıq-aydın sezildi. Onun "saatım yoxdu" deməsi məni özümdən çıxartdı. Elə bil ki, onun saatı olsaydı bizim qarovul növbəmizin payına bu qarlı-çovğunlu gecə düşməyəcəkdi. Onun olmayan saatının günahıdır ki, vaxt yerindən tərpənmir. Poroxovun saatı yoxdursa, bu gecə "növbə" gəlib heç bizi vaxtında dəyişməyəcək də… Bəlkə də onun olmayan saatının günahı ucbatından zamanımızı azıb ayrı bir vaxta gəlib çıxmışıq.

- Bəs, əsgər gələndə saat götürməmişdin? – acıqlı-acıqlı soruşdum.

- Saatım vardı, tabora gəldiyim gün tutub əlimdən aldılar.

- Kim aldı?

- Bir nəfər "starik".

- Axı sən niyə saatını ona verirdin?

- Mən vermək istəmirdim… döyüb aldı!..

Poroxova ürəyimdə mərhəmətqarışıq bir hiss oyandı, bozarmağımdan peşman oldum. "Deməli, bu yazığın saatı varmış… Döyüb əlindən alıblar… Qəribədir… Heç özümün də saatım yoxdur. Amma özümə acığım tutmur… Ömrümüz boyu özgələrə qarşı qəddarlığa və tələbkarlığa hazırlayırıq özümüzü…"

Gəldiyimiz ölkənin düşdüyü vəziyyətlə Poroxovun taleyi arasında oxşarlıq tapar-tapmaz böyük bir yağış damcısını külək üzümə çırpdı… (Bu, nəyin işarəsi idi görən?!)

- Sabah o "starik"i mənə göstərərsən, saatın alıb özünə qaytararam, - dedim.

Poroxovdan səs-səmir çıxmadı. Amma mən elə güman edirdim ki, təklifim onun ürəyincə olacaq. Hətta, bəri başdan sevinib təşəkkür eləyəcək.

Bu müəmmalı sükutun səbəbini soruşdum:

- Niyə dinmirsən, istəmirsən saatın özünə qayıtsın?

- Bilirsən, istəyirəm e… - Poroxov udquna-udquna dilləndi, - ancaq bilirəm ki, o, xoşluqla saatımı geri qaytarmayacaq. Gərək sən onunla vuruşasan. İnsan döyə-döyə aldığını döyülməyincə əldən vermək istəməz axı…

O, haqlıydı. Və onun sadə həqiqətini bəşərin alın yazısının mətnindən çıxarmağın mümkünsüzlüyünə inanmamaq üçün tutarlı faktlarımız kasad idi.

Poroxov daha heç nə demədi. Mən də sabah həmin o «starik»lə savaşıb saatı mütləq geri alacağıma öz-özlüyümdə əmin olandan sonra susdum.

(Və biz o saatı heç vaxt geri ala bilmədik. Daha doğrusu, Poroxovgil bizim tabora gələn günün gecəsi qaranlıq çadırda onu döyüb saatını alan "starik"i tanıyıb tapmaq mümkün olmadı. Əsgərlikdən evə qayıtdığım günə kimi kimin qolunda saat görürdümsə, elə bilirdim Poroxovun saatıdır. Deyəsən, indinin özündə də o saat əhvalatının nisgili düz-əməlli canımdan çıxmayıb. Adamların qolunda və vitrinlərdə gördüyüm saatlar içində (lənət şeytana) gözüm Poroxovun saatını axtarır.)

…Bu nədir, vaxtın tərsliyi tutub, yoxsa mənim dözməyə səbrim çatmır? Əməlli-başlı islanıb keyləşmişəm. Dişim-dişimə dəyir. Bizi əvəzləyəcək "Növbə" də gəlib çıxmaq bilmir. Bəlkə də hələ vaxtı deyil…

Poroxov böyrümdə oturmuşdu. Birdən başı əyilib çiynimə dəyəndə bildim ki, onu yuxu tutdu. Dümsüklədim. Hövlak ayıldım. Əllərinin titrəməsi, bir-birinə dəyən dişlərinin şaqqıltısı apaydın görünür və eşidilirdi.

- Mən yatmamışam!.. mən yatmamışam!, - deyərək, sıçrayıb tələm-tələsik ayağa durdu. Qazmadan çıxmağı ilə təngnəfəs geri qayıtmağı bir oldu. Avtomatın qundağını iki-üç dəfə çiynimə toxundurub, bir an belə yubanmadan dönüb gəldiyi səmtə şığıdı. Onun hərəkətlərindən ağlıma birinci gələn bu oldu ki, təhlükə çox yaxındadır və başımızın üstünü alıb. Düşünməyə və danışmağa macal yoxdur. Fürsət fövtə gedib. Sayıq olmamağımız, səhlənkarlığımız ucbatından hər şeyi güdaza vermişik.

Poroxov açıq səngərə çıxar-çıxmaz əks səmti – üzü çöllüyü aramsız atəşə tutdu. O qışqırırdı, səngərin içində atəş açdığı nöqtələrdə tez-tez yerini dəyişirdi. Yenə də bağırırdı: "Gəlirlər… gəlirlər… Onlar gəlirlər!.." Məni də təhdid eləyir, to gəlirdi ki, nə dayanmısan, görmürsən bizi haqlayıblar… Atəş aç!..

Qar-çovğunda, gecənin zil qaranlığında göz-gözü görmürdü. Həyəcan və qorxu içində ora-bura vurnuxurdum. Anlaya bilmirdim ki, haraya, kimə və nə üçün güllə atmalıyam. Elə bu vaxt qarovulçuların dayandıqları bütün nöqtələrdən atəş səsləri eşidildi. Daha heç bir tərəddüdə yer qalmadı: "Deməli, basqınçılar başımızın üstünü alıblar".

Ətrafı səs-küy bürümüşdü. Sürəkli güllə səsləri gecənin vahiməsini bir az da şiddətləndirirdi. Mən yenə də heç nə anlaya bilmirdim. Poroxov isə səngərin içində əyilə-əyilə tənginəfəs ora-bura qaçırdı. Qalxıb qışqıra-qışqıra atəş açır və tez-tez yerini dəyişirdi.

Mən üstümüzə yeriyən təhlükənin qaşla göz arasında bizi haqlayacağını ağlıma sığışdıra bilmirdim. Amma nə baş verməlisə, o mütləq baş verəcək…

Heç bir iş görməmək ən pis işdir, - deyirlər. Mən də avtomatın ağzını çevirib üzü çöllüyə güllələri kor-koranə hara gəldi səpələdim.

Bu vaxt bizdən arxada - hərbi hissəmizin üstündə dalbadal fişənglər atıldı. Taborun gecə növbətçisinin həyəcanlı qışqırtısı eşidildi. O, düşmənlərin hərbi hissəyə basqın etdiyini bağıra-bağıra tabora car çəkirdi.

Bir-iki dəqiqə keçməmiş taborun əsgər və zabitləri səngərə doluşub bizə qoşuldu. Tanklar, PDM-lər nərildəyib taboru üzük qaşı kimi dövrəyə aldı. Projektorların gur işığı, göyə uçan fişənglərin parıltısı hər tərəfi gündüz kimi işıqlandırdı.

Ətrafda ins-cins gözə dəymirdi. Hamı məəttəl qalmışdı. Poroxov komandirimizə and-aman eləyirdi ki, bəs, qaranlıqda sürünə-sürünə səngərə tərəf gələn başı ağ çalmalı qaraltını o özü öz gözləri ilə görüb. Yüz faiz əmin olandan sonra atəş açıb.

Mən üst-başı, sir-sifəti palçığa bələnmiş Poroxovun vahiməli gözlərinə qəflətən tankın işığında baxanda qorxdum. Bir az əvvəl çiyin-çiyinə oturub hənirinə isindiyim, gileyli mahnısına qulaq asıb, xəyal qanadlarında uçduğum döyüş yoldaşım gözüm görə-görə qorxunc və əcaib bir məxluğa çevrilirdi. Elə bilirdim, o, bu an qəflətən geri sıçrayıb avtomatındakı darağın sonuncu patronu qurtarana qədər bağıra-bağıra bizə atəş açacaq. Amma heç birimizin gülləsi ona dəyməyəcək. Dəysə də, əcaib bir cadugər sehrinin təsirindən Poroxova güllə batmayacaq. Ölüm mələyi qaranlıq göylərdən şığıyıb onu bizim aramızdan caynağına götürüb dibsiz ənginliyə çəkiləcək. Onun qaranlıq göylərdən gələn əcinnə qəhqəhəsindəki istehza, əbləhcəsinə ələ salma mütləq bizim aramıza şübhə toxumu səpəcək. Və bu, bizə fəlakət gətirəcək…

Üşüyürəm. Dişim-dişimə dəyir. Onun sərsəm qarabasması tutmasaydı, yəqin, indiyə kimi növbəni təhvil verib isti çadırımıza qayıtmışdıq.

O gecə səhərə qədər taborun kənarında hamı bir nəfər kimi müdafiə mövqeyi tutub hücum gözlədi. "Başımızı kəsməyə gələnlər"dən səs-soraq çıxmadı. Amma qar-yağışla əlbəyaxa olduq, külək üzümüzü çərtdi, soyuq əhədimizi kəsdi.

Səhər tezdən minaaxtaranlar işə başladı. Təcrübəli kəşfiyyatçı zabitlər Poroxovun nişan verdiyi ərazini ələk-vələk elədilər. Daşlı-qumlu çöllükdə şübhəyə rəvac verən heç nə tapa bilmədilər.

Uca boylu, pəhləvan cüssəli Poroxov kinayəli baxışların, zabitəli sorğu-sualların, hədələyici xəbərdarlıqların əlindən bezar olmuşdu. Üz-gözündən yazıqlıq tökülürdü. Səsindən məzlumluq boylanırdı. Axşamdan bəri macal tapıb, əl-üzünün palçığını da düz-əməlli yuya bilməmişdi. Bükülü boynu, büzüşmüş bədəni ona acizlik forması, məzlumluq məzmunu geyindirmişdi. Bir sözlə, Poroxov ayaq üstə "ölmüşdü". Yeriyə-yeriyə "canını tapşırmışdı".

Xüsusi idarənin mülki geyimli buzsifət adamları və öz zabitlərimiz yazıq Poroxovdan əl çəkmək fikrində deyildilər…

Çək-çevir uzun çəkdi, yoxlamalar acı bağırsaq kimi dartıldıqca uzandı. Yuxumuza haram qatan o vahiməli "başı ağ çalmalı qaraltı"dan bir iz, bir nişanə tapılmadı ki, tapılmadı…

Uşaqlarımız dəstə-dəstə ayrılıb tabora tərəf qayıdırdılar. Bizdən qabaqda deyinə-deyinə addımlayan bir neçə zabitin arxasınca Poroxovla ikimiz yanaşı gedirdik. O, bir anlıq ayaq saxladı, döyükə-döyükə dəvətikanı koluna ilişib qalmış ağ torbanı mənə göstərdi. Mən çiyinlərimi boynuma qısdım… "Heç nə anlamıram. Yəni burda nə var ki?.. Görünür, axşamkı güclü külək onu haradansa ağzına götürüb və gətirib tullayıb buraya. O da kola ilişib qalıb".

Poroxov başını aşağı saldı. Bizim him-cimimizi yaxşı ki, heç kəs görmədi. Yolumuza davam elədik. Birdən o, astaca qoluma toxundu. Mən Poroxova baxdım, üzündəki ifadəni oxuya bilmədim. Amma şəhadət barmağını dodaqlarına tərəf aparıb boynunu bükəndə anladım ki, məndən susmağı, bu sirrin üstünü açmamağı təvəqqe eləyir…

Axşamdan bəri məni üzən şübhələr gün çıxanda seyrələ-seyrələ dağılıb gedən yaz dumanı kimi beynimdən çəkilirdi. Ürəyimdə bu maymaq adamın vecsiz sayıqlığına bilmirdim gülüm, yoxsa onu xəlvətə çəkib doyunca əzişdirim. Amma onun yalvarış dolu hərəkətlərində susmaq işarəsi olmasaydı da, mən Poroxovu satmağı heç ağlıma belə gətirməzdim.

Hər halda mən ən kobud əsgər söyüşünü astaca onun qulağına pıçıldayıb susdum.

Sonralar Poroxova yaxşı bir ləqəb də tapmışdım – Barıtov!..

Və bu mənə ləzzət eləmişdi. Acığımın, nifrətimin köpünü almışdı. Taborda az qala hamı ona "Barıtov" deyəndə yaman xoşhallanırdım.

Ara səngimişdi. Qarovul əhvalatı da asta-asta yaddan çıxırdı. Amma Poroxovla hər gün üz-üzə gələndə, elə bilirdim ki, o, ölüb təzədən dirilir.

Bəlkə də, bu mənim göz aldanışım idi.

Bəlkə də, xəyalımda onun miskin, aciz və maymaq obrazını mən öz-özlüyümdə yaratmışdım.

Bəlkə də, bu, həqiqətən belə idi…

Amma hər halda, onun gündəlik davranışları da rəvac verirdi ki, mən elə beləcə də düşünüm.

O, heç kəsə qaynayıb-qarışmırdı. Hamı yeməyə gedəndə sıranın lap arxasında dayanırdı. Sakitcə payını götürüb, tək-tənha bir küncə çəkilib yeməyini yeyirdi.

Ən aciz əsgər də belə Poroxovun siqaret payına, yataq yerinə, təzə papağına, isti sırıqlısına asanlıqla şərik çıxa bilirdi. Qab-qaşıq yumaq, çadırda yataq yerini süpürmək… bir sözlə, taborda çirkli və ağır işlərin adı gələn kimi hamının gözü Poroxovu axtarırdı.

Yazıq və məzlum kökünə salınmış bu əsgəri ən azı öz yoldaşlarının ədalətsizliyindən müdafiə edən tapılmırdı ki, tapılmırdı…

Bilmirəm, hansısa sehrli bir duyğu məni məcbur eləyirdi ki, onu köməksiz, arxasız qoymayım. Görünür, bu dünyada hamımız özümüzdən güclülərin daxili aləmindən gələn mərhəmətə, həmtaylarımızın havadarlığına möhtacıq. Və bu münasibət hansısa bir məqamda ucadan səslənməlidir ki, hamı – ən azı sənin daxili harayını eşidib, amma səs verməyənlər, eşidə bilsin.

Bir az böyük çıxmasın, mənim havadarlığım müqabilində Poroxovla əməlli-başlı dostlaşdıq. Get-gedə onun mülki həyatda qoyub gəldiyi maraqlı sevgi macəraları ilə ovsunlandıq. Az sonra bildim ki, bu yekəzol əsgər heç də az aşın duzu deyil. Bizim hamımızdan bic və çoxbilmişin biridir. Kef çəkdiyi qızlar haqqında söhbət açanda, təkcə mən yox, bütün onunla həmyaşıd olan əsgərlərin ağzı açılı qalırdı. Cibində bir qom şəkil gəzdirirdi. Bizlər – ömrü boyu bir qızın gözlərinə belə düz-əməlli baxmaq imkanı olmayan əyalət uşaqları tez-tez o şəkilləri Poroxovdan alıb baxırdıq…

…Pah atonnan, oğul yiyəsi!..

…Skamyada oturduqları yerdə qəşəng bir qızın belini qucaqlayıb…

…Başqa bir qız çimərlik paltarında Onun qucağında oturub.

…Totuq bir gözəlçə hansısa bir ad günündə Poroxova tort yedizdirir.

…Gözlərindən ehtiras süzülən qadın başını onun sinəsinə söykəyib.

…Stulda oturan qızın başının üstündə ayaq üstə sallağı dayanıb və o gözəlçənin boynunu qucaqlamağı cəhənnəm, hətta əllərini də qoyub onun yarıaçıq sinəsində göz-qaş eləyən yupyumruca döşlərinin üstünə…

Çadıra qayıdan kimi hamımız bit-sirkə kimi daraşırdıq Poroxovun canına! "Şəkilləri bəri elə!" Bax bu anlarda qiyamət qopurdu. Hamı istəyirdi o qadın şəkillərinə doyunca baxsın. Amma böyründəkilər səni tələsdirirdi. Və bu minvalla hər gün bir neçə kərə o şəkilləri bir-birimizə ötür-ötürə baxırdıq və lap axırda Poroxov onları kart kimi dəstələyib qoyurdu cibinə. İndiki kimi yadımdadı. Biz şəklə görə dartışanda, o özünü həmişə tox tuturdu. Çox vaxt kənarda çarpayıya uzanıb əllərini başının altında daraqlayıb, bizi istehzalı baxışlarla bic-bic seyr edirdi. O anların ikicə kəlməsi - onun heç vaxt köhnəlməyəcək səsi yadımda qalıb: "Görməmişlər!.. Yanıqlar!.."

Bəlkə də, bizim hüzurumuzda Poroxov özünü yalandan doymuş və görmüş kimi aparırdı. Əslində, onun qadın xiffəti bizimkindən qat-qat güclüydü. Biz təcrübəmizdə olmayan, dadını bilmədiyimiz qadın dünyasına hayıl-mayıl olurduq, o isə təkcə qulaqları və gözləri ilə deyil, bütün vücudu ilə duyub tamını bildiyi ömür nəşəsinə aludəçiliyi tərgidə bilməzdi.

Sözsüz ki, Poroxov belə macəraları ilə bizim hamımızdan ağıllı idi. Hər birimizi oğlanlar bulağına susuz aparıb, istəsəydi, heç qaytarıb gətirməzdi də…

…Səhər yeməyindən sonra taborun həyətində təntənəli toplantı keçirildi. Əvvəlcə şəxsi heyətin adbaad siyahısı oxundu. Siyahıda kimin soyadı oxunuldusa, sıradan bir addım qabağa çıxıb, "Mən!" deyib, qayıdıb yerində dayanırdı. Döyüşçülərin adbaad siyahısını oxuyan taborun komandiri mayor Yeqorovun zabitəli səsinin ahəngi birdən-birə dəyişdi:

- Leytenant Pravdin!..

Tabordan səs-səmir çıxmadı.

- Sıravi Kuznetsov!..

Yenə də sükut.

- Serjant … (sükut)

- Sıravi … (sükut)

- Serjant … (sükut)

- Sıravi … (sükut)

Lap axırda Poroxovun soyadı səsləndi.

Təbii ki, ondan da cavab gəlmədi.

Mayor Yeqorov bir-bir həlak olanların siyahısını oxuyandan sonra baş leytenant İzmalkov hərbi qaydada komandirə tərəf addımladı. Onun hüzuruna çatıb təzim etdi. Hüzn və kədər içərisində, hamının eşidəcəyi boğuq bir səslə nalə çəkirmiş kimi:

- Cənab mayor! Onlar (ölənlərin soyadlarını bir-biri sadaladı) döyüşdən qayıtmadılar!..

İzmalkovun boğuq səsi qulaqlarda əks-səda verdi:

"Onlar … döyüşdən… qayıtmadılar!.."

Ölənləri xərəyin içində gətirib şəxsi heyətin qarşısında sıra ilə yan-yana uzatdılar.

Sükut…Və yaylım atəşləri… Yoldaşlarımızla son vida görüşü… Sıra ilə adımlayıb, ölənlərə təzim edərək, sonuncu borcumuzu da ödədik. Onlar bizdən ayrılırdılar. Cəhənnəm əzabı ilə dopdolu dünyanın Əfqanıstan adlı zavallı və müəmmalar diyarından par-par parıldayan sink tabutlarda Vətənə "qayıdacaqdılar".

Amma hələ ki, onlar bizimlə birgəydi. Şindand çöllüyündə məskən saldığımız taborun həyətində xərəkdə «uzanıb dincəlirdilər». Hamısının üzü plaş çadırlarla örtülüydü. Toz-torpağa bələnmiş paltarları – sapsarı brezent xebelər əyinlərində, xrom əsgər çəkmələri ayaqlarındaydı. At müzövü boyda qapqara milçəklər yavaş-yavaş meyitlərin üstünə yığışırdılar. Günəş yuxarı qalxdıqca kölgələr gödəlirdi. Bir əsgər dizinin üstündəki gitaraya tərəf başını əyib, özbək dilində qəmli-qəmli oxuyurdu:

Qaraçuxam, tez oyan

Oyat, bəxtimi oyat.

Günəş, tez dur ayağa –

Ay! Sən də bir az gec bat…

Döyüşçülərin dövrəsində dil-dodağı əsə-əsə oxuyan o əsgərin mahnısı kahin duaları kimi sehrli və anlaşılmaz ovqat yaradırdı adamda. Ümidsiz və əlacsız insanın yalvarışından da nəsə vardı o mahnıda. Axıracan qulaq asdım. Qədimliyinə qədim idi, qəmliliyinə qəmli… Amma başqalarını deyə bilməzdim, şəxsən mənim duyğularıma çökmüş boz-bulanıq ab-havanı bu mahnı durulda bilmirdi. Əlac özümə idi. Haradasa xəyalımın əlçatmaz uzaqlığında uyuyan, mənə təskinlik verəcək, toxtaqlıq gətirəcək nəyisə, nələrisə; kimisə, kimlərisə xatırlamaq istəyirdim. Özbək oğlan bu dəfə rus dilində başqa bir mahnı başladı…

Mən çoxdandı

Anamı görmürəm.

Rusiyanı, Rusiyanı –

Evimizi istəyirəm…

Hamımız ona qoşulduq, ağız-ağıza verib xorla, təkrar-təkrar oxuduq. "Evimizi istəyirəm!.. Evimizi istəyirəm!.. Evimizi istəyirəm!.."

Get-gedə qızışıb mahnının mətninə də sövq-təbii əl gəzdirdik. "…Evimizi istəyirik, komandir!.. Evimizi istəyirik!"

Yox, yox! Oxumaq bəhanəydi. Biz əslində, tünlüyə salıb yalquzaq kimi ulayırdıq. Ürəyimizdən daş kimi asılan ağırlığı tullamaq, boğazımıza tıxanan qəhərin acısını qaytarmaq, qusmaq, tüpürmək istəyirdik. Hamımız gitaraya yalvarırdıq: "Susma, gitara… Qoy simlərin danışsın ürəyimizdən keçənləri… Vətənə xəbər göndər küləklərin qanadında… Halımızı komandirə ərz elə… Evimizi istəyirik, evimizi istəyirik!"

O nə gün idi qabağıma çıxmışdı, ilahi! Hər şeyi unutmuşduq. Yalnız anamızı və evimizi istəyirdik. Qəzəb və yalvarış dolu ifadələri özümüzdən uydura-uydura mahnı oxuyurduq…

- Lazım deyil, uşaqlar, lazım deyil! Allah xətrinə, qurtarın bu biabırçılığı!.. Kişi işləriylə məşğul olun!

Yeqorov bizi sakitləşdirmək üçün daha heç nə demədi. Siqaret yandırıb üzünü yana tutdu.

O anda İzmalkov çadırdan çıxdı. Hədələyici əda ilə «xor dəstəsi»nə təpindi:

- Bu nədi?.. Dəli olmusunuz?.. Tez rədd olub dağılışın! Avaralar…

…Dəstədən kimlərsə xırp səsini kəsdi.

Kimsə, səsinin tonunu aşağı saldı.

Kimsə, böyründəkinin susduğunu görüb ağzına su aldı.

Əsgərlərin bəziləri dayanmaq bilmirdi. Amma nə xeyri? "Xor dəstə"mizin oxuduğu mahnının səfi pozuldu. Öz-özünə yaranan nizam-intizam dağıldı.

Görünür, həyatın ibtidai, dönməz və əbədi qanunlarından biri də budur. Sevgiyə qarışan nifrət; dostluğa yol tapan xəyanət; müharibəyə burnunu soxan sülh; ağıla qoşulan dəlilik həmişə birinciləri parçalayıb dağıdır və ya onu heydən salır.

Dağılışdıq. Çadırların kölgəsinə çəkilib çömbəlti oturduq. Daşlı-qumlu düzün ortasında meyitlər özlərini "günə verirdilər". Onların məğlubiyyət bayrağı kimi vecsiz və mənasız aqibətindən hər birimizə pay düşürdü…

Günortadan sonra tibb taborundan gələn sanitarlar meyitləri «təcili yardım» maşınlarına yükləyib apardılar.

O gecə yerimə qor töküldü, yuxum ərşə çəkildi. Çadırdan bayıra çıxıb tək-tənha bir daşın üstündə oturub elə hey siqaret tüstülətdim.

Aylı-ulduzlu Əfqanıstan göylərindən "sulu qar yağırdı"…

Şindandın isti, qonur çöllərində "soyuq səhra küləyi mələyirdi".

Qulaqlarımı batıran "güllə səslərinə" oyanıb, heç kəs çadırdan çölə çıxmırdı.

Bir-birindən od götürən siqaretlərdən barıt qoxusu gəlirdi…

Qonşu çadırdan bir nəfər əsgər çıxıb, yarıyuxulu halda çadırın qapısı ağzındaca peşov eləyib içəri keçdi.

Şindand aeroportundan gecə yarı göyə qalxan hərbi yük təyyarəsinin səsinə boylandım. "Yəqin sərnişinləri arasında bizimkilər – Poroxovgil də var…" düşündüm.

"Lənət şeytana! Axı niyə o vaxt Poroxovu bizim aramızdan caynağına götürüb aparacaq ölüm mələyinin idbar şəkli mənim xəyalımdan keçmişdi. Nə üçün mən onun göy üzündəki dibsiz ənginliklərə uçuşunu, gedər-gəlməz yollarını ağlıma gətirmişdim?.."

Təyyarənin içindəki "sink oğlanlar"ın arasında bayram libasında uzanmış Poroxovu gördüm. O, sol əlində bir zamanlar bizə göstərdiyi qız şəkillərini dəstələnmiş kart kimi gözünün qabağında fırlayıb baxırdı. İstədim deyəm ki, o şəkilləri ver, qoy məndə qalsın, Barıtov! Arabir uşaqlarla baxarıq. Amma utandım.

Bir yandan da düşündüm ki, o, bu dünyada daha heç kəslə şəkil çəkdirə bilməyəcək. Özü ilə aparsa yaxşıdır. Mənim aqibətimi bilmək olmaz.

Birdən aramızı pərdə kimi bağlayan şəkillərin o üzündən Poroxovun ağrılı, küskün və incik səsini eşitdim:

- Daha mənə "Barıtov" demə, Aslanov!

- Niyə axı, "Barıtov"?!

- Çərənləmə! Qurtar bu gic-gic zarafatlarını, - Poroxov çımxırdı. – Mən o başı bəlalı gecədən sonra sənin xətrini çox istədim, ağzıbütöv olduğun üçün. Məni o murdar, əbləh tarakanların əlindən də sən aldın. Düzdü?

- Fürsət tapıb səndən soruşa da bilmədim ki, dostum, axı nədi e bu "Barıtov"?.. Təhqirdir, söyüşdür, ələ salmadır, nədir axı?.. Niyə yerində qacımısan, danış da…

- Sənin soyadın bizim dilimizə «barıt» kimi tərcümə olunur, Poroxov. "Barıt" - "Porox" deməkdir. Burada küsüb, inciməli nə var ki?..

Poroxov əlində tutduğu şəkillərlə üzünü bağladı, qəhqəhə çəkib qəşş elədi.

- Axx tı sənin… Di onda öz familiyanı da bizim dilə tərcümə elə, Aslanov.

- "Aslan" - "Lev" deməkdir, Barıtov.

- Deməli, "Levov", hə…

- Hə, - dedim.

Barıtov mənim bu vecsiz tərcümələrimə yenidən ürək dolusu güldü. Aylarla, günlərlə ürəyinə, beyninə yüklədiyi ağır bir şələni sanki çiynindən aşırıb yerə tulladı. Asudə nəfəs aldı, üz-gözü nura boyandı:

- Əlvida, Levov! - dedi...

- Əlvida, Barıtov! - dedim…

- Sağ-salamat qal, məni unutma! - dedi…

- Salamat qalsam, unutmaram! - dedim.

Onunla görüşdüyümüz kimi də "ayrıldıq". Barıtov məni silahsız, patronsuz güllələyib getdi.

Hərbi yük təyyarəsinin səsi də, Poroxovun gümüşü rəngli tabutunun gözlüyündən baxan mavi gözləri də göy üzündə qapandı. Dibsiz ənginliklərin sinəsindəki çatlar da gedər-gəlməzlik yolunun ağappaq toz-dumanında suvanıb bağlandı.

Ayağa durub, çadıra qayıdıb yatmaq istədim. İçəridə göz-gözü görmürdü. Dördkünc, balaca çadırımız qatı siqaret tüstüsündə boğulurdu. Bakir Poroxovun yerində uzanıb, hələ də siqaret çəkirdi.

Mən çadırın qapısını açdım ki, tüstü dağılsın.

Yaxınlıqdakı qarovul postundan keşikçinin səsi açıq-aydın eşidilirdi. Görünür, "növbə"ni dəyişirdilər.

- Yoldaş serjant, mənim qarovulda durduğum müddətdə heç bir hadisə baş verməyib!..

Təskinlik üçün yaxşı xəbərdi.

Amma üstünə gecənin ağırlığı çökmüş taborun çadırlarında yatan hərbçilərdən hansınınsa qolundan bir saat səsinin hıçqırtısı gəlirdi.

# 1693 dəfə oxunub

Müəllifin son yazıları

# # #