Hamıya pay verib ömründən bir az - Günün şeiri

Xalq şairi Musa Yaqub

Xalq şairi Musa Yaqub

5 oktyabr 2022
# 13:00

Kulis.az Müəllimlər Günü münasibətilə Xalq şairi Musa Yaqubun "Müəllim ömrü" şeirini təqdim edir.

Saatlar...Otaqlar...
Hə,bu da bir gün...
Siniflər...Uşaqlar...
Hə,bu da bir gün...
Yenə zəng çalındı,çölə,içəri...

Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

Demə ki, keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər

Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

# 2561 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #