Pulları çiçəklərə çevirə bilsəydik... - Allahşükür Ağanın şeirləri

Pulları çiçəklərə çevirə bilsəydik... - Allahşükür Ağanın şeirləri
9 avqust 2021
# 17:12

Kulis.az Allahşükür Ağanın şeirlərini təqdim edir.

Əgər

Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.

O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək
Pulları çiçəklərə çevirə bilsəydik,
sevgi azalmazdı, əsla.

Qəribə xasiyyətim var...

Axşam – səhər kinolara baxıram
Təyyarə və gəmi qəzasına.
Ya da pələnglərin
Ceyranları parçalamasına...

Mənə deyirlər,
Nə daş ürəyin var.
Ya beyninə qan sızar,
Ya ürəyin dayanar.

Belə şeylərə baxma,
Kompüteri bağla.
Get həyətdə
Bir doyunca ağla.

Deyirəm hardan biləsiniz
Nə çəkirəm, nə?
Həmin faciələrdə
Mən də ola bilərəm -
Çıxış yolu axtarıram.

Oxu əllərimi

Əllərim ağappaq dəftər vərəqi,
Əlindən əlinə vərəqləyirsən.
Bəlkə falçı kimi baxıb əlimə,
Quzu taleyimi mənə deyəsən.

Oxu əllərimi, oxu doyunca,
Bəlkə öyrənəsən onun dilini.
Əlimin qızılı üzüyü deyə,
Əlimə çəkmişəm çölün şəklini.

Oxu əllərimi aç ürəyincə,
Orada nə qədər əllər sıxmışam.
Oxu əllərimi tapasan deyə,
Sənin yaylığını oğurlamışam.

İtirmək qorxusu bitir əlimdə,
Yelləncək həvəsi bitir əlimdə.
Bir körpə gülüşü itir əlimdə,
Oxu əllərimi aç vərəq-vərəq,
Əlimdə taleyim çiçəkləyəcək.

Güllə

O günü torpaqda lalə qızardı,
Utana – utana baxdı lalələr.

Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə nə idi, söndürəydilər.

Yağdı ürəyindən lalə yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair sorağında gəzir dünyanı,
Dantesin Puşkinə atdığı güllə.

Qəbiristan yolları

Qəbiristana gedən yollar,
Ot bitirsə, gözəl olar.
Burda ayaq izi də
Quruyar xəzəl olar.

Qəbiristana gedən yollar,
Gecə-gündüz səs daşıyır.
Dolanıb başdaşlarına,
Bir cığır qəfəs yaşayır.

Neçə ayaq izi ölüb,
Qəbiristan yollarında.
İzləri otlar qaldırıb,
Tabut kimi qollarında.

Uzaqlar

Hərdən elə olur ki, bəzən
çıxam gedəm uzaqlara,
buralara gəlməyəm.
Heç şeir də yazmayam,
yerimi nişan verməyəm.

Uzaqlar mənə şirindi,
Uzaqdadır arzular.
Görürsən ki, uzaqlardan yazır şairlər,
Arzularını dan üzünə yazırlar,
Qəribə burasıdır ki,
Gözləyirlər uzaqların
Bu yaxınlarda
Bakıya gəlməyini...

Uzaqlardadı
Kitablarımın capı,
Uzaqlardadı duz rəngində
Saçlarım,
Nəvələrim,
Deputat olmaq arzularım.

Bəlkə uzaqların qabağını kəsiblər
Qoymurlar Saatlıya gəlməyə
Qoymurlar məni tapmağa.
Bəlkə mən çıxım gedim uzaqlara,
Kim bilir elə bəlkə
Bir santimetr aralıdan,
Uzaqlıq gəlib keçib yanımdan.
Məni oyatmayıblar,
“Bu zalım dostlar,
Zalım adamlar”.

Bağban

Gül açılanda bağban ölür,
Nə qəribə misradır,
Görən güllər, meşələr,
Neyləyir bağban öləndə?
“Səhər-səhər bağa girdim
Nə bağ bildi, nə də bağban”.
Bağban niyə bilməsin ki,
“Əl üzadıb bir gül dərdim”,
Bağban niyə bilməsin ki...
Hanı bağban, bəlkə yatıb,
bəlkə ölüb?
“Nə bağ bildi, nə də bağban”,
Bəlkə çiçək olub, yarpaq olub
Bəlkə dönüb torpaq olub?
Nə qəribə dünyadı,
Bağban öldü,
Üstünə gül tapılmadı,
“Nə bağ bildi, nə də bağban”.

Oxu, şairim

Şair, səhər-səhər bir durna köçünə əl eyləsən,
Vaqifin ruhuna vaqif olarsan.
Dizlərini yerə qoyub bir çiçək ləçəyinə əyilsən,
Bir roman oxumuş kimi ayağa durarsan.

Yoxsa sənin oxuduğun xarici romanlar
Kimi şair eylədi deynən?
Səhər-səhər dur bax, gör çay necə tələsir,
Onu kim, çağırır,
Bir məna ver, öyrən,
Bir çay romanı oxumuşam deynən, dostlara.

Get bazara bax, adamların üzlərinə, gözlərinə
Gör nə qədər yorğundular.
Elə bil min dəfə oxunmuş romandılar.
Köhnə, cildləri cırılmış kitabdılar.
Dünya ilə çəkilmiş haqq-hesabdılar.
Oxu şairim, bu adamlar xaricdən gəlməyiblər,
Sənin qonşularındı.

Oxu, o saat biləcəksən
Birinci hansı intihar edəcək?

Ay dünya…

Güllə varsa, açılacaq,
Bəs indi biz neyləyək?
Bir əlimizdə bayraq, birində güllə,
Bir əlimizdə quran, birində güllə,
Bir əlimizdə uşaq əli,
Birində güllə,
Biz kimi qoruyuruq, İlahi, kimi?

Taxıl əkirik, tank düzəldirik,
Məktəb tikirik, top düzəldirik,
Dərs söyləyirik, düşmən göstəririk,
Kimi aldadırıq, kimi, İlahi?
Biz neyləyək,
Kimin yanında duraq?
Deyəsən, dərs qurtardı, zəng çalındı,
Bəlkə… dünyadan çıxaq?

Əsgər

Davanın şirin yerində
Qarşı təpədən
Bir əsgər qəfil
Papağını atdı göyə,
Biz hələ səngərdəydik,
Osa özünü vururdu göyə.
Qaça- qaça,
Uça-uça gəlirdi,
Ağlayırdı,
Gülürdü.
Çıxarıb pencəyini
Yağışın ağzına atdı.
Əynində nə vardı
Hamısını islatdı,
Gölməçəyə uzandı,
Palçıqda batdı.
Nə vardı əynindən
Çıxarıb palçığa atdı.
Bir dəri qaldı,
Bir sümük,
Bir də ağzında səs.
Qaçırdı bizə tərəf,
Biz nə bilək, nə deyir,
Gah yıxılır,
Gah yüyürür,
Gah yeriyir.
Ağzında bir səs qalıb
Bir dənə də söz,
Müharibə qurtardı - dedi.
Başladı oynamağa
Ay alagöz, alagöz...
Oğulsansa gəl buna döz.

# 2202 dəfə oxunub

Müəllifin son yazıları

# # #