Kulis.az Fazil Horovlunun yeni şeirlərini təqdim edir.
Yeni dünyaya gələk...
Heyif ki, bir dəfə verilir ömür –
ümdə arzulara yetə bilmirik?
Baharda boz çöllər gülzara dönür –
biz niyə gül açıb, bitə bilmirik?
Bir sual önündə qalmışıq aciz –
nə üçün gəlmişik, hara gedirik?
Ömrə nur saçırkən günəş, ay, ulduz,
biz niyə zülmətə sarı gedirik?
Səbrin cilovunu qırıb çoxumuz –
unuduruq, şeytan içimizdədir.
O qədər şirindir qəflət yuxumuz –
onda ayılarıq, köçümüz gedir.
Tamahdır bəşəri toruna salan –
böyük də, kiçik də nəfsinə quldur.
Bir bütə baş əyir cümlə yaranan –
dünyanı fırladan həqiqət, puldur!
Başımızın üstdə ölüm mələyi,
ayağımız altda cəhənnəm odu.
Ömrümüzün ipin kəsirkən zaman –
yenə də, gözümüz bal şanındadır.
Həyat da, ölüm də göylərdən gəlir –
yer üzü boşalıb, dolan beşikdir.
Insan qismətini göylərdən alır –
şükranəlik, ömrə bir yaraşıqdır.
Haraya gedirik – anlamadayıq,
haradan gəlmişik – çətin ki, bilək.
Dağılsa yaxşıdır belə bataqlıq –
bəlkə, biz yeni bir dünyaya gələk.
***
Kəhriz yolu...
Kəhriz yolu, yoxuşlu,
Dörd yanı gül naxışlı.
Suya gələn gözəllər,
Ay üzlü, od baxışlı.
Yanımdan bir qız keçdi,
Əyilib sudan içdi.
Zülfünü yan elədi,
Sandım, Ay suya düşdü.
Saçını suda hördü,
Əksimi suda gördü.
Xəlvəti baxdığını,
Qızlar da, su da gördü.
Yanaqları alışdı,
Ulduzumuz barışdı.
Qorxdu, qızlar söz edər –
Qalxıb yamacdan aşdı.
Bir anlıq, ağlım çaşdı,
Ruhum dalınca uçdu.
Su içdim, dodaqlarım,
Suda, Ayla öpüşdü.
Üzümü aya tutdum,
Özümü suya atdum.
Əllərim boşa çıxdı –
Ay kimi, suda itdim.
Qızlar baxıb gülüşdü –
Dedilər, bu nə işdi?
Sirri suya deyərlər,
Aç qəlbni, danış di.
Dərdimi suya dedim,
Sevgimi Aya dedim.
Ellərə yaysın deyə,
Sirrimi, neyə dedim.
***
Azımızı itirməyək
Yetmişi adlayanda –
uzun bir ömrün
minnətin götürürük.
Üç almaya dəyməyən
sevgi nağılımızı
könülsüz bitiririk.
Yavaş-yavaş,
qartal baxışımızı,
pələng duruşumuzu,
aslan yerişimizi itiririk.
Qəlbimizin odu gedir,
ağzımızın dadı gedir –
duzumuzu itirməyək.
Nisyə cənnət sorağıyla,
gözəllərin məclisində
nazımızı itirməyək.
Yüz gözəlin arasından
birin sevib-seçə bilən
gözümüzü itirməyək.
Bığımızı eşib-buraq,
papağın dalın qaldıraq –
nazımızı itirməyək.
Qələm o qələmdir,
kağız, o kağız –
qəlblərin buzun əridən
yazımızı itirməyək.
Dilimiz həmin dildir,
ağzımız, həmin ağız –
yuvadan ilan çıxaran
sözümüzü itirməyək.
Eşq alovlanmaq istəsə,
qəlb eşqlə yanmaq istəsə –
közümüzü itirməyək.
Aradan küləklər əssə,
şübhələr ümidi kəssə –
özümüzü itirməyək.
Nə “get” deməyə
dilimiz gəlsin,
Nə ətəyi buraxmağa
əlimiz gəlsin –
gözəllərin yanında,
üzmüzü itiririk.
Xatirələr ilə coşaq,
ovçu nağılları qoşaq –
sazımızı itirməyək.
Nahaq həsəd aparmayaq,
çoxdan gözümüzü yığaq –
azımızı itirməyək.
***
Çin olsun yuxum
Yuxuda gördüm onu –
nə xoşbəxt gecə idi?
Yanağı dağ laləsi,
dodağı qönçə idi,
Sanki, yuxu deyildi,
həyatın özü qədər,
doğmaydı, gerçək idi.
Dumana bürünmüşdü –
mavi libasda idi,
Təbəssümü canalan,
yerişi asta idi...
Göylərdənmi enmişdi,
xilaskar mələk kimi?
Yoxsa, yuxumda azmış,
ruhunu axtarırdı,
nigaran ürək kimi?
İllərin həsrətiylə
yuxusunu itirmiş,
otağına dönmüşdü,
Doğma hərarətini,
qoxusunu itirmiş
yatağına dönmüşdü.
Bilmirdim,
mən ölmüşdüm,
yoxsa o dirilmişdi?
İlahi, kaş gördüyüm,
o yuxum çin olaydı.
O da, ilk sevgi kimi,
öz yuvasına dönmüş,
ağ göyərçin olaydı.
Kaş, yuxuda öləydim,
o yuxu bitməyəydi.
Kaş, o xilaskar mələk,
çin olmamış yuxumdan
əliboş getməyəydi!
***
Bağışla
Uşaq idik...
Ilk sevginin,
ürəkdən-ürəyə
açdığı qapıları,
sındırıb ayrıldıq.
Ilk öpüşüşn,
dodaqdan-dodağa
saldığı körpüləri,
yandırıb ayrıldıq.
Böyüdük...
Ümidin
sınıq qapıları,
taybatay açıqdır hələ.
Vüsalın,
yanıq körpüləri,
tağbatağ uçuqdur hələ.
Illər ötür –
şirin xatirələrə
yanaşmağa qorxuram.
Dilim batır –
acı həsrətimdən,
danışmağa qorxuram.
Ömür bitir –
son vüsalıma
qovuşmağa qorxuram.
Qanadım qırıldı,
gələ bilmədim,
bağışla!
Acı taleyini,
bölə bilmədim,
bağışla!
Ilk sevgimiz kimi,
ürəyində ölə bilmədim,
bağışla, bağışla, bağışla!
***
Bir dəli varmış...
Həsrətin,
göz ilə görünməyən,
közü varmış.
Zaman-zaman kök atıb,
ürəkdən silinməyən,
izi varmış.
Həsrətin,
kövrək ümidi aldadan,
məkrli dili varmış.
Dilinin altında,
ölüm qorxusu dadan,
acı balı varmış.
Həsrətin,
vüsala açılmayan,
şikəst qolu varmış.
Sona qədər keçilməyən,
dolanbac yolu varmış.
Həsrət,
cəhənnəm oduymuş –
dünya boyda külü varmış.
Həsrət,
ruhun fəryadıymış –
göylərə açılan,
ümidsiz əli varmış.
Dünyanın,
bir ömürlük həsrətini,
öz çiyinində daşıyan,
bir qoca qulu var imiş.
Ümidsiz çırağın
solğun işığında,
ümidlə yaşayan
bir ağıllı dəli varmış!
***
Cəbrayıl
Kaş öləydik, gəlib belə görüncə –
Sən hara, bu görkəm hara, Cəbrayıl?
Neçə ildir, həsrət qalıb sevincə,
Çətin dözdük bu qubara, Cəbrayıl.
Hər şəhidlə biz də öldük, dirildik,
Bu Zəfəri gözləməkdən yorulduq.
Anaların göz yaşıyla durulduq –
Sinə gərdik bu dağlara, Cəbrayıl.
Görüşünə gəlib Komandanımız,
Ona da, sənə də fəda canımız.
Dar qəfəsin qıran arzularımız,
Bu gün uçdu ucalara, Cəbrayıl.
Qoymadı bükülü qalsın dizimiz,
Ziyasıyla nura çatdı gözümüz.
Bu torpağa yenə düşdü izimiz –
Xəcalət getmədik gora, Cəbrayıl.
Diridağın yamacları güllənsin,
Ziyarata qırov düşsün, çallansın.
Qəlbimizin köhlən atı nallansın –
Balan kimi çapaq ora, Cəbrayıl.
Fazil bəsdir, sızlamayaq ney kimi,
Dönək yuvamıza qartal, ley kimi.
Narahat ruhumuz, Prometey kimi,
Sinəndə çəkilib dara, Cəbrayıl.
***
Şuşa...
Otuz ildir, övladların
Həsrətinə dözdü, Şuşa.
Ümidlərin itirmədi,
Sənsizlikdən bezdi, Şuşa.
Şanlı ordum, qisas aldı,
Görünməmiş zəfər çaldı.
Mənfur düşmən zəlil oldu,
Perik düşdü, tezdi, Şuşa.
Revanşizm, bitməz həvəsdir,
Arsaxdan ümidin kəsdi.
Güc gördü, quyruğun qısdı –
Başqa yalaq gəzdi, Şuşa.
O, mənfur İblisyanların,
Xocalıya qıyanların,
Diriykən, ölü canların
Xalq hökmünü yazdı, Şuşa.
Paşikə yol açanların,
Şərabla, dil açanların,
Yallıya qol açanların –
Qolun dibdən üzdü, Şuşa.
Diaspor it günündədir,
Dili, ağlından öndədir.
Yenə, revanşist yöndədir –
Öz xalqına pazdı, Şuşa.
Gözü bağlı ermənilər,
Sinə dağlı ermənilər,
Qarabağlı ermənilər,
Özünə gor qazdı, Şuşa.
Bir gün, ağıla gəlsələr,
Mələk donuna girsələr,
Duz-çörəyə and versələr,
Inanma, boş sözdü, Şuşa.
Öndərin ruhu güləcək,
Gəldi, o deyən gələcək.
Xalqım, qədrini biləcək –
Qədirbilməz azdı, Şuşa.
Onun siyasi sələfi,
Səbr ilə seçdi hədəfi –
Otuz illik bir kələfi
44 günə çözdü, Şuşa.
Çətin “Zəfər yolu” seçdi,
Yüz oddan, alovdan keçdi,
Xan bulağından su içdi –
Köz üstünə sızdı, Şuşa.
Ərdoğan durdu sözündə,
Dağdır, xalqımın gözündə.
İlhamla, Cıdır düzündə
Yallı getdi, süzdü, Şuşa.
Fazil, Şuşa özgə candır,
Dahilərdən ərmağandır.
Azərbaycan kəhkəşandır,
Ən parlaq ulduzdur, Şuşa.
***
Təbriz bayatıları
Təbriz, şirin dilinəm,
Gec açılmış gülünəm.
Leylisən, Məcnununam –
Qoy desinlər, dəlinəm.
Neyçün əzizsən belə?
Tərifin sığmır dilə.
Bu sevdamın sorağı
Qoy düşsün eldən-elə.
Bir torpağın barıyıq,
Bir dadan nubarıyıq.
Bir almayıq, bölündük –
Biz quzeyli yarıyıq.
Soyum Horovdan gəlib,
Qarabağda yurd salıb.
Bu tayda Horovludur,
O tayda, Herab qalıb.
Pir babamsan, nəvənəm,
Nur nənəmsən, həvənəm.
Bir sevda yolçusuyuq –
Karvanında dəvəyəm.
Elgölüdə oxuyum,
Güllərini qoxuyum.
Hər arzum, bir ilmədir –
Gül xalçana toxuyum.
Ərdəbildəndir yolum,
Doğmadır sağım-solum.
Məni gördü, gül açdı –
Torpağa qurban olum.
Şəhriyar barlı bağdır.
Təbi, qaynar bulaqdır.
Dilimin keşiyində,
Əbədi duracaqdır.
Heydərbaba, dağımdır,
Meşkin cənnət bağımdır.
Səhəndi görən deyər,
Cənnət solum, sağımdır.
Kəndovan, daş ovamdır,
Hər qaya, bir yuvamdır.
Sərin suyu bal dadır –
Minbir dərdə davamdır.
Ağ göyərçin olaydım,
Orda qanad çalaydım.
Qardaş sevgisi kimi,
Ürəklərə dolaydım.
Yansın səngəh təndiri,
Payıma düşsün biri.
Ləzzət verər dürməyə
Büksəm Liqvan pendiri.
Sinəmdə gül bitirim,
Çələng hörüb gətirim.
Dəlidağın salamın,
Savalana yetirim.
Ərk qalası, tamaşa,
Buludlarla baş-başa.
Babək yadigarıdır –
Qanı hopub hər daşa.
Ərk qalası boş qalmaz,
Qiyamətə iş qalmaz.
Babəklər qılınc çəkər,
Çiyinlərdə baş qalmaz.
Qılınc, qınında boğular,
Qeyrət, qanda boğular.
Zəncirin qırmayanın,
Ruhu canda boğular.
Xəzansız, qış görmədim.
Qanadsız quş görmədim.
Əyilmiş boyun üstdə,
Qeyrətli baş görmədim.
Fələk, yüz işə salar –
Düyünü qoşa salar.
Aqil, ağılla açar,
Ağılsız, dişə salar.
Yaz gələr, qış dayanmaz,
İl ötər, yaş dayanmaz.
Ayrılıq, həsrət varsa,
Kiprikdə yaş dayanmaz.
Laçınlar daşa qonar,
Şığıyar, quşa qonar.
Tərlan, göydə ov alar,
Quzğunlar leşə qonar.
Təbriz, məndən baş istdə,
Hər nə desən, baş üstə.
Səbrim dərya qədərdir –
Gül bitirər daş üstdə.
Eynalıda duman var,
Çəkiləcək, güman var.
Gün gələr, çərxi-fələk,
Geri dönər, zaman var.
Təbriz, ürəyim mənim,
Duzum-çörəyim mənim.
Can bir, qan bir qardaşım –
Arxam, dirəyim mənim.
Təbriz, qoyma təklənim,
Yad əllərlə yüklənim.
Neytək sızladım, bəsdir,
Misri üstə köklənim!
Hər nəfəsim, ahımdır,
Ümidim, günahımdır.
Bakı, ruhumun evi –
Təbriz, səcdəgahımdır!
***
Vətən olar...
Vətən bəhrəli bağıdır –
meyvəsi dərmək üçün,
gülü üzmək üçündür.
Vətən yurddur, ocaqdır –
xoş günlər görmək üçün,
azad gəzmək üçündür.
Vətən, doğma qucaqdır –
sevinci, sevincimiz,
dərdi, dözmək üçündür.
Keçmişdir, gələcəkdir –
şanlı zəfərlər çalmaq,
tarix yazmaq üçündür.
Torpağı Vətən edən,
fədakar oğuların
yenilməz qeyrətidir.
Insanı İnsan edən,
Torpaq məhəbbətidir,
Vətən məhəbbətidir.
Torpağa qurban gedən,
çinar toxumu kimi,
bitib, ucalacaqdır.
İgid balalarımız,
şəhidlik zirvəsinə
baxıb, güc alacaqdır.
Başlar qoyulan Torpaq,
yenilməz, Vətən olar!
Qanla yuyulan Torpaq,
alınmaz, Vətən olar!
Ana deyilən Torpaq,
bölünməz, Vətən olar.
***
Örən qala
Bu qala, Örən qaladır,
Babalar hörən qaladır.
Nənəmin nağıllarıyla,
Yuxuma girən qaladır.
Bu qala, Örən qaladır,
Uludur, ərən qaladır.
Nadir şahı, Cavanşiri,
Qundaqda görən qaladır.
***
Bu qala, Örən qaladır,
Min ildir duran qaladır.
Neçə-neçə fatehlərin
Gözünü qıran qaladır.
***
Bu qala, Örən qaladır,
Zamanı yoran qaladır.
Dünyanı saf-çürük edib,
Dişinə vuran qaladır.
***
Bu qala Örən qaladır,
Məskəni Aran qaladır.
Öz adını Mübarizə
Ərməğan verən qaladır.