Nodar Dumbadzenin hekayəsi: “Tamerlan”

Nodar Dumbadzenin hekayəsi: “Tamerlan”
14 sentyabr 2020
# 21:01

Kulis.az gürcü yazıçısı Nodar Dumbadzenin “Tamerlan” hekayəsini təqdim edir.

Əli Osman oğlu Süleyman Soğanlınski istəmədən Taraqayın oğlu Teymurun ayağını sındırdı.

Süleyman onu qarabaqara izləyən bu sırtıq körpələrdən yaxasını qurtarmaq üçün əlindəki çomağı onlara tərəf tolazladı və çomaq Teymurun düz qıçından tutdu.

Taraqayın oğlu ağrıdan çığırdı, dayanmadan qışqırmağa başladı. Deyərdin ki, o, heç vaxt səsini kəsməyəcək.

- Birdəfəlik başını kəs getsin, bəlkə ağlı başına gələ! - Süleymanın qonağı Mustafa ona məsləhət verdi.

- Sən nə danışırsan, yazıqdı axı! - ev sahibi kədərli halda cavab verdi. Sonra o, Teymuru qucağına götürdü, rəngbərəng parçayla sınmış ayağını sarğılayıb onu eyvana qoydu.

- Sən bir bunun gözlərinə bax! Qan çanağına dönüb! Əgər qismətində böyümək varsa, böyüyəcək, əlbəttə, axsayacaq, amma çətin ki, kiminsə ona gücü çata! - Süleyman əlavə etdi və qonağı içəri apardı.

- Levan! - səs gəldi.

- Buyurun, Nutsa xanım! - Nanuli qonşu arvadın səsini tanıdı.

İçində məktəb dəftərləri və qızıl güllər olan böyük çantalı bir xanım qapıdan içəri dürtüldü və bambuk çardağın altında kölgələndi.

- Nə zəhmət çəkirsiz, Nutsa xanım, hər gün... Kış-kış, başı batmışlar! Hər gün qızıl gül, qızıl gül... Cəhənnəm olun burdan!

- Yox, əşşi... Kış-kış, ay toyuq! Nə əziyyəti var, əzizim Nanuli?! Kış-kış! Bunları bağlı saxlamaq lazımdı, yoxsa bütün göy-göyərtinin axırına çıxacaqlar! Cəhənnəm ol, ay toyuq!

- Hə, bağlı saxlayıram, amma bir yol tapıb aradan cırırlar... Kış-kış!

- Əzizim Nanuli, quyruqlarını gödəldib, qanadlarını da kəsmək lazımdı. Rədd ol! Hələ bir xoruzlarına bax! Sırtığın biridir, amma yaraşıqlıdır ha!

- Eeh! Məndə vaxt hanı, bunlarla əlləşim?! – deyə arvadım əlini yellədi.

- Çətin ki, bu həftə alınsın, amma gələn bazar yatan yerdə onlara bir əl gəzdirərəm...

- Kömək edin, Nutsa xanım, məni bu yaramazların əlindən qurtarın! - Nanuli dil-ağız etdi və həmin dəqiqə də nəzakətlə soruşdu - Bəs siz bütün gün məktəbdə yorulmursuz?

- Özü də necə! - Nutsa xanım ah çəkdi - siz Allah fikir verin, görün, nə qədər dəftər var! İndi gəl bütün bunların hamısını oxu və düzəliş et! Budur, Çiklauri yazır ki, iki dəfə iki dörd də edə bilər, beş də! Apçiauri artıq dördüncü sinifə gedir, amma axmaq bilmir ki, yeddi dəfə beş neçə edir. Di gəl ki, soruşsan, deyəcək, kosmonavt olmaq istəyirəm!

“Yeddi kərə beş neçə edir ki?” - bu sual beynimdə fırlandı. Qıpqırmızı oldum. “Biabırçılıq! Dayan-dayan! Üç dəfə beş - on beş. On beş ilə on beş - otuz. Qaldı bircə dənə, yəni yeddinci beş. Bu yeddinci beşi də otuzun üstünə gələndə edir otuz beş... Yoxsa otuz yeddi? Lap başım şişdi ki! Yox e, nə otuz yeddi?! Beş üstə gəl otuz - otuz beş edir də!” Alnımdan axan soyuq təri silib həyətə çıxdım.

- Siz heç narahat olmayın, Nutsa xanım, lazım gəlsə, sizin Apçiauri hamısını lap yaxşı hesablayacaq...

- Ooo! Nodar Vladimiroviç! Salam! Necəsiz? Tfu, tfu, göz dəyməsin, keçən ilkinə baxanda yaxşı görünürsüz! Düzünü desəm, keçən il biz hamımız sizə görə yaman narahat idik..

- Təşəkkür edirəm, Nutsa xanım, indi babatam...

- Allah sizə can sağlığı versin! Hə, indi gedirəm, bazar günü isə, əzizim Nanuli, gəlib sizin toyuqlarınızla məşğul olacam.

- Çox sağ olun, Nutsa xanım, Allah köməyiniz olsun!

Qonaq ayağa durdu, həyətdən çıxdı və alaqapını arxasınca örtdü.

Onun haqqında heç də xoş olmayan söz-söhbət gəzsə də, Tamerlan bir elə də ehtiraslı arvadbaz deyildi. Cəmi on ikicə arvad Taraqayın oğluna bəs edirdi. Əmirlərdən, xanlardan, sultanlardan və şahlardan kim belə azsaylı hərəmxana saxlayıb? Tamerlanın cəmi on ikicə arvadı var idi - ay üzlü, qələm qaşlı, amma yenə də cəmi on ikicə arvad. Onlardan səkkizi pasanaur bazarından alınmış təmizqanlı gürcü idi; doqquzuncu - “urus ölkəsi”ndən gətirilmiş Nina Kurkotkina; onuncu - Kiyev getmanının varisi Yana Kuritsa; on birinci - monqol nəslini davam etdirmək üçün uzaq Çindən gətirilmiş, uzunboğaz, qabarıq sinəli gözəlçə De-Da-Li və on ikinci- Hokkaydo adasından olan yapon samurayların xələfi, miniatür, göyçək və mehriban, qıyıqgöz Çi-Çi-Li.

Vəssalam. Son nəfəsinədək Tamerlanın bunlardan başqa arvadı olmadı, heç özü də başqa arvad istəmədi, istəsəydi, guya kim qüdrətli Tamerlanın ehtirası qarşısında tab gətirə biləcəkdi ki.

Tamerlan - bu türkləşmiş monqol İblisi, doğrudan da, qaniçən idi. Söz yox ki, bu topal yadelli qansız və müharibəsiz qızıl və mirvarinin, var-dövlətin içində üzən, ay üzlü on iki gözəldən ibarət, çiçəklənən hərəmə sahiblənə bilməzdi.

O, on qonşu ölkədən dördünün hökmdar və sərkərdələrinin axırına çıxdı. Dörd şahın tacını başından şəxsən özü çıxardı, ülgüc kimi iti, böyük qılıncla qarınlarını qəddarcasına yırtıb, uşaqkən sındırılmış ayağının üstündə dikələrək, məğlub olmuş düşmənlərinin gözlərindəki son həyat işartıları sönənə qədər, içalatları tökülə-tökülə tozlu çöldə süründürdü.

İndi Teymur Araqvin dərəsində düşərgə salmış, sevimli arvadlarının əhatəsində, zümrüdü ipək çadırların qabağında özünü Gürcüstanın isti və zərif Günəşinə verə-verə növbəti qanlı hücumu gözləməkdəydi.

Həmin bazar günü çox tanınmış bir rus şairi hansısa şəxsi və ictimai işlərlə əlaqədar Saquramoya - mənim yanıma gəlmişdi. Günortayadək biz İlya Çavçavadzenin bağ evinin həyətində gəzişdik və fürsətdən istifadə edib bütün dünya ədəbiyyatını ələk-vələk elədik.

Nanuli bambuk çardağın altına nahar süfrəsi açdı. Mənin rus dostum “odesa” sortunu yaman xoşlayırdı və indi o, bu məşhur içkini böyük ləzzətlə sümürürdü, mənsə həkimlərin mənə lütf etdiyi bir-iki qurtum çex pivəsi ilə kifayətlənməli idim.

Birdən bizim nəhəng xoruz hardansa peyda olub masanın üstünə hoppandı. Mən, əlbəttə, belə şeylərə öyrəşdiyimdən buna bir o qədər də əhəmiyyət vermədim, amma qonağım təəccübdən diksindi. Xoruz qonağa baxdı, sonra isə üzünü mənə çevirib soruşdu:

- Bu kimdi?

- Mənim dostum, rus şairi Yevgeni. - qonağı təqdim etdim.

Xoruz bir daha onu diqqətlə süzüb qanadlarını elə bərk çırpdı ki, masanın üstündəki kağız salfetlər havaya uçdu, çıxış edəcəkmiş kimi boğazını arıtladı, boynunu gərərək var gücü ilə banladı, Yevgenini göstərərək onun bütün yaradıcılığını əzbər bilirmişcəsinə mənə göz vurub “Bir buna bax!” dedi. Sonra qabdan ən yekə, ən ləzzətli kabab tikəsini götürüb masadan yerə tullandı və axsaya-axsaya asfalt cığırla çıxıb getdi.

Tərcümə: İkinci Mahmud

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

# # #