Azərbaycan kitabını necə xilas edək?

Azərbaycan kitabını necə xilas edək?
3 fevral 2020
# 18:12

Kulis.az yazar Hədiyyə Şəfaqətin “Kitabımızın bu günü” yazısını təqdim edir.

Dostumuz Şərif Ağayarın yazısına sözardı

Ənənə

Bu, bəri başdan təsəlli üçündür. Azərbaycanda ilk nəşriyyatın yüz yaşı var, mətbəələr isə ondan bir az “yaşlıdır” biz bu işə bir çox ölkələrdən yüzilliklər gec başlamışıq, sonra isə Sovet dönəminin formalaşmış nəşriyyat işi təşkilatından çıxıb nə edəcəyimizi bilmədən ora-bura əl atırıq...

Hər şeyin dağılıb, dəyişib təzələndiyi vaxtda əsl nəşriyyat işinin təşkili heç kimin ağlına gəlməyib. Heç kim bu məsələnin həm maddi, həm mənəvi cəhətdən nə qədər böyük gəlir gətirəcəyini yadına salmayıb yəqin. Pulunu haraya yatıracağını düşünən adamların ağlına hər şey gəlib – bircə nəşriyyat sahəsindən başqa...

Yeni nəsil yazıçı yetişib. Əlbəttə, o, yavaş-yavaş ayılıb özünü bu sıxıntıdan qurtarmağa, ələbaxımlıqdan xilas etməyə, qürurunu axtarmağa, yaxşı və hörmətli yaşamaq istəməyə başlamalıydı... Başlayıbsa, ümid var, Şərif Ağayar. Bəlkə proses uzun sürəcək, amma olacaq.

***

“Müasir Azərbaycan naşiri müasir Azərbaycan yazıçısını yaratmır” - demişəm, belə davam etdikcə də deyəcəyəm. Min bir səbəb-bəhanə gətirmək olar, məsələn hörmətli naşirlərimizdən biri çıxıb “Bizimkilər oxunmur, necə çap edək?” desə... Deməsin, vallah, böyük dərddir, uzun da bir cavabım var, özü də hamımızın bildiyi cavabdır.

Ona görə də bizdə böyük yükü kifayət qədər kövrək çiyinlərinə götürüb yazan, müxtəlif yollar tapıb çap olunan, oxucunu qazanmağa və itirməməyə çalışan müəlliflər qardaşın qardaşa müftə çörək vermədiyi dövrdə nəinki fədakar, həm də qəhrəmandırlar.

***

Arada vaxt tapıb yazdığımız qısa mətnlərlə, şeirlərlə nə edənik? Hər axşam “sabah qəzetin yazısını yazacam”, hər səhər “bu gün kitabdan nəsə işləyim” deyirəm... Sonra haqq-hesaba vururam. Əlimdə bitib-tükənməyən redaktə, tərcümə işləri... “Bir on səhifə tərcümə edim, sonra”, “bir otuz səhifə də redaktə”, “bir əlli səhifə...” Həmin o “sabah” və həmin o “bu gün” demək olar gəlib çıxmır.

***

Bizi hörmətli şəkildə işlədən nəşriyyatlara ehtiyacımız var. Çapxana deyil, nəşriyyat. Mövzu qoyan, yazıçıyla müqavilə bağlayan, avans verən, agentlərlə iş quran, masasının üstündə heç kimin adını eşitmədiyi istedadların ilk kitablarının əlyazması növbə gözləyən, müasir dünyanın adət etdiyi təqdimatlar təşkil edən, Azərbaycan yazıçısını brendə çevirən nəşriyyatlar.

Bir zamanlar, hardasa beş-altı il əvvəl nəşriyyat dərdini bir balaca yazıda dilə gətirib sayt idarəçisi bir yazıçı dostumuza yolladım. Tezliklə qısa cavab gəldi: “Get, işinlə məşğul ol!”

Bir cavaba baxdım, bir vəziyyətə, bir öz arzuma, bir cavabı yazan dostumuzun yazıçılığına, xasiyyətimi Allah kəssin, mübahisədən zəhləm gedir, heç nə demədim.

Getdik, işimizlə məşğul olduq. Dostumuz da uzun illərdir hələ ikinci romanını yazır.

***

Tez-tez yazıçının mütləq başqa işlə məşğul olmalı olduğu deyilir. Bunu nəyə əsaslanıb deyirlərsə, öz işləridir. Çoxumuz bacarmırıq. Ümumiyyətlə, əlimizdən hansı iş gəlir-gəlsin, işimiz ancaq mətnlədir. Düzdür, mətn məni heç zaman darda qoymayıb, necə deyərlər, bütün qazancım mətndən gəlir. Amma, başqalarının mətnindən. Məni ac qoyan da mətndir, toxluğumu təmin edən də! Amma mən yoxam, mən adda bir yazıçı yoxdur. Elə siz də, əziz dostlar, əslində çoxunuz olduğunuzdan daha çox olmalıydınız.

Xarici ədəbiyyat və xaricdə çap

Ədəbiyyat sərhəd tanımır. Amma ədəbiyyatın da öz istila gücü və müdafiə texnikası var. Biz bu barədə, demək olar, yadelli işğalındayıq. Niyə belə deyirəm, çünki tarazlıq yoxdur. İl boyu əlimdən onlarla xarici ədəbiyyat keçib gedir. Onların arasında çox qiymətli əsərlər, bəşəri dəyərləri özündə ehtiva edən söz xəzinəsi var, Azərbaycandilli oxucunun indiyə kimi həmin kitablardan xəbərsiz qaldığını düşünəndə, təəssüf hissi keçirməyə bilmirsən. Üstəlik, bizim aramızdan yaxşı yazıçının çıxmasında da bu oxucuların böyük əhəmiyyəti var. Çünki gözü və düşüncəsi yüksək səviyyəli mətnlə tanış olmuş yaxşını-pisdən ayıran oxucu məhz öz yazıçısından da eyni səviyyədə mətnlər gözləməklə tələbat hissi aşılayır, məsuliyyət xəbərdarlığı verir. Lakin yad məhəlli mədəniyyətdən, yad məhəlli cərəyanlardan gələn, heç nəyə yaramayan uğur qazanmaq yolları və motivasiya kitabları bizim oxucunun əlinə daha tez yetişir. Bəzən çox zəif əsərlər çevrilir və baxıb düşünməyə bilmirsən. Axı bizim bunlardan nəyimiz əskikdir?

Hələ bizim xaricdə çapımız... O da nəsib-qismət – bəxt işi...

***

Çox zaman nəşriyyat işinin çağdaş dünyayla ayaqlaşmamağında dövləti günahlandırırlar...

Lakin

Əksər inkişaf etmiş, hətta bəzi etməmiş ölkələrdə ədəbiyyatın, incəsənətin, kinonun, teatrın inkişafı və qorunması milli burjuaziyanın xidmətinə borcludur. Əslində, milli burjuaziya öz varlığı üçün sadaladıqlarıma borclu hesab edir, müəyyən fondların yaradılması, tədbirlərin keçirilməsi, dərgi və saytların saxlanması, kitabların nəşri və s. şəkildə bu borcdan çıxmağa çalışır. Bizdə? Bizdə pullu adamlar var, nəşriyyat işi nəhənglikdə sahəyə pul ayıran milli burjuaziya isə yoxdur. Əsasən yoxdur, çünki oralarda heç kim gedib çıxdığına görə özünü kitaba borclu hesab etmir. Yalnız hansısa istisna hallarda və hansısa yollarlasa tək-tək müəlliflərə “əl tutan” şəxslər var. Utancvericidir. Dostlar, cibimizə qoyulan pullar bizi alçaldacaq, gözükölgəli edəcək, bizi qorumaq istəyənlərə kitab evinin yolunu tanıtmaq lazımdır – ünvan ora olmalıdır...

Kitab mağazaları və evləri

Tez-tez hansısa kitab evinin bağlanması xəbəri yayılanda səsini çıxaran məhz Azərbaycan yazıçısı olur. Kitabının təqdimatı tələm-tələsik yola verilən, bircə bukleti hazırlanmayan, reklamı aparılmayan, elanı verilməyən, oxucularla görüşləri təşkil edilməyən, kitabların üzdə qoyulmaq yerinə küncdə-bucaqda saxlanan, sonra da “satılmır, gəlin aparın” deyilən yazıçılar... Qazanmadıqlarını deyirlər, lakin əslində yaxşı təşkil edilmiş kitab işinin çox gəlirli ola biləcəyini, bunun üçün bir az zəhmət çəkmək lazım gəldiyini unudurlar.

İranda kitabım çap olunanda birinci nəşr cəmi üç həftəyə satıldı bitdi. Üstəlik, naşirimin nə kitab evi vardı, nə mağazası, reklam işinin düzgün təşkili kitabın bir çox şəhərlərdə, əsasən də internet üzərindən gələn sifarişlər əsasında bərabər paylaşılıb tükənməsinə səbəb olmuşdu.

***

Bizdə, demək olar agentliklərlə iş aparılmır, məlumat kitabçaları paylanmır, sponsor tapılıb reklam vurulmur. Niyə Bakı kimi şəhərdə bələdiyyə ilə reklam plakatları barədə danışıqlar getmir, müraciət edilmir? Edilirsə, niyə deyilmir? Bəlkə birlikdə daha güclü olarıq?

Bir dəfə metro stansiyalarında kitab oxumaqla bağlı reklamı tənqid etmişdim, azərbaycanlı oxucunu əlində xarici dildə kitabla göstərirdilər. Sağ olsunlar, dostlar həssaslıq göstərdilər, iradım saytda verildi, metro da nəzərə aldı, amma bilmirəm, onu yığışdırıb yerinə hansısa yazıçımızın əsərlərinin təbliğ olunduğu reklamı vurdularmı?

Azərbaycanda kifayət qədər oxucu var. Amma nə oxuyurlar? Dediyim kimi, dünyada ad-san qazanmış ədəbi nümunələrlə işim yoxdur, mütləq oxunmalıdır, amma adam nə qədər, əsas da türk dilində heç kimə lazım olmayan motivasiya kitabı, xaricdən gələn zir-zibil oxuyar?

Qınamıram, bunu bu adamlara oxutduran qüvvə var – onun da adı reklam və tələbatdır. Adamlar indi əsasən türk kanallarına baxıb ordan nələrsə götürürlər. Dəbdir, oxuyurlar, paylaşırlar, statuslaşırlar, təsirlənib nələrsə yazırlar, ortada dil də gedir, ədəbiyyat da. Baxırsan, iyirmi-otuz il əvvəl biz o yaşlarda nələri oxuyurduq, belə şeylərə heç uşaq nağılları səviyyəsində də qiymət vermirdik.

Tarazlıq həm də oxucuyla oxucu arasında itib – adamlar ya çox yüksək, ya da çox aşağı səviyyəli kitablar oxuyurlar, amma ikisinin arasında yenə də olan Azərbaycan yazıçısına olur, onun, o anası ölməmişin möhürü vurulub: Bizimkilər yaza bilmir!

Haqlı deyillər, Azərbaycan yazıçısı o gücdə əsər yazmağa qadirdir, amma o zəiflikdə yazılıb o səviyyədə təqdim olunacaq qədər bəxti gətirməyib.

Kitabxanalar

Hardasa iki il əvvəl bununla da maraqlanmışdım, kitabxanaların fondu nazirlik tərəfindən tənzimlənir, daxil olan kitablar arasında isə müasir Azərbaycan yazıçısı, demək olar, yoxdur. Əlac qalıb könüllülük prinsipinə. Yenə yazıçı özü öz kitabını kitabxanaya bağışlamalıdır.

Təhsil oxucu yetişdirirmi?

Rayonlarda kitab oxuyan və ya potensial oxucu yoxdurmu? Var. Bir müddət Şəki Dövlət Dram Teatrında “Teatr kursu”nda yaradıcılıq dərsləri verəndə heyrətə gəldim. Uşaqlar kitaba sözün əsl mənasında təşnəydilər. Amma və lakin müasir Azərbaycan yazıçısını tanımırdılar. Ədəbiyyat jurnallarının, qəzetlərin, saytların adını ilk dəfə eşidirdilər.

Bilmirəm, fikir vermisiniz, ya yox, Azərbaycanda “filankəsdən sonra heç kimi oxumuram” tendensiyası yayılıb. Həmin o filankəs də hardasa, rahat otuz-qırx il bundan əvvəl haqqın dərgahına qovuşub. Ya da bir-iki detektiv yazıb – biz vuran-yıxan adamlarıq.

Mənə evində kitabxanası olan, çox demirəm, ən azı müasir ədəbi dünyadan məlumatı olan ədəbiyyat müəllimləriylə gəlin. Çətin onların sayı çox ola. Nəyinə lazımdır – test üsulu bunları tələb etmir, özünün də “dərdi başından aşır”. Məsələn, dünənin uşağı işə iki yüz manatlıq çantayla gəlir, yüz manatlıq ətir vurur, üst-başında da bir kilo qızıl. Bu da sənin üçün ənənə!

***

Amma bu, bizimmi işimizdir? Uzun müddətdir kitab təqdimatlarına getməyə utanıram. Qonaqlıq-toy söhbətləri heç, bunların ədəbiyyata dəxli yoxdur, amma kitabı özündən beş addım o yanda bir dostunun qabağına qoyulub satılan yazıçı o kitabları alanların da elə öz dostlarından başqası olmadığını görəndə nə hisslər keçirir görən? Baxanda ürəyim ağrıyır.

Niyə?

Niyə kitabı ən yaxşı halda pulsuz çap edən nəşriyyatlar onun reklamını lazımi səviyyədə aparmır, satışını yüksək səviyyədə təşkil etmir, təqdimatını yazıçıya hörmət qazandıracaq şəkildə həyata keçirmir?

Niyə biz öz yazıçılarımızın kitablarını ancaq endirimli aksiyalarda bir-iki manata satıldığını görürük?

Əyalətdə kitab çapına münasibət: “Puluna minnət”

Baxırsan, xəcalət çəkirsən. Haqsız da deyillər, aşıq gördüyünü çağırar. Oralarda ədəbiyyatdan xəbərdar adamın işi daha çətindir, bilirsən məsələ belə olmamalıdır, amma belədir. Bilirsən, nəşriyyat da var, oxucu da, yazıçı da, amma körpü yoxdur, bu pəralkəndə kapitalı bir-biri ilə əlaqələndirən heç nə yoxdur.

Və!

Azərbaycanda ciddi şəkildə boş iş yerləri var, o da, təzə dəblə desək, kitab agentliyi, kobud və köhnə dillə desək, kitab dəllallığıdır. Dəbli və ya köhnə görünməsindən asılı olmayaraq bu boyda qazanclı sahəyə fikir verən yoxdur. Boşluqdur, dağ boyda boşluq, səndən dükan yeri istəmir, şadlıq evi tikməyini istəmir, göydələn ucaltmağını istəmir, xammal gətirtməyini, dəzgah quraşdırmağını, karxana açmağını istəmir, sadə şəkildə yazıçının məhsulunu alıb istəyincə iş qurursan. Havadan qazanc. Çox ciddiyəm. Buyur, tap, seç, ayırd et, cəlb elə. Yazıçı var, mətbəə var, lap elə nəşriyyat da var, əlaqələri qur, körpü yarat, kitab buraxdır, pul qazan. Azərbaycanın bu başından o başına bütün beyinlər sənin gələcək alıcıların olaraq qalmaqdadır. Hələ oğul istəyirəm xarici nəşriyyatlarla işləyə...

***

Geyimində, həyat tərzində ekranda bir-birinin saçını-başını yolan müğənnidən, aparıcıdan nümunə götürənlərin gözü qırğı kimi səhvlərimizi bitdə-bitdə dənləyib cinədana yığır. Onlar kimin yaxşı yaşadığını, yaşamaq cəhənnəm, seçilib nümunə kimi təqdim edildiyini yaxşı görürlər, bu, onlar üçün etalona çevrilib. O yaxşı yaşayanlardan heç birinin dilindən kitab barədə kəlmə çıxmayıb, heç birinin əlində kitab görməyiblər, onların o yerə kitabsız gəlib çıxdığının şahididirlər.

Yaxşı, deyək, naşirlərimiz haqlıdır, bizi oxuyan yoxdur, heç kimə maraqlı deyilik, bəs özümüz?

Özümüz nə edirik?

Bilmirəm, biz nə edirik, nə ediriksə də deyəsən heç nə edənə oxşamırıq.

“Başdan bir-iki cümlə oxudum, heç nə yoxdur”, “Vərəqlədim, nə bilim, belə...”, “Birinci cümlə alınmayıb, o da alınmayanda alınmır, oxuya bilmirsən”.

Bəli, əsas da bu “birinci cümlə” məsələsidir.

Xoşumuza gəlməyə bilər, amma özümüzü özümüz oxumalıyıq. Bir-birimizin çox şeyini müzakirə edirik, amma mətnə gələndə “Burda mənəm... elə deyəsən orda da mənəm...”

Gözümüz nə vaxtdandır ciddi əsər müzakirəsi, necə deyirdilər - hə, məhz qalmaqal axtarır. Sonu düşmənçiliklə deyil, ciddi şəkildə nəticə ələ gətirəcək ədəbi qalmaqal!

“Hamı yazan olub!”

Yazsın, nə olacaq, hamı yazsın, əlahəzrət zaman hər şeyi yoluna qoyacaq. Hərçənd bir az bəxtimiz gətirsə, əlahəzrət naşirlə əlahəzrət yaxşı oxucu da çox şeyi həll edə bilər.

Bizi izləyirlər, bizi müşahidə və əldə bəhanə edirlər, sonra oluruq hər şeydə günahkar. Azərbaycan oxucusu yazıçını çox şeydə günahlandırır, amma az hallarda yanında olur. Nə etməli, düşünməliyik, kimin üçün yazırıq? Amma “kimin üçün yazmaq istəyərdik” sualını da unutmamalıyıq, naşiri yazıçı yaratmamaqda günahlandırdığımız kimi, özümüz də oxucu yaratmamaqda günahlandırılmayaq deyə.

Paolo Koelyoun yüngül hesab olunan “On bir dəqiqə” əsərində qəhrəman vaxt tapan kimi dil öyrənir, kitabxanaya qaçır.

Bu ən bəsit, ən bəsit misaldır, bizim hələ “İtirilmiş zamanın sorağında” nəhənglikdə minillik mənbə rolu oynayacaq sərrast alt-şüur məsələsinə toxunmağımıza çox var. Yəqin ən yüngül Avropa, hətta Rusiya salon romanlarında mütləq kitabxana və kitab məsələsinin, həmçinin bir-neçə müəllifin adının gözəçarpacaq mesaj xəttinə yeridilib, zehnimizə ötürülməsi təsadüfi deyil. Bu yazıçının, necə deyərlər, həm də peşə fəndidir. “Mən onları, başqaları məni.” Və böyük ədəbiyyat belə yaranır. Yoxsa elə Prustu da ağırlığına görə heç kim çap etmək istəmirmiş, ilk naşiri isə ilk nəşrdən sonra bu “axmaqlığa” görə özünü lağa qoyurmuş.

Fikir verirsinizmi, xarici yazıçıların heç olmasa bir əsərində mütləq yazıçı-naşir münasibətlərinə toxunulur, ya təqdiredici, ya tənqidi şəkildə. Təsadüfdürmü? Deyil.

***

İndi Azərbaycanda yazıçı olmaq zəif və ya güclü əsərlər ortaya qoyulmasından asılı olmayaraq prosesin davam etməsinin təminatıdır. Allah eləməsin, dayanarsa, sonra nədən, hardan, kimlər və necə başlayacaq, bilinmir. Dostlarımız uğurlarıyla da, uğursuzluqlarıyla da bu prosesin canlı qalmasına səbəb olurlarsa, bu, ancaq təşəkkürə layiqdir. Hər halda biz öz “dərdimizi” heç nəyə dəyişən deyilik.

# 3219 dəfə oxunub

Müəllifin son yazıları

# # #