"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?
7 avqust 2024
# 09:00

Kulis.az Mikayıl Müşfiq haqqında Həmid Piriyevin araşdırma yazısını təqdim edir.

Repressiya deyəndə, ağlımıza gələn ilk üç imzadan biri Mikayıl Müşfiqdir. Bu yazıda Müşfiqə qarşı hücumlardan, əleyhinə yazılmış yazılardan danışmağa çalışacağam.

Ona qarşı ilk hücum 1929-cu ildə başlanır. Onu Əhməd Cavadın davamçısı kimi tənqid edirlər.

“Gənc işçi” qəzetinin 12 noyabr 1929-cu il tarixli nömrəsində Əjdər Süleymanzadə, Qüdrət Qafarzadə, Ə.Sadıqzadə və Akif Kazımın yazdığı “Əhməd Cavadın quyruqlarına mübarizə açılmalıdır” məqaləsində Müşfiq haqqında deyilir:

“...Əcəba, Cavadın şagirdi olan Müşfiq də bunu etiraf edirmi?

25-ci ildə Həbib Cəbiyevin rəhbərliyi altında “Kommunist” qəzeti yanında təşkil olunmuş “Qızıl qələm” cəmiyyətini dağıtmağa çalışan Müşfiq və Rahimkimilər (Məmməd Rahim nəzərdə tutulur – H.P.) uzun mübarizəmizdən sonra bizə yaxın gəldilərsə, yenə də gizlində əsas inqilabi şeir yazmaqdan özlərini ala bilmədilər. Məmləkətimizi kölgəliklərə bənzədən Müşfiqin:

Mən sərsəri bir rüzgar,
Ellər mənə olmuş yar...
Hala yenə matəm var (?!)
Mən ağladığım yerdə.

- deyə divar qəzetində yazdığı və Sabir Kitabxanasının yanındakı “Qızıl qələm”lə mübarizə qrupunun fəal bir üzvü olduğunu gözəlcəsinə bilirik. Buna görə idi ki, həmin qrup yaşaya bilmədi.

Bu saat qarşımızda Müşfiqin “Kölgəliklərdə” adlı bir parçası durur. Bu, Cavadın “Göygöl”ündən heç də geri qalmayan parçadır:

Gəzərək kuytu qaranlıqları buldum bu gecə,
Yenə min dərd ilə axşamları sızlar gözəlim.
Sırma kakilləri gördükcə vuruldum bu gücə,
“Yaslı” aylar gibi hicranına ağlar gözəlim.

Məmləkətimizi kölgəliklərə bənzədən Müşfiq axşamları da sızlar bulmasında şübhəsiz ki, yeni quruluşun əleyhinə çıxış yapır.

Oktyabr inqilabı günündə bu parçanı yazan Müşfiqin imza əvəzinə “Yeldöyən oğlu Səbayıl” imzası qoyması da aydın edir ki, o cəzasız buraxılmamalıdır...”

"Gənc işçi" qəzetinin 20 iyul 1932-ci il tarixli sayında yazılır:

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, qəzet idarəsinə gələrək onu Cavidin "Ay qoduq" sərlövhəli şeirini yaymaqda tənqid edən və haqqında yazan komsomolçu müəllim Yusif Şirvanı adam yerinə qoymur, Süleyman Rüstəmi heç bir şey hesab edir və qəzetimizin 17 iyul tarixli nömrəsində "Düşmən ağzına bolşevik yumruğu" sərlövhəli məqalə yazan və onun Cavadçılığını, Cavad quyruğunda süründüyünü isbat edən Əsəd Əyyubiyə nümayişkaranə bir surətdə "Əsəd xuliqandır" deyə təhqir edir".

Lakin bu kimi “tənqid”lər Müşfiqi yaradıcılıqdan uzaqlaşdıra bilmir. Müşfiq daim ictimai işlərdə fəal iştirak edir, qələmini kommunizmi mədh etmək yolunda işlədir. Dilbər Axundzadənin “Müşfiqli günlərim” memuarında oxuyuruq:

"İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman "Proletar Yazıçılar Asosyasiyası" adlanırdı. Bu cəmiyyət üzvlərini tez-tez fəhlə qəsəbələrinə, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlələri sosializm quruculuğu işinə ruhlandırdılar. Müşfiq bu işdə fəaliyyət göstərir, tez-tez qəzetlərdə təriflənərdi".

Dilbər xanım Müşfiqin lirik şeirlərini çox da ciddiyə almadığını, daim günün tələbinə uyğun əsərlər yazmağa çalışdığını qeyd edir:

“Müşfiq pambıq toplanışında olmuşdu. Həmin pambıq toplanışına o, Xalq yazıçısı Süleyman Rəhimov və həkim Quliyevlə getmişdi. Mənim məktəb yoldaşım olmuş həkim Quliyev Müşfiqin səhərdən axşama qədər kolxozçularla birgə işlədiyini deyirdi. Səfərdən çox keçməmişdi ki, Müşfiqin məşhur "Bəyaz çöllər" poeması çapdan çıxdı".

Şairi 1931-ci ildən şair Bayıldakı mədəniyyət evində təşkil olunan ədəbiyyat dərnəyinə rəhbər göndərirlər. Müşfiq bu rayonun hər işi ilə yaxından tanış olaraq bir sıra əsərlər yazır.

"İnqilabi mübarizə, döyüş və əmək ənənələri Müşfiqin şair qəlbini çoşdurmaya bilməzdi. O, həmin vaxtlarda "Neft-İliç buxtası", "Posyolka", "İşçi qız" şeirlərini, "Buruqlar arasında" poemasını yazmışdı", - deyə, Dilbər xanım qeyd edir.

Dilbər xanım yuxarıda təqdim etdiyimiz parçada “Müşfiqin mətbuatda tez-tez tərifləndiyini” qeyd etsə də, əslində, belə deyildi. Ona qarşı hücumlar az da olsa, davam edirdi. Məhz bu səbəbdən Müşfiq 1933-cü ildə kiçik bir qeyd yazıb mətbuatda çap etdirir:

Komsomoldan ilham alıram

“Mənim komsomol kitabçam yoxdur. Buna hər zaman təəssüf etmişəm. Lakin buna baxmayaraq, mən komsomol ruhlu yeni gəncliyin həyat və mübarizəsini tərənnüm edən əsərlər yazmışam. Lakin kim bilir ki, sabah qurtaracağım bir əsərin qəhrəmanı komsomolçu olmayacaqdır? Ümumiyyətlə, komsomol həyatına dair yazdığım əsərləri mən kafi görməyirəm.

Mənim “Buruqlar arasında” adlı əsərim bir çox nöqsan və xətalarıma baxmayaraq, Stalin rayonu mədəni işçilərinin “macərasını” əks etdirir. Mən əsərlərimdə planlı həyat görmək üçün can atıram. “Əfşan” adlı əsərim sxematik səhvlərinə baxmayaraq, kolxoz daxilindəki sinfi düşmənlərin iç üzünü verən bir əsərdir.

Mən komsomolçu gəncliyə borcluyam. Onun məndən böyük əsərlər tələb etməyə haqqı var. Bu borcu komsomolun köməyi ilə ödəyəcəyəm”.

Tənqidlərin arası isə səngimir. Müşfiq nə qədər çox yazırsa, nə qədər çox işləyirsə, tənqidlər bir o qədər çoxalır.

“Kommunist” qəzetinin 23 aprel 1935-ci il tarixli nömrəsində ÜİK(b)P MK-nın 23 aprel 1932-ci il tarixli “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərarının üç illiyinə səhifə həsr edilir. Səhifədə Məmməd Kazım Ələkbərlinin “Üç il” adlı məqaləsi, Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun və Hüseyn Mehdinin çıxışları verilir. Bu yazılar, bir növ, müəlliflərin sosializm yolunda yazdığı əsərlərin hesabatı idi. Məsələn, Süleyman Rüstəm yazısında pambıqçı zərbəçilərə həsr etdiyi “Yaxşı yoldaş” poemasını yazdığını və Seyid Hüseynlər birlikdə Qatır Məmmədin həyatından pyes yazmağa hazırlaşdığını qeyd edir. Səməd Vurğun da 23 aprel qərarından sonra “yenidən qurulduğunu”, “Komsomol poeması”nı yazdığını bildirir.

Müşfiq isə xeyli geniş hesabat verir:

Sosialist vətəninə layiq əsərlər uğrunda

“Mən firqəmizin 23 aprel qərarından sonra yaradıcılığımda böyük təbəddülatın yarandığını görürəm. Keçmişdə kiçik, sxematik mənzumələr yazdığım halda, bu qərardan sonra əsərlərimi də dərinləşdirmək uğrunda böyük təşəbbüslərdə bulunmuşam. Bu üç il ərzində mən bir çox həm lirik, həm epik əsər yazmışam. Şeirlər məcmuəsi halında topladığım kitabda 6 poema, 30-a qədər xırda lirik şeirim çap edilmişdir. Çocuqlar üçün “Şəngül, Məngül”, “Huşsuz” (“Huşsuza bax, huşsuza” şeirini Müşfiq Samuil Marşakdan təbdil etmişdi – H.P.) adlı iki əsər yazmışam və bunlar dərc edilmişdir. Firqənin qərarından sonra qardaş erməni şairlərindən Çarensin 4 böyük poemasını tərcümə etmişəm. Bu, şura xalqları arasında sosialist mədəniyyəti birliyi yolunda atdığım ilk addımdır.

Lenin yoldaşın “Klassikləri oxuyun!” şüarına əməl etmək üçün mən böyük Şərq klassik şairi – filosof Ömər Xəyyamın bütün rübailərini Ruhulla Axundovun... təşviqi ilə tərcümə edib qurtarmışam. Bəzi rübailərin – gözəl çıxsın deyə - üzərində yenidən işləyirəm. Azərnəşrə el nağıllarından “İlan və kəndli”, “Qaya” adlı iki mənzum əsər də vermişəm ki, bu yaxınlarda çap oluanacaqdır.

Azərneftin 15 illik bayramına işçi həyatından “Yüksəliş” adlı bir poema yazmışam. Bu, Azərneftin ədəbi almanaxında çap ediləcəkdir. Yenə, Stalin rayonunda neçə dəfə mükafat qazanmış bir erməni zərbəçi işçinin həyatından “Şair və canavar” adlı kiçik poema yazmışam. Daha sonra Xalq Komissarlar Şurasının ədəbi müsabiqəsinə 8 çap listi həcmində böyük bir poema yazmışam. Bundan başqa, Rəsul Rza ilə birlikdə rus şairi Lermontovun “Demon” poemasını tərcümə etmişəm. Əli Bayramov adına əməkçi türk qadınları Mədəniyyət Sarayının tarixinə dair Gülara Qədirbəyovanın təşviqi ilə “Zeynəb” adlı bir poema yazmaqdayam. Bu yaxınlarda bu əsərlərimi şeirlər məcmuəsi halında çap etdirəcəyəm.

Mənim yazmağa çox həvəsim var. Lakin, mənim məlumatımın azlığı həyatdan aldığım intibaları, hissləri öldürür. Mən hiss edirəm ki, böyük yazıçı olmaq üçün böyük siyasi, elmi biliyə sahib olmaq lazımdır. Əlbəttə, mən bunu da qazanmağa haqlı və müqtədirəm. Qarşımda böyük planlarım var. Mən sosialist şura vətənimə, əməkçi xalqıma, qəlbimin, beynimin qarışığından bir çox bədiələr vermək üçün çırpınıram. Mənim ən bədbəxt dəqiqəm şeirsiz keçən dəqiqəmdir.

Şura ədəbiyyatı və incəsənətin sosializm realizmi əsasında yüksək pillələrə!”

Müşfiqin bu dövrdə əsas fəaliyyət istiqaməti, özünün də məqalədə qeyd etdiyi kimi, qardaş sovet xalqlarından etdiyi tərcümələr idi. O, erməni şairlərin əsərlərindən ibarət antologiya hazırlamaq niyyətində idi. Hətta 1935-ci ildə Əli Nazim, Müşfiq, Sabit Rəhman və bir neçə başqa ədəbiyyat adamı İrəvana, erməni ədiblərlə görüşə gedir. (Müasirlərinin xatirələrində qeyd olunur ki, onlar qayıdanda Leninakan rayonunda yol qəzasına düşürlər. Müşfiq qolundan yüngül yaralanır).

Ona qarşı hücumlar 1937-ci ilin əvvəllərindən intensivləşir.

“Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli nömrəsində Seyfulla Şamilov “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” məqaləsində Müşfiq haqqında yazır:

“Yalnız revolyusiyadan, ölkəmiz sovetləşəndən sonra əlinə qələm alıb şeir yazmağa başlayan və ictimai keçmişi ləkəli olmayan Mikayıl Müşfiq öz istedadına və məhsuldar enerjisinə nisbətən ideya cəhətdən özünün yenidən qurulmasına lazımınca fikir verməyir.

Müşfiq özünün ilk yaradıcılıq dövründə Əhməd Cavadın və başqalarının təsiri altına düşdüyünü unutmamalıdır.

O, unutmamalıdır ki, bu təsirlər qismən onun üzərində bu gün belə bəzən özünü göstərməkdədir.

Müşfiq bu millətçi və mürtəce təsirlərdən təmizlənməsə, onun məsələsi qəti qoyulmalıdır.

Buna görə də Müşfiq Əhməd Cavad kimi zəhərli ideoloqların dostluğunu bir sovet yazıçısına layiq nifrətlə qarşılamalı və özünün yaradıcılığını Lenin və Stalin milli siyasətinə uyğun bir surətdə inkişaf etdirməyə çalışmalıdır.

...Müşfiq özü-özünü düşmənlərin ağuşuna atmaq istəmirsə, biz onu sağlam və düzgün yolla irəli aparmağa hər zaman çalışmışıq və çalışacağıq...”

1937-ci ilin martında Yazıçılar İttifaqında plenum keçirilir. Plenumda əsas dörd mәsәlә müzakirәyә qoyulur:

1. Hüseyn Cavid mәsәlәsi

2. Mikayıl Müşfiq mәsәlәsi.

3. Əhməd Cavad mәsәlәsi.

4. Yusif Vәzir mәsәlәsi.

Üç gün davam edən plenumda, demәk olar ki, bütün yazıçı vә şairlәr “özünütәnqid” ruhunda çıxış edir.

Çıxışçılar Cavidi, Cavadı, Çəmənzəminlini kəskin tənqid etsələr də, Müşfiqə qarşı mehriban yanaşırlar. Hətta MK nümayəndəsi Hökumə Sultanova Müşfiq haqqında yüksək fikirlər söyləyir, ona qayğı ilə yanaşmaq lazım olduğunu bildirir. Plenumun ikinci günü (martın 19-u) Müşfiq özü çıxış edir.

Bu barədə Beydulla Musayevin “Gündəliklər”indəki 21 mart 1937-ci il tarixli qeydində oxuyuruq:

“Dörd-beş gündür ki, Yazıçılar İttifaqının plenumu gedir. Plenum әsasәn Moskvada Puşkin yubileyinә hәsr edilmiş plenuma hәsr olunsa da, söhbәtlәri әdәbiyyatımızda bir neçә adamların işi әtrafında gedir. Әhməd Cavad, Yusif Vәzir, Seyid Hüseyn vә Mikayıl Müşfiq. Bunlar haq(qında) hәmçinin “Yeni yol”da, hәm “Kommunist”dә mәq(alә) çıxmışdı. Burada Әhmәd Cavad, Yusif Vәzir vә Seyid Hüseyn әsasәn sovet tematikasına yaxınlaşmamaqda, müsavat firq(әsini) ifşa etmәmәkdә töhmәtlәndirirlәr. Haqlı töhmәtdir. Aydın görünür ki, bu adamlar keçmişindәn әl çәkә bilmirlәr. Xüs(usәn) Әhməd Cavad. Lakin Mikayıl Müşfiqin onlara qatılması haqsızlıqdır. Bunu hamı etiraf etdi.

Plenumda Müşfiqin çıxışı oldu. Әdәbiyyat tariximiz bu çıxışı qeyd edәcәk, Müşfiq çox sәmimiyyәtlә mәruzәsindә, dünyabaxışında olan tәzadları boynuna aldı. “Beynim irәli aparırsa, bәzәn qәlbim buna mane olur”, - dedi. “Ancaq mәni yandıran bir şeydir: mәni ölkәmin ögey oğlu kimi qarşılayırlar. Hәm mәni...”

Sәsi titrәdi, gözlәri yaşardı. Müşfiq çıxışının sәmimi olduğunu hamı etiraf etdi.

Çıxışında әvvәldәn axıra kimi hamını sarsıtdı, çoxlarının gözü yaşardı. Mәn dә onlardan biri oldum. Onun buraxdığı dәrin, sarsıdıcı tәsir ömrüm olduqca yadımdan çıxmaz. Çıxışını yazmış olduğu rübailәri oxumasilә qurtardı”.

Dilbər xanımın “Müşfiqli günlərim” memuarında da həmin iclasdan sonraya aid qeyd var:

"Bir gün Müşfiq evə çox dilxor gəldi, başının ağrıdığını dedi. Papiros çəkmək üçün eyvana çıxdı. Sonra dərindən ah çəkib sözə başladı:

- Dilbər, bugünkü yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu... Axı burjua deyəndə bizim gənclərin təsəvvüründə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqını, cəmiyyətini, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sözlərə layiqəm?

Qəhər məni boğdu. Böhtan qılınc yarasından pis olur. Axı bütün varlığı ilə sosializmin quruculuğuna bağlı, onun hər nailiyyətinə ürəkdən sevinən, dövrünü, zəmanəsini sonsuz ilhamla tərənnüm edən şairə bu cür böhtan atanların məqsədi nə idi?

Birdən "Duyğu yarpaqları"ndakı bir rübaini xatırladım:

Nə bir həsrətim var, nə bir qəmim var.

Dostlarım bilir ki, nə aləmim var!

Lenin dünyasına ithaf etməyə

Bir şair ürəyim, bir qələmim var!

- Heç xırda burjua şairi belə səmimi sözlər deyə bilərmi?- dedim.

Müşfiqin eyni bir az açıldı və mənə iclasdan ətraflı danışmağa başladı. Bircə o dövrün ictimai xadimlərdən olan Hökumə Sultanovanın onu müdafiə etdiyini dedi. Sonra Müşfiq ürək ağrısından şikayət etdi. Ona ağrısını sakitləşdirmək üçün dərman verdim, amma gecə səhərə qədər gözünə yuxu getmədi. Səhər həkim çağırtdırdım. O, Müşfiqin əsəb sarsıntısı keçirtdiyini müəyyən edib dərman yazdı".

Həmin ilin 4 iyununda Mikayıl Müşfiqi həbs edirlər. Arxiv sənədlərinə görə, Yazıçılar İttifaqının 26 üzvü Müşfiqin əleyhinə ifadə verir (əksərinin adı gizli saxlanılır). Amma mətbuat hələ də susmur. Hətta tutulandan on beş gün sonra da Müşfiq haqqında məqalə çıxır.

“Kommunist” qəzetinin 20 iyun 1937-ci il tarixli nömrəsində Ə.Əkbər imzalı müəllif “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa etməli” məqaləsində yazır:

“...Ədəbiyyat cəbhəsinə soxulmuş düşmənlərdən Müşfiq isə şeirlərini boyalı sözlərlə doldurmaqla Yazıçılar İttifaqı rəhbərliyinin gözünü pərdələmiş və beləliklə, həqiqi simasını gizlətməyə müvəffəq olmuşdur.

Müsavatçıların əl tulası olan Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, o, irəliləyən sovet ədəbiyyatına müqavimət göstərmiş və hətta Azərbaycan Sovet Yazıçılar İttifaqının üçüncü plenumunda son dərəcə əclaf çıxış edərək, kontrrevolusion şeirini belə oxumağa nail olmuşdur. “Duyğu yarpaqları” adlanan bu şeir “Ədəbiyyat qəzeti”nin bu il 18 aprel tarixli nömrəsində dərc edilmişdir.

...Bu kiçik məqalədən məqsədimiz ifşa olunmuş düşmənin Yazıçılar İttifaqı Plenumunda alqışlanmış “əsəri”ndən bəhs etməkdir.

Təəccüblü də burasıdır ki, Sovet Yazıçıları İttifaqında əyləşənlərin siyasi korluğu o dərəcəyə çatmışdır ki, düşmənlər bu yaramaz tartan-partan yazılarını intişar etdirmişlər.

Necə ola bilər ki, Əhməd Cavadın, Hüseyn Cavidin yuvasından çıxmış riyakar, əclaf Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir...”

(Haşiyə: Müşfiq 1937-ci ilin ilk aylarında “Çağlayan” adlı kitabını nəşriyyata təhvil vermişdi. Bildiyim qədərilə, o tutulandan sonra Şəmsəddin Abasov “Çağlayan”ı nəşriyyatdan “oğurlayıb” evində mühafizə edir, Müşfiq bəraət alandan sonra çapa verir.)

Müşfiqin öldürülməsi barədə versiyalar çoxdur. Uzun illər onun Nargin adasında güllələndiyi və ya ayağına daş bağlanaraq suya atıldığı güman edilirdi. Ədalət Tahirzadə isə Müşfiqin başqa ölüm versiyası haqqında məlumat verdi:

“Biz ölüb gedəcəyik. Gerçəkləri də özümüzlə aparmağa haqqımız yoxdur.

Adamların çoxu 1937-ci ildə Müşfiqlə xüsusi amansızlıqla rəftar edilməsinin səbəblərini heç cür anlaya bilmir. Buna aydınlıq gətirmək istəyirəm.

Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü 2003-cü ildə mənə söyləyən dövlət qulluqçusu bunun bir neçə önəmli səbəbini sənədlərə istinadla mənə açıqlamışdı. Onlardan birini xalqa bəyan etmək indi məsləhət deyil. İkisi isə aşağıdakılardır.

1) Müşfiq indi "Nizami" metro stansiyasının yaxınlığında, Azad qadın heykəlinin solunda yerləşən orta məktəbdə müəllim işlədiyi zaman rayon maarif şöbəsinin inspektoru (adı bəllidir) onun dərsini dinləyir. Dərs vaxtı külək pəncərəni açır. Pəncərəyə yaxın oturmuş bir qıza Müşfiq pəncərəni örtməyi tapşırır. Qız örtür. Bir azdan külək yenə açır. Müşfiq ikinci dəfə də örtdürür. Ancaq pəncərə bir də açılır. Üzünü şagirdlərə tutan Müşfiq «Sovet hökumətinin pəncərəsi də belə olar» deyir. Dərsdə iştirak edən inspektor bunu əlüstü yazılı şəkildə "NKVD"-yə bildirir.

2) Müşfiq Azərnəşrin ikinci mərtəbəsində yazıçı və şair dostları ilə söhbət edirmiş. Həmin qatda Stalinin yekə bir büstü varmış. Müşfiq hamının gözü qarşısında büstün başını şillələyir və deyir ki, vaxt gələcək, sənin boğazına tros salıb uçuracaqlar. Bunu eşidən Azərnəşrin məsul bir işçisi (adı bəllidir) tez "NKVD"-yə bu haqda məlumat yazır...

Mənim şəxsi düşüncəmə görə, Müşfiqə qarşı xüsusi amansızlığın səbəbini Azərnəşrdəki əhvalatda axtarmaq gərəkdir. Onun Stalini camaat içində belə aşağılaması Stalinin nökəri Mircəfər Bağırovu hədsiz qəzəbləndirib və nəinki Müşfiqin özü cəzalandırılıb, hətta yoldaşı Dilbər də zindana atılıb və orada dəli olmaq dərəcəsinə çatdırılıb”.

El arasında, Müşfiqin “arvada görə” öldürüldüyü də deyilir. Guya, dövlət adamlarından kimsə Dilbərə vurulduğu üçün Müşfiqi aradan götürür, amma Dilbər ona razılıq vermədiyi üçün onu da dəli edirlər.

Müşfiqin yazılarından, onun haqqında xatirələrdən belə məlum olur ki, o, əsl Sovet şairi olub. Bəs nə idi onun repressiya olunmasına əsl səbəb?

Bunu mən bilmirəm. Müşfiqin necə öldürüldüyünü də bilmədiyim kimi.

Və yəqin, heç vaxt da bilməyəcəyəm...

# 7073 dəfə oxunub

Müəllifin son yazıları

# # #