Kulis.az Rəna Nevzatın yeni yazısısını təqdim edir.
İmişli rayonunun Sarıxanlı kəndində keçirilən 9 May – Qələbə Günü tədbiri sadə bir mərasim deyildi. Bu tədbir həm də Azərbaycanın ideoloji sərhədlərinin harada başlayıb harada bitdiyi sualını cəmiyyətin qarşısına sərt şəkildə qoydu. SSRİ bayrağı abidənin üzərinə sancıldı, “Den Pobedı” mahnısı səsləndirildi, çıxış edən məmurun sinəsində isə rus imperiyasının rəmzi – “Georgi lenti” parladı. Tədbirin əsas fiqurlarından biri olan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov isə bunları sadəcə “tarix” adlandırdı. Və üstəlik, sual verdi: “Burada nə var ki?!”
Bu sual, bəlkə də, illərdir cavabını vermədiyimiz bir gerçəyi üzə çıxardı: Biz hələ də keçmişlə üzləşməmişik.
Sonra nə oldu?
Saleh Səmədovu işdən çıxarıb, yerinə onun sağ tərəfində dayanmış Vahid Tağıyevi təyin elədilər.
Məni maraqlandıran isə bir sual var:
Doğrudanmı, İmişlidə sinəsinə "Georgi lenti" taxmayan ağsaqqal tapa bilmədiniz?
Ta nə faydası?
O biri adamı niyə çıxartdınız işdən?
Toplananların yerini dəyişəndə, cəm dəyişəcək bu dəfə?
Bakıda "Rus evi" bağlanır, bunlar İmişlidə sinələrinə "Georgi lenti" taxıb tədbir keçirirlər. Bu qədər sadədi hər şey?
Rayonun İcra başçısı hara baxır?
Suallar çoxdur. Cavablar isə...
***
SSRİ bayrağını “uşaqlığımızın bayrağı” adlandırmaq mümkündür. Amma bu, həmin bayrağın ideoloji yükünü dəyişmir. O bayraq Azərbaycanda on minlərlə insanın repressiyaya məruz qaldığı, milli kimliyinin təzyiq altında yox sayıldığı bir imperiyanın simvoludur. O bayraq altında yazıçılar susdurulub, dillər qadağan olunub, kitablar yandırılıb. Təkcə tarix deyil, şəxsi və milli travmalar da onunla birlikdə gəlib.
Əgər bu bayraq “sadəcə tarixdirsə”, o zaman biz niyə 20 Yanvar günündə SSRİ ordusunu qınayırıq? Niyə o tarixi yad edirik? Əgər o bayraq bir imperiyanın rəmzidirsə, onu rəsmi tədbirə oxşar mərasimdə nümayiş etdirmək nəinki yanlışdır, həm də ictimai yaddaşa ziddir.
Sovet dövrünün bəzi simvolları son illər Rusiya tərəfindən qlobal siyasi alətə çevrilib. “Georgi lenti” də bunların başında gəlir. Bu lent Rusiyanın imperiya nostalgiyasını daşıyan və müasir geosiyasi təzyiq vasitəsinə çevrilmiş simvoldur. Baltikyanı ölkələrdə, Gürcüstanda, Ukraynada bu lent qadağandır. Çünki o, sadəcə müharibə qəhrəmanlığının yox, həm də neoimperial ambisiyaların rəmzidir.
Azərbaycanda isə bu lentin, o cümlədən “Den Pobedı”nın rəsmi tədbirlərdə səsləndirilməsi sovet mirasının təkcə tarix kimi deyil, dirçəlməkdə olan bir ideologiya kimi qavranıldığını göstərir. Məhz buna görə, bu cür simvollar cəmiyyətin keçmişlə səmimi və sağlam münasibətinə zərbə vurur.
***
Sədrin verdiyi açıqlamada ən problemli məqamlardan biri isə Türkiyə bayrağının misal gətirilməsi oldu: “Türkiyə bayrağı küçələrdədir, ona niyə söz demirsiniz?”.
Bu yanaşma ciddi düşüncənin yox, çaşqınlıqla dolu populizmin nəticəsidir. Türkiyə bayrağı Azərbaycan üçün qardaşlıq, müttəfiqlik və siyasi həmrəylik rəmzidir. SSRİ bayrağı isə keçmiş imperiyanın simvoludur və bu gün onun varisi sayılan dövlətin xarici siyasəti Azərbaycana heç də dost münasibət sərgiləmir.
Bir sual verək: Ermənistanda hansısa kəndin abidəsinin üzərinə Osmanlı bayrağı sancılsa, biz buna necə reaksiya verərik? Bu analogiya sadə, lakin düşündürücüdür. Tarixə hörmət keçmişin simvollarını təkrar istifadə etməklə deyil, onları düzgün izah etməklə mümkündür.
***
Ən təhlükəli məqam isə budur: bu cür tədbirlərlə gənc nəsilə “sərhədsiz nostalgiya” ötürülür. “SSRİ yaxşı idi, o dövrdə hər şey gözəl idi, bayrağı da gözəldi” kimi fikirlər tədricən dövlətçilik təfəkkürünü kölgədə qoyur. Gənclər üçün vətənpərvərlik anlayışı məchullaşır, keçmişin simvolları ilə bu günün dəyərləri qarışır. Nəticədə, siyasi və mədəni kimlikdə qarışıqlıq yaranır – nə SSRİ-yə bağlıyıq, nə müstəqilliyə sadiq.
***
Sarıxanlıda yaşanan hadisə təsadüfi deyil. Bu, düşünülməmiş qərarların cəmiyyətin ideoloji toxumasına necə zərər vurduğunu göstərən bariz nümunədir. Bəlkə də, həmin tədbiri təşkil edənlər bu məsələni bu qədər ciddi görməyiblər. Amma hər bayraq bir mənadır, hər simvol bir istiqamətdir. SSRİ bayrağını və “Georgi lenti”ni bir tədbirin ortasına yerləşdirmək, Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizəsinə edilən hörmətsizlikdir.
O bayrağın ucaldılması, sadəcə, keçmişi yada salmaq deyildi – o, həm də bu günə qarşı simvolik işğaldır. Sarıxanlıda bir abidənin üzərinə sancılmış o parça, əslində, milli yaddaşımızın kürəyinə sancılmış bıçaq idi. O bıçağın ağrısı, deyəsən, hələ çox hiss ediləcək.