Nəsimitək səndən iraq yanmışam - İlkin Özün yeni şeirləri

Nəsimitək səndən iraq yanmışam - İlkin Özün yeni şeirləri
19 mart 2024
# 14:30

Bu gün gənc şair İlkin Özün doğum günüdür.

Kulis.az onun yeni şeirlərini təqdim edir.

Təsəlli

(Ona)

Doğrusu, yalqızlıq heç çətin deyil...
Elə bil ki, zəlzələdir, sol tərəfin titrəyir,
Şəkillər üsyan edir, siqaretlər səngimir...

Yapışır xatirələr adamın yaxasından,
Uzaq durmur ondan qalan əşyalar da yanından.

Hər gün gözün yol çəkir miskin-miskin,
sərməstcə.
Yoxsa yanımdan ötən
sarışın boz paltolu,
ya sarı gödəkçəli kürən qız səndin, bəlkə?..

Yox, artıq “bəlkə”lərə
qalmayıb etimadım.
Bilirəm, çox unutqansan,
yəqin, yadından çıxdım.

Bürcləri çox sevirdin,
mən “balıq”dım, sən “oğlaq”.
İndi ulduzlar qədər kənardayıq,
kənarda...

Nəsimitək səndən iraq yanmışam,
yanaram da.
Sənsizlik nədir guya?
Qalmışam, qalaram da...

Doğrusu, yalqızlıq heç çətin deyil...
Yaşamaqçün şəklin mənə təsəlli.

Bax, sənə son sözüm var:
Ya gəl şəklini apar,
ya məni də şəklə çevir...

Cinayətsiz cəza
(Mikayıl Müşfiqə)

Məhkəmə...
Danışır hakim:
“Həyatın yazılmamış
qanunlarına əsasən,
çərçivəyə uymayanlar,
“çəkic” və “orağ”a tabe olmayanlar
bir də haqqı danmayanlar
həbs və sürgün olunsunlar!..”
– Etirazı olan var?
Salon susdu...
Yalnız Müşfiq susmadı,
dodaqaltı pıçıldadı:
“Yenə o bağ olaydı”...
Amiranə, istehzayla
hakim dilləndi:
“O bağlar da,
o çağlar da
yoxdur, dayan!
Qərar: Edam!”

Səndən sonrakı mən

Təlimçilər deyirlər ki,
ən böyük rahatlıq meditasiyadır.
Ruhanilər deyirlər ki,
ən böyük xoşbəxtlik
namaz qılmaqdır.
Absurdistlər deyirlər ki,
həyat çox mənasızdır...
Mənsə deyirəm ki,
ən böyük rahatlıq
yanında olmağım.
Ən böyük xoşbəxtlik
gözlərinə baxmağım.
Ən böyük ibadət isə
qəlbimi sənə açmağımdır.
Sən olmayan təqdirdə,
məncə, absurdistlər haqlıdır...

Riyaziyyatı bilməməyin fəsadları
(Dostum Mirmahmuda)

Əvvəllər biz Troya atı kimi “bomboş” idik.
Dürüstlüyü atamıza örnəklə,
Fədakarlığı özgə günahı çiynimizə yükləməklə,
Sədaqəti isə sevdiyimizdən uzaqda
ulduzları izləməklə ÖYRƏNDİK...

Böyüdük, guya nə dəyişdi?
Yenə xaraba evlərtək uçuq-sökük,
kimsəsizik.

Həyat bizi yamanlara və yaxşılara
bölməklə sınadı,
Qismətimizə “0” düşdü.

Vurulduq mənasız insanlara,
hasilimiz məlum deyildi.

Fədakarlıqsa bizdən
nələrisə çıxdı.
Əksildiyimizi görmədik.

İndi düzünü de,
vaxtilə riyaziyyatı yaxşı bilsəydik,
bu günə düşərmiydik?..

***
Dəniz kənarında ləpələrin qucaqlaşmasına
tamaşa edir,
sanki teatr tamaşasında “biz”i izləyirəm.
Dalğaların sahilə çırpılıb
dənizə qovuşduğu kimi
geri dönməyini... gözləyirəm...

***
Səndən qabaq
qupquru ağac kimi
cansız və nəfəssizdim.
Sonra sən gəldin,
ruhundan üfürdün,
“Can” dedin,
dirildim...

***
Tanrı olmaq, yəqin,
çox çətin olar...
Düşün ki, hər şeyin var,
Fəqət...
tək-tənhasan
və darıxırsan....

***
Bilmirəm necəyəm indi...
Bir onu bilirəm ki,
vaxt var idi
qəlbimdə vulkan çaxnaşır,
xatirələr lava kimi süxurlaşırdı.
İndi süxurlar aşınıb,
Vulkan da susub.

***
Bu gün doğum günündür.
Deyəsən, tortun üzərindəki
şamları üfürəndə
səhvən “həyat eşqim”i də
söndürmüsən.

***
Əbəs yerə göz yaşarmır...
Sadəcə ümid, arzu,
gümanların tüstüsü acıdır.

***
Yaşamaq yanmaqdırsa,
dənizləri kim öldürdü?

***
Darıxmağa kimsə yoxdu deyə,
köhnə ev telefonundakı
cırıltılı səsi dinləyirdi.
O səsin adı “Təsəlli”ydi...

***
Təqvimlər təzələnir,
fəsillər dəyişir.
Günlər,
aylar,
illər keçir.
Biz isə eyniyik.
gah gələcək üçün darıxır,
gah keçmiş üçün heyifislənirik.

# 1311 dəfə oxunub

Müəllifin son yazıları

# # #