Ümid – Əziz Sultan

Əziz Sultan

Əziz Sultan

29 noyabr 2021
# 22:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əziz Sultanın “Ümid” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2021-ci il, 20 iyul. Qurban bayramının ilk günü idi. Otuz ildən sonra ilk dəfə bu bayram azad olunmuş Qarabağ torpaqları, qəhrəman Şuşa şəhəri daxil bütün Azərbaycanda böyük bir sevinc ilə qeyd ediləcəkdi. Günəş dağlardan boylanıb qurban kəsmək üçün səbirsizliklə gözlənən vaxtın tamam olduğunu xəbər verirdi. Eldar baba vaxtından əvvəl qocalan insanlar kimi, ahıllara məxsus yerişi ilə yavaş-yavaş addımlayaraq həyətə çıxdı. Onu narahat edən boğazını sağ əli ilə yüngülcə ovxaladı – uzun zamandır müalicə alırdı, amma görünür, bundan belə dava-dərmansız bunun öhdəsindən gələ bilməyəcəkdi – köks ötürüb üzünü azca qaldırdı. Xan yaylağından süzülüb gələn səhərin sərin, təmiz havasını ciyərlərinə çəkəndə bir az rahatlaşdı. Bədəninə yayılan bu ani rahatlıq onu demək olar ki, hər gün təkrar-təkrar gözünün qabağından keçən – gözləri ilə gördüklərinin və müharibədən sağ qayıdanların danışdıqlarının birgə təcəssüm etdirdiyi xəyallara, dərin düşüncələrə sövq etdi.

Təxminən on ay əvvəl idi. Hücum əmri verilmiş, bütün Azərbaycan birləşərək düşmənin başına enən dəmir yumruğa çevrilmişdi. Dörd il əvvəl Lələtəpədən qanad açıb yüksələn xəyallar indi böyük bir ümidlə Şuşanın sıldırım qayalarında süzmək üçün can atırdı. Cəngi havasında qanı qaynayan hər bir vətən sevdalısının sinəsində qəfəsini parçalayıb çıxmaq istəyən bir qartal çırpınırdı. İllərdir nəm çəkən, qəm çəkən qara buludlar şimşək-şimşək çaxaraq var gücü ilə göylərdən kirə, pasa, namərd düşmənin iyrənc ayaq izlərinə bulanmış torpaqlara yağmaq, sellər kimi axaraq, aşıb-daşaraq yurdun o cənnət guşəsini təmizləyib öz əzəli sahiblərinə qaytarmaq üçün səbirsizlənirdi. Gözləri ildırım qəzəbli igidlər topa-topa yığışaraq vətənin sinəsini qala kimi qoruyan nəhəng qayalara çevrilir, düşmənin gözünün odunu alırdı...

Şəki Rayon Hərbi Komissarlığının qarşısında iynə atsan, yerə düşməzdi. Hər kənddən, hər küçədən, hər binadan adam vardı burada, valideynlər vardı. Təkcə komissarlığın həyəti deyil, qarşısında yerləşən Füzuli parkının da hər bucağı, girişi, pilləkənləri... – üçrəngli bayraqlarla ləpələnən insan selinə dönmüşdü. Azərbaycanın digər bölgələri kimi, bu dilbər guşəsində də ürəyi vətən eşqi ilə çırpınan oğullar nağara-zurna ilə, toya gedirmiş kimi böyük bir təntənə və coşqu ilə yola salınırdı, şərəfli səfərə, onları gözləyən şanlı zəfərə. “Ağlama, ana!” – deyən oğullar, “Özündən muğayat ol!” – deyən təzə gəlinlər, “Allaha əmanət ol!” – deyən analar, “Möhkəm ol!” – deyən atalar, əlindəki bayrağı qürurla yelləyərək atasını yola salan gül balalar...

Zaur bir yaşlı oğlu Ümidi bir daha qolları arasına alıb yanaqlarından öpdü, gələcəyə dair ümidlərini onun qulağına pıçıldayıb təkrar anasına əmanət etdi. Onu yola salmağa gələn qohum-qardaşları, dost-tanışları ilə görüşərək könüllülərin və səfərbərliyə çağırılıb böyük bir sevinc içində bu çağırışa gələnlərin yığışdığı avtobusa mindi. Pəncərədən onları alqış və xeyir-dualarla döyüşə uğurlayan qələbəliyə boylandı, atası ilə göz-gözə gəldi. Ata ürəyi boylu-buxunlu oğlunun gözlərindəki mətanətlə fəxr etdi.

Eldar kişi dodaqlarını bir-birinə qısdı.

Yol boyu şən əhvali-ruhiyyə içində hərbi marşlar oxudular, vətənpərvər şüarlar dedilər. Belə getsə, heç əllərinə silah götürmədən də Şuşaya qədər əliyalın hücuma keçib şanlı bayrağı qalaya sanca biləcək cəsarəti öz mənliklərində hiss etdilər.

Avtobus cəbhə bölgəsinə doğru şütüməyə davam edir, yan-yana oturan əsgərlərdən bir çoxu indidən hərbi ekspert kimi öz mülahizələrini əsaslandırmağa çalışırdı. Aralarında hərbi xidmətdən bir neçə il uzaq qalanlar da var idi, Zaur kimi əsgərlikdən sonra hərbi sahədə işləyərək bacarıqlarını inkişaf etdirənlər də. Zaur dedi:

- Mən əsgərlikdə Tovuzda olmuşam, sonra da Beyləqanda MAXE işləmişəm. Bilirəm ki, biz çox rahatlıqla onları məhv edəcəyik. Bilirsən necə oğullarımız var?

- Düz diyirsən, – yanındakı dostu şirin Şəki ləhcəsi ilə onun sözünə qüvvət verdi. – Mən Aprel döyüşlərində olmuşam. Ermənilərin çox təriflədihləri Ohanyan müdafiə xəttini 40 dəqiqəyə darmadağın edib çeçmişox. Əcər o vaxt Rusiya arıya cirif müharibəni diyandırmasaydı, çoxdan ceyif Qarabağa çatmışdox.

Arxa oturacaqda oturan əsgərlər də müzakirəyə qoşuldular:

- Havı səfər diyillər Rusiya işimizə qarışmiyicihdi. Əgər həqiqətən qarışmasa, inanın bir-içi həftiyə ceyif Yerevana çıxarox!..

Sevinc dolu gülüşmələr və təsdiq səsləri eşidildi.

- Deyirlər Türkiyə də xeyli köməh göndəritdi.

- Ə haa! - başqa biri dedi. – Diyillər təlimlərə cələn F-16 qırıcıları hələ də burdadı.

- F-16 qaldırmağa qoymazlar. Amerika var, Rusiya var...

- Ə onlara nə dəxli var e?..- qəzəbli bir etiraz səsi yüksəldi, ön cərgələrdən.

- Ərə, narahat olma! - eyni tərzdə bir cavab onu sakitləşdirdi. – Türkiyədən dronlar cətiritdilər. Bilirsən, indi Bayraxdarlar var, üstdən şahin kimi baxıb düşmənin cözünü oyucax. Daha bizə əvvəlçi çimi pusqu qura bilmiyicaxlar. Gə saa internetdən cöstərim, Suriyada çəkitdilər; yuxarıdan baxıb cacanq diyə vurullar!..

- Ə haa!.. Cacanng!..

Odlu-alovlu müzakirələr davam edərkən birdən Zaurun gözü yol qırağında dayanıb üçrəngli bayrağı yelləyən uşaqlara sataşdı. Cavan bir gəlin də qucağındakı körpəyə bayraq vermiş, onun əlini öz əli ilə tutaraq bayrağı yelləyirdi. Yadına “evdəkilər” düşdü.... Gözləri yolda onu gözləyəcəklər, Ümidlə... “Allah sizi qorusun! Ya Rəbb, ailəmi sənə əmanət edirəm!” - deyərək dodaqları tərpəndi. “Narahat olma, hər şey yaxşı olucax!” – deyə yanındakı dostu əli ilə onun dizinə toxundu...

Vətən müharibəsi bütün şiddəti və müjdəli xəbərləri ilə davam edirdi. Hər gün azad edilən kəndlərin, rayonların adını Ali Baş Komandanın dilindən eşidəndə bütün ölkədə böyük bir ruh yüksəkliyi və güclü inam yaranırdı. Bu zəfər xəbərlərinin yanında bir də şəhid xəbərləri gəlirdi ki, hər bir şəhidi son mənzilinə yola salmaq üçün insanlar axın-axın gəlib küçələri doldurur, üçrəngli bayraqlarla müşayiət edərək onların ümidini doğruldan qəhrəman vətən övladlarına minnət və sevgilərini ifadə edirdilər. 44 gündə əldə edilən böyük qələbənin ən böyük memarlarından olan şəhidlər vəd edilən əbədi ilahi mükafata nail olur, xalqın ürəyində bir-biri ardınca taxt qururdular...

Yaxınlıqdan eşidilən xırda ayaq tappıltıları atanı dərin xəyallardan ayırdı. Eldar kişinin gözlərində yaş yaş gilələnmişdi. Özünü sıxdı ki, od kimi yandırıb yaxan o yaş səngər kimi qırış düşmüş yanağına doğru süzülməsin. İki yaşı keçən ay tamam olan balaca Ümid isə sanki heç nədən xəbərsiz kimi, sevinclə atasından yadigar qalan mini-van tipli balaca, ağ maşının ətrafında o yana – bu yana qaçırdı. Bu yaxınlarda ayaq açıb yeriməyə başladığı üçün bir yerdə dayanmaq istəmirdi. Dünən üstünə su çiləyərək yuduğu (daha doğrusu, yumağa çalışdığı – bu onun ən böyük əyləncəsidir) maşına böyük həzlə baxır, çətin bir işin öhdəsindən gəlmiş adamlar kimi fəxr edirdi.

Həyətin aşağısında, darvazanın sağ tərəfində çay daşından hörülən, balaca, qapısı açıq tövləyə baxan Eldar baba yenidən xəyallara daldı. Bundan əvvəlki bayramlarda kəsiləcək qoçu bir-iki həftə əvvəldən Zaur gedib özü bazardan seçər, maşının baqajına salıb gətirər, tövləyə bağlayardı. Anası da hər gün nəvazişlə əzizləyə-əzizləyə ona su verər, ot verər, bayram səhərinə kimi əziz bir qonaq kimi bəsləyərdi... Getdikcə onu boğmağa qəsd edərək boğazına düyünlənən xəyallardan sıyrılmaq üçün yüngülcə öskürdü, boğazını arıtladı. Halsız adamlar kimi bir az səndələdi. Özünü ələ almaq üçün bir daha dərindən nəfəs aldı. Sanki təbəssüm edirmiş kimi dodaqlarını bir-birinə qısıb yana çəkdi, başını – qeyri-ixtiyari – azca yellədi, gözlərini yumdu. Sonra əllərini açıb yuxarı qaldırdı, üzünü səmaya tutub gözlərini açdı, solğun dodaqları ilə pıçıldadı:

- İlahi, bu səfər sənə övladımı qurban verdim, Sən şəhadətini qəbul et!..

# 2501 dəfə oxunub

Müəllifin son yazıları

# # #