Sükutun eyni tonu – Məryəm Sıla

Məryəm Sıla

Məryəm Sıla

17 dekabr 2021
# 12:38

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Məryəm Sılanın “Sükutun eyni tonu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

"Bütün yolu beynində bu fikri çək-çevir edərək gəlmişdi. Bu gün açıb deyəcəkdi ona hər şeyi. Qurtulacaqdı bu yükdən. Bəlkə də bununla onun bütün sevgisini, hörmətini, hətta özünü belə itirəcəkdi. Amma bütün bunları gözə almışdı. Artıq geriyə yol yox idi..."

Hirslə klaviaturanı kənara itələdi. "Yox e, qardaş, yox, getmir, alınmır". Ayağa qalxıb otaqda var-gəl etməyə başladı.

Nə vaxtdan bəri yarımçıq qoyduğu romanı bu gün davam etməyə qərar vermişdi, amma alınmırdı. Nə yazsa, ürəyincə olmur, cümlələr bayağı, qeyri-səmimi gəlirdi özünə. Sözləri yerinə oturda bilməyib daha da əsəbiləşirdi.

Monitora yaxınlaşıb yazıya bir də baxdı. "Sən canın, "çək-çevir " nədi axı, - dodaqları kinayə ilə əyildi, - "götür-qoy" yazsana bunu". Əvəzlədi. Yenə ürəyincə olmadı. "Yox bir, "onun sevgisini, özünü itirəcəkdi". Onda deməsin də, qardaş, nə məcburdu? Bu qədər vaxt gizlədib, deməyib. İndi nə oldu ki, birdən-birə demək qərarına gəldi? Raskolnikovluğu tutdu? Tutarlı bir səbəb olmalıdı axı bu qədər şeyi gözə almaq üçün. Sənin ağlına gəldiyi kimi oxucunun da ağlına gələcək də bu".

Yazıya nə qədər baxdısa da, ağlına bir şey gəlmədi. "Əşşş… Görürsən getmir də, alınmır, nə dirəşmisən axı?" Yazıdakı dəyişiklikləri yaddaşa vermədən elə dörd ay əvvəlki halındaca bağladı.

Saçlarını əlləri ilə daraqlayıb divana çökdü. Artıq yazmaq üçün neçənci uğursuz cəhdi idi. Qəribə qorxu yaranmışdı içində. Elə bil daha heç nə yaza bilməyəcəkdi. Aylar idi ki, bir cümlə də irəliləyə bilmirdi. Nəinki roman, feysbukda adi status belə yaza bilmirdi. Yazdıqları özünə boş, anlamsız, cəfəng gəlirdi. Bəzən bütöv bir hekayəni tam yazıb bitirdikdən sonra bəyənməyib silirdi. Ya da çox yaxşı başlayır, həvəslə davam edir, amma elə ortadaca ilişib qalırdı.

Beynindəki düşüncələr cırılıb küləyə verilmiş kağız parçaları kimi başının içində aramsız dövr edir, nə qədər əlləşsə də, o uçuşan parçaları tutub bir araya gətirə bilmirdi. Tək yaşadığı bu mənzildə daxili rahatlığının qayıdacağına olan xəstə bir ümidlə başbaşa qalmışdı. Saatlarla, günlərlə oturub fikirlərinin durulacağını gözləyəcəkdi.

Nəzərləri yazı masasının üstündə işığı yanıb-sönən telefona sataşdı. Fikirli-fikirli yaxınlaşıb götürdü. Dörd cavabsız zəng, vatsapda isə on iki söhbətdən oxunmamış altmış yeddi mesaj var idi. Dünəndən bəri telefonu səssizə alıb bir kənara atdığından nə zənglərin, nə mesajların gəlməsini duymamışdı.

Zənglər və ən çox mesaj Kərimdən gəlmişdi. Adının altında görünən son mesaja gözü sataşdı:

“Narahatam axı”.

Söhbətə daxil olub mesajları oxumağa başladı.

Dünən:

"Necəsən, Asəf?

Səsin-sorağın gəlmir.

Vaxt elə, bir görüşək, dərdləşək".

Bu gün:

"Axşamın xeyir.

Bu nədi, telefona-zada da baxmırsan.

Haralardasan?

Nəsə olub, qaqa?

Yaxşılıqdı?

A kişi, bir kəlmə hay ver.

Narahatam axı".

Həvəssiz-həvəssiz cavab yazdı:

"Hər şey yaxşıdır. Narahat olma".

Telefonu kənara qoyub, yenə divana qayıtdı. İçində yenidən baş qaldırmış qorxuları ilə cəngə çıxmışdı yenə. Onlarla necə başa çıxacağını düşünür, yol axtarırdı. Bunun elə də asan olmayacağını anlayanda büsbütün əldən düşüb təslim oldu. Nahaq artıq bu qorxuların öhdəsindən gəldiyini, onları geridə buraxdığını düşünübmüş. Hər şey elə lap əvvəldən olduğu kimi də qalıbmış, zərrə dəyişiklik olmadan. Divanın üstündəki yastığın birini başının altına qoyub uzandı, digərlərini ayağıyla vuraraq divandan yerə saldı.

***

”Deyəsən, yenə atırlar. Getdikcə də bərkiyir. Lənətə gələsən”. Hiss edirdi ki, ayağa qalxmalı, cəld geyinib silahını götürməlidir. Amma nə ağırlaşmış vücuduna, nə də göz qapaqlarına gücü çatmırdı. Silah səslərinin aramsızlığı onu birtəhər dikəlib yerindən qalxmağa məcbur etdi. Köynəyi tərdən bədəninə yapışmışdı. Otağın ortasında dəli kimi dövrə vurdu, çaşqın-çaşqın ətrafa nəzər saldı. Bir neçə dəqiqə keçməsi lazım gəldi, vəziyyəti qavraması üçün. Bölükdə deyil, öz evində imiş. Yuxusunu bölən isə güllə səsləri deyil, təmir gedən qonşu mənzildən gələn drel səsi imiş.

“Səhərin gözü açılmamış başladılar yenə,” - hirslə yerdəki yastıqlardan birini təpiklə vurub gəlib divanda oturdu. Yolüstü əl atıb telefonunu da götürdü. Kərim cavab yazmışdı:

”A kişi, narahat olma deməklə deyil e. Yoxa çıxmısan əməlli-başlı.

Nəsə olub da, bilirəm.

Hardasan sən?

Dur gəl bizə, oturaq danışaq”.

Cavab yazmağa hövsələsi yox idi. Səs atdı:

"Salam, Kərim. Narahat olası bir şey yoxdur, heç nə olmayıb. Yəni təzə bir şey baş verməyib. Bir az başımın içində qarışıqlıqdır. O da ki, dincələrəm, düzələr. Özünə yaxşı bax. Hələlik".

Kərim səsi dinləyən kimi zəng etdi:

– Ay çox şükür. A kişi, aç da bu telefonu. Nə olub sənə? Özüm ölüm, əl çəkən deyiləm. Bu saat dur, gəl bizə. Gəl, bir az dərdləşək. Nə vaxtdı, oturmuruq. Özün görəcəksən, necə yüngülləşirsən. Gəl e, gəl. Etiraz istəmirəm.

Nəhayət Asəfin inadını sındıra bildi:

– Onda sən gəl bizə. Özüm ölüm, halım yoxdur bir də ora gəlməyə.

– Yox e, qaqa, sən gəlsən yaxşıdı. Qəşəng şokoladlı tort var, çay da qoyaram sən gələnə. Otur bir taksiyə, on dəqiqəyə burdasan. Həm də ki... Aska, mənim kompüterimdə bir az problem yaranıb, gəlmişkən ona da baxarsan da.

– Həəə, deyirəm axı, nə qırsaqqız olmusan, – Asəf könülsüz halda güldü, – bir az da danışsaydın, gözlərim dolmuşdu e, gör necə qayğıkeş dostum var deyə. Daha de ki, işim düşüb də. Həmişəki kimi. Mən də az qala səni yaxşı tanımadığım üçün özümü danlayırdım.

– A kişi, insafın olsun, kompüter yadıma da düşməmişdi sənə yığanda. Birdən ağlıma gəldi. Heç qoymaram əl vurasan, lap istəyirsən tortu da götürüm, özüm gəlim.

– Yaxşı, əl qatma özünə. Çayı hazır elə, gəlirəm.

***

Asəf kompüterin qarşısında oturub proqramı yeniləməyə çalışarkən Kərimin mətbəxdən qab-qacaq cingiltisi ilə müşayiət olunan səsi gəlirdi.

– Heç demirsən, nə yaxşı belə səssizlikdi? Sən o kompüterin qarşısında nə əcəb elə sakit otura bilmisən, ayağına sarmaşan, başına çıxan əcinnələr yoxdur?

Asəf gözünü monitordan ayırmadan ucadan:

– Doğrudan, uşaqlar hardadılar? – deyə mətbəxə tərəf səsləndi.

– Qoşdum analarına, göndərdim rayona, nənələrinin yanına. İstidi də, nə var e burda. Gedib oynasınlar, dincəlsinlər təmiz havada.

Çay fincanlarını stola qoyaraq gülə-gülə əlavə etdi:

– Bir az özümün də başım qulağım dincəlsin, həm uşaqların səs-küyündən, həm də arvad dır-dırından. İndi gör necə sakitlikdi.

Asəf kompüterin arxasından qalxdı.

– Vəssalam. Hazırdı. Elə böyük bir şey deyildi. Yeniləmək lazım idi proqramı. Telefonla başa salsaydım, özün də həll edərdin.

Kərim kompüterə baxıb sevincək əlini Asəfin çiyninə vurdu:

– Yox e, qaqa sənin əlin başqadı. Gərək sənin əlin dəyə. Gəl, gəl otur, çayımızı içək.

Kərim dayanmadan ordan-burdan danışır, Asəfin kefini, bir az da dilini açmağa çalışırdı:

– Xəbərin oldu da qardaşının da romanı getdi çapa, – Kərim fəxrlə qımışdı.

– Ooo, təbriklər. Xeyirli-uğurlu olsun. Nə vaxta deyiblər?

– Uzağı 15-20 günə əlimizdədir.

– Əla! Sevindim! Daha böyük uğurlara!

– Sənin romanın nə yerdədir? Məndən qabaq başlamışdın ki. Qəşəng də mövzu idi. Bitirmək fikrin yoxdur?

Sual Asəfi sıxdı. Birtəhər yola verməyə çalışdı:

– Yox, hələ qalır.

– Asəf, axı nə olub sənə? Heç yerdə görünmürsən. Yazı-zad da paylaşmırsan. Danış görək, nə dərdin var? Niyə yoxa çıxmısan? Niyə özünə qapanmısan belə?

Asəf söhbətdən nə qədər yayınsa da, Kərim əl çəkmədi.

– Belə olmaz, qardaş. İçinə atmaqla çözüləcəyini bilsəm, heç üstünə getmərəm. "Danış" deyib zəhləni tökmərəm. Axı ikimiz də bilirik ki, dərd bölüşdükcə azalan şeydi. Bəlkə danışacaqsan, elə bir yerdə bir yol tapacağıq. Çözüləcək hər nədirsə.

– Mən daha yaza bilmirəm. Yaza bilməyəcəm bir də.

Kərim heç nə anlamadan təəccüblə:

– Necə yəni yaza bilmirsən? – dedi.

Asəf əlindəki boş çay fincanının dibindəki çay puçallarından gözünü ayırmadan:

– Bir cümlə belə yaza bilmirəm. Heç cür alınmır.

– Səbəb nədi axı? Bəlkə bir dönəmdi, gəlib keçəcək. Yenə yazacaqsan. Tək problem elə budur? Ya başqa nəsə var? Nədənsə qaynaqlanır bəlkə bu halın.

Asəf hələ də gözünü fincanın dibinə dikərək, orda nəyəsə diqqətlə baxırmış kimi gözlərini geniş açıb sözə başladı:

– Mən atasız böyümüşəm, bilirsən. Həyatım boyunca bunun əskikliyini, əzikliyini yaşamışam. Yaşıdlarımla ünsiyyətim heç vaxt normal olmayıb. Nə həyətdə, nə məktəbdə... Özümü onlarla oynamaq, ya da söhbətlərinə qarışmaq, fikir bildirmək üçün yetərsiz görmüşəm. Yetərsiz! Sən bu hissi bilirsən? – bayaqdan bəri fincanın dibinə zillənmiş nəzərlərini qəfil Kərimə tərəf çevirdi. Dostu az qala nəfəs belə almadan, bütün diqqəti ilə onu dinləyirdi. Asəf hiss elədi ki, ona bu dəqiqə sadəcə bu lazımdır. Kiminsə onu həqiqətən dinləməsi – sual vermədən, təsəlli etmədən, sözünü kəsmədən...

Sadəcə dinlənilmək.

– Sən özünü başqalarından əskik görürsən. Elə bilirsən, onlarda nəsə var ki, o səndə yoxdur. Neyləsən də, onlar kimi ola bilməzsən. Həm qaynayıb qarışmaq, onlarla ünsiyyət qurmaq istəyirsən, həm içindəki o yetərsizlik hissi səni addım atmağa qoymur. Bir az sonra ətrafdakılar da fərqinə varır bu yetərsizliyin. Lağa qoyan, gülən, söz atanlar da tapılır aralarında.

Heç bilirsən, bunu özümdə yenmək üçün nə qədər əziyyət çəkmişəm? Tələbəçiliyin ilk illərində yenə bu xüsusiyyətimdən əziyyət çəkir, heç kimlə münasibət qura bilmirdim.

Amma özümə söz verdim ki, öhdəsindən gələcəm. Harda bir tədbir var desələr, iştirak edirdim, debatlara qatıldım, treyninqlərə, seminarlara... Yavaş-yavaş baxdım ki, alınır. Daha o kompleksimin öhdəsindən gəlirəm. Tanımadığım ortamlarda belə rahatlıqla ünsiyyət qura, dost qazana bilirəm.

Asəf danışır, Kərim də səssizcə dinləyirdi.

– Daha doğrusu, elə bilirdim ki, öhdəsindən gəlmişəm, yenmişəm bütün komplekslərimi, qorxularımı. Ta ki bir neçə ay bundan əvvələ kimi.

Bilirsən, Kərim, insan öz yaralarının izlərini ən əzizinin, ən doğmasının canında görəndə darmadağın olur, elə parçalanır ki, tikəsi belə ələ gəlmir. Görəndə ki, sənin balan dağ boyda atası var ola-ola eyni qorxulardan, eyni komplekslərdən əziyyət çəkir, yetim kimi, onda sənin onları aşmış olmağının bir mənası qalmır. Sən də onunla bərabər başa qayıdırsan, quyunun dibinə düşürsən.

Mən Rəsulla birgə ən dibə qayıtdım təzədən. Eyni yaraları gördüm onda, başa düşürsən? Eyni qorxular, eyni çəkingənlik, eyni lənətə gəlmiş yetərsizlik hissi.

Asəf danışmırdı, ağrılı bir hekayə səsləndirirdi sanki. "Bir cümlə belə yaza bilmirəm" deyən adam sinədəftər bir roman danışırdı indi. Nizamlı, səlis cümlələr ard-arda düzülür, bir-birinin əlindən tuturdu elə bil.

– Son həftələrdə hiss etdim bunu. Əvvəllər hava soyuq olurdu deyə evə gətirirdim görüş günündə. İkimiz olurduq ancaq. Film izləyirdik, yemək yeyirdik, söhbət edirdik. Havalar isinəndən parka aparmağa başladım və orada – öz yaşıdlarının arasında necə sıxıldığını, ünsiyyət qurmaqdan necə uzaq qaçdığını gördüm. Əvvəl fikirləşdim ki, tanımır uşaqları, bəlkə də, normaldır. Gələn dəfə qaldıqları evin yanındakı parka apardım. Orda, demək olar, hamısı qonum-qonşunun uşaqları idi – tanıdıqları idi yəni. Yenə gördüm ki, qaynayıb-qarışmır, boynunu büküb baxır bir qıraqdan. İstəyir, amma bacarmır.

Axırı keçən dəfə evə aparanda binanın həyətində oturdub təklikdə söhbət etmişəm. Fikirləşdim, bəlkə, uşağın nəyisə çatmır. Nəsə istəyir, amma deyə bilmir. Dedim, "Rəsul, deyirəm bəlkə velosipedini yeniləyək, hə? Daha yekə kişisən, böyüyündən alaq". "İstəmirəm," – dedi. Rolik, skuter, seqvey – ağlıma gələn, uşağa maraqlı ola biləcək hər şeyi saydım. Dedim, "Bax, hansından desən, ata alar səninçün. Nə istəyirsən, de. Alaram. Nə istəsən, edərəm". Gözümün içinə baxıb: "Nə istəsəm, edərsən, hə?" – dedi. "Əlbəttə," – dedim. Tez bel çantasını dizinin üstünə qoyub açdı. İçindən bir kitab götürüb arasından bir foto çıxardı. Düz gözümün önündə tutdu. Üçümüzün şəkli idi. Onun bir yaşında çəkdirmişdik, ad günü şənliyində. İkimizin də əynində lacivərd rəngdə kostyum vardı. Leylanın əynində də eyni rəngdə uzun ziyafət donu. Üçümüz də gülürdük. Üçümüz də xoşbəxt görünürdük və o vaxt bu, sadəcə görüntü deyildi.

"Bax, – dedi, – bunu istəyirəm. Bu şəkildəki ailəni. Edə bilərsən, ata? Geri verə bilərsən mənə?"

Söz tapa bilmədim, Kərim. On bir yaşlı uşağın qarşısında aciz qaldım. Gözlərində elə bir intizar vardı ki. Mənə elə gəldi, o hətta inanırdı da mənim bunu bacaracağıma. Amma mənim gözlərimdəki acizliyi, çarəsizliyi gördükcə, səssizliyimi dinlədikcə gözündəki inam da öldü, çəkilib getdi yavaş-yavaş. O, öz on bir illik kiçik həyat təcrübəsi ilə belə yaxşı anlayırdı, bu sükutun razılıq olmadığını.

Mənim sükutum onu bezdirdi, acizliyim onu özündən çıxardı. Fotonu əsəblə bir neçə yerə cırıb bu dəfə də parçalarını əlinin içində mənə uzatdı. "Bəs bu şəkli elə birləşdirə bilərsən ki, cırıldığı bilinməsin? Heç bir iz, xətt qalmasın üstündə. Bacararsan, ata? Hə? Bacararsan?" Əsəbdən, ümidlərinin puça çıxmasından yana-yana ağlayır, hıçqırırdı. Mənimsə gücüm ancaq başımı bulamağa çatdı. Qəhər yumruq kimi boğazımı tıxamışdı, sözlərin yolunu aça bilmirdim. Bu onu lap dəli elədi. Ayağa qalxdı, içini çəkə-çəkə: "Onda mənə bir də "nə istəsən, edərəm" demə. Sən mənimçün heç nə edə bilməzsən!" – dedi və çantasından yapışıb sürüyə-sürüyə uzaqlaşdı.

İndi çənbər qapanıb, mən yenə dönüb-dolanıb başladığım nöqtəyə qayıtmışam. Anlayıram ki, o çətin yolu yenidən keçməliyəm, bu dəfə Rəsulla birgə. Amma mən artıq tükənmişəm, o çətinliklərlə bir də üzləşəcək gücüm yoxdur…

***

Səhər oyananda Asəf hiss etdi ki, bu gün özünü daha gümrah hiss edir. Dünən Kərimgilə getməsi ona yaxşı təsir etmişdi. Kərimin verdiyi məsləhətlərin işə yarayacağını düşünmürdü, onun dedikləri yeni bir şey deyildi. Amma içində yığılıb bərkimiş qəhəri, ağrını sözlərə çevirə bilməsi, Kərimin onu bütün diqqəti ilə dinləməsi yaxşı təsir etmişdi. "Bəlkə də, heç kimlə görüşməməklə, özümə qapanmaqla yanlış edirəm. Kərimlə danışandan sonra nə qədər yüngülləşdim. Gərək uşaqlarla əlaqə saxlayım, ara-sıra görüşək. Yavaş-yavaş özümə gələrəm, hər şey qaydasına düşər. Leylayla da danışım, ən azından, Rəsula görə nələrisə dəyişək, arada birlikdə harasa gedək".

Bu fikirlə çoxdan dondurduğu feysbuk səhifəsini açıb göz gəzdirdi. Uzun yazıları oxumağa hövsələsi çatmasa da, bir neçə şair, yazar dostunun eyni bir yazını paylaşdığını görüb maraqlandı. Nəhayət Familin də " Qardaşımız yenə yaradıb" başlığı ilə paylaşdığı həmin yazını oxumağa başladı.

"O, atasız böyümüşdü. Həyatı boyunca əskikliyini, əzikliyini yaşamışdı bu kəmliyin. Yaşıdlarıyla heç vaxt normal ünsiyyət qura bilməmişdi...”

Asəf heyrət və acgözlüklə hər cümləsi ona tanış olan mətni gözləriylə udurdu.

"...Bu zaman balaca Həsən bel çantasını yerə qoyub içindən bir şəkil çıxardı. Şəkli düz onun gözləri önündə tutub: "Mənə bu şəkildəki ailəni geri verə bilərsən, ata," – dedi..."

Oxuduqca görüntü sanki bulanıqlaşır, hərflər səfdən dağılıb sağa-sola hərəkət edirdi. Bir az sonra hiss etdi ki, hərəkət edən təkcə yazıdakı cümlələr deyil; bütün otaq başına fırlanırdı. Hekayənin davamını oxuya bilmədi. Diqqətini cəmləmək üçün gözlərini geniş açdı, yazını sürətlə aşağı sürüşdürüb müəllifin adına baxdı: Kərim Hikmətsoy.

# 2127 dəfə oxunub

Müəllifin son yazıları

# # #