Mənimlə danış - Anar Şamil

Anar Şamil

Anar Şamil

9 dekabr 2021
# 13:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Anar Şamilin “Mənimlə danış” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Gözümü açdığımda ilk gördüyüm qırağı hasarlı otluq sahə idi. Hasarın önündən keçən yol mərkəzi yol sayılırdı. İctimai nəqliyat, kəndə girən və kənddən çıxan bütün maşınlar bu yoldan keçirdi. Hərdən at belində cavan oğlanlar kəndin çıxışında evləri olan Əhməd dayıgildən gəlirdi. Onlara baxdıqca məktəb illəri yadıma düşürdü. Bayqır adlı hündür boy atımız vardı, ona nal vurdurmaq üçün həmişə mən də bu yoldan istifadə edirdim. Baş yolun ardından bir çay keçirdi. Yağış yağanda suyu daşar, quraqlıq vaxtı isə azalardı. Amma suyu daim olurdu. Axşamlar onun səsini dinləmək başqa bir həzz verirdi. Kəndin çökəkliyində olan Qurcana çayı kəndi iki yerə bölürdü. Axın istiqamətindən başqa üç bir tərəfi üstü meşəylə örtülü dağlarla əhatəli idi. Hər birinin sinəsindəki qımızı papaqlı evlər mənzərəyə xüsusi gözəllik verirdi . Əvvəllər bu evlərin yerləşməsi, mövqeyi mənim üçün bir əhəmiyyət kəsb etmirdi. Lakin indi xeyli müddət uzaqdan onları seyr edəndə dikin üstündə belə möhkəm dayanmaqlarına insanın inanmağı gəlmir. Adama və mənə elə gəlir ki, hamısı sürüşüb çayın yatağına düşəcəklər. Önümdəki evlərin arxasında qədim dövrdə xanların istirahət etdiyi bir yaylaq var. Səhər günəş həmişə onun arxasından çıxar, şüaları asta-asta yeriyərək evlərin damlarını zəbt edirdi. Şəfəqi hər səhər seyr etsəm də uzun müddətdir onun batmasını görə bilmirəm. Darıxdığım anlardan biri də məhz budur. Qürubu bir daha izləmək üçün yenidən doğulmağa razı idim.

Mənzərəni seyr etdiyim yerin sağında və solunda iki ədəd giriş darvazası var. Önümdən çay daşları ilə örtülmüş dar yolla kənd camaatı keçirdi. Burda olduğuma sevinirdim. Çünki məndən arxada olanlar yoldan uzaqdaydılar deyə nə danışıqları eşidir, nə də keçən insanları görürdülər. Qabaqda olmağım bir təsadüf idi. Məni ilk əvvəl arxadakı ən yuxarı yerə aparırdılar. Lakin həmin gün güclü yağış yağması yolun isə dik olması insanlara mane oldu. Məcbur olub ön hissədən balaca bir yer tapdılar. Böyük yerə ehtiyacda yox idi. Arıq və boydan balaca biri idim.

Adım Orxandı. Mənim sağımda Valeh dayı, solumda isə Gülnar dayanıb. Bura gələndən Valeh dayı ilə ünsiyyətim alınmırdı. Mənimlə kobud davranırdı. Deyirdi burda mənim yoldaşım Həcər olmalı idi, yeri onun üçün saxlamışdılar sən burda olmalı deyildin. Amma Gülnarla gəldiyim gündən dost olmuşdum. İlk günlərdə qorxduğumu görüb mənə dəstək oldu. Axşamlar dözə bilmir, hamı yuxuya gedəndən sonra ağlayırdım. Ağlayıb tam sakitləşəndən sonra Gülnar oyaq olduğunu, məni tək qoymaq istəmədiyini dedi.

- Orxan, bura gələn heç kim geri qayıtmayıb. Dağın döşündəki evlərdə yaşayanlar ayrı, biz isə ayrı biriyik. İndi tez-tez görəcəyin yaxınların, sonralar yalnız bayramlarda baş çəkəcəklər. Səninlə bu əbədi dünyada sonuna qədər yalnız bizik. Darıxmağından əl çək.

- Mənim yaxınlarım gələcək inanmıram sənə. Həm birdən unudub gəlməsələr onda yuxularına girəcəm. Mən orda olanda evdəkilər filankəsin yuxularına gəldiyini deyirdilər. Olur hə elə bir şey? Ehtiyac olsa biz onların yuxusuna girə bilirik?

- Olmur. Deyirlər kor doğulanlar yuxu görmür heç vaxt. Deməli yuxuya girmək anlayışı da yoxdur. Sadəcə sənin haqqında çox fikirləşənlər ola bilsin səni yuxuda gördüklərini təsəvvür edəcəklər. Biz burdan heç yerə tərpənə bilmərik. İndi yuxuya get işə gedən insanların səs-küyündən sübh tezdən oyanacaqsan.

Bir müddət keçəndən sonra əmin oldum ki, heç kimin yuxusuna girə bilmirəm. Əvvəllər elə bilirdim bu hasarın içində olanlara xüsusi qapı açıb dəvət edirlər ki, gəlin kimin yuxusuna istəyirsiz girin. Alışmışdım, artıq ağlamırdım. Gecələr Gülnarla dərdləşirdim. Gülnar çox gözəl idi, ya da rəssam onu olduğundan fərqli həkk etmişdi. Üzündən göz yaşlarını süzərək həyatını, 23 yaşında 9 aylıq hamilə olduğunu, doğum evindən evə yox bura niyə gəldiyini danışırdı. Yoldaşı ilə qızı onu mütəmadi yad edərdilər. Həmin anda onu tək buraxıb uzaqlaşmağım gəlirdi. Dünyaya gətirdiyi qızına nə toxuna bilmiş, nə qoxusunu hiss etmiş bir ananın yanında olmaq çətin idi . İndi isə sadəcə daş kimi kənardan baxırdı. Qızı ana deyib üzünü sığallayıb, ağlayırdı. Hər dəfə təzə gətirdiyi gülləri ona verib gedərdi. Gülnar isə güllərə baxar təsəlli tapardı. Qızı uzaqlaşandan sonra yoldaşı onunla təkbətək qalıb bəzən xatirələrindən, bəzən olub bitənlərdən danışardı.

“Toxuduğun əlcəkləri hər axşam əllərimə keçirib üzümə sıxıram. Ütülədiyin son köynəyi olduğu kimi dolabda asmışam. Çox darıxıram sənin üçün. Xeyli vaxt keçsə də yadımdasan. Qızımızı gördün, xeyli böyüyüb artıq onuncu sinifdə oxuyur. Sənsiz çətin olsa da həm ata, həm də dost olmağa çalışdım onunla. Evdəkilərin, tanışların təzyiqinə rəğmən onu tək böyütdüm. Ürəyimə hökm edə bilmədim səndən başqasını görməyib bizim otaq.”

Bu sözlər məndə paxıllıq hissi oyatmışdı. Sevgilim deyə yanıma gələn olmamışdı bundan sonra da olamayacaqdı. Sağ olsunlar hərdən valideynlərim bacımla yanıma gəlirdilər. Evindən uzaqda tərpənmədən eyni vəziyyətdə uzun müddət qaldıqda insan onun üçün darıxan, onunla maraqlanan birinə ehtiyac duymağa başlayır. Düzdü qabaqda yola yaxın olmağım ev həsrətindən, darıxmaqdan qurtarırdı məni. Yoldan keçən tanış simaları görürdüm. Dünən Uşaqlıq dostum yoldaşilə birgə önümdən keçərək avtobus dayanacağına doğru gedirdi. Sağ olsun, gözləntimdən fərqli olaraq üzümə belə çönüb baxmadı. Onunla içmədiyimiz, bir-birimizə sağlıq demədiyimiz tin qalmamışdı kənddə. Yaxınlaşıb bir necəsən sualını verə bilərdi. Uşaqlardan danışardı. Kim hardadı nə işə baxır. O günlərimizi bir az xatırlasa nə olardı ki? Bəlkə də indi ailə başçısıdır deyə həmin günlər artıq xoş deyildi ona. Toyu beş ay əvvəl olmuşdu. İştirak etməsəm də səsini eşidirdim. Adətən toylar bizdə həyətdə olub, kəndin əksər yerlərində eşidilirdi. Özümü orda təsəvvür edib, boynuna şərf salarkən üzünə sillədə vurmuşdum. Yəqin ki həmin vaxt o məni xatırlamırdı. Yoxsa gəlib bir baş çəkərdi. Keçən dəfə isə Aysunu gördüm. Qayınanası ilə birgə anasıgilə gedirdi. Yanımdan keçərkən qayınanasına sezdirmədəm üzümə baxdı. Bir nəfər də olsa sevgili kimi məndən ötrü darıxır deyə sevindim, amma baxışlarda sevgiyə aid heç nə yox idi. Aysunla olan münasibətimdə yuxarıda danışdığım dostumdan başqa heç kimin xəbəri yoxdu. Ailə həyatı qurduğu xeyli müddət idi. Ər evinə gəldiyi bir neçə gün sonra yoldaşı qoyub Rusiyaya getmişdi. İki il sonra qayıdıb on beş gün qaldıqdan sonra yenidən uzun müddətli Rusiyaya yenidən qayıtmışdı. Onun orda ailəsi olduğu deyilirdi. Aysuna kəndəki toylardan birində rast gəlmişdim. Gözəl geyimi və bəzəyi ilə məclisin ən gözəli idi. Görünür ərini gözləməkdən bezmişdi özünə diqqət çəkmək istəyirdi. Gözləri ətrafı gəzir, sanki hansısa tanışını axtarırdı. Məndə dostum Röyalla toya tamaşa edirdim. Gözlərimiz ani olaraq toqquşdu və tez uzaqlaşdı. Lakin sonra sevgi filmlərindəki kimi gözlər yenidən asta-asta ayrılma nöqtəsinə qayıtdı. Sonda isə mənim telefon nömrəm onun qabağındakı salfet kağızında idi. Həftənin ən az iki gecəsini onunla keçirirdim. Həmin günlər evə içkili vəziyyətdə gec qayıdırdım. Hər dəfə də atamın danlağını eşidirdim. Amma dəyərdi, bizim cavanların sözü ilə desək “damaşni” tapmışdım. Lakin əyləncəm təhlükəli idi. Kənddə mənim onunla əyləndiyim yayılsa heç kim qız verməyəcəkdi mənə. Aysunda münasibətimizin açığa çıxmasını istəmirdi. Ərinin puluna ehtiyacı vardı. Bu üzdən aldığımız riskin keyfini tamamilə çıxardırdıq. Qadınla ilk münasibətimin peşəkar və belə gözəl birilə olması mənə Tanrıdan bir hədiyyə idi. Yataqda insana cənnəti yaşadırdı. Cənnət demişkən, xeyli müddətdir ki burdayam, hamının dediyini hələ də görməmişəm. Deyirdilər insan öləndən sonra ya cəhənnəmə, ya cənnətə düşür. Heç hara düşmədim. Torpağın altına basdırıb getdilər sonra isə şəklim üzərinə həkk edilmiş bir daş qoydular. Nə tanrı gəldi nə mələklər. Məndən əvvəl burda məskunlaşanlarda eyni qaydada üzlərini xan yaylağına tutub dayanmışdılar. Lakin içlərində hələdə cəhənnəmdən qorxub cənnətə düşəcəklərinə ümid edənlər vardı. Torpağa qoyulandan bəri hara düşəcəyimi heç vaxt fikirləşməmişəm. Pis əməlim olmadığını düşünürəm. Yaxşı əməlim kimi isə Aysunla keçirdiyim anları qəbul edirəm. Ədaləti bərpa eləmişəm. Əri istədiyi həyatı yaşayırdı, bu üzdən qadın kimi yaşamaq onun da haqqı idi. Lakin mənə baxdığı baxışlarda təşəkkür belə hiss etmədim. Hərdən tozlu küncə atılmış şəkilləri iki ildən bir dəfə açıb qısa müddətdə baxır, nələrisə xatırlayır, sonra küncə atırlar ey, bax özümü həmin şəkil kimi hiss etmişdim.

Bu gün çox sakit keçdi yoldan keçən az, nə məni, nə də ətrafdakıları yad etməyə gələn yox idi. Narın yağışın düşməsini çıxmaq şərtilə çox darıxdırıcı gün yekunlaşmaq üzrə idi, adamın imkanı olsaydı Valeh dayı ilə bir domino oynayardı. Dünən amma maraqlı gün keçmişdi. Bizdən 20 daş solda üzərlərinə Bayraq asılmış daşlar var. Onlardan birinin - adaşımın il dönümü idi. Əllərində gül, hərbi formada insanlar və məktəblilər gəlmişdi. Vətən uğrunda gedən döyüşlərdə kəndimizin verdiyi şəhidlərdən biri idi. İnsanın torpaqdan çıxıb həmin daşlar qarşısında baş əyməyi gəlirdi. Sağ qalanların hər birinə həyat belə ölüm nəsib etsin. Mənə bir daha şans verilsə onların yanında olmaq üçün əlimdən gələni edərdim. Dünən hər birimizdə qürur hissi vardı, vətən sevgisi sümüklərimizdə gəzirdi. Valeh dayı belə mehribanlaşmışdı, mənə 41-45-dən danışırdı. Lakin bu gün üçün hər şey dünəndə qalmışdı. İndi hamı sakitcə günün sonunu gözləyirdi. Birdən hasar darvazasının səsi gəldi. Cavan oğlanın yolla gədiyini gördük. Ərafımda olan heç kim tanımadı, lakin oğlan yaxınlaşdıqca onun siması mənə tanış gəlirdi. Yola qaçan balaca qıza bənzəyirdi. Adam yaxınlaşdıqdan sonra mənim şəklimə doğru döndü. Üzümə tüpürüb, goruma söydü sonra isə söyüşlərinə davam edərək gəldiyi darvazadan çıxıb getdi. Mən deməyə heç bir söz tapmadım. Gülnar eşitməzliyə vurub səssiz dayanmışdı. Valeh dayı isə oğruncasına gülürdü. Hadisədən bir müddət sonra anamla bacım gəldi. Atam hər dəfə gələn deyildi. Qəbrimi təmizləyib, şəklimi sildilər. Gətirdikləri gülü əkdikdən sonra anam yanımdakı stolda əyləşib olub - bitənlərdən danışdı. Sonda isə dua oxuyub uzaqlaşdılar. Onların bu gün gəlməyinin mənim üçün heç bir təsiri olmadı. Dünənki qürurdan sonra üzünə kiminsə tüpürməsini görmək insanı təkrarən öldürür. Gecəni demək olar ki oyaq keçirdim. Çaqqalların ulaşmasını dinləyərək səhəri açdım. Hamı tezdən oyanmışdı. Hər kəs əlində külüng və bellə yuxarı doğru qalxan Mahir kişini izləyirdi. Nə vaxt əli külünclü görünürdüsə həmin gün yeni birini gətirirdilər. Bu demək olar ki hamı üçün pis əlamət idi. Təzə gələn hansısa birimizin qohumu ola bilərdi. Hər kəs həsrətlə xəbər gözləyirdi. Bir müddət sonra bizdən uzaqdakı qapılar taybatay açıldı. Çiynində tabutla insan kütləsi daxil olub bir başa yuxarı qalxdı. Məsafə uzaq olduğundan heç birimiz insanları sezə bilmədik. Sakitcə gözləməli olduq. Bir neçə günə xəbər yayılar, yeni gələnin kimliyi məlum olardı. Lakin təəssüf ki, çox gözləməli olmadıq. Valeh dayının qəbrinə bir neçə insan yaxınlaşdı. Onların içindən oğlunu və üstümüzdə gəlib ərəb dilində dua oxuyan mollanı tanıdım, lakin yoldaşı Həcər xala yox idi. Əllərini açaraq dua etməyə başladılar. Valeh dayı nə baş verdiyini anlamırdı. Duanın içində Həcər xalanın adını eşitdikdə onun ağladığını gördüm. Göz yaşlarını önümüzdə olan insanlar sezmirdi. Valeh dayı qəbirdən çıxıb yoldaşının yanına qaçmaq istəyirdi. Ağlamağı heç yaşına uyğun deyildi. Ən sevimli oyuncağı üçün ağlayan uşağa bənzəyirdi. Onlar bir-birini birdə görməyəcəkdilər. Bəlkə nə vaxtsa cənnətə düşərlərsə.

Gələndən bəri mənə göstərdiyi münasibətə görə Valeh dayıdan xoşlanmasam da bu gün ona yazığım gəldi. Zəhmətkeş biri olub, kəndin seçilən ustalarından idi. Daşı daş üstünə qoyaraq alın təri ilə üç oğul böyütmüş, hər birinə ali təhsil vermiş, evləndirib yerbəyer etmişdi. Lakin ailə səadətinə qovuşandan sonra adətən uşaqlar böyüdükləri ailəni unudurlar. Valeh dayı ilə Həcər xala da eyni aqibəti yaşamışdılar. Ömrünün sonuna qədər əziyyət çəkmiş, həyatın heç bir komfortunu görməmişdilər. Evləndikdən sonra iki uşağı Rusiyaya getmiş, digəri isə paytaxtda məskunlaşmışdı. Bakıdakı məzuniyyət dövründə hərdən kəndə gəlsə də oteldə qalardı. İstirahətini ata evində keçirməyi əziyyət bilirdi. Ailəsi kəndçidir, mal-qara iyi gəlir deyə Valeh dayıgildən çəkinərdilər. Evdə qız uşağı və ya oğlan uşağı mübahisəsi düşəndə atam həmişə Valeh kişini oğlanarını misal göstərib, onlar kimi oğuldansa bar verən üç ağac yaxşıdı deyərdi. Atamın bildirdiyinə görə xaricdəki uşaqlar heç yasına belə gəlməyiblər. Mən burda olduğum müddətdə yalnız keçən yay uşaqlarından birini qəbir üstünə gəldiyini görmüşdüm, oda tək idi nə uşaqları nə yoldaşı var idi. Valeh dayını daimi olaraq ancaq yoldaşı Həcər yad edirdi. Eşitdiyim bir şeirdə deyildiyi kimi “Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası Bir qara paltarlı gözəl qadına ümidi var.” Bu gündən qara donlu qadını vəfat etmişdi. O artıq tək qaldığına görə ağlayırdı. Qəbrinə baş çəkəsi heç kimsə olmayacaqdı. Düzdü qəbri baxımlı idi. Oğlanları atalarının qəbri baxımlı olsun deyə pul göndərirdilər. Bu üzdən Mahir kişi tez-tez onun qəbrini təmizləyir. Mollalar isə gəlib dua oxuyurdular. Amma qonşumun istədiyi bu deyildi. O uşaqlarını, nəvələrini görmək, dinləmək, yad edilmək, xatırlanmaq istəyirdi. Bundan ötrü sağlığında hər birinin üzərində əziyyət çəkmişdi. Öz həyatını çətinliyə salmış, istirahətindən, kefindən uzaq gəzmişdi ki, uşaqları onun kimi yaşamasın.

Hamı dağılışandan sonra Valeh dayıya təskinik verib sakitcə günün bitməsini gözlədik. İndiki halda ona təsəlli verməyin heç bir köməyi olmayacaqdı. Hərə öz xatirələrinə qapanmışdı. Mən isə dünənki hadisəni fikirləşirdim. Həmin gün buraya gəlməyimə səbəb olan an yadıma düşdü. Məktəbdən sonra gəncliyimin yaxşı dövrləri idi. Atam mal-qaranı satıb əsgərlikdən qurtarmışdı. Yeyib içib kefimi çəkirdim. Dostlarımla qonaqlıqda oturub günortadan sonra evə içkili halda qayıtdım. Atam həmişəki kimi ağzını açıb bütün hirsini mənim üzərimə tökdü. Evdə bu vəziyyətdə otura bilmədim, sakitlik və təklik istəyirdim. Ata minib kəndin meşə başı adlanan ərazisinə doğru yola düşdüm. Orada çayın qırağında, otlaq sahədə yekə palıd ağacı var. Çayın və meşənin səsi insanı sakitəşdirirdi. Kəndin içiylə gedərkən fərqinə varmadan atı sürətləndirdim. Necə deyərlər dörd nala çapırdım. Amma içkili olduğuma görə sürəti hiss etmirdim. Bir anlıq döngələrin birindən balaca qız uşağı qaçaraq yola çıxdı. At uşağa dəyərək uşağın üzərinə yıxıldı. Sonra isə qızı uşaqlar üçün ayrılan yerə məni isə bura gətirdilər. Dünən isə qəbiristanlığa gəlməyimin 1 yaşı tamam olurdu.

# 2442 dəfə oxunub

Müəllifin son yazıları

# # #