Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi
1 noyabr 2024
# 18:00

Kulis.az Karel Çapekin "Marka kolleksiyası" hekayəsini Firuzə Mahmudovanın tərcüməsində təqdim edir.

– Bəli, bu, əlbəttə, müqəddəs həqiqətdir, – qoca cənab Karas dedi. – Keçmişinizi qurdaladıqca başa düşürsünüz ki, orada tamamilə fərqli həyatlar üçün kifayət qədər material var. Bir gün... ya səhvən, ya da məqsədli şəkildə... o həyatlardan birini seçib, axıra qədər onu yaşayırsan, amma ən pisi odur ki, digər mümkün həyatlar heç vaxt unudulmur, kəsilmiş ayaq kimi ağrısını həmişə hiss edirsən.

Təxminən, on yaşım olanda marka yığmağa başladım. Bu, atamın xoşuna gəlmirdi, o fikirləşirdi ki, bu, məni dərslərimdən yayındıracaq. Mənim Loyzik Cepelka adlı bir yoldaşım var idi, marka yığmaq həvəsinə onunla birlikdə düşmüşdük. Loyzikin atası küçədə şarman (musiqi aləti) çalırdı, qıvrım saçlı, çilli oğlan idi və mən onu bir uşaq dostunu necə sevirsə, elə sevirdim. Qulaq asın, mən qoca adamam, arvadım və uşaqlarım var idi və sizə deyim ki, həyatda dostluq qədər gözəl hiss yoxdur. Amma insan bunu ancaq gəncliyində hiss edir, sonradan hisslər necəsə kütləşir, daha çox özün haqqında düşünürsən. Belə dostluq saf həvəsdən, zənginlikdən və həyat eşqindən doğulur; bu hisslər sizdə o qədər aşıb-daşır ki, gərək onu kiməsə verəsən. Mənim atam notarius idi, yerli zadəganların başçısı, kifayət qədər hörmətli və ciddi adam idi. Mən isə bütün günümü atası sərxoş küçə musiqiçisi, anası isə paltar yumaqdan əldən düşmüş Loyziq ilə keçirirdim. Loyziqə heyranlıq duyurdum, gözümdə ilahiləşdirmişdim – məndən daha qabiliyyətli idi, həmişə bəxti gətirirdi, sərbəst və dözümlü idi, burnunda çilləri var idi və sol əli ilə daş ata bilirdi – ümumiyyətlə, onun ən çox hansı xüsusiyyətini sevdiyimi yadıma sala bilmirəm; heç şübhə yoxdur ki, o, həyatımın ən böyük sevgisi idi.

Beləliklə, mən marka yığmağa başladığım dövrdə həmin Loyzik mənim ən yaxın dostum idi. Həmişə deyirlər ki, kolleksiyadan ancaq kişilərin başı çıxır, bu doğrudur. Məncə, bu, biz kişilərdə düşmən başı, silah-sursat, ayı dərisi, maral buynuzları və ümumiyyətlə, ovladığı şeyləri yığdığımız vaxtlardan miras qalan bir instinkdir. Marka kolleksiyası isə – sadəcə, şəxsi əşya deyil, əbədi bir macəradır; sanki uzaq ölkəyə toxunursan, məsələn, Butana, Boliviyaya və ya Ümid burnuna; bu xarici ölkələrlə bir növ şəxsi, yaxın əlaqə qurursan. Ümumiyyətlə, marka kolleksiyası yığmağın özünün müəyyən səyahət və dənizçilik motivləri, bir sözlə, kişilərə xas xüsusiyyətləri olur. Bir növ, səlib yürüşləri kimi…

Dediyim kimi, marka yığmağım atamın xoşuna gəlmirdi. Adətən atalar istəyir ki, özləri hansı işlə məşğul olursa, oğulları da həmin işlə məşğul olsun – mən, cənablar, mən özüm də oğullarıma qarşı belə olmuşam. Atalıq, ümumiyyətlə, bir az qarışıq hissdir; onda böyük sevgi var, elə bir o qədər də narahatlıq, inamsızlıq, düşmənlik – özünüz necə istəyirsiniz, ad qoyun; uşaqlarınıza qarşı sevgi nə qədər çox olursa, o biri hisslər də o qədər güclü olur. Bir sözlə, marka kolleksiyamı atamdan gizlədirdim. Çardaqda köhnə un sandığı vardı və biz ikimiz siçan kimi ora dırmaşıb markalarımızı bir-birimizə göstərirdik: bax, bura Hollandiyadır, bura Misirdir, bura isə Sverige, yəni İsveç. Bu qiymətli xəzinəmizi gizlətmək məcburiyyətində qaldığımız üçün özümüzü qəribə şəkildə günahkar hiss edirdik. Bu markaları yığmağın özü elə bir macəra idi. Mən tanış və tanış olmayan ailələrin evinə gedir, onlara köhnə məktubların üstündəki markaları götürməyə icazə versinlər deyə, yalvarırdım. Bəzi evlərin çardağında və ya siyirtmələrdə köhnə sənədlərlə dolu qutular olurdu – yerdə oturub tozlu kağız qalaqlarını növlərə ayırır, məndə olmayan nüsxələri axtarırdım – bu mənim ən xoşbəxt anlarım idi, görürsüz, elə axmaq idim ki, eyni markadan ikincisini götürmürdüm; elə ki, köhnə Lombardiyaya və ya kiçik alman knyazlıqlarına aid bir marka tapırdım, ağrılı bir sevinc hissi keçirirdim, – axı hədsiz sevinclər ağrısız olmur, bilirsiniz. Loyzik isə məni çöldə qapıda gözləyirdi və nəhayət, bayıra çıxanda elə qapıdaca ona pıçıldayırdım:

– Loyzik, Loyzik, bircə Hannover var idi!

– Götürdün?

– Hə!

Və qənimətimizlə birlikdə evimizin çardağına qaçırdıq.

Bizim şəhərdə üçüncü sinif ölkələr üçün müxtəlif növ keyfiyyətsiz çit, kətan, pambıq parça, pal-paltar və başqa boş şeylər istehsal edən toxuculuq fabrikləri var idi. Mənə fabriklərə girib kağız tullantı səbətlərində marka axtarmağa icazə verirdilər; bura mənim ən zəngin ov yerim idi: burada mən Siam və Cənubi Afrika, Çin, Liberiya, Əfqanıstan, Borneo, Braziliya, Yeni Zelandiya, Hindistan, Konqonu tapdım – bu ölkələrin adları sizin də qulağınıza sirli səslənirmi? Cənab, hətta Streyt Setlmentsin markasına toxunmaq elə böyük bir sevincdir ki… Yaxud Koreya, Nepal! Yeni Qvineya! Sierra Leone! Madaqaskar! Baxın, bu elə bir həyəcandır ki, onu ancaq ova çıxan, ya da xəzinə tapan bir ovçu, qazıntılar aparan bir arxeoloq başa düşə bilər… Axtarmaq və tapmaq həyatın insana verə biləcəyi ən böyük gərginlik və xoşbəxtlikdir. İnsan gərək nəsə axtarsın – marka olmur, qoy həqiqət axtarsın, qıjı bitkisi axtarsın, ya da, ən azı, daş ox ucları, yaxud külqabı.

Bəli, Loyziklə dostluq etdiyim, marka yığdığım illər həyatımın ən gözəl illəri idi; birdən qızılca xəstəliyinə tutuldum və Loyziki mənim yanıma buraxmadılar, o isə dəhlizimizdə durub fit çalırdı ki, mən onu eşidim. Bir gün necəsə tək qaldım, heç kim otağımda başımın üstündə dayanmamışdı. Çarpayımdan sıçradım, markalarıma baxmaq üçün çardağa çıxdım. Xəstəlik məni elə zəiflətmişdi ki, sandığın qapağını güclə qaldırdım. Sandıq boş idi. Marka qutumuz yoxa çıxmışdı.

O ağrı və dəhşəti sizə təsvir edə bilmərəm – inanın, yerimdə daş kimi donub qalmışdım, boğazım düyünlənmişdi, ağlaya da bilmirdim. Birincisi, mənim ən böyük sevincim olan markaları itirmək dəhşətli bir şey idi; amma daha dəhşətlisi o idi ki, xəstəliyimdən istifadə edərək, yəqin ki, onları Loyzik oğurlayıb – mənim yeganə dostum. Dəhşət, məyusluq, ümidsizlik, kədər – bilirsiniz, bir uşağın keçirdiyi hisslərin belə güclü olmağı çox heyrətamizdir. Çardaqdan aşağı necə düşdümsə, xatırlamıram; bir onu bilirəm ki, bundan sonra yenə xəstələndim, qızdırmadan qovrulurdum, bir az rahatlayan kimi fikir məni götürürdü. Nə atama, nə də bibimə bir söz dedim, – anam artıq həyatda deyildi, – bilirdim ki, onlar məni başa düşməyəcəklər və get-gedə onlardan uzaqlaşdım. O vaxtdan sonra valideyn kimi onlara qarşı sevgi hiss etmədim. Loyzikin xəyanəti isə mənim üçün, az qala, ölümcül zərbə olmuşdu; bu mənim bir insandan gördüyüm ilk və ən dəhşətli məyusluğum idi. “Dilənçi“, - öz-özümə dedim. – “Loyzik dilənçidir, elə ona görə də oğurluq edir; bir dilənçi ilə dostluq etdiyin üçün sənə bu da azdır”. Bu məni qəddarlaşdırdı; o vaxtdan bəri insanları siniflərə ayırmağa başladım. Mən çox sarsılmışdım, ancaq o zaman sarsıntının nə qədər dərin olduğunu, məndə necə iz qoyduğunu hələ dərk etməmişdim.

Xəstəliyə qalib gəlməklə marka kolleksiyamı itirməyin ağrısı da nisbətən yüngülləşdi. Loyzikin həmin vaxt təzə dostlar tapdığını görəndə ürəyim ağrıyırdı, amma uzun ayrılıqdan sonra bir gün Loyz utana-utana yanıma qaçaraq gələndə mən ona quru tərzdə və böyük adamlar kimi dedim: “Rədd ol, mən səninlə danışmıram!” Loyzik qızardı və dərhal cavab vermədi: “Yaxşı, yaxşı!” O vaxtdan o, inadla, aşağı sinfə xas əda ilə mənə nifrət etdi.

Məhz bu hadisə mənim bütün həyatıma, cənab Paulusun deyəcəyi kimi, həyat seçimimə təsir etdi. Mənim dünyaya baxışım, belə demək olarsa, kirlənmişdi, artıq insanlara inanmırdım; onlara nifrət etməyi və onları aşağılamağı öyrənmişdim. Artıq dostum yox idi. Böyüməyə başlayanda heç kimə ehtiyac hiss etməməyim və heç kimə heç nəyi bağışlamadığımla fəxr etməyə başladım. Sonra heç kimin məni sevmədiyini hiss etməyə başladım, hətta özüm sevgiyə və hər cür hisslərə xor baxmağa başladım. Beləliklə, mən təkəbbürlü, iddialı, xırdaçı – bir sözlə, düzgün insana çevrildim. Tabeliyimdə olanlarla pis rəftar etdim, rəhm etmədim, sevməyib evləndim, övladlarımı elə böyütdüm ki, məndən qorxsunlar, mənə itaət etsinlər, çalışqanlığım və əzmkarlığım hesabına kifayət qədər uğur qazandım. Həyatım bundan ibarət idi… Bütün həyatım. İşimdən başqa heç nəyə diqqət ayırmadım. Öləndə isə qəzetlər haqqımda yazacaq ki, işinin peşəkarı, çox nümunəvi insan idi. Kaş insanlar bilərdi bütün bunların altında nə qədər tənhalıq, inamsızlıq, ağrı yatıb...

Üç il əvvəl həyat yoldaşım vəfat etdi. Özümə və başqalarına etiraf etməsəm də, dözülməz kədərə büründüm. Kədərdən atamdan və anamdan qalan ailə əşyalarını qurdalamağa başladım: şəkilləri, məktubları, köhnə dəftərlərimi... Sərt xasiyyətli atamın bütün bunları necə səliqə ilə büküb saxladığını görəndə məni qəhər boğdu, necə də olmasa, o, məni sevib. Çardaqdakı şkaf bu cür əşyalarla dolu idi. Siyirtmələrin birində bir qutu tapdım, qapağını atam möhürləmişdi. Açdım. İçində əlli il əvvəl yığdığım marka kolleksiyam var idi.

Niyə gizlədim? Gözlərimdən yaş axdı və bu qutunu bir xəzinə kimi otağıma apardım. Mən onda başa düşdüm ki, hadisə, sən demə, belə olub. Deməli, mən xəstə olanda kimsə kolleksiyamı tapıb və atam onu gizlədib ki, məni dərslərimdən yayındırmasın. Gərək bunu etməzdi. Amma bu onun mənə olan qayğısı və məhəbbətinin göstəricisi idi. Səbəbini bilmirəm, amma həm ona, həm də özümə yazığım gəldi.

Sonra fikrə getdim: deməli, bu markaları Loyzik oğurlamamışdı. Ey uca Tanrı, ona qarşı necə haqsızlıq etmişəm. Gözümün qabağına burnu çilli və buruq saçlı küçə oğlanının siması gəldi –Tanrı bilir, başına nə gəlib. Görəsən, sağdırmı?

Ah, bütün bunlar yaddaşımda canlananda necə xəcalət çəkdim. Nahaq bir şübhə ucbatından yeganə yoldaşımı itirdim, buna görə də uşaqlığımı itirdim. Mən kasıblara xor baxmağa başladım və özümü yekəxana apardım, ona görə də heç kimlə yaxın dostluq etmədim. Məhz bu səbəbdən bütün ömrüm boyu poçt markalarına nifrət etdim, həyat yoldaşıma nə evlənməzdən əvvəl, nə də sonra hislərimi kağıza yaza bilmirəm deyə bəhanə edərək, heç vaxt məktub yazmadım və həyat yoldaşım bundan əziyyət çəkdi. Ona görə çox qəddar oldum, özümə qapandım. Belə karyera qurmağımın və vəzifəmi bu qədər nümunəvi yerinə yetirməyimin yeganə səbəbi də bu idi...

Bütün həyatımı gözümün qabağından keçirdim, həyatım mənə boş və mənasız göründü. Axı mən tamam başqa cür yaşaya bilərdim. Əgər bu baş verməsəydi – necə macərapərəst, şən, sevgi dolu, istedadlı uşaq idim, təxəyyülüm aşıb-daşırdı. Ah Tanrı, mən tam başqa insan ola bilərdim – səyyah, aktyor, hərbçi! Mən insanları sevə bilərdim, onlarla içki içə bilərdim, onları başa düşə bilərdim, Tanrı bilir, daha nələr edərdim! Elə bil içimdə buz əriyirdi. Bir-bir markalara baxmağa başladım. Hamısı burada idi – Lombardiya, Kuba, Siam, Hannover, Nikaraqua, Filippin – o vaxt getmək istədiyim və bundan sonra getməyəcəyim bütün ölkələr. Bütün gecəni oturub markalara baxdım və həyatımı mühakimə etdim. Gördüm ki, yad, süni, qeyri-şəxsi bir həyat imiş, mənim öz həyatım heç mövcud olmayıb... – cənab Karas əlini yellədi. – Eh, mən kim ola bilərdim… Loyziqə qarşı necə haqsızlıq etmişəm...

Bu sözləri eşidən keşiş Vovesi kədər bürüdü, çox güman ki, o da öz həyatından nəsə xatırladı.

– Cənab Karas, – o, çox məyus şəkildə dedi. – Bu barədə düşünməməlisən, nə mənası var axı… İndi heç nəyi düzəltmək mümkün deyil, həyata təzədən başlamaq mümkün deyil...

– Mümkün deyil, – cənab Karas bir az qızararaq ah çəkdi. – Amma bilirsiniz, ən azından, mən təzədən marka yığmağa başlamışam

# 939 dəfə oxunub

Müəllifin son yazıları

# # #