İsanın günahı - İsaak Babelin hekayəsi

İsanın günahı - İsaak Babelin hekayəsi
27 yanvar 2024
# 16:00

Bu gün rus yazıçısı İsaak Babelin doğum günüdür.

Kulis bu münasibətlə yazıçının "İsanın günahı" hekayəsini təqdim edir.

"Odessa hekayələri" silsiləsindən

Mehmanxananın qənşər nömrələrində xidmətçilik eləyən Arinayla həyət-bacanı süpürən Seryoqa hər dəfə bir-biriylə rastlaşanda xəcalət təri tökərdi. Arina ötən bayram öz Seryoqasına bir cütünü doğdu. Su axır, ulduz yağır, kişi də özündən çıxır. Bir özgə vaxt Arina qəribə hala düşdü. Altı aydır ikicanlı gəzir, həm də arvad aylan tikanlıdır axı... Seryoqa da ki əsgər getməlidir, vəssalam. Arina bəs qayıdıb deyəsən ki:

– Serqunya, sənin məni gözləməyinin faydası yoxdur. Düz dörd il səninlə görüşməyəcəyik, bu dörd ildə azından üçünü doğaram. Nömrələrdə qulluq – aşnalardan buyruq. Hər keçən ağandı – istər yəhudi, ya hər kim. Sən xidmətdən qayıdınca, canımda hey qalmaz. Eninə-uzununa o qədər işlənəndən sonra sənə özümü nə halda çatdıracam?

Seryoqa başını tərpədib:

– Doğrudur, – dedi.

– Adaxlılar indi də yan-yörəmdən əskik deyil. Biri dəftərxanaçı Trofimıçdır ki, kobudluğu adladı, o biri də Nikolo-Svyatskoy kilsəsinin başçısı qoca İsay Abramıçdır ki, yarımcan bir kişidir. Sizin o qəzəbli zorunuzdan içim göynəyir, ürəkdən deyi­rəm, vallah, lap bezmişəm. Bu üç ayı da birtəhər dözüb, çağaları uşaq evinə verəndən sonra ikisindən birinə ərə gedəcəyəm.

Qoçağım Seryoqa bunu eşidən kimi Arinanı özünə çəkib qayışla qarnını qamçılayır.

Arvad:

– Sən qarnıma bir elə məhəl qoyma, – deyir, – öz toxumundu, özgənin deyil.

Bu vurhavurda kişinin göz yaşı gildir-gildir axıb arvadın qanına qarışdı, amma faydası yoxdur ki, yoxdur. Belə olanda arvad İsa Məsihin yanına gəlib deyir:

– Məsələ belədir, Tanrım İsa. Mən Tverskoydakı “Madrid və Luvr”un nömrələrindən gəlmiş Arinayam. Nömrələrdə qulluq – aşnalardan buyruq. Hər keçən ağandı – istər yəhudi, ya hər kim. Yer üzündə sənin Seryoqa adlı süpürgəçi bir bəndən dolaşır. Keçən bayram mən ona bir cütünü doğdum...

Beləcə, hər şeyi İsaya danışdı.

– Əgər Seryoqa əsgərliyə getməsə necə? – xilaskar lovğa­landı.

– Halva-halva deməklə ağız şirin olmur...

– Hə, – İsa başını aşağı saldı, – mən bu haqda fikirləşmə­dim... Eşidirsən, bəlkə, elə sən öz ismətini qoruyasan?

– Bu dörd ilimi? – arvad cavab verdi. – Sənə qulaq asan gərək qarınsız qala, bu sənin köhnə adətindir, bəs onda övlad-uşağı haradan alacaqsan? Sən məni əməlli rahatla...

Bu vaxt onun öz dərdini təzələyən arvadın sözündən İsanın yanağı qızardı, amma dinib-danışmadı. Tanrıya da bəllidir ki, öz qulağının dalını görə bilməzsən.

– Ay Tanrı bəndəsi, pozğunluğu adla deyilən Arina, – bu vaxt İsa səsini göylərə qaldırdı, – göy üzünün dərinliklə­rində mənim Alfred adlı bir mələyim veyllənir, ağlamaqdan tamam üzülüb. Deyir, Tanrım, dəf kimi bir cavan ola-ola siz məni iyirmi yaşımda mələyə döndərdiniz. Ay vələdüzzina, həmin o mələk Alfredi sənə dördillik ərliyə verirəm. Həm sənin duandı, həm sənə pənahdı, həm də ki aşnandı. Amma ondan bala nədir, heç dələ doğmaq da ağlasığası iş deyil. Yəni kefi çoxdur, sərfi yoxdur...

– Mənə də elə bu lazımdı, – Arina səcdə elədi. – Bil ki, mən o ciddilərin əlindən iki ildə üç kərə o dünyanı görürəm...

– Tanrı balası Arina, indən belə sənin həm ləzzətli dincliyin, həm də nəğmə təki həzin duan olacaq. Amin.

Beləcə, məsləhətləşib Alfredi yanlarına gətirdilər. İncə, zərif cavanın mavi kürəkləri arxasında bir cüt qanad titrəşir, elə bil göy üzündə uçuşan göyərçinlər qızılı odla oynayırlar. Arina onu qucaqlayıb öz qadın ürəyinin sevgisiylə hönkürür.

– Dincliyimsən mənim, – deyir, – Alfreduşka, nişanlımsan mənim...

Amma İsa onu başa saldı ki, hər dəfə yatağa girəndə mələ­yin qanadlarını qapı həncamələri kimi siyirtmədən çıxarmaq lazımdı. Çıxarıb tərtəmiz ağa bükməliydi. Yoxsa yalnız körpə nəfəsindən hörülən qanadlar hər hansı bir tərpənişdən qırıla bilərdi.

İsa sonuncu dəfə bu izdivacın xeyir-duasını verəndən sonra bura arxiyerey xorunu çağırıb yemək-içməksiz, öpüşsüz-filansız hay-küylü xor məclisi təşkil etdi. Və Arina Alfredlə birgə qucaq-qucağa ipək pilləkənlərlə aşağı – yer üzünə qaçdılar. Petrovkaya yetişdilər. Sağ ol səni, arvad, gör haranı nişanlayıb. Dükandan Alfredə (sözgəlişi, qondarma-zad da yox ha, lap təbiisindən) laklı yarımboğaz çəkmə, dama-dama şalvar, toxunma yeger köynəyi, məxmər jilet aldı.

– Dostum, – dedi, – qalanlarını evdən çıxaracam.

Həmin gün Arina icazə alıb nömrələrdə qulluq eləmədi.

Dava-qırğına gələn Seryoqanın da qənşərinə çıxmayıb qapının arxasından:

– Sergey Nifiantıç, – dedi, – mən indi ayaqlarımı yuyuram və sizdən xahiş eləyirəm ki, haray-həşir salmadan çıxıb gedəsiniz.

Sergey də lal-dinməz çıxıb getdi. Görünür, mələyin gücü artıq özünü göstərməyə başlamışdı.

Arina ağayana bir şam yeməyi hazırladı. Bu arvadda lap iblis kimi özünəvurğunluq var idi. Yarım şüşə araqla, çaxır bir yanda, böyründə kartofu olan Dunay siyənəyi ilə samovar çayı da o biri yanda. Alfred yer üzünün bu naz-nemətindən dadan kimi heydən düşdü. Arina həmin dəqiqə onun qanadlarını çıxarıb bükdü, özünü də yatağa dartdı.

Onun üzü üzlər görmüş çarpayısının narın tüklü döşəyində üzünün nurunu göylərdən alan ağappaq bir möcüzə uzanıb, ay işığı otaqda ləngər vura-vura qızılı rəngə çalıb o mələyin ayaqları üstə yellənir. Arina həm hönkürür, həm sevinir, gah nəğmə oxuyur, gah dua eləyir. Hələ bu fani dünyada ins-cins nəfəsi dəyməyən sənin payına düşdü, Arina, xoşbəxt arvadsan.

Yarım şüşəni dibinəcən içdilər. İşləri korlayan da elə o oldu. Təzəcə yuxulamışdılar ki, bəs arvad qayıt, öz qızmış qarnını Seryoqanın belindən gələn altı aylığıyla birgə Alfredin üstünə mindir. Demə, bu naşükür, hikkəli arvada mələklə yatmaq azdır, azdır ki, yan-yörəsində heç kəs divara tüpürmür, xoruldayan, fısıldayan yoxdur, hələ bir yumru əndamını da isidib qızdırma­lıymış. Və o arvad basıb öldürdü mələyi, içkinin dəmindən öldür­dü, sevə-sevə öldürdü. Altında həftəlik çağa kimi xurd-xəşil elədiyi mələyin son nəfəsi canından çıxanda ağa bükülmüş o bir cüt qanaddan yetim göz yaşları axırdı.

Səhər açılanda ağaclar da dərdliydi. Uzaq şimal meşələrində şam ağacları rahibə dönmüşdü. Hamısı da yerə diz çökmüşdü.

Enlikürək, nataraz arvad qanlı qolları üstündə uzanan sütül meyitlə birgə təzədən İsanın hüzurunda dayanıb.

– Tanrım, bir söz de...

Bu dəfə İsanın yumşaq ürəyi dözmədi, arvada qarğış yağ­dırdı.

– Yer üzü binadan necə qurulubsa, sən də o hökmün qulu­san, Arinuşka, – dedi.

Arvad pıçıltıyla:

– Tanrım, niyə axı, – deyir, – məgər özümü ikicanlı eləyən mənəm, araqdan dəmlənən mənəm, tək-tənha, axmaq bir arvad ürəyi yaradan mənəm?..

İsa ucadan:

– Sənə baş qoşmaq istəmirəm, – deyir, – ay ləçər, öldürdün mənim mələyimi.

Və Arinanı tozlu-torpaqlı küləklə yer üzünə, Tverskoy küçəsindəki “Madrid və Luvr”un nömrələrinə tulladı. Orada da su topuqdandı. Seryoqa təzə çağırışçı olduğundan ən axırda gəzişir. Kolomnadan təzəcə qayıdan dəftərxanaçı Trofımıç da üzündən qan daman Arinanı görüb:

– Ay səni, şişqarın, – deyir, nə bilim, nə deyir.

Qoca İsay Abramıç da bu şişqarının hənirini alıb burnunda danışa-danışa:

– Bu əhvalatdan sonra mən sənə ciddi baxa bilmərəm, – deyir, – amma həmişəki kimi gəlib yanında uzanmağa razıyam.

Yaş torpağın altında yatmaqdan özgə çarəsi qalmayan birisi də adamın canına tüpürür. Elə bil hamısı bir zəncirdən açılıb – ev uşağı da, taciri də, əcnəbisi də. Alver adamı da öz oyunundadır.

Burada bizim nağıl da öz sonundadır.

Qalan o üç ay da keçib vaxt tamam olanda Arina doğmazdan qabaq həyətin arxa tərəfinə çıxıb özünün iri, bədheybət qarnını yumyumşaq göy üzünə tutdu və sayıqlaya-sayıqlaya pıçıldadı:

– Görürsənmi, Tanrım, bu da mənim qarnım. İçindəki elə taqqıldayır, elə bil noxuddur. Nədisə, qana bilmirəm, amma doğru sözümdü, heç onu da istəmirəm.

Cavabında öz göz yaşlarıyla Arinanı yuyan hamının pənahı İsa diz üstə çökdü.

– Bağışla məni, Arinuşka, – dedi, – səni bu bəlaya salan öz günahkar Tanrını əfv et.

Arina:

– Mən səni əfv eləmirəm, Tanrım, – dedi, – əfv eləmirəm.

Tərcümə: Yaşar

# 2206 dəfə oxunub

Müəllifin son yazıları

# # #