Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə

Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
3 avqust 2021
# 09:01

Kulis.az “Hekayə günü” gənc yazar Nadir Yalçının “Yad” hekayəsini təqdim edir.

- Allahu Əkbər!

Sadıx təkbir gətirəndə barmaqları əsdi. Alnının təri gilə-gilə köynəyinin yaxasına düşdü.

Gicgahındakı damar zoğ atmışdı, gözünün içi al qan idi. Hər tərəf qarşısında dayanan mollanın əbası kimi birdən-birə qaraldı. Mahir dədəsinin səntirlədiyini görüb qoluna girdi:

- Lələ, noldu?

Sadıx dişini dişinə sıxıb birtəhər ayaq üstə dayanmağa çalışdı. Gözünü ağardıb mollanı işarə elədi. Mahir cibindəki dəsmalı çıxarıb atasının tərini sildi. Qadir qardaşından da canıyanan idi, amma irəli durmağa ürəyi gəlmirdi, hamıdan arxada çəpərə sığınıb siqaret tüstülədirdi.

Zərnigarın isti nəfəsinin kəsilməyi bu üç kişinin canına soyuq yel kimi hopmuşdu. Həyətin rəngi qaçmışdı, cücələr hindən çıxmır, inəklər samana baxmırdı. Həyətdəki it mat-mat gözünü xalçaya bürünmüş meyitə zilləmişdi. Zil qara olduğundan itə Qaraş deyirdilər. Zərnigar Qaraşın yalını bol eləyərdi, indi eləməsin. Qaraş dilini çıxarıb ləhləyirdi. Hərdən gözünü meyitdən çəkərək Qadirin yanına yüyürür, yalmanırdı.

Sadıx sağdan, oğlanları soldan mafanı çiyinlərinə götürdülər, qonum-qonşu da irəli durdu.

Üç kişinin çiyni bir qadının yükünü çəkməyə yetmirdi...

Zərnigar Qaragözü sağıb evə qayıdanda həyətin ortasında ürəyi dayanmışdı. Sinəsi gömgöy idi. Sadıx yəqin eləmişdi ki, bu, inəyin təpiyinin izidir...

Arvadı torpağa tapşırılan günün gecəsi Sadıx havalı kimi stul qoyub həyətin ortasında oturdu. Mahir dədəsinin bu pərişanlığından çox qayğılı idi, şüşəbənddə o baş-bu baş gəl-get edirdi, arada başını pəncərədən çıxarıb dədəsinə göz qoyurdu. Qadir otağında ağzı üstə uzanıb gilə-gilə yaş tökürdü. Qardaşı içərib girib pıçıldadı:

- Qadir, dədəm özündə deyil, dur gedək yanına, başını qataq.

- Bəs bizim başımızı kim qatsın?

Qadirin sözü ağzında qaldı. Sadıxın bağırtısı aləmi götürdü. Uşaqlar tez həyətə yüyürdülər. Sadıx nar ağacına bağlanmış Qaragözü şallaqlayırdı. Mahir dədəsinin bir qolundan, Qadir o biri qolundan yapışıb evə çıxardılar. Sadıx özündə-sözündə deyildi. Mahir dizini atıb yalvardı:

- Lələ, biz yazığıq axı, sakit ol, dərdimizi çəkək, Qaragözün nə günahı var?

- Bəs ananızın nə günahı varıydı?

Qadir səsi əsə-əsə:

- Lələ, əcəldi də, bizim də ciyərimiz yanır, əlimizdən nə gəlir?!

- Bıçaqları itlə, sabah kəsəcəm bunu!

- Gözümüzü o beş-altı baş heyvana dikmişik, hara kəsirsən? Özü də Qaragöz boğazdı.

Sadıx gözünü acıqlı-acıqlı Qadirə zillədi:

- Çıxın bayıra!

Uşaqlar otaqlarına çəkildilər. Həmin gecə nə Sadıx, nə də oğlanları gözünü qırpdı...

Hüzür qutaranacan evin hər işi qaydasında idi. Hamı əl-ayağını yığışdırıb evinə gedən gündən kişilər çar-naçar qaldılar. Pal-paltar, yeyib-içmək, həyət-bacanın işi qutarmırdı. Sadıx da, oğlanları da gündən-günə çöpə dönürdülər, qatsız şalvar geyinirdilər, köynəklərinin harasındasa mütləq yağ ləkəsi olurdu, Zərnigar öləndən bağçanın gülləri də öləzimişdi.

Bacıları yığışıb Sadıxa arvad almaq istəyirdilər. Hamı bir ağızdan nəsihət verirdi: Evlən, balaların da böyüyüb, hamısı özünə gün ağlayacaq, əllərdə qalma.

Sadıx eləcə bunu deyirdi:

- Yox, gədələrimdən ayıbdı, olar çayxanaya çıxanda tay-tuşları deməz ki, dədəniz qızıxıb?!

Söz-söhbətdən xəbərdar olan kimi oğlanları Sadıxa ürək-dirək verdilər:

- Lələ, düz deyirlər, nə vaxtacan çayını özün süzəcəksən, sən bizə baxma...

Mahir də, Qadir də bunu dildə deyirdilər, içdən-içdən xiffət çəkirdilər. Evin hər bucağında analarının əllərini hiss eləyirdilər. Qadir anası öləndən yeməyini axıracan yeyə bilmirdi, süfrə üstə doluxsunurdu. Mahir isə yuxusunu qarışdırmışdı, səhərə qədər oyaq qalırdı, elə hey dağı arana, aranı dağa daşıyırdı.

Zərnigarın ölümündən düz altı ay keçmişdi, hərə bir cür başın girləyirdi.

Cansıxıcı günlərin birində Mahir bağçada ot biçirdi. Qadir asta-asta gəlib dilləndi:

- Çay içirsən?

- Yox. Heç soruşan deyildin, yaman qayğıma qalırsan. O yan-bu yan eləmə, sözünü de.

- Ay Mahir, yəni lələm arvad alar?

Mahir əl saxladı, əlini əlinin üstünə qoyub çənəsini kərəntiyə söykədi:

- Vallah, mən də gecə-gündüz fikirləşirəm.

- Əşi, elə özümüz razılıq verdik də.

- Nolsun, bir söz idi dedik.

- Səni də başa düşmürəm e...

- Nədi, deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın?

Qadirin nitqi tutuldu, nəsə tapıb deyə bilmədi. Tez evə yüyürdü. Anasının dolabındakı noxudu kəlağayısını çıxardı. Zərnigarın bütün paltarlarını yetim-yesirə paylamışdılar. Təkcə bu kəlağayı qalmışdı. Qadir kəlağayını aparıb öz otağında balışın altında gizlətdi.

Bu söhbətin üstündən heç bir gün də keçməmiş Sadıx evə ağzıdolu gəldi, danışmağa fürsət gəzirdi. Axşam düşmüşdü. Bığlarını tumarlaya-tumarlaya stolun başında oturdu, süfrə açıldı. Anaları öləndən xörəyin dadı-duzu qalmamışdı. Sadıx yeməyini bitirib nəm dəsmalla ağzını sildi. Mahir kasaları üst-üstə qoyub hovuzda yumağa apardı. Sadıx öskürüb gözünü gah yerə, gah divara, gah pəncərəyə dikdi, oğlanlarının üzündən başqa nəyə desən baxdı. Nəhayət qısıq səslə dilləndi:

- Mən bir qərara gəlmişəm, day dolana bilmirik, işimiz ağırdı, bu evə bir arvad lazımdı, Güllünü məsləhət görüblər. Sabah götürüb gələcəm.

Mahirin qolları boşaldı. Qadir qaşlarını çatıb atasının gözünün içinə baxdı. Sadıx təəccüblə:

- Özünüz demirdinizmi evlən? Niyə duruxdunuz?

Mahir dilləndi:

- Day özün ölçüb-biçmisən də, niyə bizimlə məsləhət eləyirsən?

- Məsləhət eləmirəm, dedim, xəbəriniz olsun.

Qadir eyhamla dilləndi:

- Allah xoşbəxt eləsin! Biz xoşbəxt ola bilmədik, heç olmasa sən qoşa qarı!

Qadirin sözü Sadıxı ildırım kimi vurdu, ayaqları gizildədi. Zərnigarın divardan asılan şəklinə baxıb duruxdu. Ayrı vaxt olsaydı, belə kinayəli cavab üstündə oğluna yağlı bir şillə çəkərdi, amma dili qısalmışdı.

Hərə bir tərəfə çəkildi. Evdəki sükut qulaq batırırdı. Sadıx pərt olsa da özünü sındırmır, siqareti siqaretə calayır, dırnaqlarının ucunu gəmirirdi.

Naxıra gedənlər axura qayıtdı, növbəti gecə yetişdi. Güllü səhərdən gəlmişdi. Otaqdan bayıra çıxmağa ürək eləmirdi. Mahir ilə Qadirin qaşının düyünü açılmırdı. Sadıx gecə otağa girib qapını örtdü. Qapının çıqqıltısı oğlanları diksindirdi. Sadıx otağın işığını söndürəndə toyuqlar hində qaqqıldaşmağa başladı. Qonşu Sinə nənə çubuğunu yandırıb tüstülətdi, Zərnigarın ilboyu yorğanda yatan qardaşları qışın oğlan çağı tər töküb yuxuda vurnuxdular. Gecə 3-ə qədər çayxananı açıq saxlayan Məmməd kişi 11 tamamdan qapıya qıfıl vurub evə getdi. Sadıxın bəylik taxtının cırıltısına zirzəmidəki siçovullar dəli-cinli oldu.

Kənd həmin gecə gözünü yumub qulağını batırdı!

Güllü Sadıxın köynəyinin düymələrini açdıqca Sadıx sanki Əsli misalı alışırdı. Güllünün saçının qızıl qırmızı xınası Sadıxı diksindirdi. Güllünün də az yaşı yox idi. Boğazının altından döşünün arasıyla süzülən tər Sadıxın sinəsinə hopurdu. Sadıxın beyni dumanlı idi. Zərnigarın surəti gözünün qabağından çəkilmirdi, hərdən elə bilirdi ki, çiyinlərində gəzişən əllər Güllünün yox, Zərnigarın əlləridir.

Qadir anasının kəlağayısını cibinə qoyub həyətdən çıxdı, Mahir də onun ardınca getdi. Arxın yanında bardaş qurdular. Yanğılarından siqaretin kötüyünü də çəkirdilər. Qadir gözünü ovuşdurub köynəyinin qolu ilə sildi. Mahir pıçıltı ilə dedi:

- Ağlama...

- Ağlamıram, siqaretin tüstüsü gözümə doldu.

Qadirin bu cümləni deməyi ilə hıçqırmağı bir oldu. Mahir qardaşının çiynini qucaqlayıb dedi:

- Yadındadı, məktəbdə uşaqlar deyirdilər ki, atanızın adı niyə Sadiq deyil, Sadıxdı, belə ad olar?! Dədəmizin sadiqliyi qırıq imiş. Ona görə Sadıx imiş adı. Anam yatan taxtda Güllünü necə sığallayar axı? Yəni 6 ay dədəmə bəs elədi?

- Danışdıqların məni lap yandırır.

Qardaşlar danışa-danışa mürgüləyirdilər. Günəş yavaş-yavaş oyanırdı. Qadir ayağa qalxdı:

- Mən dayımgilə gedirəm, iki-üç gün oralarda hərlənim, gələrəm. Sən də gəl.

- Yox, mal-qara başsız qalar, evə gedəcəm...

Qardaşlar aralandılar. Qadir dayısıgilə, Mahir evə üz tutdu. Dədəsiylə üzbəüz gəlmək gözünə durmuşdu.

Sadıx kabus görürmüş kimi təngnəfəs oldu, yerindən atılıb şalvarını geyindi. Dan yeri sökülürdü. Əl-üzünü yuyub hinin ağzını açdı. Qaloşlarını geyinib tövləyə girdi. Tövləyə girməyi ilə yerindəcə donub qaldı. Qaragöz ölü doğmuşdu. Arada başını qaldırıb Sadıxın gözünə baxırdı, sonra təzədən gözünü qıyıb cansız balasını yalayırdı.

Sadıx utana-utana Qaragözü sığalladı. Dizini yerə atıb ağlamağa başladı. Gecənin ağırlığını boşaldırdı. Sadıxın gözünün yaşı ilə Qaragözün ağzının seliyi bir-birinə qarışmışdı.

Mahir doqqazı açıb həyətə girdi. Qaraş doqqazın səsini eşidib mırıldadı. Mahir yaxınlaşıb itin başını tumarladı. Qaraşın şələ qulaqları gözlərini örtmüşdü.

Sadıx tövlədən çıxıb çömbəldi. Kürəyini daş hasara söykəyib başını qaldırdı. Nəfəsi daralırdı. Qaraş Sadıxı görəndə yerindən dik atıldı. Hürə-hürə tövləyə sarı qaçdı. Sadıx Qaraşın səsini eşidib doqqaza boylandı, illərdir qapısında yatan itin hürə-hürə üstünə gəlməyinə təəccüblə tamaşa elədi.

# 5943 dəfə oxunub

Müəllifin son yazıları

# # #