Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Kulis.az xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.
İmzalanma mərasimində Ş. Rustaveli adına Gürcüstan Milli Teatrının bədii rəhbəri Robert Sturua, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılır.