Həmişəkindən daha axmağıq - MÜHAZİRƏ

Həmişəkindən daha axmağıq - <span style="color:red;">MÜHAZİRƏ
17 aprel 2015
# 11:50

Kulis məşhur Avstriya filosofu Karl Poperin “Həyat problem həll etməkdən ibarətdir” mühazirəsini təqdim edir.

1991-ci ildə Bad Homburqda oxunan mühazirə

Mən, demək olar ki, avtomobillə yaşıdam. Düzü, 1886-cı ildə kəşf olunanda hələ doğulmamışdım, amma çox yaxşı xatırlayıram ki, II Kayser Vilhelm birinci avtomobilini alanda bir yaşım var idi.

Avtomobillə birinci dəfə Greifensteindəki Altenberg Qəsrinə dostumun atası, həm də qəsr sahibinin Mersedesi ilə getmişdim. O vaxta qədər həmişə bizi dörd atlı faytonla evdən götürərdilər, amma bu dəfə mənə demişdilər ki, ən yaxşı alman avtomobili olan Mersedes ilə gedəcəyik, üstəlik bu modeldən Avstriyada bir dənə idi. Həmən vaxt ya 1907, ya da 1908-ci il idi.

İlk maşınımı 1936-cı ildə Londonda ikinci əldən satın aldım. Minən kimi Kembricə sürdüm, düşən kimi – sözsüz ki, sağ tərəfdən – arxa təkərlərin ox ilə birgə avtomobildən xeyli kənara çıxdığını gördüm. Xatırladığım qədəriylə sanki oxun 30 santimetri görünürdü, amma hər halda çaş-baş olmuşdum deyə belə ötəri xatırlayıram. "Standard" markalı idman avtomobili idi və mənim nümunəmdən də göründüyü kimi haqlı olaraq istehsalı bir müddət sonra dayandırıldı.

Belə təcrübələr üst-üstə gəlmiş yaşın heç kimin əlinizdən ala bilməyəcəyi üstünlüklərindən bir neçəsidir. Bundan başqa, daha gənc müasirlərimdən fərqli olaraq dünyanın və insanların maraqlı olduğunu düşünürdüm. İndiki dövrdə bir çox pis əməllərin mövcudluğundan xəbərim var, amma düşünürəm ki, bizim dünyamız tarix boyu mövcud olanlar arasında ən yaxşısıdır. Belə bir şey deyən kimi adətən dinləyicilər mənim ağlını itirmiş qoca olduğumu düşünürlər.

Bu, bəlkə də doğrudur, amma mən yenə də qarşımızdakı müzakirədə bu arqumentimi, əlavə olaraq, daxilində yaşadığımız pis dünya haqqındakı mızıltıların – bunları dövrümüzün dominant dini də adlandıra bilərik – bizdə olan bütün həqiqətlərlə ziddiyyət təşkil etməsi arqumentini, hamıya qarşı müdafiə etməyə hazıram. Buradakı əsas arqumentim təkcə iqtisadi cəhətdən vəziyyətimizin nisbətən daha yaxşı olması deyil, əxlaq cəhətdən daha yaxşı olduğumuzdur. Təkcə bir şeyi qəbul etməyə hazıram: həmişəkindən daha axmağıq və müasir olan şeylərə tənqidi yanaşmırıq. Lakin bunu eşitmək və buna inanmaq heç də xoş deyil.

Bəlkə də bunun səbəbi müəllimlər olaraq bizim yol verdiyimiz səhvlərdə gizlidir. Təhsili texnologiyanın bir hissəsi hesab edə bilərik deyə, deyə bilərik ki, bunlar texnoloji səhvlərdir. Ən pisi isə odur ki, bu səhvlərdən heç nə öyrənmirik. Bu dərs götürmədiyimiz səhvlər məni bu günün əsl mövzusuna yönəldir.

Texnologiya və öyrənmənin ən əhəmiyyətli üsulu səhvlərin düzəldilməsidir. Bu qayda bioloji təkamüldə inkişafın yeganə yoludur. Haqlı olaraq sınama və səhvə yola vermə metodundan danışılarkən, səhvə yol vermənin, ya da xətanın - xətalı sınağın - vacibliyini görməzdən gəlirlər.

Bioloji inkişaf səhvlərlə doludur, səhvlərin düzəlməsi isə çox yavaş həyata keçir. Deməli, biz də öz səhvlərimizi “Sevimli təbiəti təqlid edirik” bəhanəsinin arxasında gizlənə bilərik. Hətta səhvlərimizi düzəltmək baxımından yaşıl təbiətdən daha sürətli olduğumuzu da iddia edə bilərik. Çünki bəzilərimiz səhvlərdən dərs çıxarmağa çalışır. Məsələn, bütün alimlər, texnoloqlar və texniklər bununla məşğul olurlar, əgər olmurlarsa, məşğul olmalıdırlar; çünki peşələri onlardan məhz bunu tələb edir.

Həyat, təkhüceyrəli orqanizmlərdən başlayaraq ən qəribə “ixtiralar”ı reallaşdırır. Yeni ixtiralar, mutasiyalar əksərən yaxşı sınaqlardan daha çox, pis, xətalı sınaqlardır və onlar kənarlaşdırılırlar. Fikirlərimizdən bir çoxunun yanlış olmasını hələ onları ciddi şəkildə tənqid etməyə başlamamışdan əvvəl bilirik, digərləri isə istehsal prosesinə çatmazdan əvvəl tənqidlərlə üzləşib aradan qaldırılır. Şüurlu tənqiddən, özünütənqiddən və dostlarımız ilə hadisədən kənarda olanların xoşniyyətli və pisniyyətli tənqidlərindən belə təəssürat yaranır ki, bəlkə də biz təbiətdən daha üstünük. Sınama və səhvə yol vermə metodunda, tənqid edə-edə seçilən təcrübələrdə təbiət indiyə qədər bizdən dəfələrlə üstün idi. Ona məxsus olan unikallığı, məsələn Günəş enerjisini, üstəlik asanlıqla yığılan şəkildə, kimyəvi enerjiyə çevirməyi imitasiya etmək üçün indiyə qədər boş yerə özümüzü yormuşuq. Amma yaxın bir zamanda bunu da bacaracağıq.

Həyat problem həll etməkdən ibarətdir. Bütün orqanizmlər texniki problemlərin həllində yaxşı yaxud daha az yaxşı, müvəffəqiyyətli yaxud daha az müvəffəqiyyətli olan ixtiraçı və texniklərdir. Heyvanlarda, məsələn hörümçəklərdə də bu keçərlidir. İnsanların texnikası onların problemlərini həll edir. Məsələn, kanalizasiya, su və qida tapma və saxlama. Bu kimi işləri arılar da görür.

Ona görə, tez-tez rastlaşdığımız hal olan Yaşılların (ekologiyanı dəstəkləyən partiya – tərc.) texnikaya qarşı olmaları səfehlikdir, çünki bu həyata qarşı olmaq deməkdir – amma çox təəssüf ki, Yaşıllar bunu başa düşə bilmirlər. Lakin texnikanın tənqidi təbii ki, səfehlik deyil, əksinə çox lazımlıdır. Hər insan müxtəlif formada bunu edə bilər və etməlidir. Tənqid də texnikin peşə bacarığı olduğuna görə bu, xüsusilə də texniklərin daim məşğul olduqları bir şeydir.

Bununla belə, bəzən problemləri ilk görənlər hadisədən kənardakılar olur. Bu ona görə belə olur ki, ixtiraçının haqlı olaraq ixtirasının tətbiqinə çalışır və bu zaman ixtiranın tətbiqinin azuolunmaz nəticələrə gətirib çıxara biləcəyini gözdən qaçırır. Təbiət tədqiqatçısı Reyçl Karsonun qiymətli kitabı “Silent Spring”də (Səssiz Bahar) bildirdiyi kimi, ağcaqanad və digər həşəratlara qarşı çox uğurla istifadə olunan bəzi kimyəvi ixtiralar arzuolunmaz şəkildə bəzi quşların aclıqdan ölməsi ilə nəticələnmişdir. Bu kitab, əvvəlcə Amerikada, sonra da Almaniyada böyük hiddət doğurmuş, nəticədə Almaniyada texnika və elmə (və Amerikaya) qarşı olan bir siyasi hərəkata və Yaşıllar siyasi partiyasının qurulmasına səbəb olmuşdur.

Nəzərə çarpmayan səhvlərimizin bizə göstərilməsi çox vacibdir. Bu səhvlərin şişirdilməsi başa düşüləndir və bəlkə də şişirtmək səsin eşidilməsi üçün əvəzsizdir. Lakin elm və texnika vasitəsilə səhvlərə lazımi düzəlişlər vermək mümkün olduğu halda, elm və texnikaya bütünlüklə hücum etmək təkcə axmaqlıq deyil, həm də tamamilə məsuliyyətsizlikdir və sensasiya yaratma istəyinin göstəricisidir.

Bəziləri sensasiya düşkünü olduğu üçün, uçuruma nə qədər yaxın olduğumuzu və bəlkə də bizi xilas etmək üçün diktatora ehtiyacımız olduğunu təklif edirlər. Hitlerin bizə yaşatdıqlarını unutmadığımız bir zamanda bunu yalnız dəlilik kimi qiymətləndirmək olar.

Tamamilə doğrudur ki, müəyyən problemlər, məsələn, havanın çirkləndirilməsi, xüsusi bir qanun sistemi tələb edir. Təbii ki, çox şey borclu olduğumuz "azad bazar" adlı sistemin ideoloji müdafiəçilərinin inandığına görə, azad bazarın sərbəstliyini məhdudlaşdıran bu qəbildən olan qanunlar, köləlik yolunda atılmış təhlükəli addımlardır.

Amma elə bu da ideoloji axmaqlıqdır. Hələ 46 il əvvəl qələmə aldığım “Açıq cəmiyyət və onun düşmənləri” adlı kitabımın birinci nəşrində də ifadə etdiyim kimi, azad bazar ancaq dövlət tərəfindən yaradılan və nəzarət olunan hüquq nizamı çərçivəsində mövcud ola bilər. Bu nizamın bir elementi silahlı partiya təşkilatlarının qadağan olunmasıdır. Bu da o mənaya gəlir ki, qanun təşkilatlarının azad silah ticarətini və bu səbəbdən azad bazarı və şəxsi azadlığı məhdudlaşdırır. Göründüyü kimi, dövlət azadlıq üzərində məhdudiyyətlərin yaratdığı üstünlükdən sui-istifadə edir, belə olmasaydı, dəstə başçıları onun yoxluğundan sui-istifadə edərdilər.

Sivil vətəndaşlarının ümumi azadlığı naminə silah bazarını məhdudlaşdırdığımız kimi, vəhşi heyvanların və ov itlərinin yetişdirilməsini də qadağan etməliyik. Azadlığın sərhədləri həmişə mübahisəlidir və çünki müəyyən təcrübənin nəticəsidir. Söz yox ki, qanunlar istehsal prosesində zəhərli qazlar buraxılmasını qadağan etməlidir və təbii ki, zəhərli qazlar və daha yüngül hava çirkləndirilmə formaları (məsələn, nəqliyyat vasitələrinin çıxardıqları) arasındakı sərhəd qeyri-müəyyən və mübahisəlidir: Başqa faktorlarla yanaşı olaraq bu, nəqliyyat sıxlığından da asılıdır.

Deməli, hər vəchlə azad bazarın ideoloji prinsipini başqa prinsiplə əvəzləməliyik: azadlığı yalnız və yalnız lazım olduğu yerlərdə məcburi şəkildə məhdudlaşdırmaq gərəkdir. Bu da o mənaya gəlir ki, ehtiyacın sərhədinin harada qoyulması barədə yanaşmalar əksərən üst-üstə düşməyəcək.

Bu kimi hallar azadlığın mühüm rol oynadığı hər yerdə baş qaldırır. Beləliklə bu, birbaşa olaraq ətraf mühit, yaxud ağır sənaye problemləri ilə birlikdə ortaya çıxır. Reallıqda bütün davranışlarımızın gözlənilməz nəticələri olur. Əgər nəticələrini proqnozlaşdırmaq üçün daha çox səy göstərilsə və ya maliyyə ayrılsa, bunların bəzilərini bəlkə də proqnozlaşdırmaq mümkün olar. Qalanlarını isə heç cür proqnozlaşdırmaq mümkün olmur.

Otto Hahn və Fritz Strassman, onları uranın parçalanmasına doğru aparan təcrübəni həyata keçirərkən, onun nəticələrini əvvəlcədən demək mümkün deyildi. Əldə olunan nəticəni gözləmirdilər, müşahidə olunan və onlar üçün çətin dərd olunan nəticəni bu cür şərh etmək ağıllarına gəlməmişdi.

Bu şərh, Hahnın işdən çıxarılan iş yoldaşı Lise Meitner və onun qardaşının oğlu, mənim dostum Otto Robert Friş İsveçdə xizəklə sürüşərkən mübahisə edib ortaya çıxardıqları tam yeni bir fikir idi. Üstəlik, əgər təcrübəçi Friş qısa zaman əvvəl nəzəriyyəçi Nils Borun köməkçisi olmasaydi və əgər Bor ona öz atom nüvəsinin damla nəzəriyyəsini və həddindən artıq böyük bir damlanın çöküşünü izahını deməsəydi, heç vaxt ağllarına gəlməzdi.

Bu yeni intuitiv və sırf metaforik bilgidən xəbərdar olmaları Hahn və Strassmannın təcrübəsini düzgün şərh etmələrində rol oynamışdır, əks halda bu şərh hər ikisi üçün əlçatmaz olardı – eynilə təcrübə nəticələrinin onların gözləmədikləri formada olması kimi.

Burada araşdırmalarımın birinci – texnikaya yönəlmiş hücumlara qarşı müdafiə – qisimini bu sözlə bitirirəm: hamımızın səhv edirik, amma Yaşılların texnikanın ayağına yazığı hər şey əslində əhali partlayışı ucbatındandır. Ancaq Yaşıllar bu əsas problemdən çox az bəhs edirlər – çünki onlar onlar bu problemi ciddi şəkildə araşdırmağa başlasalar, gün üzünə çıxacaq ki, onların texinikaya hücumu mənasızdır.

2.

İkinci hissə, etirazlardan müdafiə olunmaq deyil, mədəni faktor kimi texnikanı dəyərləndirmək barədədir.

Bu məqsədlə iki ixtira kateqoriyasını bir-birindən fərqləndirmək istəyirəm. İlk növbədə mövcud sənayenin inkişafına kömək edən ixtiralar: buna ən yaxşı misal istifadəsi Britaniyada bir çox sənaye sahələri yaratmış Ceyms Vatın ixtiası olan buxar maşınıdır. Belə ixtiraları təkmilləşdirilmiş istehsal vasitələri hesab edə bilərik.

İkinci kateqoriyaya əsas mədəni ixtiralar aiddir. Bunların başında bəşər dilinin yaradılması durur. Ondan sonra isə müxtəlif yazı növləri, yazılı kitab (Miladdan təqribən 500 il əvvəl), Afinada ilk kitab bazarı, kitab çapı, surətçıxarma cihazı, yazı makinası, kompyuter və sair gəlir.

İlk surətçıxarma cihazının ixtiraçısının elə buxar maşınının yaradıcısı Ceyms Vat olması heyrətləndirici olmaqla yanaşı, çox az adamın bildiyi faktdır. Bu surətçıxarma cihazı çox sadə bir ideyaya əsaslanır: Bəlkə gəncliyinizdən mürəkkəbqurudan kağızı xatırlayırsınız. Həmin o kağızlar ki, sürətli quruyan mürəkkəbin istehsalından sonra lazımsız şeyə çevrildi. Vatın ideyası dəfələrlə isladıla bilən mürəkkəb və bunu özünə hopduran mürəkkəbqurudan kağızın kombinasiyasından ibarət idi. Ənənəvi güzgü effektindən (yazıların tərsinə görünməsi – tərc.) uzaq durmaq üçün o, nazik mürəkkəbqurudan kağız hazırladı. Onun sayəsində mürəkkəb kağızın içərisidən keçərək əks tərəfdə oxunula bildi.

Bu ikihissəli kağızların istehsalını və mürəkkəbinin hazırlanmasını əhatə edən patentin tarixi 1780-ci ilə gedib çıxır! Ən birinci surətçıxarma maşını olan bu ixtira vaxt keçdikcə unuduldu – düzü, zamanında da çox tanınmamışdı. Elə bu gün də tanınmır. Baxmayaraq ki, onun vasitəsilə az sayda surət çıxarmaq mümkün idi, amma məsələn yazarlar üçün çox böyük əhəmiyyəti var idi. Özümü yazı makinası ilə yazmağa öyrəşdirərkən makinasının səs-küyündən bezdiyim və əlyazmalarımı tez-tez itirdiyim üçün, yazar olaraq surətçıxarma maşınının bizlər üçün necə faydalı olduğunu çox yaxşı başa düşürəm. Bu məqamda surətçıxarma maşının mədəni baxımdan kitab çapı qədər əhəmiyyətli olduğunu, lakin əhəmiyyətini nəzərlərimizdən qaçdığımızı anlaya bilərik.

Uzun müddət demək olar ki, təkcə mədəni cəhətdən əhəmiyyət daşımış başqa ixtira da fotoşəkildir. Fotoqrafiya uzun illər boyunca demək olar ki, şəxsi portret ehtiyacını ödəyirdi. Bu, təkcə əbədi yaşamaq üçün şəxsi istəyə deyil – Misir mumiyalarını xatırlayaq – həm də ailəni və dostları mümkün qədər canlı şəkildə xatırlamağa kömək edirdi.

Amma mədəni cəhətdən bunların hamısından daha əhəmiyyətli olan, nəhəng nəqliyyat inqilabının gətirib çıxardığı şəxsi ehtiyac oldu: Corc Stivenson inqilabı və daha vacibi hələ də keçərli olan Henri Ford inqilabı. (Fordun ixtiraçı olmadığını bilirəm, lakin əvvəl Amerikanı, sonra isə bütün dünyanı inqilaba aparan məhz o oldu.)

Belə demək olar ki, ilk dəmiryolları insanlar və onların çamadanlarını daşıyan mühərrikli poçt faytonları idi. Tarixən əvvəlcə yük qatarları deyil, sərnişin qatarları meydana çıxmışdı. Onlar yaxınlarını və dostlarını görmək üçün səyahət etmək ehtiyacını ödəməyə xidmət edirdi. Bu, avtomobil nəqliyyat vasitəsiləri üçün də belə idi. Məsələn, inqilabi “Ford-T” modeli Amerika xalqına yeni bir həyat formasını təklif etməklə və ya həyatı nisbətən asanlaşdırmaqla kifayətlənmirdi, o bu həyatı real olaraq onlara təqdim edirdi. Bu düşüncədə inqilab demək idi. Elə bir inqilab ki, istənilən insanın həyatda dəyişiklik gözləntisindən fərqli olan yeni dünya görüşünə və yeni yanaşmalara yol açırdı. Bu, faktiki olaraq, şüurdankənar zəncirlərdən tamamilə xilas olmaq demək idi. Bu yarı-şüurlu xilasın romanı Sinclair Lewisin Azad Hava adlı əsəridir.

Əxlaqi baxımdan bəlkə də daha vacib reallıq ev kölələrinin, başqa sözlə kənizlərin ağır ev işlərinin mexanikiləşməsi vasitəsilə mümkünləşən böyük xilasıdır. Ən varlıları çıxmaqla, bütün qadınların bu zamanda yaşadıqları nəhəng inqilab və xilas, maraqlıdır ki, bu gün az qala tamamilə unudulub, halbuki bu ürək ağrıdan köləlikdən xilası təmsil edirdi. Su gətirmək lazımdır, ocaq üçün kömür daşımaq lazımdır, bütün paltarları yumaq lazımdır (əllə) kimi tapşırıqları sadaladıqda indi beyinlərdə nə canlanır? Həmçinin nəzərə alın ki, bütün bu işlər fitilli neft lampalarının olmadığı bir dövrdə görülüb. Sonralar qaz istismara veriləndə – əvvəl kəpənək formasında qaz çıxacağının zəif işıqlandırması, sonra isə Auerin heyrətamiz “qaz örtüyü”nün ortaya çıxması – bunların hamısı sadəcə mədəni inkişaf demək oldu.

1913-cü il ərəfəsində insanların, daha doğrusu, qadınların xilası yavaş-yavaş qaz sobaları ilə başlandı, 1922-ci il ərəfəsində isə qaz sobası kömürlü mətbəx sobalarına ciddi rəqib oldu. Hətta mərkəzi isitmə sistemləri də uzun müddət koks və ya təkcə kömürlə işlədilməyə davam etdi.

Bu gün, işləmək iztirabı yerini həyat sevincinə buraxsa da, bundan daha çox, güman ki, qorxunc ev işlərinə sərf olunan vaxt qısalıb. Qadınlar, texnikaya lənət yağdıranlar da daxil olmaqla, bunu texnikaya borclular.

Tərcümə Orxan Əmrullayevindir

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

# # #