Yol gedirəm, yorulanadək - Günün şeiri

Yol gedirəm, yorulanadək - Günün şeiri
20 dekabr 2023
# 14:00

Bu gün tanınmış şair Nurəngiz Günün anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Yol gedirəm" şeirini təqdim edir.

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

# 958 dəfə oxunub

Müəllifin son yazıları

# # #