Quşların adını niyə dəyişdirdilər? - Zoologiya İnstitutunun direktoru danışır – MÜSAHİBƏ

Quşların adını niyə dəyişdirdilər? - Zoologiya İnstitutunun direktoru danışır – MÜSAHİBƏ
5 aprel 2019
# 18:59

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifovun ONA-ya müsahibəsi

- Zoologiya İnstitutu bəzi quş növlərinin adının dəyişdirilməsi qərarına gəlib. Bu ehtiyac nədən yaranıb?

- Əvvəla, onu deyim ki, quşların adının dəyişdirilməsi xəbəri tam doğru deyil. Bizə Milli Elmlər Akademiyası tərəfindən milli informasiya sisteminin yaradılması tövsiyə edilib. Bununla əlaqədar olaraq milli faunamızın inventarizasiyasını həyata keçirdik. Hazırda Azərbaycan faunasında təxminən 40 minə yaxın canlı qeydə alınıb: 114 növ məməli heyvan, 100-dən çox balıq növü, 400 quş növü. Amma indiyə qədər bizdəki quş növlərinin dəqiq sayı bilinmirdi. Biz artıq bu problemi həll etmişik və nə qədər canlı olduğunu dəqiq bilirik. İkinci məsələ isə bu canlıların adlandırılması ilə bağlıdır. Dünya elmində binar sistemə görə, bitki və heyvan növləri iki sözdən ibarət addan ibarət olmalıdır. Bəzi mütəxəssislər dörd sözdən ibarət ad qoyurlar və binarlığı qorumaq üçün sözləri birləşdirirlər ki, guya iki sözdən ibarətdir. Məsələn, Aralıq dənizi quruqurbağası, qalınalın qayalıq sittası. Başqa nümunə Qafqaz tetrasıdır ki, onun adını Qafqaz meşəxoruzu, Qafqaz meşəfərəsi kimi yazanlar da var. Bax, bu kimi adlar terminologiyada böyük problemlər yaradır. Ona görə də biz xüsusi komissiya yaratdıq. Bu komissiyada təkcə Zoologiya İnstitutunun əməkdaşları deyil, eyni zamanda Bakı Dövlət Universitetinin onurğalılar kafedrasının tanınmış mütəxəssisləri, Naxçıvan Muxtar Respublikası Bioresurslar İnstitutunun əməkdaşları iştirak etdilər. Biz bu adları birlikdə dəqiqləşdirdik və ümumi bir kollegial konsensus variant yaratdıq.

- Adları hansı prinsiplər əsasında seçdiniz?

- Biz burda kompleks prinsiplərlə yanaşdıq. Bəzi hallarda latın adından tərcüməni götürdük, bəzi hallarda xalq arasında işlənən adları seçdik. Bəzən bir quşun xalq arasında üç-dörd adı olur, o zaman quşun həyat tərzinin əlamətlərindən istifadə edirik. Digərlərində isə rus dilindən gəlmə adları saxladıq. Elə quş adları var ki, onların adı artıq rusca oturuşub, onlara toxunmuruq, amma bekaz, sterna kimi quşların adının dəyişməsini təklif etmişik. Məsələn, povyankanın adını bəzi mütəxəssislər “iyrəncə” kimi yazırdılar. Bu da ornitoloqların xoşuna gəlmirdi, çünki tədqiqat sahələrinin “iyrənc” sözü ilə xatırlanılmasını istəmirdilər. Bunu dəyişdik. Maygülü quşunun kəkili erkən mayda çıxan güllərə bənzədiyi üçün maygülü qoymuşdular. Bu da el içində birmənalı hallanmır. Ona görə də mütəxəssislər onun adının dəyişdirilməsini təklif etdilər, suya batıb çıxdığına görə batağan adını seçdik. Bax, belə adlar ümumi konsensusla qəbul edilib. Biz bu dəyişiklikləri aparmaqla etalon yaratmaq istəyirik, lakin hələ heç bir qərar qəbul etməmişik. Çünki bu dəyişikliklər tam yerinə yetirildikdən sonra Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasına təqdim ediləcək. Yalnız Komissiya o adları təsdiq edəndən sonra dəyişiklik qəbul edilib təsdiqlənəcək.

- Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu açıqlama bildirib ki, bu təxribatdır, dəyişikliyi qəbul etmirlər, onlara bu barədə məlumat verilməyib...

- Altını cızaraq demək istəyirəm ki, biz hələ qərar qəbul etməmişik. Zoologiya İnstitutunun Elmi Şurası bu təklifləri Elmlər Akademiyasına təklif edəcək. Bəlkə onlar heç dəyişiklikləri təsdiq etməyəcəklər? Ola bilsin, bizim təklif etdiyimiz hansısa ad Azərbaycan dilinin qaydalarına uyğun gəlməsin. Bunları Dilçilik İnstitutu müəyyənləşdirəcək.

- Ümumilikdə 20 quşun adının dəyişdirilməsi təklif edilib?

- Yox, ümumilikdə 140 quşun adının dəyişdirilməsi məsələsi qoyulmuşdu, Elmi Şura belə qərara gəldi ki, cəmi 20 quşun adının dəyişdirilməsinə ehtiyac var.

- Siyahıda adının dəyişdirilməsi təklif edilən maygülü, anqut, alacəhrə, sultantoyuq, toğlugötürən kimi quşlar xalq arasında bu cür tanınıblar. Bu vaxtdan sonra alacəhrəni alaçöhrəyə dəyişməyə nə ehtiyac var?

- Mütəxəssislərin bir qismi təklif edir ki, o quşun çöhrəsində müxtəlif rənglər var, ona görə o, alaçöhrə olmalıdır, digər mütəxəssislər deyirlər ki, o, qanadlarını tez-tez açdığı üçün cəhrəyə oxşayır. Görürsünüzmü, hər mütəxəssisin öz mövqeyi var. Buna görə də bu təkliflərin hamısı Terminoloji Komissiyaya veriləcək, Terminoloji Komissiya da sonda öz sözünü deyəcək.

- Adətən, terminlərin qəbulunda ənənəviliyin qorunmasına diqqət edilir. Siz nə əcəb xalq arasında bu adla tanınmış quşların adlarını olduğu kimi saxlamaq istəmirsiniz? Səhv olsa da, doğru olsa da, başqa məna ehtiva etsə də, bu quş xalq arasında maygülü kimi tanınır...

- Bilirsinizmi, bu adlar elmi terminlərdir. Bir cinsin içindəki quşların hamısına cüllüt demək düzgün deyil. Biz elmi nomenklaturanı əsas götürürük. Məsələn, şahini saxlayırıq, qırğını saxlayırıq, çünki el arasında belə qəbul edilib. Bundan başqa, bəzi quşlar var ki, indiyə qədər bizdə olmayıb, yeni təyin edilib. İngilis dilindən tərcümədə “strelok”, “snayper”, rus dilində ”promornik” deyirlər. Bu quş da indiyə qədər bizdə olmayıb. Bizim mütəxəssislərin bir qismi təklif edib ki, o quşa “dənizçi” adını verək. Biz bunu Terminologiya Komissiyasına təqdim edəcəyik. Bəlkə onlar daha maraqlı ad təklif edəcəklər? Yəni bu elmi işdir. Guya bizim işimiz-gücümüz yoxdur, adları dəyişmək eşqinə düşmüşük? Xeyr. Bizim görüləcək işlərimiz çoxdur.

- Yəqin ki, Dilçilik İnstitutunun təklifləri nəzərə alınacaq...

- Mütləq nəzərə alınacaq. Çünki biz ha fikirləşirik, “dənizçi”dən başqa ad deyə bilmirik. Bizdə belibağlı quşu var. Bir müəllif bunu qamışlıq belibağlısı kimi, digər müəllif isə bataqlıq belibağlısı kimi yazır. Qamışlıq hara, bataqlıq hara? İlk baxışda sizə elə gəlir ki, biz ad dəyişirik. Amma mütəxəssislərin biri deyir ki, bu quşun yaşayış yeri bataqlıqdır, digər mütəxəssis deyir ki, yox, qamışlıqdır. Üçüncü mütəxəssis isə deyir ki, bəli, bu quşun yeri bataqlıqdır, amma qamışlıq olan bataqlıq. Qızılağac körfəzində sırf suyun içindən çıxan qamışlıqda belibağlı quşu tapa bilməzsiniz. Görürsünüzmü neçə cür yozum yaranır? Bilirsiniz, quşların adı da regiondan asılı olaraq dəyişilir. Məsələn, cənub regionunda maygülü deyirlərsə, başqa regionda başqa ad deyirlər. Elə bölgəmiz var ki, heç maygülünün adı yoxdur, bəzi yerlərdə isə hamısına cüllüt deyirlər. Axı biz quşların hamısına cüllüt deyə bilmərik. Xalq içində birinə susüpürən, o birinə çobanaldadan, digərinə keçisağan deyirlər.

- Bu quşların da adlarını dəyişməyi təklif etmisiniz?

- Yox, bunlar qalır.

- Bəs sultan toyuğunun adının sultan quşuna dəyişdirilməsini niyə təklif etmisiniz?

- Ona hələ rəhmətlik Qara Mustafayev sultan quşu deyirdi, bəzən sultanka da deyirlər. Bir quşun bir adı olmalıdır. Görürsünüzmü, amma bizdə bir quşun neçə adı var? Bax, bu çoxadlılığı sistemləşdirmək üçün biz yeni adlar təklif etmişik. Təbii ki, iş görülən yerdə tənqid də olmalıdır. Biz də bu tənqidləri qəbul edirik.

- Anqut quşunun adının dəyişdirilməsi də təklif olunub. Xalq arasında bununla bağlı məsəl də var: çoxyeyən adamı anquta bənzədirlər. Belə çıxır məsəllər, deyimlər də dəyişməlidir?

- Mənim fikirmi bilmək istəyirsinizsə, anqutun adı dəyişdirilməməlidir, amma Komissiya təklif edib ki, qırmızı ördək olsun. Bir də qeyd edim ki, bu dəyişiklik yalnız elmi dairə üçündür, el arasında yenə öz adı ilə qala bilər.

- Zoologiya İnstitutu bekasın adını meşə cüllütünə dəyişəndə buna heç kəs heç nə demir. İctimaiyyət arasında əsas qıcıq yaradan məsələ artıq adları oturuşmuş maygülü, qaşqaldaq, anqut, alacəhrə kimi quşların adlarının dəyişdirilməsidir...

- Biz yalnız təklif edirik, bunun üçün də əsaslarımız var. Bilirsinizmi, burada çox böyük elmi problemlər yaranır. Bəzən cinsin adı ilə növün adı, növün adı ilə yarımnövün adı üst-üstə düşür. Bu da qarışıqlıq yaradır. Bu adlar el arasında necə varsa, elə qalsın. Biz sizə nə deyirik ki? Amma elmi ədəbiyyatlarda, elmi tədqiqatlarda adlar dəqiq verilməlidir. Bununla taksonomiya adlı sahə məşğul olur. Yəni bizim işimizə xalq müəyyən bir həddə qədər müdaxilə edə bilər, həmin həddən sonra artıq məsələlər məişətdən, folklordan çıxıb, elmi-fundamental forma alır. Bir quşun adı dörd sözdən ibarət olanda bizim özümüzə də xaricdə, elm dairələrində gülərlər. Ümumilikdə bizim gördüyümüz bu iş çox çətin məsələdir. Başa düşürük, cəmiyyətimizin də narahat olmasına əsas var. Amma bilin ki, alimlər ancaq milli elmimizin inkişafı üçün çalışırlar.

# 4488 dəfə oxunub

Müəllifin son yazıları

# # #