Bakıda fotosərgi açılıb

Bakıda fotosərgi açılıb
13 noyabr 2019
# 14:45

Muzey Mərkəzində tanınmış bolqarıstanlı fotoqraf İvo Hadjımişevin “Balkan sivilizasiyasının təqdimatı” adlı fotosərgi açılıb.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək Bakıda belə bir sərginin təşkilindən məmnunluğunu ifa edib.

Sərginin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan “Fantaziya” festivalı çərçivəsində açıldığını deyən diplomat, iştirak edən hər kəsə təşəkkür edib. Bildirib ki, festivalının məqsədi mədəni irslərin nümayişi barədə məlumatlılığın artırılmasıdır. Diplomat dəstəyə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib, bu sərginin Muzey Mərkəzində nümayişindən məmnunluğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib. Qeyd edib ki, ikinci dəfə təşkil edilən “Fantaziya” festivalı çərçivəsində bir sıra konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, müzakirələr də daxil olmaqla genişmiqyaslı tədbirlər təşkil olunub:

“Bu sərgi də həmin tədbirlərin tərkib hissəsidir. Bakıda rəssamın belə bir sərgisinin açılması Balkan sivilizasiyası haqında təəssürat əldə olunmasına kömək edəcək, nümayiş olunan fotolar sərgi iştirakçılarında xoş təəssürat yaradacaq”.

Bakıda ilk dəfə 1973-cu ilin aprel ayında olduğunu deyən İvo Hadjımişev Azərbaycanın çox dəyişdiyini qeyd edib. O, fərdi sərgisinin Bakıda təşkilindən məmnunluğunu bildirib. “Bu sərgidə 45-dək foto yer alır. Ancaq Balkan sivilizasiyasını bu qədər foto ilə əhatə etmək mümkün deyil. Bu sərgi deyil, həm də mədəniyyətin bir göstəricisidir. Təşkilatçılığa və dəstəyə görə hər kəsə təşəkkür edirəm, mehriban insanların əhatəsində olmaqdan şadam”.

Sonra qonaqlar sərgiyə baxıblar. Sərgi noyabrın 15-dək ziyarətçilər üçün açıq qalacaq. /azertag.az/

# 2112 dəfə oxunub

Müəllifin son yazıları

# # #