“Cəhənnəm sakinləri” maraqla qarşılanıb

“Cəhənnəm sakinləri” maraqla qarşılanıb
7 may 2019
# 09:03

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi növbəti dəfə “Cəhənnəm sakinləri” tamaşası ilə teatrsevərlərin görüşünə gəlib.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış ediblər.

Səhnə əsəri 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” tamaşası Akademik Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan sayılır.

# 2200 dəfə oxunub

Müəllifin son yazıları

# # #