Faiq Zöhrabovun xatirəsi anılacaq

Faiq Zöhrabovun xatirəsi anılacaq
3 iyul 2019
# 13:24

İyulun 5-də saat Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq.

Teatrdan APA-ya verilən məlumata görə, yarım əsrdən çoxdur ki, Faiq Zöhrabovun quruluş verdiyi ''Talelər qovuşanda" (Rauf Hacıyev) operettası 132-ci dəfə həmin gün oynanılacaq.

Qeyd edək ki, Azərbaycan incəsənətində, teatrında müstəsna rolu olan Faiq Ramazan oğlu Zöhrabov 1939-cu ildə Bakıda dünyaya gəlib. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. O, 1963-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirdikdən sonra, 1968-1985-ci illərdə həmin təhsil ocağında “Aktyor sənəti” kafedrasında dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət edilib və orada 4 il baş rejissor vəzifəsində çalışıb, müxtəlif tamaşalara quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin “Musiqili teatr” kafedrasının dosenti olub. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi karyerasını davam etdirməsi isə onun həyatında yeni uğurlu bir səhifə açıb. “Dəli dünya”, “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “Talelər qovuşanda”, “Aldın payını, çağır dayını” onun gərgin və yorulmaz zəhmətinin bəhrəsidir. Onlardan “Talelər qovuşanda” əsərinin şöhrəti isə ölkəmizin hüdudlarından da uzaqlara gedib çıxıb. 59 il əvvəl - 1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Teatrda səhnəyə qoyulan və indiyə qədər bir çox korifey aktyorlarımızın rol aldığı bu gözəl tamaşa Rusiya, Bolqarıstan, Polşa, ümumiyyətlə, dünyanın müxtəlif yerlərində 70-dən çox teatr səhnəsində nümayiş olunub.

Xatırladaq ki, Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nərgiz Kərimova atasının dəvəti ilə 2002-ci ildən bu tamaşada iştirak edir və bütün varlığı ilə ona qalan əmanəti əzizləyib qoruyur.

# 2743 dəfə oxunub

Müəllifin son yazıları

# # #