“Mən ağacam” tamaşası göstəriləcək

“Mən ağacam” tamaşası göstəriləcək
17 dekabr 2019
# 15:45

Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında yeni tamaşalardan olan “Mən ağacam” növbəti dəfə nümayiş ediləcək.

Dekabrın 28-də izləniləcək tamaşa dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edəcək.

Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və naqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Əsərin özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar. /azertag.az/

# 2020 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #