Dünya gözəllərinə ərə getmək və uşaq doğmaq qadağandır - Maraqlı Faktlar

Dünya gözəllərinə ərə getmək və uşaq doğmaq qadağandır - <span style="color:red;">Maraqlı Faktlar
4 aprel 2019
# 15:24

Bu günlərdə keçirilən “Miss Azərbaycan” yarışmasının qalibi olan Melissa Nuriyeva sosial şəbəkələrdə gözəllik standartları haqqında müzakirələrə səbəb olub. Kulis.az mövzunun aktuallığını nəzərə alaraq gözəllik yarışmaları haqda 11 ilginc faktı təqdim edir.

1. Dünyada ilk “Gözəllik yarışması” üç ilahənin – Hera, Afroduita və Afinanın mifik rəqabəti hesab olunur. Onlar münsif qismində insan oğlu Parisi seçiblər. Paris əsas mükafat olan almanı və ən gözəl adını Afroditaya verib. Qədim Troyada da İlion gözəli yarışmasının keçirildiyi haqda faktlar var. Jüri qismində heykəltəraşlar, müğənnilər və hərbçilər təmsil olunurmuş.

2. Azərbaycanda ilk gözəllik yarışmasına qatılan xanım inqilabdan əvvəl, 1912-ci ildə Tiflisdə “Qafqaz gözəli” müsabiqəsinə qatılan Tuğra xanım Talışinskaya olub. Bu ilki Gözəllik müsabiqəsinin qalibi isə iqtisad Universitetinin məzunu Melisa Nuriyevadır.

3. Dünyada gözəllik mövzusunda 4 əsas beynəlxalq müsabiqə var: Dünya gözəli, Kainat gözəli, Miss İnterneşinel və Yer gözəli.

4. İlk kainat gözəli Finlandiyalı Armi Kuusela hesab olunur. Hərçənd o, həm də ilk imtinaçı sayılır – 1952-ci ildə keçirilən ilk yarışmanın qalibi Arni tacını təhvil verərək ailə qurması ilə çoxunu təəcübləndirmişdi.

5. Gözəllik nə qədər subyektiv anlayış olsa da, yarışmalarda xüsusi keyfiyyətlərlə təyin olunur. Yarışmanın qaydalarına uyğun olaraq, qaliblərin seçilməsi üçün boy, bədən proporsiyaları və s. gözəllik standartları əsas götürülür. Bundan başqa bir çox beynəlxalq yarışmalarda tələblərdən biri müsabiqə iştirakçısının ailə qurmaması və uşaq dünyaya gətirmiş olmamasıdır. Həmçinin iştirakçı savadlı və mədəni olmalıdır.

6. “Kainat gözəli”nin qalibinin bir sıra öhdəlikləri var: “Kainat gözəli” seçilmiş xanım dünyanı səyahət etməli, Nyu Yorkda yaşamalı və ərə getməməlidir. Bundan başqa o, QİÇS-lə və süd vəzi xərçəngi ilə mübarizəni populyarlaşdırmalıdır.

7. 2012-ci ilə qədər transseksuallara yarışmada iştirak etmək qadağan edilsə də, bu tarixdən sonra qadağa götürülür.

8. Venesuaelada gözəllik kraliçası yetişdirən xüsusi Akademiyalar var. Bu sahəyə maraq o qədər çoxdur ki, insanlar qızlarını bura göndərirlər. Ən pisi 18 yaşına çatmayan qızların müxtəlif kosmetik prosedurlar və boy uzatmaq üçün hormonal terapiyalar keçməsidir. Bəzən qızların boğazına bərk qidalar qəbul etməsin deyə xüsusi tor tikirlər.

Bütün bunların sayəsindədir ki, beynəlxalq gözəllik yarışmalarında Venesuaela nümayəndələri daha çoxdur.

9. Müxtəlif geyimlərdə podiuma çıxan qızlar bikini geyimlərinin sürüşməməsi üçün xüsusi yapışqanlı lentlərdən istifadə edirlər.

10. Kainat gözəlinin il tacı min beş yüzdən artıq brilyantla bəzədilib və yarım milyon dollara sığorta olunub. Tac yalnız bir nüsxədə xüsusi sifarişlə hazırlanır və hər il keçmiş gözəlin əlindən yeni qalibə təqdim olunur.

11. İndoneziyada müsəlman qadınlarının da gözəllik yarışması keçirilir. Burada meyarlar başqadır. Qızlar səhnəyə hicabda çıxır, jüri heyətində isə ata-anasız uşaqlar əyləşir.

Yarışma müsəlman qadınının üslubunu və eleqantlığını vurğulamaq üçün keçirilsə də, qızlardan mərhəmətli qəlbə sahib olmaq, Qurandan parçalar söyləmək, dini baxımdan qadınlara nəyə icazə verilməsi və ya qadağa qoyulması haqda bilgilərə sahib olmaq tələb olunur. Qalib müsəlman gözəlinə tac və Quran hədiyyə olunur.

# 4577 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #