Dilənçilikdən opera səhnəsinə: Fatma Muxtarova əfsanəsi

Dilənçilikdən opera səhnəsinə: <span style="color:red;">Fatma Muxtarova əfsanəsi
22 oktyabr 2015
# 07:30

Kulis Cavid Zeynallının opera müğənnisi Fatma Muxtarova haqqında yazısını təqdim edir

Qapıdan bir qadın girir. Nəzarətçi onu saxlayır. Sorğu-sual, hara gedirsiniz, kim çağırıb?

Otuz il bu qapıdan keçib kandarına ayaq qoyduğu teatra indi onu buraxmırdılar.

- Mən Muxtarovayam.

Nəzarətçi işarə ilə elanı göstərir: “Kənar şəxslərin içəri daxil olması qadağandır”.

Onu ustad bilib məşqə dəvət edən gənc aktrisanı da, otuz illik əziyyətini də, teatrın dər-divarından gələn doğma hənirtini də unudur.

Deyəcək bircə şey qalır: “Mənim burdan ancaq tabutum keçəcək”.

Deyir də. Düz on doqquz il sonra qayıdır teatra Fatma Muxtarova. Daha doğrusu, qayıtmır, qaytarırlar. Tabutda, çiyinlərdə.

Və dediyindən dönmür: həmin gündən on doqquz il ötür, həmin keçiddən onun tabutu keçir.

***

1952-ci ildə Opera və Balet Teatrından təklif edirlər ki, artıq vaxtdır, təqaüdə çıxsın.

Dostu, sirdaşı Niyazi deyir:

- Danışım, teatrda məsləhətçi qalın, təcrübənizi bölüşün.

Razı olmur.

- Bilirsən, aktrisalarda qəribə qısqanclıq olur. Görəcəyəm ki, vaxtilə oynadığım rolu kimsə məndən yaxşı oynayır, həsədə aparacağam. Yox, istəmirəm.

Və Niyazi danışırdı:

- Sonradan eşitdim ki, teatrdan gedəndən sonra bütün səhnə paltarlarını yandırıb.

Bu, gözəl Fatmanın qocalığa, səhnədən uzaq düşməyə etirazı idi. Gücü yalnız paltarlara çatmışdı...

***

“Atam üç yaşımda ölüb. Anam deyirdi ki, o səni çox istəyirmiş. Küçə müğənnisi olub. Yaxşı da qazanırmış. Atam öləndən sonra anam başqasına ərə getdi. Amma bəxti yenə gətirmədi: hər gün döyülürdü, söyülürdü, sakit günü, xoş saatı yox idi. Atalığım bizə ona görə dözürdü ki, səkkiz yaşımda işləyib onları saxlayırdım. Mən evdən gedəndən sonra atam anamı atdı. Atalığımı bir də 32-ci ildə Leninqradda gördüm. Küçədə çəkmə silirdi. Xeyli dayanıb baxdım, o da başını qaldırdı. Elə bildim gözlərinin işığı söndü. Tez gözünü yerə dikdi”.

Həmin çəkmə silən, gözlərini yerə dikən kişi həm də başqa şeyin xəcalətini çəkirdi. Gələcəyin opera ulduzu olacaq qızcığazı dilənməyə, küçələrdə oxuyub pul qazanmağa məcbur edirdi.

Başqa şəhərlərə oxumağa gedəndə onu qatara gizlin keçirirmişlər. Ən çox qazancı da Tiflisdə olurmuş. Gürcülər qədəhin içinə on-on beş manatlıq pul atıb deyirmiş: içsən, pul sənindir.

***

1912-ci ildə çap olunmuş bir afişada yazılmışdı: “Ovçular klubu. Tanınmış şarmankaçı müğənni Katya Muxtarova yolüstü konsert verəcək. Toplanan vəsaitin hamısı Muxtarovanın musiqi-vokal təhsili almasına sərf ediləcək. Ümidvarıq ki, istedadlı qızcığazın konsertinə gələcək və bununla da onun küçələri tərk edib musiqi təhsili almağına kömək edəcəksiniz. İstedadı məhv olmağa qoymayın”.

Saratovda keçirilən konsert həyatını dəyişir. Vaxtilə onu küçələrdən qovan polislər indi ehtiram göstərir, şubasını tuturdular.

Qalırdı bircə konservatoriya təhsili. Bir də zalım ata-ananı yola gətirmək.

Onları yola gətirmək üçün İran səfirinin özü işə qarışır. Səfir gözəl Fatmanın ata-anasını hədələyir: qızı oxumağa qoymasalar, onları İrana sürgün edəcək. Qorxu və pul öz işini gördü.

Artıq konservatoriyanın qapıları gözəl Fatmanın üzünə açıq idi.

“Bir hərf belə tanımırdım. Rusca pis danışırdım. Saratov konseratoriyasındakı bütün professorlar mənə dərs deməkdən imtina etdilər. Yalnız bir insan məni öyrətməyi öz boynuna götürdü: Mixail Yefimoviç. İki gün sonra mən səkkizinci notu öyrəndim. Dərs oxumaq, müəllimin dediyini başa düşmək nə sevincli bir şey imiş. Tələbə vaxtı icazəsiz qastrollara getdiyim üçün məni qovmaq istəyirdilər, amma bəxtim gətirdi, oxumağa davam etdim. 1914-cü ildə konservatoriyanı bitirdim, ərə getdim və valideynlərimi tərk elədim”.

Gözəl Fatma Aleksandr Malininlə ailə qurmaq istəyəndə atası şərt qoyur:

- Qızımı almaq istəyirsənsə, müsəlman olmalısan.

Aleksandr adını dəyişir, olur İsgəndər. Məscidə gedib xaçından da keçir.

- Yox, bir şey qaldı, səni onsuz müsəlman saymaq olmaz.

- ...

Aleksandr ona da razı olur.

O, Fatmanı sevirdi. Və tək arzusu onu ailəsinin cəngindən qurtarıb xoşbəxt etmək idi.

Sonralar Fatma Muxtarova ömrünü Bakıya bağladı. Opera və Balet Teatrının səhnəsində dünyanın ən məşhur opera əsərlərində baş rolları oynadı, sevildi, hörmət, şöhrət, sayğı gördü.

***

Son illərində adam içinə çıxmırmış, qonaq qəbul etmirmiş Fatma xanım: “İstəmirəm qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi xatırlasınlar”.

Nəvəsi Svetlana xatırlayır ki, nənəmi Opera Teatrından götürdülər. 1972-ci il oktyabrın 19-u idi. Nənəmin cənazəsini götürəndə əllərimə sifətimi örtdüm. İstəmirdim o səhnəni görüm. Elə bilirdim, o səhnəni görməsəm, evə qayıdanda yenə onunla rastlaşacam. Görəcəyəm ki, ağır addımlarla, nəfəsini dərə-dərə dəmir pilləkənlərlə üçüncü mərtəbəyə, evimizə qalxır.

***

Bu da son. Gürcü rejissorunun Fatma xanımla bağlı çox qəribə xatirəsi var. Yazmaq da olardı, yazmamaq da. Mən ikincini seçirəm: yazmağı.

“Fatma Muxtarovanın öz yaradıcılıq prinsipləri vardı. O, öz prinsilərini cəsarətlə, yeri gələndə saymazyana müdafiə edirdi. Özü də belə vaxtlarda qaba ifadələr işlətməkdən çəkinmirdi. Biz onun “qəşəng sözlər”inə öyrəşmişdik və heç birimiz incimirdik. Yadımdadır “Karmen”in məşqində dirijor A. B. Pavlov-Arbenin onu saxlayıb dedi:

-Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız

Muxtarova ona sarı çevrilib bərkdən, elə səhnədəcə dedi:

- Maestro, gedin s...

Pavlov-Arbenin özünü itirdi.

- Siz mənə deyirsiniz bunu?

- Bəli, sizə deyirəm.

Maestro dirijor çubuğunu pulta vurub dilləndi:

- Nə isə, davam eləyək...

Qeyd: Yazı Rafael Hüseynovun “Min ikinci gecə” kitabı əsasında hazırlanıb

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #