Axıb gedən gəncliyimiz

Axıb gedən gəncliyimiz
5 dekabr 2017
# 16:09

Firuzə Qurbanlı

Onu ilk görüşümüzdən bir neçə il sonra, bu yaxınlarda işlə bağlı getdiyim tədbirlərin birində gördüm. Daha doğrusu o məni gördü. Başım bir vaxtlar çalışdığım şirkətdən olan gənc həmkarlarımla danışığa qarışmışdı. İndi həmin şirkətdə işlərin necə getməsi, yeni rəhbərlərin kim olması ilə bağlı suallar verirdim. Birdən sol tərəfimdə əyləşən xanım: “Sız filan yerdə işləyən o qız deyilsiniz?”, - deyə məni səslədi. Çönüb baxanda ilk baxışdan tanımasam da üz cizgiləri mənə tanış gəldi.

“Sən Aygün deyilsən?”, - deyə soruşdum. Saçının rəngini dəyişdiyi üçün çətinliklə tanıdım. Gözəlliyi isə həmişəki kimi yerində idi. Hətta mən deyərdim saçındakı sarı boyanı qumralı rəngin əvəz etməsi onun təbii gözəlliyini daha da büruzə verirdi. Amma nə isə dəyişmişdi üz ifadələrində. Əvvəl tanıdığım, 3 il əvvəl bizim şirkətə staj uçun gələn Aygün daha şən, canlı, səsli-küylü idi. Əslində indi də kədərli və səssiz görünmürdü. Amma üz ifadəsinin dərinliklərində nə isə dəyişmişdi. Sanki qəlbindəki dərin kədəri gülüş və digər mimiklarla gizlətməyə çalışırdı.

Yadımdadı, onun bizim şirkətə staj üçün çalışmağa gəlməyi rezonans doğurmuşdu. Hər kəs ona qəribə baxırdı. Çünki, heç cürə anlaya bilmirdilər ki, gözəl, həddindən artıq baxımlı, xarici görkəmindən bizdən daha zəngin olduğu görünən bu xanım niyə orta aylıq əmək haqqı 500-600 manat olan yerdə işləməyə can atır?! Onu xüsusi sürücü gətirib-aparırdı, danışanda həmişə evdə köməkçisi, uşaqlarının dayəsindən şikayətlənirdi. Bir neçə dəfə uca səslə telefonda onlara qeyri-etik ifadələr belə işlədirdi. Sözsüz ki, bütün bunlar illərdir bakalvr, magistr təhsili alıb uzun illər müxtəlif şirkətlərdə təcrübə toplayan, işdə bütün günü ağır zehni fəaliyyətlə məşğul olub, sonra yorğun şəkildə evə gedib gündəlik ev qayğıları ilə məşğul olan bizim kimi işçilər üçün qəribə və qeyri-adi görünürdü. Aygün ard-arda verdiyi suallarla məni xatirələrimdən bir anlıq ayırdı. Bir-bir tanıdığı iş yoldaşlarımı soruşurdu: “Bəs filankəs neyniyir? Eşitdim filankəs boşanıb. O biri oğlanın anası xərçəng idi necə oldu?”- eşitdiyim informasiyaların hansını doğru, hansının yalan olduğunu beynimdə analiz etməmiş hər biri haqqında özü ətraflı danışmağa başlayırdı. Sonra şəxsi suallara keçdi. Başımız qızğın söhbətə elə qarışmışdı ki, tədbirdə olduğumuz tamamilə yadımızdan çıxmışdı. Ön sırada əyləşənlər arada bizə çönüb sərt ifadələrlə nəzər yetirirdilər. Mətbuat xidmətinin əməkdaşı olan, bir vaxtlar mətbuatda çalışan Anar utancaq ifadə ilə bizə baxaraq səssiz şəkildə işarə barmağını dodaqlarının üzərinə aparıb bir az sakit olmağımızı rica etdi. Amma mən onsuz da dinləyici olduğum üçün indiki şəraitdə bundan artıq səssizliyin mümkün olmadığını düşündüm. Söhbət həyat yoldaşlarımıza gələndə gözündə bir anlıq kədər kölgəsinin keçdiyini sezdim. Amma tez həmin ifadəni gülüşlə əvəzləyərək yenidən sanki bir anlıq tərpənən şən maskasını düzəltdi. “Boşanmısınızmı?”, - deyə soruşdum. Sual dilimdən çıxar-çıxmaz peşman oldum. Bu yaşa gəldim hələ də düşüncələrimlə dilim arasında filter yerləşdirməyi öyrənə bilmədim. Amma sualım ona mənfi təsir etmədi. Açıq və emosiyasız “bəli” dedi.

- Niyə?

- Bizdə vəziyyət qəliz idi. Yola getmədik. Bir az da qaynana müdaxiləsi oldu.

Nədənsə son vaxtlar boşananlar ancaq bu səbəbləri gətirir. Aygünın necə emosional, temperamentli olduğunu yadıma salıb yəqin ki, xarakterinin də bu işdə rol oynadığını düşündüm. Bu istiqamətdə düşüncələrimi davam etdirdim ki, tez əlavə etdi.

- Rəsmi boşansaq da bir əli üstümüzdədi. Mən onun evində qalıram. Uşaqlarına baxır. Onun indi yaşadığı qadını görsən heç avtobusda yer verməzsən yaşça bizdən böyükdür. Mən hələ xarici görkəmini demirəm.

Bu sözlərdən sonra az əvvəl düşündüklərimə görə peşmanlıq hissi keçirdim. Bir anlıq içimdəki feminist hisslər baş qaldırdı. Mənə görə qadınlar hər zaman haqlıdır. Çünki, qadın heç vaxt bədbəxt olmaq istəməz. İnstinqti onu daim ailəcanlı olmağa, ailəsini uşaqlarını qorumağa yönləndirir. Xüsusən də Azərbaycan qadını. Dünyanın ən fədakar, cəfakeş və ən qədri bilinməyən qadınıdır Azərbaycan qadını. (Təbii ki, istisnalar da olur.)

- Bəs səndə vəziyyət necədir?

Yəqin ki, üz ifadələrim məni ələ verdi. Emosiyalarımı gizlətməyi heç vaxt bacarmamışam. Əslində bunu heç vaxt istəməmişəm də. Şəxsi həyatımda elə qlobal problemlər olmasa da hər ailədə olduğu kimi xırda nüanslar, karyeramla bağlı durğunluq son zamanlar əhvalıma bir balaca təsir edirdi. Elə dünən evliliyimin 10 illik yubileyini ailədaxili xırda məclislə yola verib həyatımın necə adiləşdiyini, mənəvi boşluq yaşadığımı düşünürdüm. Az qala depressiyada olmağıma son zamanlar oxuduğum kitabların da təsiri az deyildi. İnsanın yaşın üzərinə yaş gəldikcə geriyə daha tez-tez baxıb nəyi düzgün edib nəyi səhv etməsi barədə daha tez-tez düşünməyə başlayır. Qarşıda qoyduğu hədəflərdən nələrə nail olub nələrə nail olmadığını düşünüb panikaya düşür. Həyatının ən gözəl on ilini sərf etdiyim insanın daha diqqətli, daha romantik olmaması isə vəziyyəti daha da dərinləşdirir.

- Boşanmısınız?

İndi eyni sualı o mənə verdi. Sanki dik atıldım. Tələsik “yoox” dedim.

- Sadəcə illər keçdikcə hər şey adiləşir, hisslər, emosiyalar arxa plana, gündəlik qayğılar isə ön plana keçir.

- Ay qız, nə olsun? Bizim həyatımızda hər şey emosiyadan, romantikadan ibarət idi. Biz günlərimizi otellərdə, restoranlarda keçirirdik. Xüsusi stüardessa, təmizləyici alt paltarları alıb ərimə fantaziyalı sürprizlər edirdim. Axırı necə oldu?

Axırıncı sözlərdən sonra sanki şok yaşadım. Bu cür rəngarəng həyatı olan bir kişinin öz xanımını necə boşaya bilməsi mənə qəribə gəldi.

- O səndən hansı ağılla ayrılıb?

- Gözü hər zaman üzərimdədi. Hər gün zəng edib nəyə ehtiyacımız olduğunu soruşur. Mən də onun yaşadığı xanımla əlaqə saxlayıram. Arada danışırıq. Ondan ayrılmamasını xahiş edirəm.

- Niyə?

- Məndən daha yaşlı və xarici görkəmcə məndən daha aşağı olan biridi. Uşağı da olmur. Birdən gedib məndən daha gözəl və gənc biri ilə bir yerdə olsa, ondan uşağı olsa ürəyim partlayar. Dözə bilmərəm. Belə onsuz da bilirəm ki, nə vaxtsa qayıdacaq.

Axırıncı fikirləri məni kədərləndirdi. Var-dövlətin hər şeyi həll etmədiyini, insanların daha ciddi problemlərinin olduğunu anladım. Və bu qadının ərini hələ də sevməsi, etdiklərinə rəğmən yenidən ona qayıdacağı günü gözləməsi təəccübləndirdiyi qədər də kədərləndirdi məni.

- Hərdən həddindən artıq emosional olmağın, alışıb-yanmağın da axırı olmur. Kaş ki, bizdə də hər şey adi, enişsiz-yoxuşsuz, emosiyasız, maraqsız olardı amma davam edərdi. Formal olsa da davam edərdi.

Bu düşüncələri ilə razılaşmasam da indiki emosional vəziyyətinə görə anlaşılan fikirlər kimi qəbul etdim. Dərin düşüncələrə dalmışdım ki, Aygün tədbirin sona doğru yaxınlaşdığını dedi. Bir anlıq reallığa qayıtdıq. Əlimi yumaq üçün konfrans keçirilən zaldan çıxdım. O da artıq işə qayıtmalı olduğunu dedi. Zala geri qayıdanda artıq getmişdi. Sağollaşmadıq belə. Elə də səmimi olmadığım, illərdir görmədiyim, hətta xatırlamadığım insanla necə belə şəxsi və səmimi söhbətin alındı, heç özüm də bilmədim. Bəlkə də ikimizin də emosional vəziyyətimiz bizi bir-birimizə bu qədər yaxın edib bir anlıq dərdləşməyə şərait yaratdı, bəlkə də görünməyən bir qüvvə bizi eyni anda üz-üzə gətirib bir-birimizi daha yaxşı anlamağa şərait yaratdı bəlkə də təsadüf. Qəribədir, heç onun telefon nömrəsini də almadım. Aygünla görüşdən günlər keçsə də o təəssüratdan ayrıla bilmirəm. Onun həyatının və özünün necə dəyişdiyini düşünürəm. Bir gün barışacaqlarını və bu ayrılığın ikisinə dərs olacağını, bundan sonra daha xoşbəxt olub iki balalarını böyüdəcəklərinə ümid edirəm. Nə yalan deyim onunla dərdləşməyim azda olsa mənə müsbət təsir etdi. İndi həmişəki kimi həyata daha pozitiv baxmağa cəhd edirəm. Amma onu da anlayıram ki, dərinliklərdə gizlətdiklərimiz, gömək istəmədiklərimiz, xırda nüanslar hesab edib qıfılladıqlarımız problemlər gec-tez adi bir toxunuşla vulkan kimi partlayıb bayıra çıxa bilər.

Bu toxunuş diqqətsizlik, gündəlik qayğılar, arzu və istəklərin qəlbdə basdırılmasının nəticəsi və ya sadəcə yolda ayaqqabının cırılması, sürücünün düzgün ünvanı bilməməsi, işdə kiminsə aqressiv rəftarı ola bilər. Gələcək üçün planlar quranda bu günümüz üçün yaşamağı unuduruq. Beləcə illəri yola verdikcə yaşamaq istədiyimiz gələcəyin hələ də gəlmədiyini amma gəncliyin sürətlə barmaqlarımızın arasından axıb getdiyinin şahidi oluruq. İstədiyimiz gələcək onsuz da gəlməyəcək. Ona görə də bu günümüzü qiymətləndirib, bu günümüz üçün yaşamağı öyrənməliyik. Çünki gənclik ömürdə bir dəfə verilir insanlara. Onu da daha səmərəli istifadə etməyib, gələcək planlar uğrunda qayğılara boğmaq məncə, həyata qarşı ən böyük ədalətsizlikdir!

# 1067 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #