“Vətən” musiqi qrupu Polşada ölkəmizi təmsil etdi

“Vətən” musiqi qrupu Polşada ölkəmizi təmsil etdi
6 avqust 2024
# 15:00

“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində "Vətən" musiqi qrupu Polşada keçirilən “Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında Azərbaycanı uğurla təmsil edib.

Kulis.az xəbər verir ki, festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.

"Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov Polşanın bir sıra şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçiblər.

Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğam və musiqi əsərlərini onlara sevdirən musiqiçilərimizi ayaq üstə alqışlayıblar.

Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, mahnılarımızı Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamilli də qatılıb.

Sonra musiqiçilərimiz Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılarla bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər.

# 552 dəfə oxunub

Müəllifin son yazıları

# # #